"Sirlər xəzinəsi"nin növbəti tədbiri
Natəvana həsr olunub
Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi "Sirlər xəzinəsi" ədəbi-bədii musiqili layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilən gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində bu silsilədən olan ikinci tədbirdir.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov layihə çərçivəsində ilk tədbirin dahi Məhəmməd Füzuliyə həsr olunduğunu söyləyib. Bugünkü tədbirin isə Xurşidbanu Natəvana həsr edildiyini bildirən K.Tahirov deyib ki, onun yaradıcılığı klassik Azərbaycan şeirinin ən gözəl nümunələrindən biridir.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Nizami Cəfərov bildirib ki, klassik irsi yaşatmaq baxımından layihə öz əhəmiyyəti ilə təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatında xanım şairlər arasında Məhsəti Gəncəvi və Xurşidbanu Natəvan əsas yer tutur. Onların yaratdıqları ədəbiyyat nümunələri obrazlılığı, səlis, rəvan dili ilə gözəl yaradıcılıq nümunələridir. Natəvanın yaradıcılığında Füzuliyə münasibət də hiss olunur. O, hər zaman Füzulinin yaradıcılığından bəhrələnib. X.Natəvanın yaradıcılığı öz obrazlılığı ilə seçilir və XIX əsr klassik şeirinə bir novatorluq gətirib.
Nizami Cəfərov vurğulayıb ki, onun yaradıcılığı yetərincə tədqiq olunub və hər dəfə müraciət edildikcə yeni-yeni cizgilərə rast gəlinir. Natəvan həm də Qarabağın bir tarixidir. O, Qarabağ tarixini zənginləşdirən şəxsiyyətlərdən biridir.
Nizami Cəfərov Natəvan obrazının ədəbiyyatda, incəsənətdə, heykəltəraşlıqda, mədəniyyətin müxtəlif sahələrində əks olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri, professor Ənvər Əhməd X.Natəvanın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycan bədii mədəniyyəti tarixində lirik şair kimi məşhur olan Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlib. Xalq arasında "Xan qızı" ləqəbi ilə çağırılan Xurşidbanu saray tərbiyəsi görüb, dövrün tanınmış alim və sənətkarlarından dərs alıb. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapıb. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mütaliə edib və onların yaradıcılığından bəhrələnib. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarıb. Xan qızı Şuşada "Məclisi-üns" yaradıb və onun bütün xərclərini öz üzərinə götürüb.
Qeyd olunub ki, şeirlərini "Natəvan", yəni "kimsəsiz", "köməksiz" təxəllüsü ilə yazan şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub.
Digər çıxış edənlər də Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatında və ictimai həyatdakı yeri barədə söz açıblar. Klassiklərin yaradıcılığının yaşadılması və gənc nəslə çatdırılması baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Gecədə şairin qəzəlləri və muğamlar səsləndirilib.
İştirakçılar
Muğam Mərkəzinin foyesində Milli Kitabxana tərəfindən
təşkil edilmiş kitab
sərgisi ilə tanış olublar.
525-ci qəzet.-
2017.-7 fevral.- S. 7.