Paris - könülü və xəyalı
fəth edən şəhər
(Əvvəli
ötən şənbə sayımızda)
Ejen Delakruanın “Xalqa
başçılıq edən Azadlıq” tablosu inqilabi ruhu ilə
seçilir.
Əsərdə təsvir
olunan döşləri açıq qadın üsyana
ehtiraslı çağırışın təcəssümü
olmaqla, kompozisiyanın mərkəzi fiqurudur. Bu rəngkarlıq
əsərinə görə Delakruanın rəssamlıq məktəbinin
başçısı deyil, məhz qiyamın
başçısı adlandırmışdılar.
Muzeydə impressionist rəssamlardan
Klod Monenin, Eduard Manenin, Pol Sezannın bir sıra əsərləri
nümayiş etdirilir. İmpressionizm cərəyanı öz
adını Klod Monenin “Günəşin çıxması.
Təəssürat (İmpression)” tablosunun
adındakı sözdən götürmüşdü.
Eduard Manenin nümayiş etdirilən “Olimpiya” əsəri
o vaxtlar - kəskin tənqidə məruz qalmış, yataqda
uzanan çılpaq qız, yaşlı zənci qulluqçu
qadın və qara pişiyin təsviri çoxlu istehzalara və
təhqirlərə səbəb olmuşdu. Onun “Ot üstündə səhər yeməyi”
tablosu da, onda bağda kişilərin arasında
çılpaq qadın təsvir olunduğuna görə əbləh
adamların daha qəzəbli reaksiyasına rast gəlmişdi.
Rəssam gəncliyində Rio-de-Janeyroda olarkən
ötəri şəhvət səhvinə görə xəstəliyə
tutulmuş, yaslı vaxtı onun ayağı kəsilmiş,
51 yaşında dünyanı tərk etmişdi.
Muzeydə flamand, holland,
alman, ingilis rəngkarlıq məktəblərinin əsərləri
də xeyli yer tutur.
Nyu-Yorkun Metropoliten muzeyi,
Vatikan muzeyləri, Ermitaj, Prado, Uffitsi qalereyası, London milli
qalereyası zəngin sənət məbədləridir. Lakin onlarda nə
dünya miqyasında məşhur olan Miloslu Venera, nə
Samofrakiyalı fateh, nə də “Cokonda” vardır. Luvrun binası da Notr-Dam kimi, çox sayda heykəllərlə
bəzədilmişdir. Muzeyin
eksponatlarına tamaşa etdikcə bəşər
övladı dühasının əlçatmazlığının,
təbiətlə yanaşı, insanın da əsrarəngiz
gözəllik nümunələri yaratmasının, belə
nadir və ecazkar əsərlər müəllifliyinin
şahidi olursan.
Əsrlər boyu rəssamlığa,
heykəltəraşlığa böyük dəyər kimi
qayğı göstərilmiş, onlarda çalışan fədakar
yaradıcı insanlar öz möcüzə xarakterli əsərlərini
bəşəriyyətə qiymətli irs
kimi qoyub getmişlər. Heykəltəraşın
uzun müddət ərzində mərmər üzərində
tişə ilə işləməsi, rəssamın kürəyi
üstündə uzanıb plafona gözəl tablolar çəkməsi,
nəinki fədakarlıq, həm də sənət sahəsindəki
igidlik hesab oluna bilər. Onlar anın bəzən
məcburi təzyiqi ilə qəhrəmanlıq göstərənlərdən
fərqli olaraq, aylarla, bəzən illərlə elə
ağır zəhmətə girişib, öz
istedadlarının məhsulu, balası olan inciləri yaratmaqla
əsl qəhrəmanlıq şücaəti nümayiş
etdirmişlər. Qoca Mikelancelo Romadakı Müqəddəs
Pyotr bazilikasında Sikstin kapellasındakı məşhur
freskasını yaradarkən, gecələr uca nərdivanlar
üzərində qoyulmuş taxtanın üstündə
uzanaraq, şlyapasına əridilib bərkidilmiş
şamın işığında başının
üstündəki tavana boyalı rəsmlər çəkmək
üçün, əslində, katorqa zəhmətinə bərabər
bir iş görürdü və Bibliya mövzusundakı
öz ecazkar tablolarını yaradırdı. Luvrda,
Versal sarayında, Notr-Damda belə tavanları bəzəyən
plafon sənət əsərlərinin sayı-hesabı yoxdur.
Onlar əsasən dini, mifoloji mövzulara həsr
olunmuşdur. Lakin istedadlarından yaranan əsərlər
şandan süzülən bal təsiri
bağışlamaqla, həzz mənbəyi olmalarını əsrlər
boy davam etdirirlər. Vaxtilə Qərbə
sivilizasiya dəyərlərini ötürən Şərq isə
vaxtilə donorluq etdiyi öz qonşusundan bu sahədə xeyli
geri qalır.
Təəssüf hissi ilə qeyd
edilməlidir ki, Şərqdə yayılan islam
dininin qadağası ilə canlıların rəsmini çəkmək
və ya heykəlini yaratmaq Allahla - Yaradanla müqayisəyə
girmək cəhdi hesab edilərək, bəşər
övladının qədimdən gələn bu estetik fəaliyyətini
dayandırmışdır. Axı ibtidai insan da
təbiət haqqındakı öz təsəvvürlərini
mağara, qaya rəsmlərində təsvir etməklə bu
sahədəki yaradıcılıq potensialını üzə
çıxarmışdı. Lakin islam
dini öz postulatını əsas götürərək,
insanın təbiətinə xas olan bu yaradıcılıq əməlinə
tabu qoymuşdu. Ona görə də həmin təsviri
sənət növləri əvəzinə, Şərqdə
abstrakt sənət nümunələri kimi
xalçaçılıq inkişaf etməyə
başlamış, xalça üzərindəki
naxışlar həndəsi fiqurlardan ibarət olmaqla, mücərrəd
düşüncəyə ünvanlanmışdı. Müəyyən dərəcədə miniatür rəssamlıq
təşəkkül tapmış, qabaqcıl şəhər
mədəniyyətinin təsiri altında arxitektura, xüsusən
məscid binaları memarlığı ön plana
keçmişdi. Ona görə də
Şərq ölkələrində, müsəlman
dünyasında rəssamlığın və heykəltəraşlığın
dərin kökləri yoxdur. Radikal
islamçılar isə xristianlığa, bütpərəstliyə
qarşı qəzəblərini tarixi abidələri, nəfis
sənət əsərlərini dağıtmaq, məhv etmək
yolu ilə soyutmaq yolunu tuturlar. Taliblər
Əfqanıstandakı Bamyanda Buddanın unikal sayılan nəhəng
heykəlini məhv etdilər. Suriyanın
qədim Palmira şəhərində DAİŞ-çilərin
vandalizmi Romanı dağıdan vandalların əməllərini
də geridə qoyur.
İnsanlar qədim
dövrün qiymətli sənət əsərlərinə
xüsusi hörmət bəsləyir, onlara pietetlə
yanaşırlar. Axı onlar bəşəriyyət
üçün əsl sevinc mənbəyidir. Heykəltəraş
Tutmesin dühası hesabına yaradılan, dövrünün
gözəllik simvolu hesab edilən Nefertitinin heykəlləri
3,5 min il sonra bizim dövrə gəlib
çatmışdır. Yaxud, bizim eradan əvvəl
Yunanıstanda yaradılan “Disk atan” əsəri insanı hərəkət
anında əks etdirən ilk antik heykəl kimi şöhrət
tapmış, orijinalı orta əsrlərdə itirilsə də,
özünün çoxsaylı kopiyalarında bütün
dünyanı dolaşır.
Və ya qədim Roma
kopiyasında bizim dövrə gəlib çatan yunanların
“Laokoon” heykəltəraşlıq kompozisiyası yüksək
sənətkarlıq səviyyəsindən xəbər verir. Belə ənənələri
olan xalqlar həmin sənət sahələrinə daha
çox və daha qiymətli töhfələr vermişlər.
Təsviri sənət məbədlərindən
digəri Parisin ikinci böyük muzeyi d`Orsedir. Muzey
adını XIX əsrin son ilində keçirilən
Ümumdünya sərgisinə görə
açılmış Orse vağzalının adından
götürmüşdür. Ümumiyyətlə,
Ümumdünya sərgiləri Parisin özünə
yaxşı hədiyyələr verməsi ilə əlamətdar
olmuşlar. 1889-cu ildə belə bir sərginin
açılışı ilə Eyfel qülləsi öz
mövcudluğuna başlamış, şöhrət yoluna qədəm
qoymuşdu. 1977-ci ildə isə fransız
hökuməti Orseni XIX əsrin ikinci yarısının incəsənət
əsərləri üçün muzeyə çevirməyi
qərara alır. Bu muzey, əslində,
fransız impressionistlərinin sənət malikanəsinə
çevrilmişdir. İmpressionistlər
real dünyanı onun hərəkətliliyində və dəyişkənliyində
daha təbii qaydada verməyə çalışmaqla, özlərinin
ani vəziyyətdəki təəssüratlarını ifadə
edirdilər.
1860-cı illərdə
fransız rəngkarlığında Eduard Mane, Ogyüst
Renuar, Edqar Deqa kimi yeni cərəyanın nümayəndələri
meydana çıxdı. Sonrakı onilliklərdə Klod Monenin,
Kamill Pisarronun, Alfred Sisleyin peyzajlarında plener sistemi meydana gəldi.
Bu, açıq havada işləməklə
parlaq günəşin işığı hissini, təbiətin
rənglərinin zəifliyini, işığın və
havanın titrəyişini vermək üsulu idi. Ona görə də onların əsərləri
müqayisə olunmayan işıqla titrək bir mənzərə
yaradırdı.
Sonralar impressionizm Fransada heykəltəraşlığa,
musiqi yaradıcılığına da keçdi. Heykəltəraş
Ogyüst Roden, bəstəkarlar Klod Debyüssi, Moris Ravel
öz əsərlərində müvafiq olaraq zərif əhvali-ruhiyyələri,
psixoloji çalarları verməyə
çalışırdılar.
Muzeydə Vinsent van Qoqun, Pol Qogenin
tabloları da nümayiş etdirilir. Van Qoqun bir
avtoportreti, Qogenin Taitidə çəkdiyi rəsmlər diqqəti
cəlb edir. Əlbəttə,
Amsterdamdakı Van Qoq muzeyi ilə müqayisədə d`Orsedə
rəssamın yaradıcılıq nümunələri
kasaddır. Amsterdam muzeyində onun məşhur
“Günəbaxanlar” seriyası təmsil olunmuşdur. Parisdə Ogyüst Rodenin ayrıca muzeyi olduğu
üçün d`Orsedə onun “Balzak” heykəltəraşlıq
portreti, Viktor Hüqonun başının heykəli müvafiq
şöbəni bəzəyir. Burada onun
Dantenin “İlahi komediyasından” əxz etdiyi “Cəhənnəm
qapısı” adlı məşhur əsəri də yer tutur.
Bu, XV əsr italyan heykəltəraşı
Lorentso Gilbertinin “Cənnət qapısı” əsərinə
cavab idi. Bu əsərində Roden məhəbbətin,
ağrının və ölümün ağlasığmaz
qarışığını açıb göstərir.
Burada XV əsrə məxsus olan adam
obrazları və heykəl qrupları vardır. Həmin şöbədə həmçinin digər
məşhur fransız heykəltəraşı Emil Antuan
Burdelin “Herkules” heykəli nümayiş etdirilir. Rodenin çox populyar heykəli olan “Mütəfəkkir”
isə Roden muzeyinin həyətində əlini çənəsinə
dirəyərək fikrə dalmışdır. Roden əvvəlcə onu Dantenin heykəli kimi
yaratmağı düşünmüşdü.
Rodenin məhəbbətə himn kimi həsr olunmuş “Əbədi bahar” kompozisiyasında iki çılpaq bədənli gəncin bir-birinə sarılıb, özlərini ehtirasın ən güclü ifadəsi olan öpüşə qərq etdiyi təsvir olunur. Heykəltəraşlıq əsərindəki ekspressiya, ehtirasın coşması, ülvi hisslərin mərmərdən haray çəkib boylanması kompozisiyanın təsir gücünü ağlasığmaz yüksəkliyə, sehrliliyə qaldırır. Ermitaj kompozisiyanın orijinallarından birinə sahib olması ilə öyünə bilər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2017.-11 fevral.- S.20.