Sistemli araşdırma və müqayisəli morfologiyaya dəyərli töhfə

 

Türk dillərinin tarixi-müqayisəli yöndə öyrənilməsi ən böyük dil ailələrində qrammatik universaliyaların müəyyənləşdirilməsi, həmçinin həmin dillərin özündə mövcud olan bir sıra aktual məsələlərin həlli üçün böyük imkanlar yaradır.

Bu baxımdan morfoloji sistemdə də mövcud kateqoriyaların, dil hadisələrinin, dil faktlarının qohum dillərin materialı əsasında araşdırılması mühüm önəm kəsb edir. V.Yartsevanın ifadəsilə desək, "çünki bu və ya digər problemin kontrastiv, konfrantativ tədqiqi hər bir dilin özünəməxsus cəhətlərinin, eləcə də müxtəlif dillərin tipoloji xüsusiyyətlərinin" sinxron təsvirinə yardım göstərir.

Morfoloji sistemdə aparıcı kateqoriyaların sistem kimi tədqiqi türk xalqlarının uzunmüddətli dil əlaqələrinin interferativ nəticəsi kimi izah oluna bilər.

Dilin morfoloji quruluşu onun formalaşması və inkişafı tarixinin aynasıdır. Bu baxımdan hər hansı bir morfoloji kateqoriyanı və ona dair göstəriciləri müqayisə etməklə qohum dillərdəki dil hadisələri arasında ən müxtəlif əlaqələri müəyyənləşdirmək mümkündür.

Bəllidir ki, müqayisəli-tarixi yaxud tarixi-müqayisəli səciyyəli ənənəvi linqvistik araşdırmalarda yeni dilçilik istiqamətlərinin tətbiq olunması hələ də sistematik xarakter daşımır. Müasir türk dillərində konkret dil faktlarını və hadisələrini sadəcə olaraq indiki dilçilik axınları kontekstində öyrənən araşdırmalarda isə ümumi türkoloji kontekst çox zaman yaddan çıxmış, məqsədyönlu nəticələr ümumiləşdirilməmiş, elmi əsaslar müəyyənləşdirilməmişdir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Ənvər qızı Məşədiyevanın türk dillərində feili bağlama formalarının sistemli və tarixi-müqayisəli aspektdə öyrənilməsi feilin şəxssiz-təsriflənməyən formaları haqqında dəyərli elmi əsərlərdəndir. Monoqrafiyanın elmi redaktoru, akademik T.Hacıyev, rəyçilər isə professor M.Mahmudov və professor V.Əliyevdir.

Hər şeydən öncə, feili bağlama formalarına (istər tarixi, istərsə də müasir) A. Məşədiyevanın tədqiqatında, Q.Paulun yazdığı kimi,  "tarixi təhlil predmeti" olaraq baxılır. Özünəqədərki müəlliflərdən fərqli olaraq A.Məşədiyeva feili bağlama formalarını bir-birindən təcrid olunmuş halda deyil, qarşılıqlı əlaqədə öyrənmiş, onların formalaşması və semantik-funksional cəhətdən mükəmməlləşməsində həm ümumi, həm də özünəməxsus, eləcə də diferensial cəhətləri müəyyənləşdirmişdir.

Feili bağlama formalarının inkişafı tarixində hansı türk dilinin qarşılıqlı əlaqədə olduğunu təyin etmək üçün qohum dillərin tarixi-müqayisəli tədqiqinin faydası çox böyükdür. Ona görə ki, müəyyən dillər ailəsində birləşən dillərin inkişaf qanunlarının müştərək, xüsusi cəhətləri olur və bu cür qohum dillərin həm qrammatik quruluşunun, həm də lüğət tərkibinin, sintaktik sisteminin inkişafı daha çox ortaqlı qanunlarla idarə olunur.

Ayrı- ayrı türk dillərində bu formaların tərkibi, strukturu və semantikasının, mənşəyinin, bərpasının, yazılı abidələrdə işlənmə məqamlarının, qrammatikləşməsinin, etimologiyasının, dialektlərdə, dəyişməzlik xarakteri, funksionallığının (sintaktik funksiya), polipredikativliyinin tədqiqi ilə M.Şirəliyev, A.Şerbak, A.Yuldaşev, Q.Kazımov, V.Əliyev, H.Məmmədov, İ.Andreyev, A.Annaurov, M.Əsgərov, İ.Əhmədov, M.Əhmədov, N.Hacıəhmədov, A.Qatıpova, Y.Canmavov, M.Camyanova, V.Kondratyev, A.Kononov, E.Korkina, P.Kuznetsov, A.Quliyev, K.Lyubimov, İ.Nevskaya, İ.Pavlov, L.Pokrovskaya, V.Rassadin, B.Serebrennikov, N.Hacıyeva, M.Tekuev, N.Telitsin, A.Tursunov, L.Ulmezova, L.Hasanova, A.Xosrovi, M.Çeremisina, E.Arıkoğlu, M.Aydın və başqa dilçilər məşğul olmuşlar. Bu müəlliflərin əsərləri A.Məşədiyevanın tədqiqatında istinad nöqtəsi ola bilmişdir.

A.Məşədiyevanın özünəxas tədqiqatı göstərir ki, türk dillərində bütün feili bağlama formaları bir işi, hərəkəti digər bir işlə, başqa bir hərəkətlə bağlayaraq tərkib yaradır. Feili bağlama və feili bağlama tərkibi yaradan morfoloji göstəricilərin strukturunda fərqli formalar özünü göstərir.

Monoqrafiyaya rəy vermiş professor Məsud Mahmudovun fikirləri tədqiqatın uğurla aparıldığını göstərir.

"Giriş"də mövzunun tədqiqi aspektləri və istiqamətləri saf-çürük edilir. Feili bağla formaları təkcə ədəbi dillər səviyyəsində deyil, həm də türk dillərinin dialektləri üzrə təhlil olunur. 21 dildən çox türk dili müqayisəyə cəlb olunur. Əvvəlcə bu sahədə görülmüş fundamental tədqiqatlar təhlil edilir. A.Məşədiyevanın monoqrafiyasında türkologiyada feili bağlama formaları haqqında əsasən deyilməmiş fikirlər qabardılır. İlk dəfə olaraq müqayisəli-tarixi aspektdə həmin qrammatik kateqoriyanın struktur təşkili, semantik mahiyyəti və sintaktik funksiyası dil və dialekt faktlarına əsaslanaraq öyrənilir.

Onun qənaətinə görə, müəyyən dövrə qədər işlənmiş, sonralar tədriclə öz normativliyini itirmiş feili bağlama formaları məna və vəzifə baxımından elə ciddi bir dəyişikliyə məruz qalmamışdır. Onun gəldiyi nəticələr də göstərir ki, bütün türk dillərində həmin göstəricilərdən bir qismi hər hansı bir dövrdə öz həyatiliyini və normal biçimini mühafizə etdiyi halda, başqa bir qismi səs tərkibini dəyişmiş, ya da tamamilə arxaikləşərək sıradan çıxmışdır.

Türk dillərində feili bağlama formaları mahiyyət etibarilə cümlədə icra olunan iki işi (hərəkəti) bir-birinə bağlayır; təsrif olunmur, zaman, şəxs və kəmiyyətcə əsas feildən asılı vəziyyətə düşür. Feili bağlamanın əsas feillə eyni olan cəhətləri onun da növ və təsirlik, təsirsizlik kateqoriyalarına, həmçinin idarəetmə xüsusiyyətinə malik olmasıdır.(Məs.: Başlar kəsilüb, çözüldü ləşkər, Ləşkər bozulub, yıxıldı peykər (Məsihi).

Göründüyü kimi, morfoloji formaların inkişaf və sabitləşməsi prosesini izləmək, bu sahədəki tarixi özünü əks etdirməni öyrənmək cəhətindən türk dillərinin feili bağlama formaları nəzəri daha çox cəlb edir. Bəllidir ki, bu formalar feil anlayışını özündə gizli biçimdə qoruyub saxlasa da, iş, hal və ya hərəkət mənasını kəsb etsə də, onlarda feillik məzmunu və əlamətləri tam şəkildə özünü göstərə bilmir.

Bir işi, hərəkəti digər bir işlə, digər bir hərəkətlə bağlayan şəkilçilər-feili bağlama şəkilçiləri və göstəricilərin əmələ gətirdiyi feili bağlama formaları sistemi məsələsi təkcə ümumi dilçiliyin deyil, həm də türkologiyanın ən aktual problemlərindən biri sayılır. Bu məsələ çoxcəhətli, eyni zamanda maraqlı və əhəmiyyətlidir. Ona görə bu cəhətləri özündə birləşdirir ki, feili bağlamalarda həm feillərə, həm də zərflərə aid ümdə xüsusiyyətlər mövcuddur.

Feili bağlama formaları da təkcə tarixi deyil, həm də güclü müqayisə faktları verən mövzulardandır. A.Məşədiyeva bunları müəyyən dil hüdudunda şərh etmiş, demək olar ki, əsas məqsədinə nail ola bilmişdir. Başlıca məqsəd feili bağlama sistemindəki qanunauyğunluqların aşkar edilməsi olmuşdur. Araşdırmada həm diaxronik, həm də sinxronik aspekt başlıca yer tutmaqdadır. Bu istiqamətlərdə zəngin türk dilləri materiallarına söykənərək feili bağlama formalarının tərkibində fonetik dəyişmələrin qanunauyğun əlaqələri açılır, onların inkişaf xüsusiyyətləri izlənilir və meydana çıxarılır. Buna görə də monoqrafiyanın birinci fəslində məsələnin mahiyyəti, anlayış bazası, onların dəyişilməsi və təsnif problemləri, bu formaların şəxs, mənsubiyyət göstəricilərini qəbul etməsi məsələlərinə aydınlıq gətirilir. Həmin fəsildə diqqəti cəlb edən ən mühüm nəticə bundan ibarətdir ki, istər feil sistemində, istərsə də feili bağlama sistemində spesifik istiqamətlər mövcuddur. Feildən ayrılaraq feili bağlama formalarının dilə gətirdiyi fayda əsərdə əsas meyar kimi götürülür. Dəyişmə əsasında meydana çıxan qanunauyğunluqlar struktur, morfoloji-semantik proseslərin əmələ gəlməsini şərtləndirir.

Digər fəsillərdə qrammatik xüsusiyyətlərin qanunauyğun inkişafı, müasir türk dilləri və dialektləri arasında olan bir çox fərqli cəhətləri aşkar edir.

Bütün bu qanunauyğunluqlar sistemi, demək olar ki, bütün türk dillərinin materialları bazası əsasında təhlil olunur, yeri gəldikcə tipoloji cəhətdən fərqli dillərin də oxşar proseslərə aid faktlar da müqayisəyə cəlb olunur. Təhlil prosesində qanunauyğunluqlar sisteminin inkişaf xarakterini daha ətraflı səciyyələndirmək üçün dialekt faktları, habelə qədim dil elementləri də nəzərə alınmışdır.

Monoqrafiyada feili bağlama formalarında səslərin dəyişmələri bu dillərin fonetik sisteminin uzunmüddətli tarixi təkamülü ilə əlaqəli verilir. Ümumən dillərin ayrılması və müstəqil inkişaf yoluna qədəm qoyması nəticəsində bu formalarda da bəzi dəyişmələr baş vermişdir. Bu cür dəyişmələr qohum dillərdə kök etibarilə eyni olan feili bağlama şəkilçilərinin fonetik quruluşca fərqlənməsində daha qabarıq əks olunur. Aydın məsələdir ki, qohum dillərdə fonetik baxımdan seçilən morfoloji göstəricilərdə hansı variantın başlanğıc və əsas olduğunu demək də çətinlik yaradır. Bununla belə, A.Məşədiyeva bəzi məqamlarda bunları müəyyənləşdirməyə müvəffəq ola bilmişdir. Həm də müqayisəli-tipoloji təhlillə etimoloji cəhətdən eyni olan morfoloji göstəricilərdə, feili bağlama şəkilçilərində səs dəyişmələrinin sərhədlərini müəyyən etmək mümkündür. Bu hüdudların öyrənilməsi bir mənşə ilə əlaqədar olan şəkilçiləri, ələlxüsus da, onların derivat formalarını, hətta qohum dillərdəki leksik-semantik özəllikləri aşkarlamağa şərait yaradır.

Feili bağlama formalarında vurğu məsələsi aqlütinasiya mərhələsinin qalığı kimi izah olunur. Vurğu sabitliyi müqayisə edilən türk dillərinin yazı qaydalarının da tənzimlənməsində mühüm rol oynayır. Əsərdə vurğu qəbul edən və etməyən feili bağlama formalarının mükəmməl şərhi sözün də tələffüz şəraitinin sabitliyini qorumaq baxımından əhəmiyyətlidir.

 Bizim düşüncəmizə görə, Azərbaycan dilinin feili bağlama formalarını digər türk dillərindəki formalarla müqayisə etmək hər bir dilin mükəmməl öyrənilməsini təmin edir, onun mənimsənilməsi keyfiyyətini də xeyli yüksəldir. Həmin formaların müqayisəsinin mahiyyəti dilin tərkib-struktur, semantik, funksional, etimoloji və s. cəhətlər arasında ümumi və fərqli cəhətləri müəyyən qanunauyğunluqlar əsasında aşkar etməkdən ibarətdir. Ona görə ki, konkret əyani düşüncə ilə abstrakt təfəkkürün birgə fəaliyyəti öyrənildikcə praktik nəzəri təfəkkür də inkişaf edib yetkinləşir.

Bizə elə gəlir ki, A.Məşədiyeva konkret olaraq bütün türk dillərində feili bağlama formalarını əsaslı olaraq müqayisəyə cəlb edib, həmin dillərin sistemi haqqında insan düşüncəsini həm dərinləşdirib, həm də zənginləşdirib. Bu cəhətdən feili bağlama formalarının sistemliliyi bizi əhatə edən gerçək aləmdə əşya və hadisələr arasında əlaqənin dildə əksi, həm də insan düşüncəsinin sistemləşdirmə fəaliyyətinin məhsuludur.

Etimoloji cəhətdən qeyd olunan cəhətlər hər bir türk dilinin öz inkişaf qanunlarına söykənir. Qeyd edək ki, müəllifin etimoloji yozumları ağlabatandır. Qoşmalı formaları feili bağlama hesab etməməyin reallığı göstərilir.

Feili bağlamaların formalaşma prosesi canlı faktlara əsaslanılır. Məsələn, məlum olur ki, -ınca şəkilçisi birliyi hallanma və qoşma qəbul etmə əlamətlərini itirərək feili bağlamaya çevrilmə prosesi keçirir.

Faktlardan da aydınlaşır ki, feili bağlama bəzi hallarda digər predikativ sözlərə-ismi xəbərə də aid ola bilir. Belə durumda predikativlik ifadə edən əsas elementin düşmüş olduğunu düşünmək mümkündür.

A.Məşədiyeva türk dillərində feili bağlama formalarının təkamülünü izləmiş, Tədqiqatçı feili bağlama formalarını həm oğuz, həm də qıpçaq və karluq qrupu türk dilləri üzrə öyrənmişdir.

Hər bir feili bağlama şəkilçisinin spesifik xüsusiyyətlərini, obyekt seçilmiş dillərdə ümumi və fərqli cəhətlərini aşkara çıxarmışdır. Həmin xüsusiyyətlər struktur-semantik və sintaktik, morfoloji -sintaktik səviyyələrdə həyata keçirilmişdir.

Bizcə, morfoloji və sintaktik aspektlərdəki xüsusiyyətlərin ortaya çıxarılması aparılmış müqayisənin daha da effektli olduğunu göstərir.

Müəyyənləşmiş məsələlərdən biri də feili bağlama formalarının, tərkiblərinin ən çox zaman, tərz və səbəb zərfliyi funksiyasında çıxış etməsidir. Bu vəzifə bütün türk dillərində müşahidə olunmaqdadır.

Türk dillərində feili bağlama formaları feil və zərfin əlamətlərini özündə birləşdirir. Sözügedən dillərdə feili bağlama göstəriciləri xeyli saydadır, bu formaların semantikası və funksiyası müxtəlifdir, mövcud mənalar cümlənin ümumi mənası ilə əlaqədar olur. Hərəkətin başqa hərəkətlərlə yaratdığı münasibət həmin formalarla öz ifadəsini tapır. Bir forma digər formanın funksiyasını da yerinə yetirir. (türkmən dilində -ıp,-ip formasının funksiyasını -aqada,-əqədə şəkilçisi yerinə yetirir: Oraz mekdepden qeləqedə (qelip), qazet okamaqa başladı). Bəzi türkoloqlar feili bağlama formalarını (məsələn, -bən,-übən və s.) -ıb,-ib feili bağlama şəkilçisi ilə qədim alət halının birləşməsi kimi şərh ediblər (A.M.Şerbak). Genişləndirilmiş variantlar sayanlar da var (M.Mansuroğlu). Ancaq bu mülahizə ilə razılaşmaq olmur, hər halda hansı variantın və zaman istifadəsi müəyyən bir qanunauyğunluğa tabe edilmiş olmalıdır.

300-dən çox elmi ədəbiyyatdan istifadə olunmuşdur. Özünün bu mövzuda xeyli sayda məqaləsi xarici ölkələrdə, eləcə də respublikamızın sayılıb-seçilən jurnallarında nəşr edilmişdir.

Zaman, şəxs və kəmiyyətcə feilə tabe olan (H.Mirzəzadə) feili bağlamaların zərfə doğru inkişafı dərindən izlənilir.

Türk dillərində feili bağlama formalarının birinci və ikinci olmaqla interpretasiya olunur. Ən qədim feili bağlama formaları birincidir (Qazan xan deyü dayandı). Buradakı deyü (deyip, deyib) ən qədim formadır. (H.Məmmədovun doktorluq işində də bu fakt göstərilmişdir). Ən işlək forma kimi düzgün olaraq -ıp göstərilir, onun variantları, mənaları, funksiyaları, intensivlik əlamətləri qeyd olunur. Ancaq görünür ki, tədricən bu formalar arasındakı məna yaxınlığına görə -ıb şəkilçisi -ı şəkilçisi ilə əmələ gələn feili bağlamaları sıxışdıraraq aradan çıxarmışdır. Ancaq tək-tək hallarda işləndiyinin müşahidə edilməsi özü həmin prosesin müəyyən mərhələsini əks etdirmək baxımından maraq doğurur.

Çıxarılmış 30-dan çox nəticədə ümumiləşdirmə çox güclüdür. Demək olar ki, bütün türk dilləri və dialektlərinin feili bağlama formaları canlandırılmışdır. Məlum olur ki, yakut dilində bu formalar digər türk dillərindən əsaslı biçimdə fərqlənməkdədir. Müxtəlif fonetik variantlılıq, müxtəlif sferlərdə işlənməsi, variasiya imkanları bu formaların da funksionallaşmasına şərait yaratmışdır. Fonetik tərkibdə olan dəyişmələrin hər bir türk dilindəki şəkli verilmiş və bu dəyişmənin səbəbləri izah olunmuşdur.

Bir səriştəli gənc tədqiqatçı kimi A.Məşədiyevanın mühüm keyfiyyətlərindən biri çoxsaylı faktlara ayıq nəzərlə yanaşması, dilin şəkilçi qatında olan hadisələri ustalıqla mənalandıra bilməsidir. O, dilin, feilin şəxssiz formalarının inkişaf meyillərini, hiss olunur ki, yaxşı mənimsəyib, hər bir türk dilinin özünəxas olan cəhətlərini öyrənib. Hiss olunur ki, gənc alim zəhmətkeşdir və araşdırma obyektini çox düzgün müəyyənləşdirib. Qısası, bizim düşüncəmizə görə, zəhmət və istedadını birləşdirməyi bacaran, opponetlərinin qarşısında əyilməyən Aynel xanımın bu əsəri, feilin şəxssiz (təsriflənməyən) formalarının tarixi mərhələlərini qədim türk abidələri, klassik örnəklər üzrə öyrənmək baxımından da nümunə ola bilər.

 

İsmayıl KAZIMOV

professor

 

525-ci qəzet.- 2017.- 9 fevral- S.8.