“Torpağam, torpağam” deyən
kişiyə...
Barat Vüsala açıq məktub
Salam, ay Barat! Qardaşım, nə
vaxtdır sənin haqqında bir söz demək istəyirdim,
sənin varlığın üçün Allaha bir minnətdarlıq,
sənə o doğma torpaqda
yaşayıb-yaratdığın üçün bir təşəkkür
sözü yazmaq istəyirdim, cəsarət etmirdim, çəkinirdim
ki, bacarmayacam.
Mən axı tənqidçi
deyiləm, ədəbiyyatşünas deyiləm, heç azərbaycanşünas
da deyiləm, mənim bütün təhsilim rus dilində olub
və rus dili mütəxəssisiyəm. Amma, əlbəttə,
bir azərbaycanlı kimi, bir qazaxlı kimi Azərbaycan ədəbiyyatı,
sazı, sözü üçün ölürəm. Səndən ötrü ürəyim gedir. Rəhmətlik
Akif Səməd deyirdi: «Qağa, siz nə qədərsinizsə,
biz də o qədərik», yəni poeziyanı sevənlər nə
qədərdilərsə, şairlər də o qədərdi.
Ona görə də yazacam, bir də ki, axı
sənə gənəşdim, razılığını
aldım, xeyir-dua verdin. Həm də bu yaxınlarda
Bakıda Yazıçılar Birliyinin Natəvan klubunda sənin
ikicildlik kitabının təqdimetmə mərasimində mən
də iştirak etdim və söz istədim, haqqında ürəkdən
bir-iki söz dedim, «Mən ayağa qalxacam, yarama torpaq
tökün» şeirini birlikdə oxuduq. Hamının
xoşuna gəldi. Sən də sonra bir gözəl
söz dedin ki, bəzən çoxumuz
böyük-böyük sözlər axtarırıq bir balaca
söz demək üçün.
Bax mən
çalışacam o balaca sözlərdən istifadə
edim; qardaş, yekə sözdən mənim də heç
xoşum gəlmir.
Əzizim, səni şəxsən
keçən əsrin 90-cı illərinin lap əvvəllərindən
tanıyıram. Azərbaycanda, doğma
torpağımız Qazaxda vəziyyət çox ağır
idi. Nankor qonşularımızla müharibənin
qızğın vaxtı idi. Bakıda
Qazax Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri
və ilk sədri və elə Qazaxda şəhid olan
şair-publisist Aslan Kəmərlinin öz kəndində, orta
məktəbin önündə Cəmiyyət tərəfindən
heykəli qoyulurdu. Sən orda bir çıxış elədin
və şeir söylədin, dedim, şükür sənə,
ya Rəbbim, nə yaxşı bu torpağın Barat kimi
oğulları var, şairləri var. Bu torpaq heç vaxt
basılmayacaq. Elə də oldu.
Ağsaqqalımız, böyük alimimiz Teymur Bünyadov
demiş:
Durdu Qazax,
Duruş tutdu durdu Qazax,
Torpağına kəc baxanın,
Gözlərindən vurdu
Qazax.
Elə özün demiş:
Torpağın ər oldu,
daşın ər oldu,
İgidlər, ərənlər
möhürü Qazax!
Qoynundan nə böyük kişilər
çıxdı,
Ay kişi
olanın ömürü Qazax!
İndi, bax, budur: ikicildliyin
qabağımda, onları yenə vərəqləyirəm,
gözdən keçirirəm ki, bir azca sən olum, sənləşim,
şairləşim, yəni könül dünyasına
çıxım, sənə sözümü
başımın-beynimin yox, ruhumun qələmi ilə
çatdırım.
Ömür dastanına sazla
başlayırsan:
Ay məni istəyən, bir söz de
gəlsin,
Ay məni istəyən, bir saz
havası!
Nə gözəl! Mən də
telefonumda sənin ən çox sevdiyin «Ruhani»ni
qoyub işimə başlayıram... «Dilqəm»inin
dili məni çəkib aparır sənin yanına,
Hüseyn Arifin yanına, sizə qulaq asıram. Nə səmimi söhbət, nə gözəl
deyişmə. Sonra Ələsgər babamızı
salamlayırıq, Təbriz aşıqlarını oxuduruq, sənin
sözünü oxuyurlar:
Baxmayın ki doğulmuşam Qazaxda,
Ulu ruhum Təbrizdəndi,
Qarsdandı.
Qatıq kimi süzülmədim
torbadan,
Mayam duru, əslim-köküm
xasdandı...
Nəfəs aldım, ocaq oldu, köz
oldu,
Nəyim varsa getdi, qalan
üz oldu.
Ömrüm-günüm qoşma
oldu, söz oldu,
Mən bir ömür
yaşadım ki, dastandı.
...İndi onlar
çalır, mən sənin saz haqda şeirlərini oxuyuram. Saza, sözə and
içirsən: Şaham, fərman
verirəm, Dərdə dərman verirəm, Söz haqqı,
can verirəm, Saz haqqı, ölmərəm mən! Sazı
qiblən, yönün bilirsən: Saza da, sözə də səcdə
edilsin, Qiblə budu, qardaş, yön budu, qardaş, Gərək
keçək sazın, sözün yanına, Deyək
ömür budu, gün budu, qardaş! – deyirsən.
Özüm ölüm, düz deyirsən, yaxşı deyirsən!
Gəl, indi Füzuli kimi çıxaq yaylağa:
Bu əkin kimindi, əkənək
kimin,
Qovurlar uçuruq kəpənək
kimi,
Bir namərd başını əkənə
kimi,
Yüz namərd
böyürdən hazırdı, çıxır.
Ürəyi var yeyib, başı var
qatıb,
Düşmən nehrəsinə
daşınar «qatıq»,
Baxma ki, qızıllı kişilər
artıb,
Kişilik sözünün
qızılı çıxıb.
Hayıf, hayıf səndən Vətən
torpağı,
Kim geri qaytarar gedən torpağı,
Tökürlər gözünə
bu mən torpağı,
Məzarı
qazmırıq... qazılı çıxır.
Bir şeirində də deyirsən:
Al-qana boyanıb dərəsi-düzü,
Anası, balası, nəvəsi,
özü,
Yoxdu bu torpağın görəsi
gözü,
Nə bu sən kişini, nə
mən kişini.
Haqqı tapdalanıb, vicdan – haqq gəzir,
Onu məhv etməyə düşmən
vaxt gəzir,
Ay Barat, bu saat bu torpaq gəzir,
“Torpağam! Torpağam!”
- deyən kişini!
Barat, sən başdan ayağa
torpaqsan, sən Qazaxsan, sən yurdsan, Vətənsən; səni
düşünəndə həmişə elim-obam:
Qarayazım, Ceyrançölüm, Dəli Kürüm, Avey
dağım, Göyəzənim gözümün
qabağına gəlir, onları düşünəndə sən
yadıma düşürsən. Çünki
«içindəki bir orduyla» onları qoruyan, sevə-sevə vəsf
edən həm də sənsən, sənin başına
yığdığın o şairlər ordusudu. Mən
ayağa qalxacam, yarama torpaq tökün! Ayə,
qardaş, bu nə deməkdi?! Bu nə
sözdü?! Mən də deyirəm, niyə
insan yaşa dolduqca, onu torpaq çəkir; sən demə,
bütün dərdlərin dərmanı doğma
torpağıymış, onun havası, suyuymuş. Canın üçün, adamlar tanıyıram ki,
ahıl, xəstə vaxtlarında şəhərdən, bu
asfaltın üstündən kəndə köçüblər,
torpağa üz tutublar, bütün ağrı-acıları
keçib gedib, cavanlaşıb, gümrahlaşıblar,
sağalmaz xəstəliklərini torpaq sağaldıb.
... Ay rəhmətliyin oğlu, elə
papaq deyib, papaq durursan. «Qaytar qoy başına
göy papağını» deyirsən. Papağı
kişilər qoyurdu, köhnə kişilər, papağın
mənası, məzmunu, hörməti olub: indi kimdi papaq qoyan,
onu istəyən, heç qışda da onu qoymurlar, ancaq kənddə-kəsəkdə
səni kimi bir-iki nəfər qala-qalmaya.
... Ay Barat, sevginlə başqa deyilsən.
Demək var deyilsə,
heç də deyilsən.
Aşkar sevmirsənsə,
aşkar deyilsən.
Gizlicə sevdiyin yoxsa da, yoxsan
Doğrudur, sevgisiz yaşamaq
yaşamaq deyil. Amma, qardaş, sən sevginlə də başqa
oğulsan, bir od parçasısan. Gör
necə sevəsən ki, deyəsən:
Şimşək çaxsın,
qarğış etsin göy mənə,
Ta yalvarma, ömrün boyu söy mənə,
Haram olsun, ölüm olsun qoy mənə,
Səndən ötrü cin atına
minməsəm,
Bir də sənə
qayıtmasam, dönməsəm.
«Aramızı kəsən
gözəl»də gözəldi, «Məhəbbət
nağılı»n da, «Ayrılıq»ın da...
hamısında özünəməxsus bir Vurğunluq var.
Barat, Firuzə anamızla
birgə şəklinə baxıram, anam yadıma
düşür, gözlərim dolur. Allah rəhmət eləsin hər
ikisinə! Ay qağa, adın haqqı, indi belə analar yoxdu,
ağzı dualı, dili bayatılı, laylalı,
nağıllı analar, nənələr. Ona görə də
bir özündən deyəndə, beş
də onlardan de. Səni O, şair doğmayıbmı? Bə Azaflı Mikayıl nə deyir?
Hər gözəldə ağıl
olmaz,
Hər söz şirin nağıl
olmaz,
Hər doğulan oğul olmaz,
Doğan ana, ana gərək!
Çox sağol, sən də
yaxşı deyirsən:
Odlu harayımı bir sirdaş kimi,
Nə pərvanə duyar, nə
şam eşidər,
Ürəyimdə ana desəm, səsimi,
Bir ürək eşitməz,
anam eşidər.
Barat, Allah atana, baban Seyid oğlu Rəhimə
də rəhmət eləsin: Ayə, mən də çoban
oğlu olmuşam! Atamın yanında qoyun
otarmışam. «Mehman dayıya məktub»u
oxuduqdca Kiçik Qafqaz dağlarının ətəyində
yerləşən Ceyrançölü, orada qatarlaşan
qoyun yataqları yadıma düşür. Amma sən
gördüyün dağları, bulaqları mən görməmişəm,
onların sən sadaladığın adlarını −
«Əlyetməz», «Naltökən», «Çayqovuşan»,
«Ağbuğa çayı», «Turşbulaq», «Daşbulaq»,
«Sarıyal», «Qızılqaya» və s. anamın dilindən
eşitmişəm. Nə yaxşı, sən
indi onları yadımıza salırsan. Babanın
qoçla şəkli mənə elə doğmadır, elə
tanışdır ki! «Quzuçu və quzu», «Kökə» və
digər uşaq şeirlərin çox şirindi və orta məktəbin
ibtidai sinif dərsliklərinə düşməlidi...
Qardaş, yazırsan:
Yağanda – sözümdən od-atəş
yağsın,
Doğanda – köksündən qoy
Günəş doğsun,
Düşünmə, doğulmaq beldən
gəlməkdi,
Ən çətin doğuluş –
eldən gəlməkdi,
Başının üstündə
neçə sənətkar,
Varmı? - deməsinlər.
Görsünlər ki, var!
Yaratmaq lazımdır, elə yaratmaq,
Görəndə desinlər: şair
budu bax!
Qağa, Vallah, elə şair sənsən;
eldən doğulub, eldə yaşayan, hər kəlməsindən
el ətri, torpaq ətri, Vətən ətri gələn,
ağayana duruşundan, yerişindən köhnə kişiləri
xatırladan əsil kişi sənsən:
... Kişilər az
olur, az, a kişilər,
Gərək Barat deyə, yaza
kişilər,
Ömrünüz mübarək, təzə
kişilər,
Mən köhnə kişitək
yaşadım ömrü!
Var ol, köhnə kişi!
Sən şeirlərində elə o köhnə kişilərin
sözlərini də yaşadırsan: varıb getmək;
dabanı üstdə fırlanmaq; vurğun vurmuş; a
gözünü yeyim; anrı dur; goru nurla dolsun; mən
baxtı qara; iş işdən keçib; kor-kor,
gör-gör; kərənin qırılan yeri; evin
yıxılmasın; şeşələnmək; gənimək;
a zalım oğlu; üzüm ayağının altına;
aman günüdür və sairə ifadələr bizim nənə-babalarımızın
sözləridir. Bu şəhərdə
yaşayan təzə kişilərin, mübarək
yazarların yazılarında bu sözləri
görmürük. Dilimiz batıb gedir.
Ağrın alem dedim, təkcə biz tərəfdə, Qazax ləhcəsində
işlənən doğma sözlərin də yadıma
düşdü: ev yerinə öy, deyil
yerinə döy, bəs yerinə bə, gətir yerinə gəti,
əcəl yerinə ajal kimi sözləri yerində işlətmisən!
Biz bu sözləri türk dilinin ahəng
qanununa daha uyğun olaraq işlədirik.
...Barat, «Bir hərfin davası»nda Aman
günüdür, hərfləri qoruyun deyirsən, bə niyə
dilimizin çox böyük məna daşıyan və
itmiş n, (sağır nun) hərfindən
danışmırsan? Biz qazaxlılar və ona
yaxın olanlar şifahi nitqimizdə onu işlədirik, amma yazıda
işlədə bilmirik və tez-tez çətinlik çəkirik.
Elə bayaq Sənin babanın qoçla şəkli
ifadəsində sənin sözünü işlətmədim.
Sən biləcəksən söhbət kimdən
gedir, amma başqaları deyəcək, yəqin hansısa qoca
bir kişinin qoçla şəklidir. Ancaq
o biz işlətdiyimiz n, səsini, hərfini hamı bilsəydi,
o saat başa düşərdilər. Nə isə...
Yazırsan «Qazaxda yaşadım mən öz
ömrümü»:
Bu yerlərin tozu mənə
tutyadı,
Güldü sazım, sözüm,
şeirim Qazaxda!
Vidaditək necə ölmək
olurmuş,
Heç ölməyib dedim,
gözüm, Qazaxda!
Barat, yurdda mən bir ömür
yaşadım,
Oldu mənim torpaq – adım, daş
–adım!
Mən Qazaxda elə ömür
yaşadım,
Öləndə də
ömür sürüm Qazaxda.
Sənə
paxıllığım tutur, kaş mən də elə
ömrümü orda keçirib, orda öləydim. Şəhər bizi
üzdü, yazı da birdi, qışı da bir, gecəsi də
birdi, gündüzü də bir: burda gecələr ulduzlar
sayrışmır, səhər dan qaranlığından
xoruzlar banlamır, quzular mələşmir, sərçələr
civildəşmir, yolları «probka», adamları saxta −
başdan ayağa əsəb gərginliyi.
... Ay Barat, doğrudan, bu könül
dediyin dünya nə şirin dünyaymış. Adam ora qədəm qoyanda bütün dərdini-sərini
unudur, ağrı-acısı yox olur, bu dünyanın
cılız işlərindən uzaq olur, ürəyindən
yüksək amallar, arzular keçir. Bax elə
indiki kimi. Könülsüz insan
yazıqdı, vallah. Sən də yaxşı deyirsən:
Bu dünyaya nahaq baxdıq,
Öyümüzü nahaq
yıxdıq.
Könlümüzdən nahaq
çıxdıq,
Gəl qayıdaq
könlümüzə.
Bu ərənlər dünyası,
Yolun ilki, sonrası,
Ömrün-günün mənası,
Könül deməkdir ancaq.
Könüldə nə var? Allah!
Kəndə gedən Osman Sarıvəlli
də oğlu Babəkə üz tutub bunu deyir:
Bircə könül gətir mənə
gələndə,
O böyük qəlbinlə fəxr
edim mən də.
Qardaş, sənə də
könülü, eşqi qurban olduğum o kənd, o Qazax verməyibmi? Elə ona
görə aşıb-daşmırsanmı?
Coşsam sanma Kür deyiləm,
Əmrə müntəzir deyiləm,
Birəm, amma bir deyiləm,
Nə bilim neçə adamam!
Mənim sözüm
sünbül-sünbül,
Mənim sözüm bir yox, min bir,
Mən sözü hamıdan
hündür,
Özü balaca adamam!
Eşq olsun, «balaca adam»!
Təki mən də sənin kimi «balaca»
olaydım. Barat, Allah torpağı sanı sənə
ömür versin, İsmayıl Şıxlını nə
gözəl çağırırsan!
Gəlib səsimizə səs verə
idi,
Bir də hamımıza dərs
verə idi?
Adamlıq nə şeydi... göstərə
idi,
Qalib gələsiydi dərya
kamalım,
İsmayıl
Şıxlını mən hardan alım?!
Asta tərpənişi, usta
yerişi?
Düşmənə nifrəti, dosta
gülüşü,
Başında özü tək
bir-iki kişi,
Görsəniz, siz Allah, bir «Cəngi»
çalın,
İsmayıl
Şıxlını mən hardan alım?!
Nə qorxu, nə də ki qanun yeridi,
Barat məni çəkən
qanın yeridi,
Nə indi deyirəm onun yeridi,
Amalı, əməli düz
ağsaqqalım,
İsmayıl
Şıxlını mən hardan alım?!
Ziya Bünyadovu, Heydər
Hüseynovu, Asif Atanı, Xəlil Rzanı xatırladırsan.
Görən bir də olajaxmı o kişilərdən?!
Mənim də qaynardı qanım
söyüdə,
Mənim də qurbandı canım
söyüdə,
Kişilər dönürsə
xanım söyüdə,
Sən gərək
palıdmı əkəsən, şair?
Azarın yoxdumu çəkəsən,
şair?
Ağrın alem, qağa, Bakıdan gəlib
kənddə Səməd Vurğunu tənqid eləyən
«şairlərinin» bir Qazaxlı çobanın dili ilə nə
analarını ağlatmısan! Ayə, vallah, sənə
tribuna lazımdı, auditoriya lazımdı. Sən özün bu şeirləri xalq
qarşısında, gənc nəsil qarşısında
oxumalısan. Barat, çalışıram şeirlərini
sənin özün kimi oxuyum, hündürdən, onda onlar
daha gözəl çıxır, çünki sənin
şeirlərinin öz dəsti-xətti, öz səsi, öz
intonasiyası var, öz temperamenti var. Mən səni elə
Vladimir Mayakovskiyə və Xəlil Rzaya bənzədirəm. Onların da poeziyası belə enerjili,
temperamentlidir. Ona görə sizin şeirləri
hündürdən və düzgün oxumaq lazımdır, elə
özün kimi.
... Türkün
adını, atını, papağını haralara yüksəldirsən?
Sən özün bunları bu gün
düşmənlə üz-üzə dayanan əsgərlərimiz
qarşısında oxumalısan. Deməlisən:
Haralardan gəlməmisən,
Haraları görməmisən,
Qara-qorxu bilməmisən,
İçimədəki Türk ruhu,
coş!
Yer üzünün tək ruhu,
coş!
Mete Xaqan, Atillasan,
Gültekinsən, atındasan,
Zatımdasan, adımdasan,
İçimdəki Türk ruhu,
coş!
Yer üzünün tək ruhu
coş!
Səndə yaşar ruhlar, səndə
Ruh verdikcə ruhlan sən də.
Ruh
içində ruh var səndə,
İçimdəki Türk ruhu,
coş!
Yer üzünün tək ruhu,
coş!
Niyə deyirəm
özün oxumalısan? Çünki sənin şairliyindən başqa həm
də böyük aktyorluğun var. Mən də bir az şeir deməyi bacarıram, amma sənin
ifanda bu şeirlər daha güclü, daha təsirli olur. Nə
ola, torpaqlarımızı düşmənlərdən azad
etməyə başlayaq; səni qoyalar ordumuzun bir hissəsinin
qabağına, onlara bircə
saat şeir oxuyasan, onların o «ruhları içindəki
ruhu» qaldırasan; vicdan haqqı, baxmazlar qabaqlarındakı
kimdi, nədi: hamısını qırıb batırarlar,
düşmənə ərəsət divanı tutarlar.
... Qardaş, sən
alimsən, sən filosofsan. Sənin hər
bir şeirində çox dərin fəlsəfə var. Mən
çox istərdim ki, sən Qazax müəllimlər
institutunda dərs deyəsən. Mən
bunu həmin institutun bu yaxınlarda təyin olunmuş rektoru,
yerlimiz, çox hörmətli professor Vüsət Əfəndiyevdən
xahiş edirəm. Qardaş, sən
yaxşı tarixçisən, tarix müəllimisən, ona
görə də türkün tarixini sən şeirlərində
obrazlı şəkildə çox gözəl tərənnüm
edirsən, sanki bir bədii tarix dərsi keçirsən.
Bu dərs məktəbdəki tarix dərslərindən
daha düzgün, daha təsirli, daha güclüdür. Çünki sənin dərsliklərin ancaq
ağılla yox, həm də ruhla, ürəklə yazılmışdır.
Elə ancaq tarixi şəxsiyyətlərdən gətirdiyin
sitatlar nə qədər əhəmiyyətlidir, tərbiyəvidir!
... Könlümü könül edəsən,
Ömrümə zülüm edəsən,
Gərək az
ömür edəsən,
Uzun ömür sürmək
üçün!
Arif olmayanlar sanır,
Yol öz-özünə uzanır,
Yolu yol gedən qazanır,
Pul deyil beh vermək
üçün...
Nə deyirsən, indi öləkmi? Sənin nə vecinə, sən
o qədər işlər görmüsən ki, bəlkə də
öləndən sonra səni daha çox xatırlayacaqlar,
«az ömür edib, uzun ömür sürənlər» kimi,
Mikayıl Müşfiq, Əli Kərim, Xəlil Rza, Nüsrət
Kəsəmənli, Ağamalı Sadiq, Eldar Nəsibli, Akif Səməd,
Lermontov, Yesenin və başqaları kimi. Bə
biz nağayrax?
Söylədiklərinlə
tamamilə razıyam, qardaş, amma sən hələ yaşa
və yaşat adını çəkdiyin o kişiləri, hələ
nə yatmısan nə yuxu görəsən. Özüm demirsənmi ki,
«Dini kitablarda 72 il Allah dərgahında bir günə bərabərdir?». Hələ bir 72 il (1
gün) yaşa, sonrasına baxarıq. Sən hələ
bizə, bu xalqa, doğma Qazağa çox lazımsan. Onsuz da indi səni kimilər çox azalıb.
Sən get hələ «eşqə bağlı» yolunu. Ölmə!
Ömrün bircə mənası
var: ölməmək,
Ölməyənə bu mənada,
şükürlər!
Bildim, bircə bilmək
varmış: bilməmək,
Haqdan gələn bu sənədə
şükürlər!
...Ay ürəklər ümmanı,
nə böyük ürəyin var! Bilirsən,
dünya batıb gedir, insanlar cırlaşıb,
quduzlaşıb, robotlaşıb, ona görə hamı
bir-birinin ətini yeyir, qanını içir.
Yox olan gəmini xilas edəcəm,
Nuh olan gəmini xilas edəcəm,
Etsəm mən hamını xilas edəcəm,
Mən ruh gəmisiyəm, minin, di gedək!
– deyirsən.
Gec deyilmi?
Barat, esselərini, poemalarını adam oxuduqca oxumaq, yaddaşına təpmək
istəyir, nə qədər dəyərli fikirlər, nə
böyük pedaqoji mesajlar var onlarda. Üzlə
bağlı kəlamlarınla tam razıyam. Allah haqqı düz deyirsən, ruh üzdə olur,
ruh sanki üzün çırağıdır, ruh olmayanda
üz solur, sönür, bədən ağır bir daş
olur. Əzizim, bunu mən özüm keçirmişəm,
4 il ruhsuz yaşamışam, depressiyada
olmuşam, zülüm çəkmişəm, heç bir
yerim ağrımayıb, amma özümə dəfələrlə
qəsd eləmək istəmişəm. Allah
canını sağ, ömrünü də uzun eləsin Təbrizli
həkim-rəvanşünas Nüsrətullah Purəfqarinin.
Mənim ruhumu o qaytardı mənə 21 günə.
Həmin gün heç vaxt yadımdan
çıxmaz, elə bil üzümdə-gözümdə
işıq yandı, bədənim yüngülləşdi, əhvalım
duruldu. Nə isə, getsin o günlər gəlməsin.
Qardaş, ruh başqa şeydi, qoy o, bizdə
yüksək olmasa da, bircə olsun, yaşasın, ölməsin.
Onun ölməsi elə insanın ölməsi
deməkdir.
... Yerlimiz rəhmətlik Alazan Baycan
haqqındakı essen ürəyimə
dağ çəkdi. Asif Atanın «Napoleonluğu», Xəlil
Rzanın «Od, ildırım ömrü» – hamısı möhtəşəmdi,
gözəldi. Bu esselərin yazı üslubu da
çox canlıdır, səmimidir. Sən oxucunu,
yorulmağa, yatmağa qoymursan: adi bir sözlə onda maraq
oyadırsan. Məsələn, deyirsən: Söhbətimizin
şirin yerində birdən kim gəlsə
yaxşıdır: Mikayıl Mirzə! və
yaxud: Bir şeir de, ölməyəcəm; A bala, yeri bir Kərəmi
çağır!; Getmə, - dedi - sən gedib
nağayrajaxsan?» Ay qağa, bilmirəm bu doğma kəlmələr
mənəmi belə şirin gəlir, yoxsa hamıyamı? Yəqin ki, əsil azərbaycanlı olan hər kəsə,
çünki bu dil əsil xalq dilidi, onun ruhunun dilidi.
... Barat, mənə elə
gəlir ki, hələ səni söz ustaları axıra qədər
dərk etməyiblər, əsil qiymətini verməyiblər,
necə ki İsa Hüseynovu tam başa düşməyiblər.
Elə bilirəm sən istədiyin vaxt şeir yazmırsan,
ilahi sirr, ilahi sehr qanadlanıb üstünə gələndə
yazırsan, ona görə də sənin elə şeirlərində
bir ilahi sehr var:
Mənasız şairlik çoxuna əyan,
Nə var ki, üst-üstdən
şeir yazmağa.
Ayə, Vallah, ona qalsa mən də
yazaram...
İmzayam... imzayam... bir bax, imzayam,
İnsan kəlməsinin altdakı
imza!
Bəli, qardaş, sən həm
şairliyin, həm də və xüsusilə insanlığınla «Barat Vüsal» imzasını
çəkib möhürünü də vurdun. İndi qalır bizim səni qorumağımız, əzizləməyimiz.
Çünki, bəli, «Şair vətənini
qoruduğutək, Vətən də şairi
qorumalıdır». Amma arxayın ol, biz qoruduq,
qorumadıq, səni Allah qoruyacaq, bu dünyada da, o dünyada
da. Çünki Allah kəlməsi həmişə
dilində, Allah eşqi qəlbindədir. Allah da sənə
yar olsun!
Barat, yoldu öldüyün,
Tapıb haqqa yol, öyün,
Yol deyil bu gördüyün,
Yola nə qədər yol
var.
Bəli, sənin Yoluna hələ
çox var!
Səni çox sevən eloğlun, qardaşın
Valeh NƏSİBLİ
525-ci qəzet.
- 2017.- 10 fevral.- S.7.