Nərmin Sadıqovanın rəsmləri "Momentaus" sərgisində
Fevralın 3-də "Gallery 1969" sərgi salonunda gənc impressionist rəssam Nərmin Sadıqovanın "Momentaus" adlı fərdi rəsm sərgisi açılıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov açıb.
Prorektor çıxışında gənc rəssamın yaradıcılığından söz açıb, onun uğurlarını qeyd edib.
Xalq rəssamı nəzərə çatdırıb ki, N.Sadıqovanın geniş yaradıcılıq diapazonu ölkəmizi dünyada təmsil etmək üçün üfiqlər açır.
Bundan başqa, sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov və başqaları çıxış edərək nümayiş olunan əsərlərin məna və məzmunun mükəmməlliyindən danışıblar.
Həmçinin vurğulanıb ki, janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran rəsmlər rəssamın zəngin dünyagörüşünün və gərgin əməyinin bəhrəsidir.
Sənət əsərlərində gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuların yer aldığına toxunan natiqlər gənc rəssama gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edilib ki, N.Sadıqova bir sıra xarici incəsənət festivallarında ölkəmizi təmsil edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Müxtəlif janrlı 50-dək sənət əsərinin yer aldığı sərgidə bir sıra mövzularla yanaşı, vətənpərvərlik mövzusunu əhatə edən portretlər nümayiş olunub.
Əlavə məlumat üçün bildirək ki, "Momentaus" gənc rəssamın sayca üçüncü sərgisidir.
Sərgi iki gün davam
edib.
Cavid QƏDİR
525-ci qəzet.-
2017.- 7 fevral.- S. 7.