Tariximizlə
bağlı qiymətli mənbə: "Naxçıvan əyalətinin
statistik təsviri"
Bu orjinal nəşrin
müəllifi haqqında zəruri qeydlər
Naxçıvan
xanlığı Azərbaycanın dövlətçiliyi
tarixində mühüm rol oynayıb.
XVIII əsrin ikinci
yarısından etibarən Naxçıvan Kəngərli
xanları digər xanlarla yanaşı Rusiya ilə də əlaqələrin
yaranmasına həssaslıqla yanaşıb və dostluq əlaqələrinin
etibarlılığına çalışıblar. Sonralar siyasi
proseslər elə cərəyan edib ki, Naxçıvan
xanları sülaləsindən olan varislər Rusiya ordusunda
xidmətdə olublar və bu nəsildən olan 6 məşhur
general öz hərbi hünərləri ilə adlarını
hərb tarixinə yazıb.
XVIII əsrdən
başlayaraq Rusiyanın hərbi tarixçiləri
Naxçıvan haqqında xeyli maraqlı monoqrafiyalar
yazıblar. Çox təəssüf ki, qiymətli faktlarla zəngin
olan bu kitabların müəlliflərinin əksəriyyəti
hayların bəzi yalanlarına inanıb öz
monoqrafiyalarında həmin yalanları da veriblər. Bütün bunlara baxmayaraq o kitablar Azərbaycan
tarixinin zəngin bir səhifəsi olan Naxçıvan
tarixinin çox ziddiyyətli və mürəkkəb
dövrünü (1747-1920-ci illər) tədqiq etməkdə
tədqiqatçıların stolüstü kitabıdır.
Tarixi-etnoqrafik baxımdan
çox orijinal kitablardan biri "Naxçıvan əyalətinin
statistik təsviri" (1833) adlanır. Bu kitabın
müəllifi Vasili Nikiforoviç Qriqoryevdir. Onun tərcümeyi-halına
çox az rast gəlinir. Hətta
çar Rusiyası dövründə və sonralar da
ensiklopediyalara düşməmişdir. Azərbaycanda
isə nəşr edilən kitablarında onun adını və
atasının adını səhv yazırlar. Ona görə də V.N.Qriqoryevin tərcümeyi-halının
və elmi fəaliyyətinin maraqlı, həm də
faydalı olacağını nəzərə alıb
oxucuların diqqətinə çatdırırıq.
Vasili Nikiforoviç Qriqoryev
25 yanvar (yeni stillə 6 fevral) 1803-cü ildə Rusiyanın
Sankt-Peterburq şəhərində məmur ailəsində
anadan olmuşdur. Peterburq gimnaziyasında təhsil
aldıqdan sonra Vasili əsasən maliyyə idarələrində
çalışmışdır. Hətta
ömrünün son illərində həqiqi saray
müşaviri olmaqla bərabər dövlət xəzinə
departamentinin vitse-direktoru və şöbə rəisi vəzifələrində
işləmişdir.
Qeyd edək ki, 1821-ci ildə
kiçik dövlət məmuru kimi xidmətə başlayan
V.Qriqoryev bu vəzifədə 50 ildən çox
çalışmışdır. Hələ 1820-ci ildən
başlayaraq V.Qriqoryev müntəzəm olaraq almanax və
jurnallarda öz şeirlərini çap etdirməyə
başlayır. Yeri gəlmişkən deyək
ki, onun şeir yaradıcılığı 1820-1830-cu illəri
əhatə edir. V.Qriqoryevin şeirləri
əsasən "Şimal çiçəkləri"
almanaxında çap olunmuşdur. Ədəbiyyatla
yaxından məşğul olduğu illərdə o,
Puşkinlə, Delviqlə, A.Bestujev və digər
yazıçılarla, şairlərlə yaxından tanış olur.
"Qütb ulduzu"
jurnalı, həmçinin digər jurnallarla əməkdaşlıq
edən V.Qriqoryev bir çox dekabristlərlə yaxından
dostluq edir.
V.Qriqoryev ədəbiyyatla məşğul
olduğu illərdə K.F.Rıleyevlə tanış
olur və onun kimi şeirlər yazırdı. Bu
şeirləri isə K.Rıleyevin və A.Bestriyevin
almanaxında - "Qütb ulduzu"nda çap etdirirdi.
Sonralar K.Rıleyev dekabristlərin
"Şimal Cəmiyyəti"nin rəhbəri
olmuşdur.
1823-cü ildə Rıleyev
onu o vaxtlar Rusiyada azad (sərbəst) ədəbiyyatçılar
cəmiyyətinə gətirir. Elə həmin vaxtdan
V.Qriqoryev bu cəmiyyətin işlərində yaxından
iştirak edir. Bu cəmiyyət isə
dekabristlərin "Rifah" birliyinin qanuni filialı idi.
1823-1825-ci illərdə
Vasili Nikiforoviç bu cəmiyyətin işində fəallıq
göstərir. Onun iştirak etdiyi cəmiyyətdə
xeyriyyəçilik və maarifçilik ideyaları əsas
yer tuturdu. V.Qriqoryev F.Qlinkanın, K.Rıleyevin,
A.Bestujevin və A.M.Somovun başçılıq etdiyi sol cinahda
idi. Ancaq o, heç vaxt rəsmi olaraq gizli cəmiyyətin
üzvü olmadı. Bunun
üçün də onu dekabristlərin işinin
istintaqına çağırmırdılar.
1825-ci ilin dekabrında o,
artıq Qafqazda xidməti ezamiyyətdə idi.
1826-cı ildə Vasili Qriqoryev Faddey
Venegukroviç Bulqarinin (əsl adı Yan Tadeuş Bulqarin)
bağ evində diplomat və şair A.S.Qriboyedovla tanış olmuşdu. Maraq
üçün deyək ki, F.Bulqarin Napoleon ordusunun
kapitanı olmuş və Fransanın Fəxri Legion Ordeninin
kavaleri olub. Sonralar həyatını və
ədəbi fəaliyyətini Sankt-Peterburqla bağlayıb.
Çox qəribə taleyi olan Bulqarin rus
yazıçısı, jurnalist, tənqidçi kimi fəaliyyət
göstərib. F.Bulqarinin (1789-1859) milli mənşəyini
polyak yazsalar da, bəzi mənbələrdə o, belorus və
ya bolqar albanlarından olduğu göstərilib. O,
Rusiyada Puşkinin, Vyazemskinin, Baratınskinin, Lermontovun,
Nekrosovun və digərlərinin yazdıqları həcvlərin
"baş qəhrəmanıdır".
Bulqarin A.S.Qriboyedovun yaxın
dostu olmuşdur. 1828-ci ildə yenidən Vasili
Nikiforoviç Qriqoryevi Qafqaza xəzinə məmuru kimi bir
neçə illiyə işləməyə göndərirlər.
Qafqazda V.Qriqoryev Sankt-Peterburqdan
tanıdığı A.Qriboyedovla qarşılaşır.
Əslində V.Qriqoryev Gürcüstanda
P.D.Zaveleyskinin yanında işləməyə göndərmişdilər.
O, Tiflisdə Sankt-Peterburqdan tanış
olduğu bir çox şəxslərlə, o cümlədən,
knyaz A.Çavçavadze ilə də görüşür.
Araşdırmalar göstərir
ki, V.Qriqoryevin o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisə
ezam edilməsinin əsas səbəbi Naxçıvan əyalətinin
iqtisadi-statistik təsirinə aid kitabın yazılması
olub. Çünki Tiflisdə A.Bestujev-Marlinski və
A.Qriboyedovla görüşəndə onlara da məlumat verir
ki, ona belə kitab yazmaq tapşırılıb. A.Qriboyedov ona məsləhətlər verir və
uğurlar arzulayır. Hətta onu öz
toyunada dəvət edir. Sonralar V.Qriqoryev
Tiflisdə A.Çarçavadzenin qızı Nina ilə
A.S.Qriboyedovun toy şənliyində iştirak edir. 1830-cu ildə "Vətən oğulları"
jurnalında yazdığı xatirələrdə bu
görüş haqda məlumat verib.
1829-cu ildə (mayın
1-2-3-də) V.Qriqoryev Naxçıvanda yaşayarkən Tehranda
öldürülən rus diplomatının cənazəsini
qarşılayanlar arasında olur və həmin kədərli
səhnəni "Vətən oğulları"
jurnalında çap etdirib. O, yazırdı: "Səlahiyyətli
səfirin cənazəsini İrandan təxti-rəvanda gətirdilər.
Təxti-rəvan ağ mahudla
örtülmüşdü. Sadə düzəldilmiş
tabutun içərisinə dəri çəkilmişdir və
üstünə qara iplik məzmər
örtülmüşdü. Təxti-rəvana
iki seçmə at qoşulmuşdu. Arxada
isə İranın 100 nəfərdən ibarət süvari dəstəsi
sultanla birgə addımlayırdı. Arazın
bu tayına keçəndən sonra cənazəni təzə
tabut və arabaya qoydular. İran qoşunlarını bizim
döyüşçülərdən ibarət batalyon və
iki topla əvəz etdilər..."
Haşiyə: Arazın bu tayında cənazənin
Naxçıvana gətirilməsini ümumi qeydlərlə
yazan şair V.Qriqoryev bəzi həqiqətləri
yazmağı nədənsə unudub. Biz
yazımızda bu məqaləyə aydınlıq gətirəcəyik.
Çünki sənədlərdə
yazılıb ki, cənazəni Naxçıvanın Kəngərli
süvariləri müşaiyət edib və sair.
Vasili Qriqoryevin
yazdığı çox sanballı tarixi bir kitab -
"Naxçıvan əyalətinin statistik təsviri"
1833-cü ildə Sankt-Peterburq şəhərində nəşr
edilmişdir.
Kitab iki bölmə və üç fəsildən
ibarətdir. Birinci bölmədə
Naxçıvan dairəsindən, ictimai bölmədə isə
Ordubad dairəsindən bəhs edilir. Kitab
cəmi 263 səhifədən ibarətdir. Bu kitab həm də həmin illərdə
Naxçıvan xanlığının sənədlərini
müəyyən etməkdə qiymətli bir mənbədir.
Kitabda verilən statistik cədvəllər
də maraqlıdır. V.Qriqoryev Kaxetiyanın da kameral təsvirlərini
işləmişdir. Onun yazdığı
xatirələrdən məlum olur ki, bu məqsədlə o
Kaxetiyada knyaz A.Q.Çavçavadzenin Sinandalidəki malikanəsinə
getmiş və orada yaşayan Nina Aleksandrovanın
(A.Qriboyedovun dul qadını) qonağı olmuşdur.
V.Qriqoryevin Gürcüstanla
bağlı yazdığı oçerklərdən
"Gürcü toyu", "Allahverdi bayramı ,
"Kaxetiyada ingilislərlə görüş" və s.
Peterburq jurnallarında çap olunmuşdur.
Vasili Nikiforoviç Qriqoryev
Naxçıvanla bağlı yazdığı kitab əvvəlcə
"Tiflisskiye vedomosti"(Tiflis xəbərləri) qazetində
(1831-ci ildə) çap olunmuşdur. Bu kitabla bağlı
"Sovremennıx" jurnalının redaktoru A.S.Puşkin tərifləyici
bir rəy nəşr etdirmişdir. Bu
çox maraqlı bir məsələdir və ayrıca bir
yazının mövzusudur.
V.Qriqoryevin Qafqazla
bağlı yol qeydləri və etnoqrafik oçerkləri də
vardır. O, əsasən
dekabristlərin mövzuları ilə bağlı -
insanları azadlığa səsləyən şeirlər
yazmışdır.Onun şeirlərində etnoqrafik cizgilər
də əsas yer tutur. Lirik şeirlər müəllifi kimi
tanınan Vasili Qriqoryevin yazdığı "Səhər
günəşi", "Aya doğru", "Həyat
çayı", "Babilistanın dağılması",
"Ossiyananın həsrəti", "Əsir müğənninin
düşüncələri", "Maşuqda
axşam", "Beştan", "Gürcü
qızı" və sair şeirlər həmişə
müəllifə oxucu rəğbətini qazandırıb. Bu şeirlərin demək olar ki, hamısı
1821-1828-ci illərdə yazılıb. Amma
onun şeirləri heç vaxt ayrıca kitab kimi çap
olunmamışdır.
Məlum olmayan səbəbə
görə o, 1840-cı ildən sonra artıq ədəbiyyatla
məşğul olmamışdır. Maraqlı odur ki, lirik
şair və xəzinə məmuru olan Vasili Qriqoryev
"Naxçıvan əyalətinin statistik təsviri"
kitabı ilə əbədi olaraq Naxçıvan tarixində
öz adını yazmışdır. Onun
"Həyatımdan qeydlər" adlı əlyazması
çap edilməmiş qalmışdır. Yalnız bəzi hissələr "Sovremennik"
jurnalında (1925, № 1) çap edilmişdir.
Vasili Nikiforoviç Qriqoryev
5 dekabr 1876-cı ildə Sankt-Peterburqda vəfat etmişdir.
Musa
RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsinin aparıcı elmi
işçisi,
tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2017.- 7 fevral.- S.6.