Qəhrəmanlıq ənənələrimizin
yeni bədii təzahürü
Və
ya "Mübarizlik
dərsi"nin öyrətdikləri
Ədəbiyyatımızın, poeziyamızın vətənpərvərlik
və qəhrəmanlıq
mövzulu yeni nümunələrindən olan
"Mübarizlik dərsi"
poemasını şair
Musa Ələkbərli 2010-cu ildə qələmə alıb.
Müəllif bu əsəri qəhrəmanlıq sözünü
qəhr olmaqdan qorumaq üçün düşmən üstünə
təkbaşına yürüyən
Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə ithaf edib. Proloqla başlayan
poemada öz qanıyla bizlərə səfərbərliyi diktə
edən bir məğlubedilməz obrazı
yaradılıb. Həmin obraz
mübarizliyi ilə Koroğlunu, Nəbini şüarlıqdan qurtararaq
onların ənənəsinin
həqiqət olduğunu
sübut edə bildi.
Poema yeddi bölümdən ibarətdir. İlk bölümdə Mübarizin bütöv bir qoşunu əvəz edərək düşmən üstünə
təkbaşına yaraqlı-yasaqlı
çıxması alqışlanır.
Bu alqışın səbəbi odur ki, ermənilərin yalana bürünmüş
yazıq bir obraz yaratmasını,
ATƏT-in, BMT-nin başqatan
qətnaməsini illərlə
nəticəsiz görməkdən
artıq usanan Mübariz qisas almaq üçün düşmən üstünə
gedir. Müəllif onun psixoloji
ovqatını tarixi həqiqətlərlə vəhdətdə
qələmə alır.
Belə təsvir olunur ki, onun hücuma
keçdiyi həmin yay gecəsi sanki Xocalının-tarixdən
silinmiş şəhərin
bütün ruhları
oyanmışdı. Həmin ruhlar
Mübarizi daha da qətiyyətli olmağa həvəsləndirirdilər.
Müəllif onların dilindən
başlarına gətirilən
müsibətləri səsləndirməklə
tarixi yaddaşa ekskursiya edir. Həm Mübarizin psixoloji durumunu tamlığı ilə çatdırır,
həm də yaxın keçmişin gerçəkliklərini unudulmaqdan
xilas edir. Qisasa çağıran bu səslər Mübarizi haqlı olduğuna daha da inandırıb
qətiyyətli edir.
O zaman 22 yaşında gənc olmağına baxmayaraq canından sevgi ilə keçməyi bacaran bu vətən
oğlu döyüşə
getmədən öncə
hər şeyi gözünün qabağına
gətirir. O, doğulduğu
kəndi və valideynlərini, idmanda qazandığı uğurları,
onu sevən xanımı nə qədər düşünsə
də, heç nə onu öz
qərarından döndərə
bilmir. "Mübarizlik
yolunu Özü seçdi Mübariz" fikirlərindən də bəlli olduğu kimi o tamamilə özündən əmin idi.
Əsərdə on bəndlik "Ağlama"
rədifli gəraylıda
işğal altında
olan bütün rayonlarımızın adları
çəkilir və
onların işğaldan
azad olunacağına böyük ümid bəslənilir. Mübarizin doğulduğu qədim Biləsuvarın qürur hissi belə tərənnüm olunur:
"Kiçik Əliabad
böyük vətənin
Köksündə ürəktək
döyünür indi".
Onun böyüyüb
boya-başa çatdığı
ev indi
müqəddəs bir
məkana çevrilib,
"təsəlli verməyə
gələn adamlar Özləri təsəlli
alıb gedirlər".
Müəllif belə bir arzuyla çıxış
edir ki, "Oğullar kişilik zəmanətini, Sənin qeyrətindən ala, Mübariz".
Adı dillərdən düşməyən
Milli Qəhrəmanın
bu cür addımı sozalan inamımızı özümüzə
qaytardı. "Yağı
haçanacan qovacaq bizi? - Onun
qabağından qaçana
kimi" sual və cavabı illərlə təsdiqini tapmış həqiqətdir.
Ona görə də, Mübariz qaranlıq əriməmiş minalı
yollardan cəsarətlə
keçərək öz
işini tamamlamalıydı.
O, düşmənlə üz-üzə
olan Tərtərə
çatanda daha da əminləşir. "Efirdən, ekrandan
illərdi bizə,
"Düşmən arxalıdır"
dərsi keçirlər"
- fikirlərini darmadağın
etməyə özünü
tamamilə hazır
hiss edir. Şair
bu anda onun
daxili pıçıltılarını
da canlandırır:
"Ölümdən qorxmur
Mübariz, Öldürüb,
ölmək istəyir".
"Özünə, sözünə qalib gələnin Dünyada heç nədən qorxusu olmur" sətirləri onun həmin andakı inamlı vəziyyətinin
təsdiqidir. Şair Mübariz
İbrahimovun bu cəsarətini 72 nəfərin
canından keçərək
islamı diriltdiyi döyüşlə müqayisə
edir. "Millətin adından etdin bu cəhdi,
sarsılan xalqına şərəf gətirdin"
sözləri ilə bu addımın necə tarixi bir zərurət olduğunu xüsusilə vurğulayır.
O, min-min yaşıdının
böyüməsi üçün
bütün ağrıları
təkbaşına çəkməyə
qərar verdi.
Onun həmin döyüş qərarı sirr olduğuna görə hər kəsdən xəbərsiz getmişdi.
Ona görə də, hərbi hissədə gecənin bir aləmi atasına zəng edib, əgər evə gedibsə qayıtmasını
tələb edirlər.
Atası
cavab verir ki, onu ön
cəbhədə axtarın.
Təlaş keçirən atanın
bircə arzusu olur ki, təki
balası sağ olsun. Birdən yadına düşür
ki, oğlu bir gün əvvəl
zəng edib halallıq istəmişdi.
Şair bu epizodla türk
insanının vətən
və övlad sevgisinin bütövlüyünü
nümayiş etdirir.
Əsərin sonlarına yaxın müəllif daha da inamlı görünür. "Yağı,
daha ordum Mübarizləşib, Saya
gəlməyəcək matəm
günlərin" - deyə
daxili gücünü
göstərmiş olur.
"Böyük qəbristanlar bəxş eyləyəcək, "Böyük
Ermənistan" xülyası
sənə!" - fikirləri ilə öz mövqeyini sərgiləyir. Yağıya bildirir ki, sənin Tanrı türkünə qənim
kəsilməyin öz
məhvinə səbəb
olacaq. Əgər indiyə kimi
səni yola vermişiksə, səbəbi
odur ki, "Mənə böyüklüyüm
imkan verməyir Hardasa sənintək xırdalanmağa".
Epiloqda bildirilir ki, "Çox-çox generallar yumağa dönüb, Dünyaya səs salıb gizir Mübariz!" Bu
reallıq bütün dünyanın hərbi
gücünə ünvanlanmış ismarıcdır. Yəni dünyanın ən təcrübəli
generalları erməni fitnəkarlığını dəstəkləsə
də, onların gücü Mübariz kimi gizirlərə
yetməz. Əsərin sonunda müəllif
belə bir inandırıcı arzuyla çıxış edir
ki, "Yazdığım əsərin son nöqtəsini Adına yaraşan
bir ucalıqda - Şuşa
qalasında qoyacağam mən!" Bu inam Mübarizin
ölümündən illər keçməsinə baxmayaraq hələ də vətəndaşlarımızın
qəlbini tərk etməyib.
525-ci qəzet.-
2017.- 8 fevral.- S. 4.