Yurd haqqında elegiya

 

Dil və üslub xüsusiyyətlərinə görə nə qədər səlis və axıcı olsa da, bu kitabı birnəfəsə oxumaq çətindir...   Çünki hər sətrində yurd həsrəti, hər səhifəsində Vətən nisgili var.

 Oxuduqca müəllifin yaşantılarını qəlbindən keçirməli, onunla birlikdə yanıb-yaxılmalı, bəzən kövrəlməli, qəhərlənməli,  bəzən köks ötürüb ağrılı dərin xəyallara dalmalı olursan.  Təcrübəli tanınmış jurnalist Vaqif  Bayramovun  "Sisyan - qovğalarda qovrulan torpaq" kitabı məhz belə həssaslıqla yazılmış  bir elegiya təsiri bağışlayır.

Qərbi Azərbaycanın Zəngəzur mahalının qədim yaşayış məskənlərindən olan Sisyan rayonunun Ağudi kəndində dünyaya göz açmış müəllif özünün tərcümeyi-halı adlandırdığı kitabda indi qəriblikdə qalan doğma yurdu, onun təbii gözəllikləri, tarixi abidələri, sakinləri  haqqında böyük məhəbbət ehtiramla söhbət açır. Böyüyüb boya-başa çatdığı Ağudinin uşaqlıqdan yaddaşına həkk olunmuş toponomikasını əsl vətəndaş publisist yanğısı ilə araşdırarkən o, müxtəlif mənbə məxəzlərə istinad edərək tədqiqat xarakterli çox maraqlı məlumat bilgilər ortaya qoyur. Xalqımızın qədim yazılı abidəsi olan "Kitabı-Dədə-Qorqud"dakı Şöklü Məlik obrazının Sisyan rayonunun Şəki kəndindən olan şəkili Məlikin prototipi kimi səciyyələndirilməsi  bu zaman tarixi dəlillərin əsas gətirilməsi maraq doğurur.

"Sisyan - qovğalarda qovrulan torpaq" kitabında torpaq, yurd  sevgisi ilə yoğrulmuş,   ürək parçalayan, qəlb sızladan  çoxlu misal sitatlar var . Onlardan bir neçəsini xatırlatmaq yerinə düşər.  Qoca atanın əlindəki əsanı yurdun daşlarına döyəcləyərək dediyi sözləri  heç cür  soyuqqanlı qəbul etmək olmur: "Oğul, bax bu daşların hər biri tarixdir - kökümüzün, soyumuzun bu kəndə, bu yurda bağlılığının möhürüdür. Bu daşlar, çınqıllar uzaq əsrlərin arxasından bizə baxan gözlərdi - bu  baxışlarda bizə məzəmmət var: "Hara gedirsiniz, ay etibarsızlar?!. Vallah, dədə-babalarınızın qəbri od tutub yanacaq... Vətən həsrətindən qovurğa kimi qovrulacaqsınız..."

Kənd sakinlərindən biri vaxtilə böyük bir saldaşın üzərində vəsiyyətini belə həkk etdirib:  "...Mal-dövlətdən gözüm doydu. Torpağa, yurda olan sevgim tükənmədi. Torpaq, yurd əmanətinə kiminsə xəyanət etməyini bağışlamayın..."

Dünyanın astarını-üzünü görmüş  qocaman sakinlərdən biri son  nəfəsində övladına bu sözləri  söyləyərək gözlərini əbədi yumub:  "... Bala, qismətimə yazılan vaxt-vədə tamam oldu. Bu qədər yaşamaq da çoxdur... Məni uzunömürlü edən torpaq oldu. Torpaq insanı dost-düşmən qapısına aparmır, kimlərəsə əl açmağa qoymur. Torpağı sevən, taleyini torpağa bağlayan bir kimsə önündə əyilmir, ruzisi bol, canı sağ olur..."

Qaçqınlıq illərində Sumqayıtda məskunlaşan Allahverdi kişiyə "ay əmi, gör biz hardan gəlib hara çıxmışıq?" deyənə dünyanın əriş-arğacını görmüş qoca  ona belə cavab verib: "Hara gəlib çıxdığımızı indi deyə bilməyəcəyəm. Sən məndən əvvəl ölsən, - bunu zarafatla dedi, -  sualın bağlı qalacaq, mən səndən əvvəl bu dünyanı tərk etsəm... İnanıram ki, dəfnimdə sən olacaqsan. Torpağa tapşırılandan sonra  hamı dağılışanda ətrafa diqqətlə nəzər salarsan. Bax, o anlarda hara gəldiyimizi biləcəksən..."

Müəllifin Vətən həsrəti ilə dünyadan köçən anasının dediyi sözlər isə ürək parçalayır, sinə dağlayır: "Yatanda da üzümü o dağlara sarı çevirirəm, deyirəm ki, bəlkə əsən yellər o dağ-daşın, kənd-kəsəyin havasını-ətrini gətirə..."

Əslən Sisyan rayonundan olan  tanınmış ziyalılar - Əvəz Mahmud Lələdağ,  "Zəngəzur" romanının müəlifi yazıcı Əyyub Abbasov, Xalq şairi Məmməd Araz, "Azərbaycan gəncləri" qəzeti "Kirpi" jurnalına redaktorluq etmiş Şamil Fərzəliyev, millət vəkili Musa Urud, istedadlı jurnalist Flora Xəlilzadə, nəğməkar-şair Hafiz Baxış, Sumqayıtda yaşayıb-yaratmış "Məslək" qəzetinin redaktoru İldırım Qasımlı, "İsaqlı dağı" xatirə-poemasını qələmə alan müəllim İbadulla İsmayılov, həmçinin kəlbəcərli şair Salman Qaralar  haqqında  esse məqalələr maraqla oxunur. Lakin  Vətən, el-oba sevgisi, yurd itkisinin göynərtisi, qaçqınlıq həyatı bu yazıların hər birinin içərisindən qırmızı xətlə keçir.

Vətən sevgisini, qaçqınlıq dərdinini kitabda səmimi bir dillə ifadə edən Vaqif Bayramov doğma yerləri  qovrula-qovrula, yana-yana xatırlayır: "Görəsən yazda çiçəkləriylə düz-dünyanı ağappaq rəngə  boyayan ağaclar qurumayıb ki?.. Görəsən nizam ahəngi neçə illər bundan qabaq pozulan yurd yerinin xarabalığına bayquşlar yenə "acı göz yaşları" tökmürlər ki?.. Görəsən hamı kənddən baş götürüb didərgin düşəndə nənələrin evlərin qapısı ağzında geri qayıtmaq ümidi ilə asmant kimi qoyduqları  ovuc boyda daş yerində dururmu?.. Görəsən qəbiristanlıqdakı sındırılmış çopur başdaşlarının yiyələri - ruhlar yiyəsizliklərinə görə bizi qınamırlar ki? .. Görəsən..."

"Sisyan - qovğalarda qovrulan torpaq" kitabındakı yazılarda öz əksini tapan ağrılı-acılı yaşantıların hamısını  müəllif öz içindən keçirərək qələmə alıb. Təəssüf ki, başdan-başa Vətən sevgisi ilə dolu olan bu kitab  olduqca məhdud bir tirajla çap olunub. Əslində, tariximizi, keçmişimizi yaşatmaq, yurd yerlərimizi gənc nəslin qan yaddaşına hopdurmaq baxımından bu cür kitabların daha böyük nüsxə ilə çap olunmasına çox ciddi ehtiyac var. Özü bu cür sevgi, həsrət ağrı ilə yazılan kitabın...

 

Süleyman QARADAĞLI

 

525-ci qəzet.- 2017.- 9 fevral- S.8.