Ağ işıq

 

 ya unudulmaz şairimiz Fikrət Sadıqı bir daha xatırlayarkən...

 

Mən onunla ilk dəfə bir ədəbiyyat tədbirində tanış olmuşdum. Elə ilk tanışlıqdan, sadəliyi, insansevərliyi, kamala ziynət verən kəlmələri, insan mənəviyyatı ilə bağlı sözü-söhbəti ürəyimə yatdı.

Bu enlikürək, xoşsifət insan fərqli görünüşü və isti münasibəti ilə yadımda qaldı... Şair  Fikrət Sadıqı deyirəm. Hər dəfə görüşəndə “ əzizim, dostum, qardaşım, xoş gördük səni” deyəndə, sevincindən pay verəndə xoş düşüncələrin ağuşuna düşürdüm. Ömür kitabının hər səhifəsində öz izi, öz yadigar sözü olan bir Fikrət Sadıq vardı bu dünyada.

Fikrət müəllimin yerişi-duruşu da fərqli idi. Sanki yeriyəndə yer yırğanırdı. Az qala sifətini yarısına qədər tutmuş ağappaq bığları, çiyinlərinə düşən dümağ saçları ona xüsusi görkəm verirdi.

Bir yaz günüydü, dəniz tərəfdən əsən meh adama xoş əhvali-ruhiyyə aşılayırdı. Süd kimi tərtəmiz, buludsuz havada “Sahil bağı”ndan Yazıçılar Birliyinə doğru gedirdi.

Əli əsalı, köhnə kişi ədalı ağappaq nur topasına bənzəyən Fikrət müəllimə baxanda mənə elə gəldi ki, bəyaz çöhrəli şair Fikrət Sadıq ətrafındakı tutqun, lal, qaradinməz sifətlərə, nur paylamaq, bir ağ ümid vermək üçün yaranıb.

Salamlaşdıq, çox mehriban görüşdü. Sonra da qolumdan tutub, dedi ki, gəl Yazıçılar Birliyinə gedək... İş otağında şeirdən-sənətdən danışdı. Danışdıqca üzündə dolaşan təbəssümün mənasını  anlamağa başladım.

Təzəcə çapdan çıxmış şeirlər kitabım haqda xoş sözlər söylədi. Sonra da kitabın səhifələrini çevirərək qeydlərini göstərdi və əlavə etdi:

- Səhifələrin ağ yerlərinə bax, hər bəndin yanında yazdıqlarımı görürsən? Ürəyinə və qələminə layiq, ürəkdən gələn sözləri yazmışam; “ qələminə qüvvət”, “ ürəyinə sağlıq”, “ sənin ürəyində nə qəribə duyğular gizlənibmiş...” və sairə.

Sayğılı oxucular məni bağışlasınlar. Kimsə düşünə bilər ki, haqqımda deyilənləri özüm dilə gətirirəm. Fikrət müəllimin şakəri beləydi. Od ürəkli insan idi. Ürəyinin istisini ürəklərə ərmağan edirdi. Onun ürəkdən gələn sözləri münasibətimizə bir istilik, doğmalıq gətirirdi. Mənə bağışladığı kitablarındakı avtoqrafları da isti sözlərdən xali deyildi. Onun yazdığı avtoqraflar da insanın qəlbində özünə inam hissi yaradırdı.

... Fikrət müəllimin səmimiyyəti, ruhundan qopub gələn könül çırpıntıları ürəyimə yatsa da, utandığımdan minnətdarlıq edə bilmədim. Xəfifcə gülümsünüb susdum. Amma bu susqunluğun heyrəti sükutundan o qədər üstün idi ki... Dediklərini bütün dərinliyi ilə dərk edirdim. Qısa pauzadan sonra Fikrət müəllim dedi:

- Növbəti şeirlər kitabın çıxanda “ön söz”ü kim yazacaq, özün bilərsən, amma “son söz”ü mütləq mən yazacam. Yadımdadır, gəncliyimdə Bəxtiyar Vahabzadə bir neçə dəfə mənim şeirlərim haqda o qədər ürəkaçan sözlər söyləmişdi. Dedim Bəxtiyar müəllim, bu dediyiniz gözəl sözləri yazın, mətbuatda dərc etdirin, nə olar?!..

... Stolunun üstündə çoxlu kitablar var idi. Həmin kitabların arasında özünün düşüncəli, dağ düşüncəli, başı qarlı dağlarla üzbəüz çəkdirdiyi bir foto-şəklini gördüm. Bu, adicə şəkil təsiri bağışlamırdı. Gözoxşayan gözəl tabloya bənzəyirdi. O şəkilə baxanda mənə elə gəldi ki, başı qarlı iki dağ qarşı-qarşıya dayanıb.

Dağlara arxalanan şairdə bir dağ vüqarı gördüm.

O, başqa insan idi, tam başqa! Deyirdi ki, səmimi, təsirli və təmiz hisslərdən məhrum olan adamdan şair olmaz. Bu sözləri deyəndə Fikrət müəllimin qəlbinin hərarətinə, nəbzinin ritminə kimi hiss etmək mümkün idi. Üzündəki cizgilərdən əsl yaradıcı insan siması, şair siması aydınlığa çıxırdı.

Onun könül dəftərindən əzbərimdə qalan şeirlərdən biri də budur:

 A fikirli qaya, a qayğısız Ay!

A laləli cığır, a ötən bulud!

A güllü çəməni öpən körpə çay!

A ilkin eşqimin şahidi şah tut!

Məni də, sizi də yar atdı getdi.

Ürəyiniz yoxdur, sizə nə var ki,

Əzab çəkməzsiniz yar sorağında.

Hanı o ildırım baxışlı yar ki -

Könül dəftərimin hər varağında

Silinməz bir lövhə yaratdı getdi?

Son illər lakonik şeirlər yazırdı. Şeirlərindəki fikirlərini ustalıqla yığcam ifadə edirdi. O xırda, lakin dərin mənalı şeirləri könül qönçələrinin ləçəkləri kimi qəzet və jurnal səhifələrini bəzəyirdi. Qəzet səhifələrinin mətbəə qoxusu o şeirlərdən aldığım enerjinin fonunda əriyib itirdi.

Bir dəfə mənə “Göyərçin” jurnalına bənzər, bir qalaq şəkilli uşaq jurnalları verib dedi:

- Bunları aparıb nəvələrimə (yəni mənim uşaqlarıma - H. H.) verərsən. Mənim şeirlərim əsasında “Ayna” mətbu evində “Şeirli əlifba” nəşr ediblər. Qavranılması asan olsun deyə belə bir forma düşünmüşük. Qoy, uşaqların oxuyub öyrənsinlər.

Fevralın ilk qarlı günlərində Fikrət müəllimin gülərüzlü siması bir daha gözlərim önünə gəldi. Bilirsinizmi, niyə? Ötən illərin qarlı qış günlərinin birində onunla telefon danışığımızı xatırladım. Kef-əhvalını soruşanda dedi:

- Bir az nasazlamışam, işə çıxmıram, amma yaxşıyam! Çöldə ağappaq, şirincə qar yağır, evimizdə istidən nəvələrimin yanaqları allanıb, onları əzizləməkdən babalarının da dili ballanıb. Bir də ki, Həzi, mən sənə demişəm... sənin səsin gələndə ağrı-acını unudub, sevincimi bölürəm. Ruhum şad olur! Sənin sözünə də, özünə yüksək qiymətimi vermişəm.

Fikrət müəllimin “Ağ bənövşə” şeiri bu sözlərlə tamamlanır:

Aman Allah,

Çiçəyə bax,

Ürəyə bax!

Mən də deyirəm, aman Allah, Fikrət Sadıqdakı ürəyə bax! Oğlu yaşında gənc bir qələm adamına bundan böyük ehtiram ola bilərdimi? Fikrət müəllim həmişə insanı insanlıq zirvəsinə qaldıran sözlər deyirdi. Başqasının sevincinə səbəb olan sözlər söyləməsi özünün sevincini də ölçüyəgəlməz edirdi. Onun aləmində söz elə işıq demək idi. Ona görə də şeirlərindəki işıqlı sözlərin enerjisi oxucunu özünə çəkirdi.

Ömür-gün keçdikcə günlər yenilənir, ömür köhnəlir. İnsan qocaldıqca əvvəlki şuxluğu qoruyub saxlamaq mümkünsüz olur, ömrün fəsilləri xatirəyə dönür. Yaş öz sözünü deyir, baş öz sözünü. Fikrət Sadıq da qocalırdı. Son görüşlərimizin birində kədərli gözlərini üzümə zillədi, baxışlarımız görüşdü. Bir az fikrə getdi, xəyalı dünyanı dolandı gəldi. Handan - hana məni tanıdı. Titrək səslə:

- Bu vaxtacan hardaydın, əvvəllər tez-tez zəng edərdin, gələrdin, nəvaxtdandır səsin-sorağın gəlmir. Tanrının hökmünə neyləyə billəm? İnsanın taleyini Tanrı yazır... Oğlum nakam getdi dünyadan, özüm də qocalmışam, daha huş-baş qalmayıb, yavaş-yavaş gözlərimə çən gəlir, - dedi.

- Bağışlayın, Fikrət müəllim, ömrümün izaholunmaz məqamlarında hərdən baxıb görmüşəm ki, nəinki yaxın olduqlarımdan, elə özümdən də uzaqlaşmışam... Heç özüm də bilmirəm niyə?! Təki ürəklər unutqan olmasın, təki “ könüldən-könülə yollar görünsün”, - dedim.

Və öz şeirindən yaddaşımdakı bir bəndi kövrək avazla özünə söylədim:

Dünyanın günləri ağlı-qaralı...

Tutmaz hər gələnin burda qərarı.

Qəlbimin başını duman-qar alır

Beş günlük dünyanı bica görəndə.

... Bir müddət sonra “Ədalət” qəzetinin 16 aprel, 2011-ci il tarixli sayında Fikrət müəllimə ithaf etdiyim şeirim dərc olundu:

 

Duyğuları çıraqlarla dərdləşib,

Yaza-yaza varaqlarla dərdləşib.

Qoşqar kimi o dağlarla dərdləşib,

Başına qar yağıb Fikrət Sadıqın.

 

Ağ saçlı tarixdi, tarix heykəli,

Şairdi, könlündə dağlar dikəlir.

Nurlanıb fırçası rəssam çəkəli-

Qaşına qar yağıb Fikrət Sadıqın.

 

Bir bax, Ağ Qayadan Ağ işıq gəlir,

Bir Ağ Dərviş gəlir, Ağ Aşıq gəlir.

Dağlara, daşlara yaraşıq gəlir,

Daşına qar yağıb Fikrət Sadıqın.

 

Yaz günü qoxuyar nərgiz, bənövşə,

Soyunar kürkü həm dağ, həm meşə.

Fikrət zirvəsində qışdır həmişə,

Qışına qar yağıb Fikrət Sadıqın.

 

Qəlbini oğlunun qəmi yandırır,

Gözünü yaşının nəmi yandırır.

Görəndə tanımır... məni yandırır,

Huşuna qar yağıb Fikrət Sadıqın.

 

Şeiri oxuyandan sonra razılığını bildirdi. “Bu şeirin mənim üçün bir təsəlli oldu. Təsəllisiz yaşamaq olmur”, - dedi.

Ömrünün sonuna kimi sözündən, söhbətindən, rəftarından, vüqarından nur yağa-yağa yaşadı və “Son şeir”ini də son vida nəğməsi kimi yazdı:

 

Ümidim yaralı bir quş,

Qolum-qanadım qırılmış...

Üşüyürəm, xəzəl olmuş

Yarpağı örtün üstümə.

 

Günəşə baxdım bu səhər,

Bir teli mənə bəs elər.

Buluddan süzülən o zər

Saçağı örtün üstümə.

 

Göylər niyə zalım olsun,

Tale mənə zamin olsun.

Bir dərə məzarım olsun,

Bir dağı örtün üstümə.

 

Bilirəm, əcəl macal versəydi, Fikrət müəllim mənim kitabım üçün arzuladığı “Son söz”ünü də yazardı. Nə yazıqlar ki, mən yubandım, ölüm tələsdi.

 

Həzi HƏSƏNLİ

 

525-ci qəzet. - 2017.- 11 fevral.- S.22.