Dilçilik elmimizin böyük fədəkarı

 

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Cahangir  Qəhrəmanovu xatırlayarkən

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun (1986-cı ilədək Respublika Əlyazmalar Fondu adlanırdı) sabiq direktoru, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Cahangir Qəhrəmanovun 90 illiyi münasibətilə kitab hazırlandığını eşidəndə çox sevindim. Çünki vaxtilə onun xeyirxahlığından pay düşən insanlardan biri də mən olmuşam.

Ona görə də bu günədək unutmadığım bəzi epizodları qeyd etmək üçün əlimə imkan düşdüyünə görə, Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tahirə xanım Həsənzadəyə (xəbəri mənə çatdırdığına görə) sonsuz təşəkkürlərimi bildirirəm.

Cahangir müəllimi ilk dəfə 1980-ci ildə görmüşdüm. Bu görüşün səbəbi isə mənim bir neçə il işsiz qalmağım idi. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirdiyim zaman ailə vəziyyətimlə əlaqədar olaraq, təyinat yerinə gedə bilmədiyimə görə, sonralar böyük problemlərlə rastlaşdım. Qəzet və jurnallarda arabir yazılarım çap olunsa da, redaksiyalarda boş yer tapmaq çox çətin idi. Söz verənlərin sayı çox olsa da, nəticəsi yox idi. Belə bir gərgin zamanda ailəmizə yaxın olan tanınmış şəxslərdən biri Cahangir Qəhrəmanovun adını çəkdi, onun xeyirxah insan olduğunu söylədi və məsləhətləşib məni onun yanına apardı.

O zaman Əlyazmalar Fondu AMEA Rəyasət Heyətinin 1-ci və 2-ci mərtəbəsindəki bir neçə otaqda və böyük zallarda yerləşirdi. Direktorun otağı isə 1-ci mərtəbədə, liftin yanında idi. Doğrusu, o möhtəşəm binaya daxil olanda, bir anlıq özümü itirdim, elə bildim ki, ən çətin bir imtahana gəlmişəm. Cahangir müəllimin kabinetinə daxil olanda isə onun çox zəhmli siması məni daha da həyəcanlandırdı. Bu gərginliyi hiss edən Cahangir müəllim bir qədər mülayim səslə, "yəqin sən də elmlə məşğul olmaq istəyirsən", - deyib sınayıcı nəzərlərlə üzümə baxdı. Mən isə özümdən asılı olmayaraq, "yox, mən öz peşəmlə məşğul olmaq istəyirəm", - deyəndə Cahangir müəllim yarızarafat şəklində "hə, nə olar, tez-tez bizdən də yazarsan", - dedi. Söhbətdən başa düşdüm ki, mənim ailə vəziyyətim barədə məlumatı var. (Sonralar bildim ki, həmin adam məni Cahangir müəllimə yaxın qohumu kimi təqdim edibmiş...).

Beləliklə, 10-15 gündən sonra gəlib ərizə yazdım və Mədəniyyət xadimlərinin şəxsi fondlarının mühafizəsi şöbəsinə böyük laborant vəzifəsinə işə qəbul olundum. Şöbənin müdiri, filologiya elmləri doktoru Əzizağa Məmmədov olsa da, şöbədə bütün işlərə uzun illər ərzində (elə Əlyazmalar Fondu yaranan gündən) orada çalışan, çox dəqiq, zəhmətkeş və xeyirxah insan Mərziyə xanım Paşayeva nəzarət edirdi. Nəinki şöbədə, elə Fondun özündə də böyükdən kiçiyədək hamı onun hörmətini saxlayırdı.

Mən az müddət ərzində kollektivə qaynayıb-qarışsam da, fikrim elə "Elm və həyat" jurnalında boşalacaq ştatın yanında idi. "Niyyətin hara, mənzilin də ora", - deyiblər. Düz 3 ildən sonra "Elm və həyat"da yer boşaldı və mən də nə az, nə çox, düz 30 ildən artıq bu jurnalda işlədim. Həmin illər ərzində Əlyazmalar İnstitutundan jurnala göndərilən müəllif yazılarına həmişə çox doğmalıqla yanaşırdım. Axı, mən Azərbaycanın sayılıb-seçilən elm adamlarının bir çoxunu məhz Əlyazmalar İnstitutunda işlədiyim dövrdə yaxından görüb tanımışdım. Akademik Həmid Araslını, Məmmədağa Sultanovu, filologiya elmləri doktorları Şamil Cəmşidovu, Cənnət xanım Nağıyevanı (dünyasını dəyişənlərə Ulu tanrıdan rəhmət diləyirəm) tez-tez xatırlayıram. Hazırda fəaliyyətlərini davam etdirən alimlərdən AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağıyevi, filologiya elmləri doktorları Mehri xanım Məmmədovanı, Mahirə xanım Quliyevanı, Azadə Musayevanı, Nəsib Göyüşovu görəndə sanki öz doğmalarımla qarşılaşıram.

Cahangir müəllimin sağlığında Əlyazmalar İnstitutu barədə ayrıca yazı hazırlayıb, çap etdirmək imkanım olmasa da, 2004-cü ildə "Elm və həyat"ın bir nömrəsinin (№ 4-5) demək olar ki, bu instituta həsr olunması təşəbbüsümü gerçəkləşdirə bildiyimə görə mənəvi rahatlıq tapdım. İnstitutun sabiq direktoru, filologiya elmləri doktoru Məmməd Adilovla apardığım müsahibə ("Milli sərvətimiz, mənəvi iftixarımız") ilə açılan həmin nömrədə 20 nəfər elmi əməkdaşın məqaləsi çap edilmişdi. İnstitutun fəaliyyətini hərtərəfli işıqlandıran yazıların hər biri çox dəyərli və tarixi əhəmiyyətli mövzulara həsr olunmuşdu.

Cahangir müəllimlə bağlı heç vaxt unuda bilmədiyim 2-ci xatirə Şuşa səfərimiz barədədir. 1983-cü ilin 22, 23 və 24 may günləri 40-dan artıq (uşaqlı-böyüklü) insanın hər birinin yaddaşında pozulmaz izlər qoyub. Aradan 33 il keçməsinə baxmayaraq, Şuşa adı çəkiləndə istər-istəməz Cahangir müəllimin məğrur siması gəlir gözümün qarşısına. Çünki o vaxt Cahangir müəllimin həmin təşəbbüsü olmasaydı, yəqin ki, mən də, mənim ailə üzvlərim də Şuşanı görmək, gəzmək xoşbəxtliyinə nail ola bilməzdik. Bu səfərin əsas özəlliyi onda idi ki, Cahangir müəllim özü ailəsilə birlikdə iştirak etdiyi kimi, əməkdaşlara da tapşırmışdı ki, kim istəyir ailə üzvlərini də gətirsin. Bizim də ailəlikcə (həyat yoldaşım və 2 övladımla) qatıldığımız bu 3 günlük səfər ərəfəsində mən Cahangir müəllimin necə sadə, səmimi və xeyirxah insan olduğunu daha yaxından müşahidə etmək imkanı qazandım. O, bir ailə başçısı  qayğısilə uşaqdan-böyüyə hamıya diqqət yetirir, baməzə söhbətlərilə hər kəsin qəlbinə yol tapırdı. Şuşaya çatdığımız 1-ci gün İsa bulağında leysan yağışa düşdük. Amma təpədən-dırnağa qədər suya batan insanlardan heç bir nəfər də xəstələnmədi. Kollektivdə elə doğmalıq yaranmışdı ki, sanki bir ailənin üzvləri idik və Cahangir müəllim də bu ailənin başçısı idi.

Səhərisi gün kollektiv şəkildə Şuşanı qarış-qarış gəzdik, məşhur yerlərdə - Cıdır düzündə, M.P.Vaqifin məqbərəsinin və Tarix-diyarşünaslıq muzeyinin qarşısında (əvvəllər bu tikili Gövhərağa məscidi adı ilə tanınıb) çəkdirdiyimiz şəkillərə indi dönə-dönə baxmaqdan yorulmuram. O tanış olayları bir daha xəyalən də olsa gözlərim qarşısında canlandırmaq istəyirəm. Bu şəkillərin hamısında Cahangir müəllim həyat yoldaşı ilə birlikdə ortada, kiçik yaşlı uşaqlar isə lap qabaqda dayanıblar. Həqiqətən mehriban bir ailənin simvolu kimi.

Aradan keçən illər ərzində, daha çox Şuşa itkisindən sonra Cahangir müəllimin Xankəndində olduğumuz birinci gün (adətən, Şuşaya gedən turistlər mütləq əvvəlcə orada qeydiyyatdan keçməli və hətta yeməyi də orada yeməliydilər) nahar hazır olana qədər o mənfur ermənilərin göstərişilə onların qəbiristanlıqlarını da "ziyarət etməyə" məcbur olduq. Başdan-ayağa qara mərmər muzeyini xatırladan qəbiristanlığın oxşarını heç Bakıda da görməmişdik. Orada Cahangir müəllim üzünü yanında dayananlara tutub dedi ki, "Oqonyok" jurnalında Şuşanın şəkli verilib və şəklin altında isə "Şuşa, Ermənistanın qədim şəhəri" sözləri yazılıb. Cahangir müəllim bu sözü deyəndən sonra ermənilərin insanlığa yaraşmayan alçaq xüsusiyyətləri barədə bir xeyli danışdı...

Ancaq o vaxt heç kəsin ağlına da gəlməzdi ki, aradan az bir vaxt keçəndən sonra bizim bu tərəflərə ayaq basmağımız müşkülə çevrilə, insanlar doğma torpaqlarından didərgin düşə bilərlər. Heç kəsin ağlına gələ bilməzdi ki, musiqi beşiyimiz Şuşa dahi Üzeyirin dünyaşöhrətli musiqisinə, Xanın ecazkar səsinə, Natəvanın ürək dağlayan qəzəllərinə həsrət qalacaq, xarıbülbül dərddən-qüssədən saralıb-solacaq və Şuşadan perik düşəcək...

Cahangir müəllim yaşasaydı, doğmaları kimi, onu yaxından tanıyan insanlar da indi onu 90 illiyi münasibətilə təbrik üçün ya telefonla, ya da mətbuat səhifələrində çıxış etməklə böyük alimə olan hörmət və ehtiramlarını bildirmək istəyəcəkdilər. Məncə, bu arzuda olanların sayı indi də çoxdur, çünki bu qiyməti Cahangir müəllim sağlığında öz dəyərli əməlləriylə qazanıb. Xoş əməllərilə xatirələrdə əbədiyaşarlıq qazanmış insanlar Tanrı dərgahında ucalığı fəth edənlərdir. Böyük alim, gözəl insan, professor Cahangir Qəhrəmanov da belə insanlardan biridir. Ruhu şad olsun!

Sonda, Əlyazmalar İnstitutunun elmi əməkdaşı Lora xanım Əliyevaya Cahangir müəllimin portret şəklini tapmaqda mənə köməklik göstərdiyinə görə təşəkkür edirəm.

Görkəmli alimin tərcümeyi-halından sətirlər:

1927-ci il fevralın 10-da Qəbələ bölgəsində doğulub. 1945-ci ildə Bakı şəhər 132 saylı orta məktəbi bitirib.

1945-1950-ci illərdə ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsində təhsil alıb.

1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olub.

1955-ci ildə "Azərbaycan ədəbi dilində fəlsəfə terminləri" mövzusunda namizədlik dissertasiyası, 1969-cu ildə isə "İmadəddin Nəsimi əsərlərinin tənqidi mətni və leksikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1970-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Fədakar əməyə görə" medalı ilə təltif olunub.

1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunun (1986-cı ildən Əlyazmalar İnstitutu) direktor müavini olub. 1974-cü ildə ona professor adı verilib.

1982-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb. "Şərəf" nişanı ordeni ilə təltif olunub.

1972-1995-ci illərdə institutun direktoru olub.

1987-1995-ci illərdə Əlyazmalar İnstitutunun təşkil etdiyi beş müxtəlif elmi-nəzəri konfransın təşkilat qrupunun sədri və iştirakçısı, 1990-cı ildə Azərbaycan Əlifbası Komitəsinin üzvü olub.

1995-ci il iyunun 26-da Bakı şəhərində vəfat edib.

 

Maral POLADOVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun

Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

 

525-ci qəzet.- 2017.- 9 fevral.- S. 6.