“Şairlərin ən səmimi anları ən
yaxşı şeirlərindədir”
Xalq şairi, Azərbaycan
Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın
müsahibəsini təqdim edirik
- Fikrət
müəllim, ailənizin sizin şair kimi yetişməyinizdə
rolu olubmu?
- Əlbət
ki. Poeziyanın ilk toxumları balaca
Fikrətin qəlbinə
Atamın, Anamın Türk ədəbiyyatından,
bizim şairlərdən
düşüb. Biz səkkiz bacı-qardaş
idik. Hətta şeirlə yazılmış
“Vaqif” pyesini rolları aramızda bölüşüb oynayırdıq.
Hətta Atam, Anam çox yaxın adamları evə qonaq dəvət edib bizim tamaşaçımız
olmağını xahiş
edirdilər. Doğrudu ailəmizdə uşaqlar
hamısı şair olmadı. Lakin hamısının qəlbində poeziyaya məhəbbət hələ
də yaşayır.
- İlk misralarınız necə
yarandı? Nə zaman hiss
etdiniz ki, poeziya sizin taleyinizdir?
- Çox kiçik vaxtlarımdan şeiri, nağılı sevirdim. Amma hələ indi də şeirin mənim taleyim olub-olmadığını bilmirəm. Öz içimdən məni məcbur edən şeirləri görəndə ki, yazmasam, dinclik tapmıram. Onda yazıram, canımı qurtarıram.
- Müasir Azərbaycan
poeziyasını necə qiymətləndirirsiniz? Rusdilli yazarları da nəzərə
almaqla.
- Ədəbiyyatımız var. Ədəbiyyatımızın inkişafı üçün mühit də var. Biz onu bir müstəvidə görürük. İlk baxışda intonasiyaların, formanın, hətta bəzən mövzuların zəif təkrarı insanda bədbinlik yarada bilər. Amma bizim çox qədim və zəngin ədəbiyyatımız var. O özünü içəridən tənzimləyir. Xaotik ədəbi mühit özü əslində inkişafın əlamətidir. Bu ədəbiyyat “tozanağında” adama elə gəlir ki, ədəbiyyat dairə vurur, qapanır, təkrar edir. Diqqətlə izləsəniz görəcəksiniz ki, qapanmır speralvari inkişaf edir. Bu inkişaf yolu qədim zəngin ədəbi kökləri olan ədəbiyyatlara məxsusdur. Bədbin olmağa əsas yoxdur. Yazıçılarımız, şairlərimiz var. İstedadlı gəncliyimiz də bizi sevindirir. Sadəcə indi yaşlılar arasında da, gənclər arasında da yazmaq istəyən çoxdur. Olsun! Onlar şair, yazıçı olmasalar da ədəbiyyatın qədrini, qiymətini bilən insanlar olacaqlar. Yaxşı oxucu zəif yazardan qiymətlidir.
Rusdilli ədəbiyyatımıza gəldikdə orada da eyni vəziyyətdir. Azərbaycanda yazan-yaradan insanlar hamısı milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hamısı Azərbaycan yazıçısıdır. Azərbaycan ədəbi mühitinin ayrılmaz bir parçasıdır. Əgər hələ on ikinci əsrdə Gəncədə Azərbaycan şairi Dahi Nizami Gəncəvi farsca yaza-yaza dünya poeziyası səmasında Azərbaycan planeti kimi parlaya bildisə, heç kəs deyə bilməz ki, dahi olmağa dilim mənə mane oldu. Bütün zamanların böyük şairi Füzuli Kərbəlada yaşayıb-yaradıb. Uluları Azərbaycandan gedib. Özü heç Azərbaycanı görməyib. İmam Hüseynin məqbərəsində qulluq göstərməyi özünə şərəf bilib. Lakin onun Leyli-Məcnunu bütün rəngləri, nəfəsi, bənzətmələri hissiyyatı, yazılış tərzilə Azərbaycan poeziyasından doğulub. Qapalı otaqda olan ağaclar yazın gəlişini hiss edib yarpaqladığı kimi, quşlar səhər yox, səhərin gəldiyini duyub oyanır, oxumağa başlayırlar. Füzuli də elə o duyğu ilə “Leyli və Məcnun”u Azərbaycan şairi kimi yazıb. Azərbaycanda da xalq Füzulini görmədiyi və yaxşı tanımadığı halda “dərd, əzab” barədə gileylənəndə məhz Füzulinin dilindən adı ilə iki misra yaradıb:
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər, bəxtəvər yaylağa çıxdı.
Füzuli qələminə layiq misralardı. Amma mən Füzuli yaradıcılığında bu misralara rast gəlməmişəm. Boynuma alım ki, mən Füzulişünas deyiləm, ola bilər var mən oxumamışam.
Mən ilk dəfə bu misraları atamdan eşidəndə on bir yaşım vardı, atamdan soruşdum:
- Ata, Füzuli ağdaşlıdı?
- Yox, oğul çox uzaq illərdə, uzaq ölkədə rəhmətə gedib.
- Ağdaşlı idi, eləmi?
- Deyirsən, qoy olsun ağdaşlı - deyib güldü.
- Bizdə bədii tərcümə sahəsində vəziyyət
necədir? Mümkünsə, Sovet dövrü ilə müqayisəli şəkildə
fikir bildirərdiniz.
Bu, nizamlanmaya, nəzarətə ehtiyacı olan bir sahədir. SSRİ dövründə bu sahə saat kimi işləyirdi. İllərin planı tutulurdu. Bu məkanda olan yaşlı yazıçıların da, gənc və istedadlı tanınmış yazıçıların da kitabları plana salınırdı. Tərcüməçilər təyin olunurdu. Bu da təsərrüfatın bir sahəsi kimi planlı şəkildə yerinə yetirilirdi. Bu sistem dağıldı. O sistem də ideal deyildi. Onun da mənfi, müsbət cəhətləri vardı. İndi müstəqil ölkəyik. Azadıq. Bir çox sahədə hələ təcrübəsiz olduğumuz gözə çarpır. Bu sahədə cavanıq. Amma iş görülür. İnkişaf var. Bu sahədə Prezidentin sərəncamları yerinə yetirilir. Dünya ədəbiyyatının inciləri dilimizə tərcümə edilib və edilir. Burda hər şey özümüzdən asılıdır. İstək var, imkan da var, görülən işlərdə görüləcək.
- Yaşınızın bu
ucalığından baxıb deyə bilərsinizmi illər
insanın daxili aləmini dəyişirmi?
- Daxili aləm varsa, yəni Allah veribsə illər insanın köməyi ilə onu dəyişə bilər. Baxır hansı istiqamətə.
- Sizin həyat kredonuz?
- Hər insanın qəlbində Allahın vicdan adlı kiçik bir səfiri var. Hər işi onunla razılaşdırıb görsən haqlı olarsan. Ən əsası isə hər axşam rahat yata bilərsən.
- Bəs
həyat formulunuz?
- Mən formulsuz yaşayıram.
- Gənclik
və uşaqlıq dövrünüzdən hansı
epizodlar yaddaşınıza
həkk olunub?
- İndi
mənim səksən
iki yaşım var. Əsərlərimizdə bu
sualın bir çoxuna cavab tapmaq olar.
- Ömrünüzün
müxtəlif dövrlərində
poeziyaya münasibətiniz
necə dəyişib?
- Mənim poeziyaya münasibətim məhəbbətdir. Məhəbbət insan ömrünün hər bir anında
onu yaşadan yanacaqdır. O necə
dəyişə bilər.
- Müasir Azərbaycan
poeziyasının mənfi
və müsbət cəhətləri haqqında
düşüncələrinizi bilmək istərdim.
- Bu poeziyada müasirlik də var, müsbət cəhətlər də çoxdur, mənfi cəhətləri də lazımca taparsan.
- Hansı
xalqların poeziyası
daha çox xoşunuza gəlir?
- Bütün xalqların xalq yaradıcılığı. Poeziyaya gəlincə,
ondan danışmaq üçün qalan ömrüm azlıq edər.
- Bilirəm
ki, rus poeziyasına
biganə deyilsiniz. Kimin və hansı misraları qəlbinizdə
yaşayır?
- Rus poeziyası okean kimidir. Onu qəlbə yerləşdirmək
olmaz. O poeziya səni uda bilər
öz məhəbbətilə,
səmimiliyi ilə səni həzm edər.
- Elə
məqamlar varmı ki, hərdən təəssüf hissi ilə xatırlayırsınız?
- Düzəldə
bilməyəcəyim keçmişi
xatırlamağı xoşlamıram.
Əsas odur ki, gələcəkdə
onları təkrar etməyim.
- Həyatınızda
sizi ən çox nə təsirləndirib: qəzəb
yoxsa biganəlik? Bəs yaxşılıq nümunəsi
kimi?
- Birinci biganəlik, ikinci yamanlığa yaxşılıq.
- Deyirlər,
insan yaşa dolduqca müdrikləşir.
Hansı vəziyyətdə
insan tez müdrikləşə bilər,
hansı vəziyyətdə
müdriklik gecikə bilər?
- Məncə, müdriklik Allah payıdı.
Onun qocalığa cavanlığa
dəxli yoxdur. Şəraitə görə müdriklik
varsa, artıra bilərsən. Yoxsa, Allah sənə
müdriklik verməyibsə,
neyləmək olar.
Nəyə qadirsən onunla
yaşamaq lazımdır.
Görüləsi iş
çoxdur.
- Şairin əlinə
yüksək mövqe,
vəzifə keçsə,
necə düşünürsünüz,
qəddarlıq edə
bilərmi?
- Dad yarımçıq
əlindən. İstedadsız şairlər əlinə
vəzifə keçsə
baş kəsər, həm də birinci növbədə istedadlı şair başı. Öz yarımçılıqlığının
hayıfını şairdən
alar. Amma əsl şair
üçün hökmranlıq,
yüksək vəzifə
ona ən ağır cəzadır.
- Şairlər xüsusi
növ insanlardır, yoxsa?
- Əlbət
ki, şairlər fərqlidirlər. Onlar öz barmaq
izləri kimi, həm öz həmkarlarından fərqlidirlər,
həm də başqa insanlardan. Bəzən də qəsdən fərqlənmək istəyirlər.
Şairlərin ən səmimi
anları yazdıqları
ən yaxşı şeirlərdədir.
- Hansı
filmlər sizin zövqünüzcədir? Təkrar baxa
bilərsiniz? Hansı kitabları
təkrar oxuya bilərsiniz?
- Sənədli filmləri, təbiətlə
bağlı çəkilənləri
sevirəm. Bir də məhəbbət
filmlərini. Şeir kitablarını,
“Qətl günü”nü
və “Don Kixot”u təkrar iki dəfə oxumuşam.
Hərdən darıxanda varaqlayıram.
Rəsul
Rzanın “Rənglər”ini
bizim bu, rəngi azalan dünyada tez-tez oxuyuram.
- Əgər sizə
dünyanı kamilləşdirmək
kimi bir imkan verilsəydi, nədən başlamağı
tövsiyə edərdiniz?
- Məsləhət
görərdim ki, hər kəs özünü kamilləşdirməkdən
başlasın.
Sevinc
HEYDƏROVA
525-ci qəzet.-
2017.- 11 fevral.- S.14.