Qara Qarayevin əsərlərindən ibarət orqan musiqisi gecəsi

 

Fevralın 6-da Ü.Hacıbəyli Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında görkəmli bəstəkar, akademik Qara Qarayevin əsərlərinin orqan üçün işlənmiş variantlarından ibarət CD-nin təqdimat mərasimi olub.

Məşhur orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin böyük əməyi və ideya müəllifliyi ilə ərsəyə gəlmiş diskdə Q.Qarayevin yaradıcılığından ən seçmə musiqi nümunələri yer alıb.

Qeyd edək ki, bu musiqi parçalarını orqan aləti üçün işləyən BMA-nın professoru Tahirə Yaqubovadır.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən təqdimat mərasimində əvvəlcə dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, Azərbaycan dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb. Dahi bəstəkarın çoxşaxəli yaradıcılığından söz açan F.Bədəlbəyli onun musiqi əsərlərinin belə bir diskdə yer almasını yüksək qiymətləndirərək, bu işdə əməyi olan hər kəsə minnətdarlığını dilə gətirib.

CD haqqında məlumat verən Cəmilə Cavadova-Spitsberq deyib ki, sözügedən layihə Niderland Krallığının Rottendam şəhərindəki St.Laurens kilsəsində reallaşdırılıb. Diskə 23 musiqi nümunəsi daxil edilib. Bunlardan 15-i prelüd, digərləri isə "Tsarskoye selo heykəli", "Don Kixot" simfonik qravürləri, "İldırımlı yollarla" baletindən "Lay-lay" "Ehtiraslı qızın rəqsi", "Yeddi gözəl" baletindən vals başqa əsərlərdən parçalardır.

Daha sonra tədbirdə diskdəki əsərlərdən bir neçəsi səsləndirilib.

 

525-ci qəzet.- 2017.- 9 fevral- S.8.