Gənc şairin "Günəş
altında mərmilər"i
Ulucay Akifin
şeirlər kitabı təqdim edilib
Ötən gün Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda gənc
şair Ulucay Akifin "Günəşə atılan mərmilər"
kitabının təqdimatı keçirilib.
Birliyin katibi Rəşad Məcid
giriş sözündə U. Akifin istedadlı, yeni uğurlar vəd
edən yaradıcı gənclərdən olduğunu önə
çəkib:
"Ən yeni ədəbi nəslə
mənsub olan Ulucay artıq Yazıçılar Birliyi və Gənc
Ədiblər Məktəbinin üzvüdür. Olduqca fəaldır. Kitabının təqdimatı ilə
bağlı sosial şəbəkədəki canfəşanlığı,
davamlı təbliğatı
da buna sübutdur.
Elə buna görə də indi zalda
toplaşan oxucuların,
onu sevənlərin də sayı çoxdur. Arzu edirəm ki,
bu, təkcə sosial şəbəkənin
Ulucaya gətirdiyi müvəqqəti uğur,
keçici istək olmasın. Düşünürəm
ki, bu onun
poeziyayla möhkəmlənəcək
gələcək yaradıcılığı
üçün böyük
stimul ola
bilər. Fikrimcə, Ulucayın Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsində
rucsa təhsil alması onun dünyagörüşünə böyük təsir göstərir. O, həm
modern, həm də ənənəyə söykənən
şeirlər yazır".
Tədbirin aparıcısı
tənqidçi Əsəd
Cahangir Ulucayın şeirlərinin ona doğma olduğunu deyib:
"Mən əvvəllər
ona xatirini çox istədiyim, dünyasını dəyişmiş
şair Akif Səmədin oğlu kimi baxırdım. Ancaq şeirlərini oxuduqca fikirlərim dəyişdi.
Ulucayın özünü yaratmaq
kimi böyük missiyanı üzərinə
götürdüyünü gördüm. O bu gün artıq öz şeirləri ilə qarşımızdadır.
Əlbəttə, bu cür yaradıcılıq yolu daha çətindir.
Məşhur bir şairin
oğlu olmaq, onun qanadları arasından çıxmaq
və kölgəsi altında qalmamaq, öz adı, öz imiciylə özünü təsdiq etmək elə də asan deyil.
Akif Səməd qoşmada, hecada öz möhürünü vurub.
Azərbaycan ədəbiyyatında dərvişanə poeziyanı
ayrıca bir şəkildə, özünməxsus
tərzdə yenidən
yaradıb. Bu mənada artıq yeni ekol izləmək,
yeniliklər gətirmək
lazımdır. Ancaq əlbəttə,
milliliyi unutmadan.
Çünki budaq kökünü
unudanda qurumağa məhkumdur. Bəziləri var ki, Avropa
ənənəsinə çox
meyl göstərir.
Başqa
sözlə, klassikanı
rədd edir. Mən bunu yanlış sayıram. İnsan öz milli kökünün üzərində
cücərməlidir. Ulucayın şeirlərini
ilk dəfə oxuyanda
dedim ki, deyəsən, gözlədiyim
şair gəlir. Yəni, Ulucay klassik, milli-poetik ənənə
ilə çağdaş
poeziyanı üzvi şəkildə sintez etməyi bacaran şairdir. Şübhəsiz ki, istedad zamanın tələblərini
duyan və onu sənətkarlıqla ədəbiyyata gətirən
adamdır".
Şair Qulu Ağsəs U. Akifi istedadlı və bacarıqlı şair kimi səciyyələndirib:
"Gənc şairləri
izlədikcə onları
bir neçə təsnifata bölürəm.
Bir qrupu yaza bilmir.
Bir qrupu yaza bilməsə
də, bunu anlayır. Bir qisminin yazmaq
bacarığından xəbəri
yoxdur. Sonuncular isə həm
yazmağı bacarır,
həm də öz istedadlarına hakimdirlər, bundan xəbərdardırlar. Ulucay Akif
məhz sonunculardandır".
BDU-nun professoru Nəsir Əhmədli çıxışına Ulucayın
atası mərhum Akif Səməd barədə xatirələrini
bölüşməklə başlayıb:
"Akif Səmədlə biz çox yaxın dost olmuşuq. Akif Səməd də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Şairin oğlunun onun yolunu sözün ən yaxşı və hərtərəfli mənasında davam etdirməsi sevindiricidir. Düzdür, Akif Səməd daha çox heca vəznində yazırdı. Ulucay isə sərbəstə üstünlük verir. Hətta Ulucayın hecada yazdığı şeirlərdə də yönəldiyi, istifadə etdiyi vəznin ruhu duyulur. Bundan əlavə, fikrimcə, o, nəzəriyyə ilə də ciddi məşğul olmalı və öz təvazökarlığını daim qorumalıdır".
BDU-nun Jurnalistika fakültəsinin müəllimi Ayaz Musayev Ulucay Akifin onun ən istəkli tələbələrindən biri olduğunu deyib:
"Onu ilk günlər dəhlizdə gəzən utancaq bir oğlan kimi tanımışam. Şair olduğunu sonralar öyrəndim. Onun adı kimi özü də nadir insandır. Məncə, onun şeirlərində bir yenilik var. Kitabların da insanlar kimi taleyi müxtəlifdir. Ümidvaram ki, Ulucayın kitablarının taleyi çox uğurlu olacaq".
Jurnalist Qalib Toğrul gənc şairi Akif Səmədin davamçısı adlandırıb və onun gələcəkdə şeirləri ilə ədəbiyyatda qalacağına inandığını bildirib.
Şairlər Əkbər Qoşalı, Ramil Əhməd, Tural Turan, Emin Akif və başqaları da çıxış edərək müəllifin yaradıcılığı barədə fikirlərini bölüşüblər.
Sonda Ulucay Akif şeirlərindən nümunələr səsləndirib və oxucular üçün kitablarını imzalayıb.
MÜŞFİQ
525-ci qəzet.-
2017.- 9 fevral.- S. 7.