Su kimi
sakit və güclü...
Rafiq
Əliyevin 75 yaşına
“Elə insanlar var ki, onlarla nəinki
ünsiyyətdə olanda, hətta onların haqqında
düşünəndə də ürəyin
açılır, ən sıxıntılı anlarında
da özündə bir güc, ümid və təskinlik
tapırsan. Belə
insanlar müxtəlif
peşə sahibləri
ola bilər:
alim, şair, rəssam... Rəhmətlik
Əbülfəz bəyi
yada salıb deyirəm: hətta siyasətçi də.
Dağın ucalığı onun zirvəsiylə ölçüldüyü
kimi, millətin böyüklüyü də
təkcə əhalisinin
sayı, ərazisinin genişliyilə deyil, həm də bu cür insanların
varlığıyla ölçülür. Mənim əziz
dostum, dünya şöhrətli alimimiz Rafiq Əliyev məhz bu cür,
öz millətinin böyüklük ölçüsü
olan şəxsiyyətlərdəndi.
Bu cür insanlar
hər millətin bəxtinə düşmür
və hər millət də bəxtinə düşən
bu cür insanları vaxtında qiymətləndirməyi bacarmır.
Hətta
bu cür insanları sancmaqdan zövq alanlar da tapılır, “uman yerdən küsərlər” deyib bu nankorluğa, naşükürlüyə haqq
qazandırmaq istəyənlər
də. Amma bunlar hamısı
xırda və adi şeylərdi. Adi olmayan isə, çox vaxt alimini nadan, şairini təlxək sifətində görməyə
adət eləmiş bizim bu gözəl
məmləkətimizdə də Rafiq Əliyev
kimi şəxsiyyətlərin
varlığıdı.
Biz onunla tez-tez bir yerdə
oluruq, müxtəlif məclislərdə, tamaşalarda,
konsertlərdə, xeyirdə,
şərdə... Və mən
hər yerdə insanların ona necə böyük sevgi və hörmətlə
yanaşdığını görürəm. Sevgi və
Hörmət. Bu iki söz çoxları
üçün bəlkə
də sinonim kimi səslənir. Amma bu belə deyil.
Ən hörmət elədiyimiz adam
ən sevdiyimiz adam olmaya da
bilər, ya da əksinə...
Uşaq vaxtı, məktəbdə
ən sevdiyimiz müəllimlər hansılarıydı? Dərs soruşanda
bizi o qədər də çətinə salmayan, babat cavab verənə yaxşı qiymət yazan rəhmli, ürəyiyumşaq müəllimlərimiz.
Bəs ən hörmət elədiklərimiz hansılarıydı?
Dərs soruşanda az qala canımızı alan, yaxşı qiymət canından kəlbətinlə
çıxan zəhmli,
sərt müəllimlərimiz.
Doğrudu, ikincilərə
olan hörmətin mayasında bir az qorxu
da vardı. Amma sinifdən sinifə keçdikcə ağlımız
çox şey kəsməyə başladı;
bizə qarşı çox sərt olan o zəhmli müəllimlərin müdiriyyət
qarşısında necə
əzilib-büzüldüyünü də gördük, həmin o ürəyiyumşaq
müəllimlərin heç
nədən qorxmadan müdiriyyətin üzünə
ən acı tənqidləri necə dediyini də eşitdik. Və başa düşdük ki, “ürəyiyumşaqlıq”
heç də “qorxaqlıq”, “sərtlik” heç də “mərdlik” demək deyil.
İnsan daha çox nədən qorxur; sudan,
yoxsa oddan? Əlbəttə ki, oddan.
Amma hansı daha güclüdü? Əlbəttə ki, su.
Mənim əziz dostum Rafiq Əliyev ən böyük yanğınları söndürməyə qadir olan su kimi sakit və güclüdü. O həm də su kimi saf və təmizdi.
“Su aydınlıqdı” deyiblər.
Nazim Hikmətin məşhur misraları yadıma düşür:
Su kənarında durmuşuq
çınarla mən.
Suyun şövqü vurur bizə,
çınarla mənə.
Bu gün 75 yaşını qeyd etdiyimiz böyük alimimiz Rafiq Əliyevin su kimi saf və təmiz ömrünün şövqü, işığı, havası, aydınlığı təkcə onun dostlarının yox, onu ürəkdən sevən, hörmət bəsləyən minlərlə insanın ömrünü, ağlını, düşüncəsini işıqlandırır, hətta öz ömründən, taleyindən, vətəndən, millətdən küskün olanların da ürəyində ümid oyadır.
Çünki bizim bu başıbəlalı məmləkətimizdə Rafiq Əliyev kimi şəxsiyyətlər varsa, özü qürbətdə olan gözəl şairimiz Məmməd İsmayıl demişkən, “hələ yaşamağa dəyər bir az da...”
Ramiz RÖVŞƏN
525-ci qəzet.- 2017.- 11 fevral.- S.19.