Cümhuriyyətə
aparan yollar: fanatizmdən uzaq İslam
Azərbaycan Cümhuriyyəti
laik dövlət idi. Dini ənənələrin güclü
olduğu müsəlman Şərqində belə dövlət
modelinin seçilməsi “qurucu atalardan” böyük cəsarət,
dünyəvi dəyərlərə və demokratik prinsiplərə
sədaqət tələb edirdi.
Bu məsələdə
ruhani ailəsində doğulmuş Məhəmməd Əmin
Rəsulzadə də, rus universitetlərinin məzunu olan
Əlimərdan bəy Topçubaşov və Fətəli
xan Xoyski də çəkici eyni zindana vurmağı
bacarmışdılar.
Ümumiyyətlə, hələ
Cümhuriyyətə on illər qalmış Azərbaycan
ziyalılarının birgə səyi, Azərbaycan cəmiyyətinin
fitri tolerantlığı sayəsində cəmiyyətdə
din və məzhəb zəminində qarşıdurmalardan
uzaqlaşmaq mümkün olmuşdu. Elə etimad mühiti və
qarşılıqlı münasibətlər sistemi
qurulmuşdu ki, burada böyük Mirzə Ələkbər
Sabir demişkən, “şiə ikən sünniləri şad
etmək” və “sünni ikən şiələri yad etmək”
tam normal və məqbul sayılırdı. 1917-ci il fevral
inqilabından sonra, hər cür xaosun, anarxiyanın
qaçılmaz göründüyü qarışıq
günlərdə Bakıda keçirilən müsəlman
siyasi partiyaları və ictimai təşkilatlarının
qurultayında Qafqaz şeyxülislamı ilə Qafqaz
müftisi hamının gözü qarşısında
bir-birini qucaqlayıb vahid, ayrılmaz müsəlman ümmətindən
olduqlarını elan etməklə dini təfriqə və məzhəb
davası gözləyənlərin arzularını
gözündə qoymuşdular.
Hərçənd “ayır və
buyur!” siyasətini dönmədən həyata keçirən
Rusiya imperiyası Azərbaycandakı yüz illik hakimiyyəti
dövründə daim buna can
atmışdı. Müsəlman təbəələrin
dini məsələlərinin tənzimlənməsi
üçün vahid ruhani idarəsi əvəzinə
ayrıca şeyxülislam və müfti institutu təsis
edilmiş, şiə və sünni uşaqların təhsili
üçün müvafiq surətdə Əli və Ömər
məktəbləri qurulmuşdu. Amma nə
yaxşı ki, insanlarımız bu tələyə
düşməmiş, bir-birinin üzərinə getməyə
hazır olan iki düşmən məzhəbə
parçalanmamışdılar.
Bu məsələdə islam maarifçiliyi prinsipini dönmədən
həyata keçirən, cəhalət və dini fanatizmin zərərli
təzahürlərinə qarşı çıxmaqdan
çəkinməyən ziyalıların, gələcək
Cümhuriyyət qurucularının böyük xidməti
olmuşdu. Hələ XIX əsin sonundan
başlayaraq onlar cəmiyyəti islamın “qızıl
dövrünə” səsləyirdilər. Dini
dözümlülük və sekulyarizm təbliğatı
aparırdılar. İslamı daha dərindən
öyrənməyə, onun humanist mahiyyətini anlamağa
çağırırdılar. Və təbii
ki, bu məqsədyönlü fəaliyyət nəticəsində
istər Rusiya müsəlmanlarının müstəqillik
mübarizəsində, istərsə də Azərbaycan
Cümhuriyyətinin qısa müddətli mövcudluğu
dövründə dini zəmində hər hansı nifaq və
qarşıdurma hallarına təsadüf
olunmamışdı.
Aşağıda
Ə.Topçubaşovun gələcək Cümhuriyyətin
din siyasətinin guşə daşları sayıla biləcək
iki məqaləsinin tərcüməsini təqdim edirəm. “Qurucu atalar” xalqı siyasi müstəqilliyə
hazırlamaq yolunda açıq fikirli din xadimlərini və
maarifçi islamı özlərinin müttəfiqi kimi
görmək istəyirdilər. Bu isə,
şübhəsiz, cəmiyyətdə harmoniyaya nail olmaq
baxımından ciddi addım idi.
Vilayət
QULİYEV
Yeni Bakı
qazısı
Cənab qubernator knyaz
M.A.Nakaşidze Bakı qazısı və Bakı quberniya məclisinin
sədri vəzifəsinə Axund Mir Məhəmməd Kərim
Axund Mir Cəfərzadəni təyin etmişdir.
Bu vəzifə uzun müddət
boş qalmışdı və son yarım il
ərzində quberniya məclisinin tərkibində yalnız
bir üzv vardı. Öz növbəsində, tabeliyində 6
qəza qazısı olan həmin məclis əhalisi başdan-başa
müsəlmanlardan ibarət Bakı quberniyasının
bütün ruhani məsələlərini idarə edir. Amma təəssüflər olsun ki, son illərdə
quberniya məclisi Bakı müsəlmanlarının dini
işlərinin tənzimlənməsi məsələsində
xüsusi fəallığı ilə seçilməyib.
Təkcə onu demək kifayətdir ki, məhəllələrin
(onların sayı isə 500-dən artıqdır) yarıdan
çoxunda hələ də məhəlli mollalar yoxdur.
Vəqf mülklərinin idarəçiliyində də məclisin
qayğısı çox az nəzərə
çarpır. Nümunə kimi, Bakının
Qasım bəy məscidi yanındakı vəqf
dükanlarını göstərə bilərik. Onların təmirini xeyli gözləmək lazım
gəldi. Amma nədənsə, təmirdən
sonda da dükanlar uzun müddət icarəyə verilmədi və
hələ də boş qalmaqdadırlar.
Dini məsələlərə belə
münasibət məclisin əvvəlki tərkibinin zəifliyindən,
yoxsa iş bacarmamasından irəli gəlirdi?
Deyə bilmərik. Ancaq ümid edirik ki,
quberniya məclisinə yeni qazı təyinatı ilə
qurumun fəaliyyəti
canlanacaq və şəhərimizin müsəlman əhalisinin
ruhani ehtiyacları lazımi həllini tapacaqdır. Yeni Bakı qazısı şəhər idarəçilərinə
və Bakı bölgəsinin bütün müsəlman əhalisinə
yaxşı tanışdır. Axund Mir Məhəmməd
Kərim Axund Mir Cəfərzadə əslən
bakılıdır. Ən mötəbər
din xadimlərinin yanında təhsil görüb.
Zaqafqaziya ruhani idarəsində birincilər sırasında ali dini rütbə - Axund adı almaq
üçün imtahan verib. Bu zaman özünün islam ilahiyyatı, habelə türk-tatar, ərəb
və fars dilləri sahəsində mükəmməl biliklərini
nümayiş etdirib. Axund Mir Məhəmməd Kərim Axund
Mir Cəfərzadə on ildən artıq Bakının qala
hissəsində (indiki İçərişəhər - V.Q.)
məhəllə mollası vəzifəsini tutub. Bu müddət ərzində üzərinə
düşən vəzifəni son dərəcə
nizam-intizamla, cani-dildən yerinə yetirməsi sayəsində
özünü nümunəvi məhəllə mollası kimi
tanıda bilib. Nəticədə hər kəsə
örnək bir din adamı nüfuzu qazanan Mir Məhəmməd
Kərim ağa təkcə məhəllə
dindarlarının deyil, bütün Bakı camaatının
böyük hörmət və ehtiramına layiq
görülüb. Bakı müsəlman din xadimlərinin
məşhur simalarından biri
kimi o, şəhərimizin ən mötəbər sakinləri
sırasında bütün
mühüm və təntənəli
mərasimlərinə dəvət alıb. Məsələn,
yerli müsəlmanlar Axund Mir Məhəmməd Kərim
ağanın başçılığı ilə Əlahəzrət
İran Şahının Bakıda pişvazına
çıxıblar.
Görkəmli dini rəhbər
Azərbaycan dilində qələmə aldığı və
Müqəddəs Quran şərhlərindən ibarət
möhtəşəm elmi-fəlsəfi əsərinin
başa çatması xəbəri yayılandan sonra xüsusən
böyük şöhrət qazanıb. Adını
çəkdiyimiz nadir əsərin birinci cildi artıq
çapdadır. Heç şübhə
yoxdur ki, həmin şərhlər bizim müsəlmanlar
üçün Quranın həqiqi mahiyyətini başa
düşmək baxımından həqiqi açar rolunu
oynayacaq. Ümumiyyətlə, belə izahedici əsərlərin
olmadığı yerdə müsəlmanların çoxu
hətta islamın başlıca ehkamlarının mənasını
anlamaqdan da uzaqdırlar.
Axund Mir Məhəmməd Kərim
ağa qeyrətli müsəlmandır; onu
tanıdığımız bütün bu illər ərzində fikri-zikri
hər zaman din
qardaşlarına daha çox
fayda gətirmək olub.
Tam əminik ki, quberniya qazısı
və məclis sədri vəzifəsində möhtərəm
Axund bütün
mənəvi-əxlaqi keyfiyyətlərini ortaya qoyacaq və
bununla da öz borcunu yüksək səviyyədə yerinə
yetirən bir din xadimi kimi digərləri üçün də
həqiqi örnək və nümunəyə çevriləcək.
Onu da əlavə edək ki,
möhtərəm Axundun mühüm vəzifəyə təyin
olunması üstümüzə gələn bəlaya - vəba
epidemiyasına qarşı uğurlu mübarizədə
bütün qüvvələrin birləşdirilməsinin zərurətə
çevrildiyi vaxta təsadüf etmişdir. Din adamlarının bu
mübarizədə iştirakı və onların öz
xütbələri, vəz və məsləhətləri ilə
əhaliyə göstərəcəkləri təsir bizim
sanitar təşkilatlarının indiyə qədər nail
ola bilmədikləri
həqiqi yardıma çevrilə bilər.
Yeni qazının maarifçi
baxışlarına və islam camaatına bəslədiyi
məhəbbətə yaxşı bələd olduğumuzdan
Axund Mir Məhəmməd Kərim ağanın vəbaya
qarşı başlanmış mübarizədə
böyük fayda gətirəcəyinə inanırıq.
Biz Axund Mir Məhəmməd
Kərim ağanın vəzifəyə təyin
olunmasını alqışlayır və qarşıdakı
mənəvi fəaliyyəti yolunda ona sidq-ürəkdən
böyük güc və enerji arzulayırıq.
“Kaspi”, ¹ 207, 14
sentyabr 1904-cü il.
Müsəlman
ruhani seminariyası
İslam ruhanilərinin, cəmiyyətin,
ilk növbədə isə mətbuatın gündəliyə
çıxardığı Qafqazda müsəlman dini
seminariyasının təşkili məsələsi müsəlman
əhalinin həyati tələbləri ilə sıx
bağlıdır.
Müsəlmanlar
üçün dinin əhəmiyyəti o dərəcədə
aydın və anlaşıqlı bir məsələdir ki, bu
barədə xüsusi izahat verməyə lüzum
görmürük. Sadəcə, islam din xadimlərinin
indiyə qədər müsəlmanların həyatında
oynamış olduqları və indi də oynadıqları
rolu xatırlatmaq kifayətdir. Buradan isə ortaya yalnız bir
nəticə çıxır: din xadimləri nə qədər
çox müsbət keyfiyyətlərə yiyələnsələr, bilikləri nə
qədər geniş və əhatəli olsa, yeni həyat
şərtlərinin dindarlar qarşısına qoyduğu tələblərə
nə qədər şüurlu
yanaşsalar, bir sözlə, daşıdıqları adın
və üzərlərinə götürdükləri vəzifənin
ucalığında nə qədər bacarıqla dayana bilsələr,
xalq kütlələrinə göstərdikləri təsir də
bir o qədər faydalı və səmərəli
olacaqdır. Yaxud da əksinə - müasir həyatın
tələb etdiyi şərtlərə yalnız cahilcəsinə
deyil, həm də yad və düşmən münasibət bəsləyən
din xadiminin vurduğu zərbənin miqyası da ağlagəlməzdir.
Vəziyyətin bu şəkildə
davam etməsinin doğuracağı acı nəticələri
yaxşı anlayan müsəlman ziyalıları artıq
çoxdan bəridir ki, ruhanilərin tərkibinin
yaxşılaşdırılması yolları ilə
bağlı müzakirələr aparırlar. Bu isə
öz növbəsində yalnız lazımi şəkildə
təhsil verməyi bacaran məktəb vasitəsi ilə
öz həllini tapa bilər və tapmalıdır.
Mübaliğəsiz demək olar ki,
son zamanlar ölkədəki yaşayış məskənlərinin
az qala tam yarısı mollasız qalıb.
Din adamlarının sayının get-gedə azalması nəzərə
alınarsa burada qəribə heç bir şey yoxdur. Təbii ki, söhbət yalnız müəyyən
tələblərə cavab verən mollalardan gedir.
Bəs belə mollaları
haradan tapmaq olar?
Əvvəlki dövrlərdə
Zaqafqaziyanın bir çox yerlərində xüsusi mədrəsələr
(dini məktəblər) şöhrət
tapmışdılar. Həmin mədrəsələrin öz
bilikləri və yüksək mənəvi keyfiyyətləri
ilə tanınan müdərrisləri savadlı mollalar
yetişdirirdilər. Lakin indi ölkədə
belə mədrəsələr qalmayıb. Odur ki, dini təhsil almaq istəyən Qafqaz müsəlmanları
İrana, Türkiyəyə, Misirə getməli olurlar.
Digər tərəfdən,
Zaqafqaziya müsəlman ruhani idarəsi haqqındakı
mövcud əsasnaməyə görə, xaricdə islami təhsilə
yiyələnən şəxslər Qafqaz canişinliyi
hüdudlarında dini vəzifə tuta bilməzlər.
Beləliklə, çıxılmaz
vəziyyət yaranıb: öz vətənində təhsil
almağa məktəb, Rusiya imperiyasından kənarda təhsil
alanlara isə yer yoxdur.
Belə olduğu təqdirdə,
müsəlmanlar ruhaniləri, həm də bəlli tələblərə,
təbii ki, ilk növbədə bilik və mənəvi
kamilliklə bağlı tələblərə cavab verən
din xadimlərini
haradan tapa bilərlər?
Bu məsələ ilə əlaqədar
islam ümmətinin bütün müraciətləri
eyni ilə xeyriyyə cəmiyyətinin yaradılması haqda ərizələr
kimi cavabsız buraxılmışdır. Hələ biz onu
demirik ki, müsəlmanlar ruhani seminariyasının
bütün xərclərini ödəməyə hazır olduqlarını da dəfələrlə
bildiriblər.
Amma deyəsən, artıq
bu məsələ ilə bağlı din
qardaşlarımızın işləri artıq yoluna
düşməkdədir. Zaqafqaziya Şeyxülislamı Axundzadə
və Müfti Qayıbov Qafqazın mülki işlər
üzrə Baş idarəsinin rəisi vəzifəsini yerinə
yetirən general Freze vasitəsi ilə İmperator Əlahəzrətlərinə
Vəliəhdin doğulması münasibəti ilə göndərdikləri
təbrikdə bu xoş hadisənin əks-sədası kimi
Tiflisdə vəqf gəlirləri və şəxsi ianələr
hesabına maliyyələşən müsəlman ruhani
seminariyası (mədrəsə) açılması və
ona Vəliəhdin adının verilməsi məsələsini
qaldırıblar.
General Freze məsələyə
həssaslıqla yanaşıb. Onun tapşırığı ilə
Baş idarənin dəftərxanası hələ 1904-cü
ilin oktyabrında Zaqafqaziya Şeyxülislamı və
Müftisindən açılması nəzərdə tutulan
tədris müəssisəsinin əsas prinsipləri ilə
bağlı mülahizələrini bildirməyi, habelə
seminariyanın təşkili və saxlanması
üçün zəruri xərclər haqqında əhatəli
məlumat verməyi xahiş edib.
Hazırda Baş idarə rəisi
vəzifəsini yerinə yetirən general-leytenant Malama da
öz tərəfindən belə bir seminariyanın
açılmasını son dərəcə məqbul hadisə
kimi dəyərləndirib.
Ali müsəlman Ruhani İdarəsinin təqdim etdiyi layihəyə əsasən Tiflisdə açılması planlaşdırılan seminariya 50 nəfərlik qapalı tədris müəssisəsi olacaq. Lakin kənardan gələnlərin məşğələlərə buraxılmasına da imkan yaradılacaq. Aşağıdakı tədris proqramı təklif olunur: Dillər: ərəb, fars, türk-tatar və rus dilləri. Fənlər: a) dini elmlər üzrə: Quran şərhi, peyğəmbərlərin və bütünlükdə dinin tarixi, ilahiyyat, ritorika; b) dünyəvi elmlər üzrə: hesab, həndəsə, coğrafiya, ümumi tarix və rus tarixi, Şərq tarixi, formal məntiq, dövlət hüququ və müsəlman qanunşünaslığı (fiqh). Bütün bu fənlər tədris planı və Xalq Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə üzrə tədris olunacaq. Dərsləri aparanlar hüquqi baxımdan orta təhsil müəssisələrinin müəllimlərinə bərabər tutulacaqlar. Tədris müddəti bir illik hazırlıq sinfi də daxil səkkiz ildir. Seminariyaya 9 yaşdan böyük, 14 yaşdan kiçik yeniyetmələr qəbul olunacaqlar. Mövcud qaydalara əsasən dini fənlərin tədrisi müsəlman Ruhani İdarəsinin, digər fənlər isə yerli təhsil rəhbərliyinin nəzarəti altında həyata keçiriləcək. Seminariya binasının tikilməsi, ilkin təminatı və saxlanması üçün aşağıdakı vəsait qaynaqları təklif olunur: a) Qafqazdakı məscidlər yanında müsəlman vəqflərinin illik gəlirlərinin xərclənməyən izafi hissəsi, b) həmin vəqf mülklərinin ehtiyat kapitalından birdəfəlik ayrılan maliyyə yardımı, c) fəxri himayəçilərin üzvlük haqları, d) şəxsi ianələr, e) şəhər və kənd icmalarının təqaüd ayırdığı tələbələrə ödədikləri məbləğ. Vəzifələrinə görə seminariyanın fəxri himayəçiləri Zaqafqaziya Şeyxülislamı və Müfti sayılır. Eyni zamanda seminariya yanında seçilmiş şəxslərdən ibarət xüsusi himayə şurası fəaliyyət göstərir.
Layihə hələlik ilkin
variant kimi tərtib olunub. Zaqafqaziya Şeyxülislamı və
Müftisi Bakıya gəlmələrindən yararlanıb
şəhərin möhtərəm müsəlmanlarını
sənədlə tanış ediblər. Onlar
da müsəlman dini seminariyasının zəruriliyi fikrini anlayıb Hacı
Zeynalabdin Tağıyevin təşəbbüsü ilə ianə
dəftəri açıblar və indiyə qədər həmin məqsəd
üçün 53 270 rubl vəsait toplanıb (sonda ianə
verənlərin ad və soyadları da göstərilmişdir
- V.Q.)
İanə verilməsi davam
etdirilir. Çünki toplanan məbləğ seminariya
binasının tikilməsi üçün yetərli deyil.
Ümid edirik ki, imkanlı müsəlmanlar
ruhani seminariyası ilə bağlı təşəbbüsün
gerçəkləşməsinə köməyə tələsəcəklər.
Seminariya isə öz növbəsində hazırlıqlı
din xadimlərinə böyük ehtiyac duyan şəhər və
kəndlər
üçün belə ruhanilər yetişdirən
ocağa çevriləcəkdir.
“Kaspi”, ¹ 29, 22
fevral 1905-ci il.
Əlimərdan bəy
TOPÇUBAŞOV
525-ci qəzet.- 2017. - 11 fevral.- S. 8, 17.