"Belə məğrur
dayanmaqda haqlıyam..."
Xalq
şairi Rəsul Rzanın ev-muzeyindən reportaj
Mən Göyçaya çatanda
gündüz saat 1 tamam idi. Sürücüdən Xalq şairi,
unudulmaz Rəsul Rzanın ev-muzeyinin qarşısına
sürməyi xahiş etdim.
Ev-muzeyin
qarşısında, tam dəqiq desəm, yolda bir neçə
qadının söhbət elədiyini gördüm. Bakıdan gəldiyimi
biləndə, dedilər ki, muzey işçiləri nahar fasiləsindədirlər.
"Eybi yox, gözləyərəm,"-dedim.
Şairin küçədə,
divarın düz yanında bürüncdən
tökülmüş heykəlinin qarşısında
dayandım. Məğrur baxışlarla baxan gözləri
uzaqlara zillənmişdi. Dalğavari
saçları, enli çiyni onu daha da əzəmətli
göstərirdi. Hər zaman
yaradıcılığına, şəxsiyyətinə
böyük hörmətlə yanaşdığım sevimli
şairimizlə salamlaşmağı özümə borc
bildim.
Bu gün sənin evinə,
Hüzuruna gəlmişəm.
Ruhun səssiz dolaşır,
Buranın hər
daşında.
Mənsə məsum, bəxtiyar,
Dayanmışam
qarşında.
Bir sükutdu, bir də sən.
Salam ustad. Necəsən?
Böyük şair bir vaxtlar
yazdığı və indi bütün
göyçaylıların dillər əzbəri olan bu
misralarla cavab verdi sanki:
Belə məğrur dayanmaqda
haqlıyam,
Mən kökümlə bu torpağa
bağlıyam!..
- Bağışlayın, xanım,
bir dəqiqə...
Səsə çevrildim. Gənc bir
xanım idi.
- Evimiz burda, yaxındadır. İşçilər gələnəcən gedəyin
bizə.
O qədər saf və məsum
baxışları vardı ki, sözünü çevirə
bilmədim. Gəzə-gəzə onlara getdik.
Qış olmasına
baxmayaraq, bəxtimdən gözəl, günəşli bir
gün idi. Sanki böyük şairimizin doğum və
ölüm tarixini əks etdirən bir yaz havası vardı
Göyçayda. Gənc xanımla tanış
olduq. Səkinə Xəlilova Göyçay
şəhər 4 saylı tam orta məktəbdə müəllimə
işləyir. Eyni zamanda Uşaq Birliyi Təşkilatının
rəhbəridir.
Rəsul Rza kimi nəhəng
şairlə qonşu olmaq xoşbəxtlikdir. Eləmi, Səkinə
müəllimə?
- Əlbəttə.
Şübhəsiz. Mən fəxr edirəm ki, evimiz Rəsul Rzanın ev muzeyinə yaxındır. Ona
görə də burda keçirilən tədbirlərin
şahidi oluruq. Mən özüm dəfələrlə
burda tədbirlər keçirmişəm. Uşaqlar bir daha öz şairlərini, həmyerlilərini
tanıyırlar. Ayda ən azı iki dəfə
uşaqları muzeyə gətiririk. Burda
şairin şeirlərini söyləyirlər.
Müşahidə eləmişəm muzeyə çox adam gəlir. Adi vətəndaşdan
tutmuş, dövlət işçilərinə qədər.
Yəni maraq böyükdür.
Uşaqlar buraya gələndə
çox sevinirlər. Hətta çox vaxt özləri təşəbbüs
göstərirlər ki, müəllimə, bizi Muzeyə
aparın. Rəsul Rza bizim fəxrimizdir.
Bir həmyerli kimi onunla qürur duyuruq. Mən Rəsul Rzanın demək olar ki, bütün
şeirlərini bilirəm və uşaqlara oxuyuram. Bunu özümə borc bilirəm. Rayonda mənim kimi gənclər çoxdur. Rəsul Rzanın yaradıcılığına
böyük maraq göstərirlər.
"Bunu özümə borc bilirəm". Səkinə müəllimənin bu kəlməsi
çox xoşuma gəldi. Düşündüm
ki, nə yaxşı, öz şairinə, ziyalısına dəyər
verməyi bacaran belə poeziyasevər gənclərimiz var. Həm
də indiki zamanda. Kaş ki, hamı bunu
özünə borc bilə.
Səkinə müəllimə
ilə sağollaşıb ayrıldıq. Muzeyə tərəf
gəldim.
Qapı açıq idi. Astaca həyətə
daxil oldum. Bura Rəsul Rzanın Ata yurdudur.
Qəribə hisslər məni
yenə ağuşuna aldı. Bir vaxtlar böyük
şairimiz bax, bu qapını açaraq həyətə
daxil olub, bəlkə də burada mənim kimi beləcə
dayanıb fikrə gedib. Şair bu evdə
yaşayıb-yaradıb. Kim bilir,
Bir səs deyir ucadan,
Rza, durma, Rza yaz,
Qarşı gündən
gülümsəyən
Yaraşıqlı yaza yaz,
- misralarını
da bəlkə bu evdə, bəlkə də o ağacın
altında yazıb.
Həyətdə bir qəriblik hiss
olunurdu. Qışın sərt sazağı
ağacları və gül kollarını tamamilə
soyundursa da, həyətdəki səliqə-sahman diqqətimi
çəkdi.
Çox sevdiyin bir şairin
dünyadan köçdükdən sonra
yaşadığı evi, həyəti ziyarət etmək təsirli
anlardandır.
Kiçik daş
cığırla evə sarı addımladım. Alçaq pillələrlə
eyvana qalxdım. Bu pillələrlə bir
vaxtlar sevimli şairimiz qalxıb.
Muzeyin işçiləri məni
çox səmimi qarşıladılar. Direktor Solmaz Həsənova
xəstə olduğu üçün işə
çıxa bilməmişdi. Düzünü
deyim ki, otaqlar çox soyuq idi. Bumbuz.
İşçilər balaca bir otaqda elektrik
qızdırıcısından istifadə edərək
oturmuşdular.
- Otaqlarda niyə qaz yanmır? Axı burda eyvanda kombi radiatorları var. Onlar niyə
çalışmır? - deyə
soruşdum. Cavab verdilər ki, bir neçə
ay qabaq buranı təmir edən şirkət işçiləri
xəbərimiz olmadan bayırdan qaz sayğacını
söküb aparıblar. Divarlardakı,
döşəmədəki nəmliyi görəndə,
düzünü deyim ki, çox pis oldum. Hətta
bir qədər tutuldum da. Axı Rəsul
Rza elə-belə, sıradan bir insan deyil. Bu xalqın
şair övladıdır! Poeziyamızda, ədəbiyyatımızda,
zamanında istedadlı gənclərin yetişməsində
xidmətləri böyük olub. Ömrü
boyu həqiqətin, düzlüyün ardınca gedib, xalqa sədaqətlə
xidmət edib.
R.Rzanın təkcə elə
60-cı illərdə - stalinizm qorxusunun hələ də
insanların canında qaldığı bir dövrdə qələmə
aldığı və unudulmaz şairimiz M.Müşfiqə
həsr etdiyi, bir zamanlar hətta çapına qadağa
qoyulan "Qızılgül olmayaydı" poemasını
yada salmaq kifayətdir ki, onun böyüklüyünün fərqində
ola bilək.
Kim sıraya düzülmədi,
Kim yarınmağın kirli dilini bilmədi,
Min bir bəla çəkdi
başı...
Bakıya qayıdanda da
yolboyu bu fikir məni rahat buraxmırdı. Məni gətirən
sürücü də tutulduğumu hiss edib, nə olduğunu
soruşdu. Məsələnin mahiyyətini ona anladanda bir əlini
dizinə çırpıb dedi:
- Vay-vay, heyif! Axı nəyə
görə elə bir şəxsiyyətin, böyük
şairin ev-muzeyinə qaz verilmir? Niyə
orda istilik olmasın?!
Haqlı sualdır. Doğrudan da,
Azərbaycan bu gözəl, bol nemətin sahibi ola-ola,
Göyçayda Xalq şairinin ev-muzeyi qazsızlıqdan əziyyət
çəkir. Acı da olsa, faktdır.
Zərbə isə ordakı qiymətli
inventarlara, avadanlıqlara, otaqlara dəyir. Bir jurnalist kimi bunları demək, qələmə
almaq isə mənim mənəvi borcumdur.
O muzey Göyçayda elə-belə,
birdən-birə yaranmayıb. Mənim
yadımdadır ki, Anar müəllim o vaxt ev-muzeyin
açılması üçün çox
çalışıb. 2005-ci ildə
açılışda biz də iştirak etmişdik. Əlbəttə, bu muzeyin təşkili
üçün çalışması bir oğulun ataya
olan məhəbbətindən əlavə,
Yazıçılar Birliyi sədrinin bir Xalq şairinə
göstərdiyi yüksək münasibətin göstəricisidir.
Düşünürəm
ki, bütün göyçaylılar - rəhbər şəxslərdən
tutmuş gənclərə qədər - Rəsul Rza
ocağına hər zaman qayğı ilə, hörmətlə
yanaşmalıdırlar, onu qorumalıdırlar. Yaşlılar
vaxtaşırı uşaqlarını, nəvələrini
oraya ziyarətə aparmalıdırlar. Çünki
Rəsul Rza təkcə Göyçayın, Şirvanın
deyil, bütün Azərbaycanın, türk
dünyasının şairidir.
Solmaz xanım evdə xəstə
olduğu üçün onunla telefonda
görüşdük. Bildirdi ki, özünüz də
şahidsiniz, qaz yanmır. Və qaz yoxdu
deyə, kombilər də işləmir. Bu
da avadanlıqlara pis təsir edir. İnventarlar,
şairimizin əşyaları xarab olmasın deyə,
çoxusunu gətirib evdə saxlayıram.
- Bu barədə cavabdeh qurumlara
müraciət etmisiniz?
- Bəli. Biz dəfələrlə
rəsmi şəkildə yuxarı instansiyalarda məsələ
qaldırmışıq. Deyiblər, həll
olunacaq, amma nəticə olmayıb. Anar
müəllim özü də bilir. O, özü də
məsələyə müdaxilə edib.
-Bəs siz Göyçay rayon
İcra Hakimiyyətini şəxsən məlumatlandırmısınız?
- Bir müddət əvvəl
Göyçayın icra başçısı təyin
olunmuş hörmətli Mehdi Səlimzadəyə,
düzü, şəxsən məlumat verməmişəm,
amma bu yaxında bununla bağlı müraciət edəcəyəm.
O, özü bir dəfə çıxışında dedi
ki, Göyçayda Poeziya evi yaratmaq lazımdır...
İnşallah! Biz də
ümid edirik. Ümid yaxşı
şeydir. Ən azından adamı
yaşamaga, yaratmaga sövq edir.
Muzey işçiləriylə
söhbətimiz çox səmimi alındı. Çünki
özləri də səmimi insanlardı. Bilmirəm,
nədəndir, hamısının üzündə bir nur
vardı. Bu nur Rəsul Rza
ocağının nuruydu. Və heç şübhəsiz
ki, şairin ruhu həmin anlarda bizimlə idi...
Əlisəftər Məmmədov
muzeydə kiçik elmi işçidir. Rəsul Rzaya
bənzərliyi var. Rejissor Ramiz Həsənoğlunun çəkdiyi
"Çinar ömrü" qısametrajlı filmində Rəsul
Rzanın cavanlığını canlandırıb. Rejissorun gözəl tapıntısıdır.
Rəsul Rzanın dolabda bir
çox şəxsi əşyaları ilə bərabər
tarı da diqqətimi çəkdi. Rəsul müəllimin həm də
gözəl tar çalmağı varmış. Əlisəftər müəllim tarı dolabdan
çıxarır.
"Bu tarın hardasa səksən
yaşı var. Bunu dəyərli yazıçımız Anar
müəllim gətirib. Vaxtilə Rəsul Rza ifa edib bu tarda.
Tar elə bir musiqi alətidir ki, buna mütləq bir əl dəyməlidir.
Yoxsa qurd düşər, çürüyər.
Gərək çalınsın. O tərəf
rütubət oldugu üçün tarı gətirib bu otaqda
saxlayırıq. Əslində qonaqlar gələndə tar o
biri otaqda olur. Digər bir otaqda Rəsul
Rzanın pianosu da var. Onu da hərdən dilləndiririk.
Burda Göyçay musiqi məktəbində Ülvi Vəzirov
var, müəllim işləyir, arada
çağırıram, pianinoya, tara əl
gəzdirir. Qonaqlarımız gələndə
və ya adi vaxtlarda bunu təşkil edirik. Mən özüm də tarda ifa edə bilirəm".
Əlisəftər müəllim
Rəsul Rzanın bir vaxtlar ifa etdiyi tarında gözəl
havalar çalır.
Gülnar Ağayeva isə deyir:
- Mən İncəsənət
Universitetini bitirmişəm. Burda nəzarətçiyəm.
Ən çox sərgilərdə eksponatlara,
invertarlara nəzarət eliyirəm. Onların
yerinin dəyişdirilməsinə, korlanmamasına diqqət
yetiririk. Baxın, burda Rəsul Rzanın
şəxsi əşyaları da var. Məsələn,
tüfəngi, tarı, suvenirləri, paltarı, qələmi
və sairə. Bunları qorumaq bizim
borcumuzdur. Burda işləmək mənimçün
böyük fəxrdir. Boş
vaxtlarımda Rəsul Rzanın əsərlərini oxuyuram.
Şairin "Vəfa" pyesi var, bu yaxında
onu təkrar oxudum. Çox gözəldir.
Əsər o qədər xoşuma gəldi ki,
onu səhnələşdirmişdik.
- Burda çox tədbirlər olur? -
Gülnar xanımdan soruşuram.
- Bəli. Çox tədbirlərimiz
olur. Bəzən heç gözləmədiyimiz
halda qonaqlar gəlir. Bakıda olan digər
muzeylərdən də gəlirlər. Maraqlanırlar.
Əsasən də Nar bayramlarında və digər
tədbirlərdə qonaqlarımız çox gəlir.
-Həyət-bacaya kim
baxır?
-Bağbanımız var.
Solmaz xanımın telefonda dediyi
sözlərini xatırladım: "Göyçay turist
zonası olmadığı üçün buraya, təəssüf
ki, turistlər az gəlir. Ancaq Nar
bayramlarında gəlirlər".
Çox keçmir ki, muzeyin
Baş Fond mühafizəçisi Həmid Hüseynov da
söhbətimizə qoşulur. Rəsul Rzanı
çox sevdiyini, onunla fəxr etdiyini deyir, şeirlərindən
söyləyir. Muzeyin internet saytının
olması da çox müsbət haldır. Dünyanın hər yerində yaşayan
soydaşlarımız və bütün Türk
dünyası sayta daxil olub ev-muzeydə keçirilən tədbirlər
barədə məlumat alırlar. Tədbirlərdən
çəkilmiş şəkillərlə tanış
olurlar.
İşçilərlə
birlikdə digər otaqları gəzirəm. Diqqətimi
otaqların birində rütubətdən nəm çəkmiş
döşəmə cəlb edir. Təəssüflənirəm.
Muzeydə Ənvər Məmmədxanlı,
Bəxtiyar Vahabzadə, Hüseyn Cavid, Əli Kərim və
digər görkəmli sənətkarlar haqqında ayrıca
guşələr var. Tədbirlərdən çəkilmiş
maraqlı şəkillər çox gözəldir. Divardan Rəsul Rzanın iri planda əllərini
çənəsinə dayayaraq yanakı baxan şəkli
asılıb. Bu şəkli çox sevirəm.
Bu da Rəsul Rzanın
pianosu. Pianonun arxa tərəfində Rəsul Rzanın
cavanlıq illərinin iki böyük portreti asılıb.
Möhtəşəm əsərlərdir.
Pianonun üzərində isə sevimli Nigar
xanımın şəkli var.
Muzey işçiləri ilə
sağollaşıb ayrılıram. Vaxt tapıb Rəsul Rzanın qohumu,
37 il Azərbaycan Dövlət Teleradiosunda
çalışmış Almaz Cəfərova ilə də
görüşdüm. Almaz xanım çox
maraqlı danışdı. Onun dediklərindən
kiçik bir parçanı oxuculara çatdırıram:
"Rəsul Rza Göyçaya çox bağlı idi. Ən çox yaz aylarında mayda, iyunda şair dostlarıyla gəlirdi Göyçaya. Bizə də gəlirdilər. Mən uşaq idim. Yadımdadır ki, Sabit Rəhman, Məmməd Rahim, İsmayıl Əfəndiyev vardı, məşhur aktyor, həm də Rəsul Rzanın bacısının əri idi, onlar da gəlirdilər. Onda hamı yığışırdı ətrafına. Səs yayılırdı ki, Rəsul Rza gəlib. Camaat Rəsul Rzanı çox sevirdi, ona hədsiz hörmətlə yanaşırdılar".
Həyatda hər şey nisbidir, keçicidir. Qalan isə xeyirxah əməllərdir. Yazılan əsərlərdir. Və bir də özündən sonra həyat yollarında qoyduğun izlərdir. Bu əməllərə dəyər vermək sonrakı nəsillərin çiyninə düşür. Bu torpaqda, bu diyarda xidməti olan böyük şəxsiyyətlərimizi, ziyalılarımızı baştacı etməyi özümüzə borc bilməliyik!
Şübhəsiz ki, muzeydə Solmaz xanımın da, işçilərin də böyük əməyi var. Bunu qiymətləndirmək lazımdır. Onlar üzərlərinə düşən məsuliyyəti bilirlər və vəzifələrini yerinə yetirirlər. Amma elə şeylər var ki, onlardan asılı deyil.
Rəsul Rza kimi şairlər mənən heç vaxt ölmürlər. Mən Göyçayda olarkən görüşdüyüm ağsaqqal, ağbirçək, hətta cavan nəslin nümayəndələri olan insanlarımız şair haqqında elə sevgiylə danışdılar ki, mən həmin anda şairin yaşadığını, ruhən aramızda olduğunu hiss etdim.
Yolboyu sevimli şairimizin ev-muzeyindəki düşüncələrim, şairin şəxsi əşyalarıyla, şəkilləriylə baş-başa qalmağımı düşündükcə, bu, mənə mənəvi rahatlıq gətirirdi. Yenə gedəcəyəm Göyçaya. Ev-muzeyə. Sevimli şairlə yenidən görüşmək üçün.
Südabə SƏRVİ
525-ci qəzet.- 2017.- 10 fevral.- S.4.