Britaniya muzeylərindəki
türk və müsəlman əsərləri
Bilmədiklərimiz və
öyrənməli olduqlarımız haqqında qeydlər
Böyük Britaniya muzeylərində
türk və islam əsərlərinin
araşdırılması, öyrənilməsi, bir çox
maraqlı və əhəmiyyətli məsələlərin
ortaya çıxarılmasında Türkiyədən
tanınmış yazar, tədqiqatçı alim və
türkçü ideoloq Muhsin Kadıoğlunun böyük
rolu vardır.
Dünya muzeylərində sərgilənən
əsərlərimizi sadəcə yalnız milli mədəniyyətin
Qərbə inteqrasiyasında bir vasitə kimi qiymətləndirmək
doğru olmaz.
Bu əsərlər həm də öz milli-mənəvi
dəyərlərimizi öyrənmək, təmsil
olunduğumuz sənət nümunələrinin dünya
tarixindəki yerini anlayaraq qiymətləndirmək yoludur.
Muhsin Kadıoğlu təkcə
Böyük Britaniyada deyil, dünyanın bir çox ölkələrinin
məşhur muzeylərində qorunub saxlanılan türk və
islam əsərlərinin tədqiqi sahəsində
mühüm işlər görmüş və görməkdə
davam edir.
Məlum olduğu kimi, Qərbin zəngin
və möhtəşəm muzeylərindəki eksponatlar, eləcə
də Şərqə, xüsusilə də islam
Şərqinə aid nümunələr çox fərqli
yollarla aparılmışdır. Bunların
arasında qaçırılmış əsərlərə
də təsadüf etmək mümkündür.
Bütün bunları diqqətə alan Muhsin
Kadıoğlu Qərb muzeylərini və o cümlədən,
Böyük Britaniya sənət məbədlərini
araşdırarkən beş əsas məsələyə
diqqət yetirmişdir:
1. Türk və islam
əsərlərinin Qərb muzeylərinə hansı yollarla
aparılmasını araşdırmaq.
2. Türk və islam
əsərlərini araşdıraraq müəyyən bir tədqiqat
əsərində toplamaq və təqdim etmək.
3. Türk və islam
dünyasına məxsus əsərlərin muzeylərdə
hansı formada təqdim olunmasını, onlar haqqındakı
məlumat və izahatların həqiqətlərlə nə
dərəcədə səslənməsini müəyyən
etmək.
4. Qərb müəlliflərinin əsərlərində
türk və islam izlərini
araşdırıb ortaya çıxarmaq, həmin Şərq
motivlərinin gerçəklərə uyğun olması,
yaxud qərbçilik tendensiyasının hakim olmasını
nəzərə çatdırmaq.
5. Ayrılıda türk əsərlərinin
öyrənmək, bəzən yalnış olaraq türk əsərlərinin
digər ölkə və millətlərin eksponatları kimi
təqdim olunmasına münasibət göstərmək.
6. İslam ölkələri əsərlərinin
siyahısını tərtib etmək.
Sözügedən əhəmiyyətli
məsələlər Muhsin Kadıoğlunun türk və
islam tarixinə, mədəniyyətinə yaxından bələd
olması, rəssamlıq, memarlıq, dənizçilik,
duluzçuluk, metal işləmə, keramika,
xalçaçılıq, silah və döyüş
sursatları, medalçılıq, ədəbiyyat və digər
sahələri əhatə edən muzey nümunələrində
türk və islam izlərini müəyyən edə bilməsi
nəticəsində ərsəyə gəlmişdir. "Avrupa
Müzelerinde Türk, Islam Bilim Aygitlari" adlı e-pub
kitabı Muhsin Kadıoğlunun gəzdiyi 17 Avropa ölkəsindəki
muzeylərdə
çəkdiyi rəsmləri və onlar
haqqındakı şərhləri əhatə edən əhəmiyyətli
əsərdir. Dünyanın 152 ölkəsində
satılacaq həmin kitabın mədəniyyətimizn təbliği
və dünyaya çatdırılmasındakı rolu əvəzsiz
olacaqdır. Oxucular çox yaxın zamanda bu əsərlə
tanış olmaq imkanı əldə edəcəklər.
Muhsin Kadıoğlu'nun
"İskoçya'da Türk İslam Eserleri" (2015),
"Edinburgh Gezi Rehberi" (2015), "Glasgow Gezi rehberi"
(2015), "Stirling Gezi Rehberi" (2015) "Aberdeen Gezi
Rehberi" (2015) kimi kitablarında da Böyük
Britaniyanın muzey və tarixi məkənlarındakı
türk və islam əsərləri geniş şəkildə
təqdim olunmuş, onlar haqqında ətraflı məlumatlar
verilmiş və yazarın fikirləri öz əksini
tapmışdır. Bu kitablarda toplanılmış şəkillər,
heç bir ayrı-seçkilik etmədən bütün
türk mədəniyyəti və islam
Şərqini əhatə edir.
Bildiyimiz kimi, islam
Şərqi daim müxtəlif sülalərinin hakimiyyətə
gəlməsi, mədəniyyətdə türk, fars və ərəb
elementlərinin ön plana keçməsi ilə zəngin və
keşməkeşli tarix yaşamışdır. Dünya tarixi və mədəniyyətinin ən qədim
nümunələrindən biri kimi türk mədəniyyəti
bütün mərhələlərdə misilsiz sənət əsərləri
ilə seçilmişdir. Təbii ki, müasir Şərq
ölkələrinin coğrafi ərazisi XX əsrə qədərki
tarixi ərazi və dövlət coğrafiyası ilə hər
zaman üst-üstə düşmür. Bu cəhət
də muzeylərdəki türk eksponatlarının sərgilənməsində
hansı ölkəyə mənsubiyyət məsələsində
müəyyən problemlər doğurmuşdur.
Muhsin Kadıoğlunun
kitablarının da ən mühüm əhəmiyyəti həmin
kontekstdə meydana çıxır. Belə ki, müəllif muzey
nümunələrini araşdırarkən onların
yaradıldığı dövrün tarixi ərazisi və
şərtlərinə diqqət yetirir, həmin tarixi mərhələdə
hansı dövlətin həmin coğrafi məkanda mövcud
olmasını, hansı mədəniyyətin
üstünlük təşkil etdiyini, həmin əsərləri
yetişdirən insanların milli mənşəyinin, ənənələrinin
əsərlərdə necə təzahür olunduğunu
mifoloji və kültürəl ünsürləri
araşdırmaq yolu ilə oxuculara çatdırır. Bu barədə yazarla söhbətimizdə çox
maraqlı şəkildə muzey gəzmək mədəniyyətini,
oradakı türk əsərlərinin
aşkarlanmasının yollarını açıqladı.
İstər İspaniyada islam izlərinin
meydana çıxarılması, istər Avropada Osmanlı
dövləti mədəniyyətinin nümunələri
olaraq türk motivlərinin aşkarlanması, istərsə də
İran adı ilə təqdim olunmuş incəsənət əsərlərinin
türk mənsubiyyətinin müəyyənləşdirilməsi
Muhsin Kadıoğlunun Böyük Britaniya muzeyləri ilə
bağlı yazdığı kitabların ana xəttidir.
Muzeylər, məlum
olduğu kimi, dünya mədəniyyətinin çox müxtəlif
dövrlərə və xalqlara aid çeşidli sənət
nümunələrini təqdim edir. Bu baxımdan da həmin önəmli
məkanlardakı türk və islam əsərlərinin
öyrənilməsi eksponatlarımıza dünya mədəniyyəti
kontekstində baxmağa, onların yerini daha qlobal anlamda dəyərləndirməyə
imkan verir. Eyni zamanda, bu araşdırmalar bizə
Qərb dünyasına öz təsirini göstərən
milli və mənəvi mədəniyyət nümunələrimizin
varlığını təsdiq etməyə şərait
yaradır.
Bütün bu məsələlərə
xüsusi diqqət yetirən Muhsin Kadıoğluya görə,
Pikassonun "Kürsüdə oturan türk
qadını", Mosartın "Türk marşı"
(Rondo alla Turca), Bethovenin
"Türk marşı" (Marcia Alla Turca), Haydnın
"Hərbi simfoniyalar" ("Military Symphony"), macar bəstəkarı
Jenö Huszkanın üç pərdəlik "Gül
Baba" operası, Qlakın iki operasında türk musiqisindən
istifadə edilməsi, Coakkino Rossini, Franz Xaver Süssmayr,
Joseph Martin Kraus, Ferdinand Kauer ve Ferdinando Paer kimi məşhur
musiqiçilərin türk kültürünün təsiri
ilə yaratdığı əsərlər, Lullinin "Marche
pour la ceremonie des Turcs" adlı əsəri, John Philip Sousanın"Nobles
of the Mystic Shrine" adlı əsərində türk musiqi
alətlərindən istifadə olunması dünya mədəniyyətinə
türk musiqisinin, sənətinin təsirini göstərən
sadəcə bir qism örnəklərdir.
Həmin təsir yalnız
musiqi sahəsini əhatə etmir. Qərb muzeylərində
araşdırmalar aparan Muhsin Kadıoğlu rəssamlıq əsərlərində
də Qərb sənətkarlarının türk tarixi və
mədəniyyətinin möhtəşəm nümunələrinə
istinad etdiklərini, onları öz qəhrəmanlarına
çevirdiklərini qürur hissi ilə qeyd edir.
Muhsin Kadıoğlu tarixi qaynaqlardan gələn
fikirləri öz şəxsi təcrübəsində
rastlaşdığı nümunələr və tədqiqatları
nəticəsində bir daha təsdiq edərək o qənaətə
gəlir ki, Qərbi Avropada türk sənəti və mədəniyyəti,
xüsusilə, XVI əsrdən XVIII əsrə qədər
böyük təsir qüvvəsinə sahib olmuş, qərbli
qadın və kişilər türk məhsullarına, incəsənətinə,
musiqisinə, memarlığına heyranlıqla
yanaşmışlar. Bu xalqlar içərisində
Muhsin Kadıoğlu fransızların xüsusi seçildiyini
də diqqətə çatdırır.
Muhsin Kadıoğlunun
2016-cı ildə e-pub olaraq yayınladığı
"Türk Modasıyla Giyinen Batılı Meşhur
Kadınlar" kitabı türk qadınlarının
qürurla oxuyacaqları və Qərb dünyasındakı
insanlara tövsiyə edə biləcəkləri möhtəşəm
bir kitabdır.
Araşdırmaçı yazar başda Böyük
Biritaniya olmaqla, gəzdiyi bütün dünya ölkələri
muzeylərində türk modası ilə geyinən Qərb
qadınlarının portretlərinin şəklini çəkərək
bir yerə toplamışdır. Bu rəsmlər
geyim incəsənəti baxımından da çox əhəmiyyəlidir.
Çünki burada çox qədim dövrlərə
aid türk qiyafətlərini detallarına qədər
araşdırmaq, onlardakı sənət incəliklərini
izləmək mümkündür. Muhsin Kadıoğlu,
haqlı olaraq düşünür ki, həmin nümunə və
onlar haqqında yazılan məlumatlar türk kültür və
mədəniyyətinə aid bir çox izləri gələcəyə
ötürəcəkdir. Elə yazarın
kitabının milli tariximizdə rolu da onun gələcək
nəsillərə qiymətli bir kolleksiya təqdim etməsidir.
Kitabın oxunması ilə
bağlı bizim üçün təəssüf doğuran
məqam odur ki, əsər e-pub olaraq çap olunmuşdur və
dünyada "google play books" üzərindən
satılmaqdadır.
Təbii ki, bu kitab oxuculara bir tərəfdən
türk kültürü və Qərb mədəniyyəti
haqqında məlumat verir, Şərq və Qərb
dünyasının qarşılıqlı mədəni əlaqələrinin
nümunələrini təqdim edir, türk insanının
öz keçmişi ilə qürur duymasını göstərir,
digər tərəfdən isə Qərb muzeylərində
türk izlərini toplu olaraq göstərməklə
oxucuları istiqamətləndirir, onlara bələdçilik
edir. Şotlandiyanın Qlazqo şəhərində olarkən
bu bələdçiliyi biz də yaxından hiss etdik, Muhsin Kadıoğlunun Qlazqo şəhərində
yerləşən Hunterian muzeyindən çəkdiyi və
kitabına daxil etdiyi rəsmi - qərbli qadının
1759-60-cı illərdə İslambolda olarkən türk qiyafətləri
geyinərək çəkdirdiyi rəsmi maraqla seyr etdik. Bu və bu kimi nümunələrdə türk geyim
mədəniyyəti və qadın zövqləri ilə bağlı
doğru təəssürat yaradıldığını və
Muhsin Kadıoğlunun belə əsərləri toplamaqla vacib
və gələcək nəsillər üçün də
əhəmiyyətli işlər gördüyünü bir
daha təsdiq etdik.
Muhsin Kadıoğlunun muzeylə
bağlı kitablarından tarixi faktlar və onlara Qərb
dünyasının münasibətinin öyrənilməsi ilə
də bağlı maraqlı məlumatlar almaq
mümkündür. Bəzən hətta tarixi mənbələrdə
geniş şəkildə yer almayan hadisələri əks
etdirən əsərlərə daha çox diqqət yetirən
yazar tarixçilərin də vəzifələrini onlara
xatırlatmış olur. Şotlandiya
muzeyləri haqqındakı kitablarda da bu cəhətləri
müşahidə edirik.
Şotlandiyanın Qlazqo şəhərində
yerləşən muzeylər türk və islam
əsərlərinin zənginliyi ilə seçilir. Bu tarix və mədəniyyət əhəmiyyətli
məkanları geniş şəkildə araşdıran və
"Glasgow Gezi Rehberi" adlı e-pub kitabında dəyərləndirən
Muhsin Kadıoğlu bu türk əsərləri haqqında məlumat
verərək muzeylərdə çəkdiyi şəkilləri
də kitabında təqdim edir.
Qlazqo şəhərindəki
Kelvinqrov muzeyində araşdırmalar aparan Muhsin
Kadıoğlu Krım savaşı ilə əlaqədar burada
da bir yağlı boya əsərinin olması haqqında bilgi
verir, eyni zamanda, orada sadəcə ingilis əsgərlərinin
rəsmlərinin verildiyini də diqqətdən
qaçırmır.
Muhsin Kadıoğlu, qeyd edildiyi kimi,
Qərb, eləcə də Qlazqo muzeylərində türk əsərləri
ilə yanaşı, islam Şərqinə
məxsus sənət nümunələrini də tədqiq
edib.
(Ardı var)
Bəsirə
ƏZİZƏLİYEVA
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2017.- 10 fevral.- S.6.