Asan xidmət
hekayə
Bayramqabağı Novruzəli
xırda-xuruş bazarlıq eləmək, əyin-baş almaq,
bir də şəhərin qoxusunu duymaq üçün yolunu
şəhərdən saldı.
Novruzəlinin külfəti
bu xəbəri eşidəndə evin divarları
güldü, qaragöz qızları gilənar ağacı
kimi çiçəklədi, 9 yaşlı madar oğlu Məmmədhəsən
"dədə, məni də apar"- deyib gözlərini kərtənkələ
gözü kimi dədəsinə zillədi. Novruzəli də
eynən oğlu kimi gözünü qırpmadan gədəsinin
gözünün içinə baxıb "yox!"-
dedi. Məmmədhəsən başını
aşağı salıb zırıldaya-zırıldaya
qapıdan çıxdı.
Arvadı Qönçəgül iki
daşın arasında ərinin adsız barmağına
qırmızı sap bağladı ki, hara gedirsə-getsin,
güzgüsüz evə dönməsin. Divardakı
köhnə güzgüləri bu qışdan salamat
çıxmamışdı, yerə dəyib çiliklənmişdi.
Novruzəli səhər-axşam dəhlizdən
keçəndə istər-istəməz boynunu uzadıb
güzgüyə, daha doğrusu, güzgünün yerinə
baxırdı.
Müxtəsəri, Novruzəli
bu xəbəri külfətinə deyəndə gün əyilib
axşam düşmüşdü. Qönçəgül odun
peçinin üstünə bir vedrə su qoyub ərinin alt
paltarlarını yaxşı-yaxşı qaynatdı,
qızları dədələrinin üst paltarlarına əl
gəzdirdi, hikkəsi hələ
ötüb keçməyən Məmmədhəsən
ortalıqda nə qədər fırfıra kimi fırlansa da,
heç kimin ona məhəl qoymadığını
görüb fürsət tapan kimi paltar sərən anasına
yaxınlaşdı.
- Dədəmə denən maa
tapançadan-zaddan alsın - dedi.
- Alajax, başına dönüm,
alajax, - deyib Qönçəgül Məmmədhəsəni
başından elədi.
Sonra Qönçəgül
yol tədarükü gördü, yumurta, kartof qaynatdı,
yanına da baş soğan qoydu ki, Novruzəli yol
adamıdı, ac qalmasın, qursağına bir şey atıb
mənzilbaşına sağ-salamat gedib çatsın.
Qaranlıq hər tərəfi
bürüyəndə Qönçəgül sərdiyi
paltarları yığıb evə gətirdi, peçin
yan-yörəsinə sərdi ki, paltarlar səhərəcən
qurusun.
O gecə uzun bir gecə oldu, ilan vuran
yatdı, Novruzəli yatmadı. Elə bil yerinə
qor dolmuşdu. Səfər söhbətini
açıb-ağartdığına görə indi it kimi
peşman idi. Amma bir tərəfdən də
şəhərdən ötrü burnunun ucu göynəyirdi.
Gör neçə illər idi, şəhərə
yolu düşmürdü. Görənlər
deyirdi, şəhər aşıb-daşır,
alışıb-yanır. O da bu ölkənin
balasıydı, üç uşağın atasıydı,
bu yerin sevincini dadmaq onun da haqqıydı. Gedib o
yerləri ziyarət eləsəydi, gözü-könlü
sevinərdi, tay-tuşları şəhərdən
danışanda onun da deməyə sözü olardı.
Əslində, şəhərə
getməkdə başqa məqsədi də vardı. Neçə
illər idi ki, Novruzəlinin külfəti sosial yardım ala
bilmirdi. Kəndin icra nümayəndəsi
Hacı Xudayar iki ayağını bir başmağa dirəyib
sənin iki inəyin var, sənə sosial yardım
düşmür - deyib Novruzəlinin gözündən
basırdı. İnişil Novruzəlinin əlacı
kəsildi, inəyin birini payızda dəyər-dərməzinə
satdı. Satdı ki, Xudayarın
gözü yığışsın, sözü olmasın.
Amma Xudayar yenə çəm-xəm eləyirdi.
Novruzəli ürəyinə yığmışdı ki,
şəhərdə böyüklərin yanına gedib
çıxacaq, Xudayarın necə adam
olduğunu onlara deyəcək. Qoy Xudayarın atasını
yandırsınlar!
Novruzəli Xudayarla
vuruşa-vuruşa səhəri açdı. Qönçəgül
peçi qaladı, çay qoydu, Novrizəliyə
şirinçay qayırdı, Novruzəli də bəy
balası kimi yeyib-içdi, geyinib-keçindi.
Qönçəgül yol tədarükünü
Novrizəliyə uzadanda:
- Utanıf eləmə, ə, girəvə
düşən kimi çörəyini ye, kim
kimədi, özünü ac saxlama. Sən ac olanda, o qivlə
haqqı, boğazımdan tikə keçmir,-
dedi. Bir də səni and verirəm Abbas əmimin
goruna, üstünə düşsən şəhərdən
maa sarımsaqdöyən al. Yadından çıxmaz ki?
Novruzəli qırtını çəkdi:
- Yaxşı, az,
tapsam, alajam.
- Di get, Allahın kölgəsi
üstündə olsun,- dedi Qönçəgül.
Bu yerdə səsi kimi dodaqları da titrədi.
Novruzəli də yuxa ürəkli
arvadının sözlərinə kövrəldi, amma
dönüb geriyə-filana baxmadı, dümdüz, şax
yerişlə çıxıb getdi.
Arxadan yenə Qönçəgülün
səsi gəldi:
- Odey ha, Qurbanəlinin avtobusu gəlir,
sağ get, salamat qayıt balalarının içinə.
- Gələjəm, az,
uşaq-zad deyiləm ha, ev-eşikdən muğayat ol.
Novruzəli yol
maşınlarını dəyişə-dəyişə gəlib
şəhərə çıxdı.
Şəhər, nə şəhər!
Novruzəli axırıncı dəfə şəhərdə
Sovet vaxtı olmuşdu. Allah rəhmət
eləsin İskəndər müəllimə, bir yol şəhərə
gələndə onu da özüylə gətirmişdi ki,
Novruzəlinin dünyagörüşü artsın. O səfər
sonralar heç vaxt Novruzəlinin yadından
çıxmadı. Dənizi ilk dəfə onda gördü,
tramvaya ilk dəfə onda mindi, İskəndər müəllim
onu kinoya apardı, birlikdə morojnı yedilər, bəylik
kostyumunu da onda aldı... Amma, amması var, Novruzəli hay-huy
eləyib gözaltı eləyənəcən fəhlələrin
və kəndçilərin çiynində dayanmış
şanlı Sovet imperiyası çökdü, kolxoz-sovxoz
dağıldı, Novruzəli işsiz-gücsüz qaldı,
bəy kostyumunu da elə 15 ildən sonra geyinəsi oldu. Atalar demiş, kasıb evlənəndə gecə
qısalar. Bu, Novruzəlinin də başına gəldi...
İndi şəhərə
baxıb gözü-könlü açıldı. Amma ürəyində
köhnə şəhər üçün darıxdı.
O şəhərin başqa bir qoxusu vardı, o şəhərin
adamları da bir başqaydı, ağbəniz, gülərüz,
mehriban...
Novruzəli bütün
olanları zamanın ayağına yazdı. Özünü
yaxınlıqdakı parka verib bir müddət gəlib-gedənlərə
heyranlıqla tamaşa elədi. Sonra
gözucu baxdı ki, görsün ona məhəl qoyan var, ya
yox. Gördü heç onu saya salan da
yoxdur, oturduğu oturacağın üstündə
özünə kefi istəyən süfrə açdı.
Yumurtaları bir-birinə toqquşdurdu,
kartofları soydu, soğanın başına karlı bir yumruq
vurub iki yerə böldü, çörəyini dad eləyə-eləyə
yeyirdi ki, Allah mərdimazara nəhlət eləsin, elə bil
yer ayrıldı, yerin altından bir paqonlu çıxdı.
Novruzəli dəvikdi, oğurluq
üstündə tutulan uşaq kimi qızardı, amma
özünü o yerə qoymadı:
- Salami-əleyküm - dedi.
Adam elə bil paya udmuşdu,
dümdüz dayanıb gözünü bərəltdi:
- Yığışdır, ə, bu
zir-zibilini.
Yumurtanın parası Novruzəlinin
əlində qaldı. Udqundu:
- Gəl, sən də bir loxma ye, -
dedi.
Adamın rəngi qızardı:
- Ə, sən kimsən ki, mənə
belə söz deyirsən. Dur, a kişi, dur
ayağa, yığışdır bunları, özün də
əkil burdan. Hər tərəf turistlərlə
doludur, ayıbdı, bizim haqqımızda nə
düşünərlər?!
Novruzəli bir
açdığı süfrəyə, bir polisə
baxdı, yumurtanın birinə hələ əl
vurmamışdı.
Yazıq-yazıq:
- Bə bunnarı neyləyim? - dedi.
Mühafizəçi cin
atına mindi, nə mindi. Cibini göstərib:
- Neyləyəcəksən, ə, gətir
qoy bura, - dedi.
Novruzəli yerindən
qımıldandı, gülümsədi, ürəyində:
- Qarnının dərdi
varmış, yumurta istəyirmiş, - deyib ayağa qalxmaq istəyirdi
ki, adam cəld tərpənib Novruzəlinin
süfrəsini silib-süpürüb yaxınlıqdakı
zibil yeşiyinə atdı.
- Özün də elə get ki, bir də
ayağın bu tərəflərə dəyməsin.
Novruzəli ayaqlarına
baxa-baxa parkdan güllə kimi çıxdı.
... Novruzəli yolun
ucunu tutub gedirdi. Binalar, adamlar,
maşınlar, gözəl-göyçək qız-gəlinlər,
bu yerdə Novruzəli şeytanın onu yoldan
çıxaracağından ehtiyatlanıb "anam-bacım
olsunlar!" - deyib nə isə
mızıldanırdı.
Şəhərin gözəlliyi,
əlvanlığı get-gedə Novruzəlinin
ağlını başından alırdı. Ortada heç
nə yox idi, amma elə bil nə isə içmişdi,
öz-özünə xumarlanırdı. Bu
yerdə Novruzəlinin zəif bir cəhətini mütləq
deməliyəm. Allahdan gizli deyil, bəndədən
nə gizlin, Novruzəli qazlı su içəndə
başı gicəllənirdi, keflənirdi, öz-özünə
sərxoş olurdu. İndi də Novruzəli
şəhərin havasını uda-uda hallanmışdı.
Novruzəli dumanlı
başla küçələrdə dolaşa-dolaşa
axşamı saldı.
Axşam da olanda Novruzəlinin
əhvalı bir başqa cür dəyişirdi, elə bir qərib
bir quş ürəyinin başına qonub yastı balabanda
"Çoban-bayatı" çalırdı. Novruzəli
evindən, obasından uzaqda əməlli-başlı qəribsədi,
doluxsundu, qaramatını qovmaq üçün
özünü qarşıdakı işıqlı
çayxanaya saldı. Bir çaynik
çay, yanında da ləbləbi həmən hazır oldu.
Novruzəlinin eyni açıldı, ləbləbidən yeyib
çaydan içdikcə şəhər gözündə
bir az da gözəlləşirdi. Çayını içib, ləbləbi
qabını silib-süpürəndən sonra istədi nəlbəkinin
altına bir manat qoyub getsin, qaranquşa oxşayan cavanca bir
uşaq hardansa peyda olub ona kitabça uzatdı. Novruzəli əvvəl bir kitaba, sonra qaranquşa
oxşar uşağa baxdı, sonra kitabçanı
açdı. Kağız
parçasının üstünü hıqqana-hıqqana
oxudu. Ödəniləcək məbləğ: 15 AZN.
Novruzəlini tər basdı,
amma özünü o yerə qoymadı. Əlini gödəkçəsinin
cibinə salıb 15 manat çıxardı, amma yenə də
kitabçanın içinə qoymadı, oğlanın
üzünə baxdı ki, bəlkə səhv eləyiblər,
yanlışlıq-filan olub, amma oğlan susub heç nə
demədi. Əlacı kəsildi, pulu kitabın
içinə qoydu, oğlan pulu götürüb getdi və
Novruzəlini həmişəlik unutdu.
Çayxanadan
çıxanda gecə qara çarşabını şəhərin
üstünə atmışdı. Yazağzı səma
tərtəmiz olur, elə bil yerə də, göyə də
ovuc-ovuc ulduz səpilmişdi. Novruzəli qəribə
hisslər keçirirdi. Parkdakı mühafizəçi
qanını qaraltsa da, çayxanada bir çaynik çaya 15
manat alsalar da, həyat bal dadırdı. Ürəyi fərəhlə
çırpınırdı, Novruzəli get-gedə şəhərin
havasına, səs-küyünə alışırdı.
İndi də gecə
qalmağa dörd divar, bir qapısı olan ucuzvari yer
axtarırdı ki, başını atıb yatsın,
yorğunluğunu çıxarsın, səhər şəhəri
gəzib-dolaşsın, dadını çıxarsın.
Qabağına çıxan
adamlardan ucuzvari qəsdinsənin yerini soruşurdu. Soruşurdu,
amma kimsə dərdinə dəva eləmədi.
Axırda cavanca bir uşaq Novruzəlinin
gözünü açdı:
- Day-day, pis çıxmasın,
hansı zəmanədə yaşayırsan? A kişi,
bu şəhərdə qəstin-məsdin yoxdu. Otellər var, gecəsi 100 manata, 1000 avroya. 15000 min şlinqə. Varındısa,
get, qal. Ya da Alatavada qonşumuz bir gecəliyə 10 manata
yer verir, get, orda gecələ də, - dedi.
Novruzəlinin gözlərinə
işıq gəldi:
- Məni ora apararsan? - dedi.
Çoxbilmiş uşaq:
- Day-day, aparmağına apararam, amma
ora çox uzaqdı, gərək taksiylə gedək.
On manat da Novruzəlidən
belə çıxdı.
Oğlan Novruzəlini
alaqapının qarşısında bir qadına
tapşırıb yox oldu.
Qadın Novruzəliyə
xoş-beş demədən həyətin küncündəki
quş damına oxşar otağı göstərdi. Otaqda bir
çarpayı, bir dəst də mitil vardı.
Novruzəli bir də eşiyə
qaçdı, utana-utana subaşının yerini soruşdu. Xəbəri
yoxmuş, düz burnunun ucundaymış.
Novruzəli: "Bu yaxşı
oldu" - deyib otağa qayıtdı. Paltarlarını soyunub
başının yanına yığdı, yerinə girib bir
müddət qurdalandı ...
Novruzəli kəndçi
babaydı, çörəyi torpaqdan çıxırdı. O qədər torpaqda əlləşmişdi
ki, özü də torpaq kimiydi. Dilsiz-ağızsız,
mağmun, fağır. Sabah xeyli işləri
vardı, böyük adamların yanına gedəcəkdi,
qızlarına don alacaqdı, fikrində tutmuşdu ki, gədəsinə
ayaqqabı alsın, güzgü öz yerində, vaxt tapsa,
şafkasını da təzələyəcəkdi. Bu xəyallarla
Novruzəlini yuxu tutdu...
Novruzəlinin yuxusuna bir
sürü qoyun girmişdi. Qoyunlar belədən-belə
otlayırdılar, elədən-belə. Amma
Novruzəli qoyunları nə qədər saysa da, sayları
düz gəlmirdi. Novruzəli: "Nəhlət sənə,
kor şeytan" - deyib yenidən saymağa
başlayırdı, yenə əskik gəlirdi. Sayılmaqdan yorulmuş qoyunlar axırda təngə
gəlib Novruzəlinin üzünə dirəndilər ki,
onları saymasın. Qoyunu saymaq
yaxşı əlamət deyil. Sonra
başlarını aşağı dikib otları
qırpa-qırpa sürüylə keçib getdilər.
Novruzəli bu dəfə
qoyunları gözünün ucuyla gizlincə saydı. Yenə əskik gəlirdi...
Gümanı yüz yerə getsə də,
axırda gəlib Hacı Xudayarın üstündə
dayanırdı. Qoyunu ondan başqa kim
yeyə bilərdi?
Müxtəsər, səhərəcən
qoyunlar Novruzəlinin yuxusunu qırpıb yedilər, ipə-sapa
yatmadılar, zəhləsini tökdülər. Səhərəyaxın
qoyunları birtəhər sayıb aula yığa bildi...
Səhər yuxudan durub eşiyə
çıxanda ev sahibəsi həyətdə
qaş-qabaqlı var-gəl edirdi.
- Savağın xeyir, bajı.
Qadın dilucu salamını
aldı.
Novruzəli əlini cibinə
salıb on manat çıxardı. Qadın alıcı
quş kimi qiyyə çəkdi.
- Qardaşım, on manat niyə, xəbərin
yoxdu bu gecə nələr oldu?! Novruzəlinin xırda
gözləri böyüyüb-böyüyüb hədəqəsindən
çıxdı, boynunu uzadıb qorxa-qorxa soruşdu:
- Nooldu? -
- Bizə olan oldu, devalvasiya baş verdi. Qiymətlər qalxdı.
Sən yatdığın otağın qiyməti
dünən on manat idi, bu gün iyirmi manat oldu.
Novruzəlinin ürəyi yerinə gəldi,
qorxusu çəkildi, qəddi düzəldi:
- Mən də deyirəm görən
nooluf ?!
- Day bundan artıq nə olacaq, ay evi
tikilmişin oğlu?! Kənddə yaşayırsan, nə
vecinə, Araz aşıqlarındandı, Kür topuğundan!
Dərd bizim dərdimizdi. Qaz,
su, işıq pulu, hələ təmizlik işlərini demirəm.
Bunlar azdı bəgəm?! Bilirsən,
şəhərdə tualetin qiyməti neçəyədi?
Solaxay sualın qarşısında
Novruzəli çaşıb qaldı:
- Bilmirəm.
- Otuz qəpik. Qırx qəpik olan
yerlər də var. İndi camaat gedib...
Novruzəli od
püskürən qadından eyməndi, dinməz-söyləməz
on manatın üstünə on manat da qoyub qadına
uzatdı.
Qadın pulu xələtinin cibinə
qoya-qoya:
- Şəhərdə
qalası olsan, başqa yer axtarma, burdan ucuz yer tapa bilmiyeceysən
- xəbərdarlığını elədi.
Novruzəli ürəyində
"köpəyin qızı, qanını mənnən uzax
elə" - deyib darvazadan güllə kimi çıxdı. Əvvəlcə
barmağındakı qırmızı sapdan canını
qurtarmalıydı. Gəzib dolaşdı,
axır ki, güzgü satılan bir dükan tapdı. Hər yan güzgü idi. Novruzəli
özünü heç vaxt belə aydın, öz
ölçüsündə, bütöv görməmişdi.
Divardakı bütün Novruzəlilər
utancaq-utancaq ona baxırdılar.
Əl ağacına oxşayan Novruzəli
müti, yazıq, sözəbaxan, bir sözlə,
yaxşı adam idi. Qonur
gözləri uşaq gözləri kimi tərtəmiz idi.
Şirniquş ver, başını aldat, ya da
gözünü tök, ovcuna qoz tök,
şükranlığını itirməyib sevinəcəkdi.
İndi Qönçəgülün
əri, üç uşaq atası Novruzəli güzgüdə
özünü apaydın görüb dördgöz
olmuşdu.
Güzgülərdəki
Novruzəlilərə baxa-baxa ona elə gəldi ki,
dünyadakı bütün Novruzəlilər bir-birlərinə
oxşayır.
Kimsənin toyuğuna kiş deməzlər,
yaman işlərə əl qoymazlar, əllərindəki tikəni
alsalar belə, cınqırlarını çıxarmazlar.
Amma bəxtləri kəsik, ruziləri az,
adları bədnam olar. Novruzəli bilmirdi Novruzəlilərin
hansına baxsın. Novruzəlilərin
hamısı insan adamıydı. Dükandakı
dikbaş güzgülər nədənsə bu kənd
kişisinin abrından gözgörəti utandılar...
Novruzəlinin quşu ovalvari
güzgüyə qondu. Bir yaxından, bir uzaqdan güzgüyə
baxdı. Güzgü Novruzəlini
yaxşı göstərirdi, çox yaxşı göstərirdi.
Özü də qəttəzə idi. Qırılan güzgüləri o qədər
köhnəlmişdi ki, gülləmişdi. Novruzəli
neçə illər idi, özünə yox, kölgəsinə
baxırmış...
...Gödəkçəsinin düymələrini
açdı, sağ əliylə sol döşündən -
pencəyinin cibindən bir bükülü
çıxarıb ədəb-ərkanla açdı. Qönçəgül Novruzəlinin şəxsiyyət
vəsiqəsini, bir də pulu əl dəsmalına
büküb ərinin cibinə qoymuşdu. Novruzəli dəsmalla
sənədini bir kənara qoyub güzgünün pulunu
sayıb verdi. Adsız
barmağındakı sapı qoparanda elə bil Qönçəgüldən
azad oldu. Güzgünü qoltuğuna vurub
xırda-mırda şey-şüy almaq üçün
dükanları dolaşdı. Özünə
sinəsində bir cüt maral olan jaket aldı, Qönçəgülə
butalı yaylıq seçdi, qızlarına kitayiski don
aldı, amma gədəsinə ayaqqabı ala bilmədi. Oğlunun hansı ölçüdə ayaqqabı
geyindiyini yadına sala bilmədi. Əlacı
kəsildi, oğluna uzunşüllət şalvar aldı, bir
də Qönçəgül eşitdirmişdi ki, uşaq
tapança istəyir. Novruzəli
oğluna avtomat aldı ki, uşaq lap ürəkli
böyüsün.
Novruzəli bazarlıq eləyib
qurtaranda gün günorta olmuşdu. Səhər nahar eləməmişdi
- deyə acımışdı. Burnuna
yaxşı qoxu toxundu. Bir sağa, bir sola
boylandı. Gözünə binanın
küncündəki arıtma sataşdı. Novruzəlinin ağlında arıtma ancaq yuxarı
qalxmaq üçün idi, amma bu arıtma adamları zirzəmiyə
aparırdı. Gözəl qoxu da ordan gəlirdi,
yerin altından. Divara
yapışdırılmış sözü oxumağına
oxudu, amma Şaurma sözünün nə olduğunu heç
cür kəsdirə bilmədi. Ehtiyatla
pilləkənlərı endi, gördüyü mənzərə
xoşuna gəldi. Bu yer adamla dolu idi.
Özünə yer tapıb oturdu, qaranquşa
oxşar oğlanlardan biri yaxınlaşdı, sifarişi
gözlədi. Novruzəli də biclik işlətdi,
hamı nə yeyirsə, maa da ondan gətir dedi. Ofisiant məsələni anladı, Novruzəliyə
şaurma, yanında da ayran gətirdi.
Novruzəli yeyib toqqanın
altını bərkitdi. Aldığı şey-şüyə nəzər
saldı, qalan qəpik-quruşunu vərləvürt edirdi ki,
onu tər basdı. Şəxsiyyət vəsiqəsi
yoxa çıxmışdı. Güzgü
aldığı yerdə qoymuşdu, amma o yer hara idi? Öldürsələr də, Novruzəli o yeri
yadına sala bilməzdi. Bəs neyləsin?
İmdad diləyən baxışlarla ətrafa
boylandı.
İki kişi
yanakı oturacaqda durmadan danışırdı. Biri o birinə
deyirdi, nə işin olsa, asan xidmətə get,
pulsuz-parasız bir anda düzələcək. İndi
hamı dərdini ora deyir. Novruzəli
eşitdiklərinə inana bilmirdi. Asan xidmət
sözünü bir-iki dəfə ürəyində təkrarladı
ki, yadından çıxmasın. Yerindən
qalxıb düşdüyü pilləkənləri tapıb
yuxarı - yerin üstünə qalxdı.
Qabağına çıxan ilk adama:
- Asan, lənət sənə kor
şeytan, sonrası yadımdan çıxdı. Deməzsən,
ora necə gedim, - dedi.
Adam
qarşısındakı kişiyə məhəl qoymayıb
başını yelləyə-yelləyə
çıxıb getdi. Növbəti adam Novruzəlinin nə
demək istədiyini havadaca aldı.
- Hə, Asan Xidməti istəyirsən.
- Oranı istəyirəm, dədə,
necə gedim ora?
Yaxıınlaş, bax ordakı taksi
şoferinə söylə, səni istədiyin yerə aparacaq,- dedi.
Novruzəli:
- Allah canını sağ eləsin,
balalarını saxlasın - deyib güzgü qoltuğunda,
yükü əlində taksiyə yaxınlaşdı. Taksi
şoferi arif adam idi. Novruzəli
ağzını açan kimi "otur", - dedi.
Şəhəri xeyli
fırlanandan sonra taksi bir yerdə dayandı. Sürücü
pulunu alıb Novruzəliyə yaraşıqlı binanı
göstərdi.
Novruzəlini birinci mərtəbədən
ikinci mərtəbəyə, ordan da üçə göndərdilər. Qoltuğunda
güzgü, əlində bağlama olan Novruzəli ətrafa
boylandı. Adamlar bir kənarda səliqə
ilə oturmuşdular. Novruzəli
özünə yer tapıb yükünü yerə qoydu,
yüngülləşdi. Arada nömrə
deyirdilər, adamlar da pəncərələrə
yaxınlaşıb nə isə deyir, sonra da şad-xürrəm
çıxıb gedirdilər. Bu yerin
rahatlığında, sakitçiliyində Novruzəli xeyli
mürgü döydü. Aradabir
başını qaldırıb baxırdı ki, görsün
onu çağırıb eləmirlər ki, amma
çağıran yox idi, adamlar da birucdan azalmaq əvəzinə
çoxalırdı. Bunun sirrini öyrənmək
üçün Novruzəli yerində xeyli qurcalandı.
Sonra özündə təpər tapıb pəncərəyə
yaxınlaşdı.
- Dədə, məni niyə
çağırmırsız?
- Cavan oğlan nəzakətlə:
- Nömrəniz neçədi? - soruşdu.
- Nə nömrə?
- Yaxınlaşın ora, sizə
nömrə verəcəklər.
Novruzəli başıalovlu
göy paltarlı qıza yaxınlaşdı.
- Bacıqızı, nömrə
neçəyədi?
Qız əvvəl başa
düşmədi.
- Nömrə istəyirsiz?
Novruzəli əlini cibinə
salıb şax beşlik çıxardı. Qızı gülmək
tutdu, "nömrə pulsuzdu" - dedi.
Novruzəli sevindi, bərk
sevindi, gözləri yaşardı, axı bu şəhərdə
hər şey pulnan idi. Dünyanın işinə bax, indi ona
pulsuz nömrə verirdilər.
Novruzəlinin növbəsi
çatanda pəncərəyə yaxınlaşdı. Şəxsiyyət vəsiqəsini
itirdiyini dedi. Rayonunun, kəndinin adını dedi, öz adına çatanda duruxdu:
- Məmmədhəsənov
Novruzəli Pirverdi oğlu. Qardaşoğlu, gəlsənə
adımı da dəyişək - dedi.
- Niyə, adınız xoşunuza gəlmir?
Novruzəli dişlərini bir-birinə
sıxdı:
- Çııı...
- Adınızı dəyişmək
üçün başqa sənədlər də
lazımdı.
Novruzəli istər-istəməz oğlanın dedikləri ilə razılaşdı. Guya adını dəyişsələr, nə olacaqdı, elə Novruzəlidir ki, Novruzəlidir. Novruzəli təzə şəxsiyyət vəsiqəsini alanda uşaq kimi sevindi. Amma yerindən qımıldanıb durmadı. Səsini qısıb:
- Bəs Xudayarın məsələsi necə olsun?! - dedi.
- Hansı Xudayarın? - oğlan təəccüblə soruşdu.
- Kəndçimiz Xudayarı deyirəm, o vurğun vurmuşu. Balalarıma sosial yardım verməyən o köpək oğlunu deyirəm.
- O məsələyə biz baxmırıq,- oğlan tələsik dilləndi.
Novruzəli peşmanladı:
- Keşkə baxaydınız... neynək, Allah köməyiniz olsun, - deyib geri döndü.
Novruzəli güzgünü qoltuğuna vurub şey-şüylərini götürdü. Asan Xidmətdən çıxıb yüklü-yüklü şəhəri xeyli dolaşdı, limon satandan iki lumu aldı. Cibində bircə yolpulu qalmışdı.
Yol maşınıyla geri
dönəndə Novruzəli qanad açıb uçurdu. Səfəri
uğurlu keçmişdi. Pəncərədən yazın
qoxusu gəlirdi. Novruzəli get-gedə dirçəlirdi.
Arabir ağlından keçirirdi ki, görən Qönçəgül
inəyin alafın verib, ya yox?..
Təranə Vahid
525-ci qəzet. - 2017.-
10 fevral.- S.8.