AZTV - elit televiziyanın cazibəsi

 

FEVRALIN 14-Ü AZƏRBAYCANDA TELEVİZİYANIN YARANDIĞI GÜNDÜR

 

 

 

Yaddaşımda qalan həzin xatirələrdən biri də televiziyaya baxmaq marağım olub. Uşaq vaxtı, lap elə gənclik illərində izlədiyim verilişlər bugünkü gündə   hafizəmdən silinməyib.

 

O zaman cəmi bircə televiziyamız vardı və televizor da hər bir ailənin ən dəyərli əmlakı hesab edilərdi. Evimizin yuxarı başına qoyduğumuz bu canlı qutunun üstünə əldə hörülmüş örpək salar, sanki göz bəbəyimiz kimi əzizləyərdik.  O vaxtlar kəndimizdə işıqlarımız da fasilələrlə verilər, axşamlar  həsrətində olduğumuz verilişləri izləmək imkanımız olmayanda dərin bir kədərə dalardıq. Beləcə televiziya ailəmizin bir parçasına çevrilmişdi.   Ondan məlumat  öyrənirdik, hər dəfə kimləri isə tanıyırdıq. Gözümü açandan cazibəsindən çıxa bilmədiyimiz bu sehirli aləmin görüntülərindən sözün həqiqi mənasında həzz alırdıq...

 

Uzun illərdən sonra  milli televiziyamızın 60 illik yubileyi münasibəti ilə keçirilən təntənəli gecədə qədim televizorun görüntüsünü görən zaldakı insanların  nostalji hisslər yaşaması təbii ki, nəzərimdən qaçmadı. Şahidi oldum ki, eyni ilə mənim kimi köhnə televizorun həvəskarı olmuş minlərlə, milyonlarla insan üçün bu adi bir vərdiş deyil, sənəti təlqin edənlərə qibtə ilə baxanların macərası olub və indi isə sadəcə ötənləri kütlənin ülvi duyğularla anılması məqamıdır...

 

O zamanlar hamımız yeganə mövcud olan bir televiziyaya baxardıq. Hətta yadımdadır ki, "Hünər" verilişində itkin düşən qohumlarımızı axtarırdım. Müəllimin tapşırığı ilə "Şahmat"  verilişini izləyirdim. İbrətamiz filmlərə baxanda əsl sevginin necə olduğunu təsəvvürümdə canlandırır və xəyalən özümü bəzən həmin baş rolun müsbət qəhrəmanı kimi zənn edərdim. Televiziyada gördüklərimi əsl həyat həqiqəti sanar, deyilənləri mütləq hesab edər, ağlamalı kinolarından kövrələr, satirasından, yumorlu dəqiqələrindən üzüm gülər, könlüm sevinərdi.

 

Milli mentalitetə xidmət edən kanal                 

 

Tale elə gətirdi ki, universiteti bitirəndən sonra qısa bir müddət televiziyada çalışdım. Burda işləməyin, çalışmağın çətin olduğunu dərk etməkdə yanılmamışdım və indinin özündə də ekranda mənəviyyatdan söhbət açanların  həqiqi şəxsiyyət olmasını görmək istəyənlərin sırasındayam. Televiziyanı  əlçatmaz  zirvə sandığımdan burda işləməyi mümkünsüz bilərək,  yüksəklikdən qorxan birisi kimi, Akrofobiyadan əziyyət çəkdiyimdən radioda özümü axtarmaq, qələm işlətmək qərarına gəldim.  Bugünün  özündə də televiziyaya baxışım dəyişməyib, onu ən ali bir qüvvə hesab edir və onu fəth edənlərin, əsl ekran fədailərinin (AZTV-nin keçmiş diktorlarının, telejurnalistlərin, bugünkü bəzi gənc əməkdaşların, şəxsiyyəti ilə nümunə olan insanların ) heyranıyam.

 

Çünki ali mədəniyyətin təbliğatçısı olan milli  televiziyada verilişlər könül oxşayır, insana zövq verir. Bugünkü bəzi televiziyalar kimi hər xırda məişət söhbətini ictimailəşdirmir. Evin  sirrini faş edən bir ailənin gerçək durumunu ictimai müzakirəyə təqdim edərək cəmiyyətin sağlam fikirlərinə mənfi aura gətirmir. Bəli ölkədə yeganə olan Azərbaycan Televiziyası  öz missiyasını ta əvvəldən uğurla yerinə yetirir və bugünkü gündə də öz ənənələrinə sadiq qalaraq tamaşaçı zövqünə uyğun proqramların istehsalı ilə məşğuldur. Mənim doğma, Milli, Ana  Televiziyam öz əxlaqi keyfiyyətləri ilə hər zamankı kimi yenə də xalqına xidmət göstərən, elinə dəyər verən, ictimai məfkurəyə, düşüncəyə müsbət mənada sirayət edən verilişləri ilə yeganə kanal  olaraq qalır.

 

AzTV müasir tələblər səviyyəsində yenidən quruldu

 

1956-cı il fevralın 14-də məişətimizə daxil olan,  ailəmizin ən yaxın həmdəminə çevrilən Azərbaycan Televiziyası 61 il ərzində dinamik inkişaf yolu keçib.  Aybaay, ilbəil təkmilləşərək dünənlə bugün arasında bir körpü olub. Gələcəyə işıq salan mayaka, mənəviyyatımızı saflaşdıran,  zövqümüzü formalaşdıran,  mili-mənəvi dəyərlərimizi, sərvətimizi, zəngin irsimizi, zəka səviyyəmizi  dünyaya təqdim və təbliğ edən  sənət ocağına çevrilib. Çəkilən hər bir kiçik anı belə yaddaşında saxlayaraq  zəngin filmotekaya  sahib olub. İstənilən bir günün, hər hansı tarixi  dövrün tədqiqi üçün televiziyanın  arxivində toplanan misilsiz sənədli faktlar,  qiymətli videoçəkilişlər xalqın tarixini əks  etdirən xəzinə toplusudur.

 

1965-ci ildən çəkiliş pavilyonunda istifadə olunan KMZI-4 videoyazı texnikası tamaşaların videomaqnit lentinə köçürülməsinə, 1970-72-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə, "Kadr-2" video sisteminin tətbiqinin montaj üçün əlverişli şərait yaratmasına səbəb olub. Bir sözlə 1970-1980-ci illərdə videotexnikanın  efirə yol açması və nəhayət müstəqil dövründə, xüsusən  son 10 ildə alınan təzə avadanlıqlar, teleməkanın sırf kompüter texnologiyaları ilə tam təmin olunması, zəruri maddi-texniki təchizatın dünya standartları səviyyəsində qurulması rəqəmsal yayımın tətbiqi ilə nəticələndi... Qeyri-xətti montaj stansiyalarının istehsalatda tətbiqi, Səyyar Teleyayım Stansiyalarının fəaliyyəti, Yaponiya, Amerika, Avropa istehsalı olan rəqəmsal avadanlıqlarla qurulmuş STS-lərin analoq və HD formatlarında çalışa bilməsi, "Xəzər", "Bahar", "Qarabağ", "Teleteatr" studiyalarının əsaslı təmiri, Aztv-nin yeni əlavə korpusunun inşası və Xəbərlər, informasiya proqramları, ictimai-siyasi verilişlər, tok-şoular, intellektual oyunlar üçün 4 müasir studiyanın  istifadəyə verilməsi əməkdaşların yaradıcılıq imkanlarını daha da genişləndirdi... 

 

Televiziyanın əvəzsiz rolu 

 

Ölkəmiz televiziyaya Şərqdə hamıdan birinci, Türkiyədən, İrandan və digər ölkərdən daha tez sahib olub. Əzəl gündən, yaranışından insanları cəlb edən bu "sehirli güzgü" indinin özündə də hər bir ailənin ən sevimli  vasitəsidir. Baxmayaraq ki, bu gün ölkəmizdə özəl telekanalların sayı çoxalıb, yenə  Azərbaycan Televiziyası özəl və fərqli yaradıcılıq üslubu ilə diqqət çəkir və tamaşaçı auditoriyasında özünə rəğbət yaradır. Çünki özünün təşəkkülü dövründə, milli mentalitetin, etik  ölçülərin gözlənilməsi, yaradanları yaşadanların, ən yaxşıların tanıdılması missiyasına xidmət edib. Televiziyamız sənətə sənətkarın gözüylə yanaşıb, xalıya ilmə atan naxışların rəngarəng dünyası kimi çeşidli sənət  incilərinin toplanışını reallaşdırıb, mədəniyyətin təlqininə, xalqın maariflənməsinə çalışıb, dedi-qodulardan uzaq tutulub, sırf milli dəyərlərimizin qorunmasına səy göstərilib.

 

Ötən ilin sonunda Milli radiomuzun 90, Ana televiziyamızın 60 illik yubileyi münasibəti ilə keçirilən təntənəli gecədəki təbrik çıxışında  Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi sözləri bir daha xatırlamaq yerinə düşər. "Cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin, estetik baxışların, humanist duyğuların və incə zövqün formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə teleradionun rolu əvəzsizdir. Televiziya və radio həm də böyük səfərbəredici və təbliğat imkanı olan qüdrətli idarəetmə vasitəsidir... Müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir. İnternet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85 faizinin informasiya ehtiyacını ödəyə bilir. Odur ki, vətəndaşlarımız hələ uzun illər teleradio məhsullarını həvəslə istehlak edəcək, onun bəxş etdiyi sevincli anlardan zövq alacaqdır...". 

 

AzTV böyük ailədir

 

61 il öncə Bakı studiyası ilə əsası qoyulan Ana Televiziya qol-budaq ataraq böyük bir kollektivə çevrilib. Əvvəlcə filmlərlə tamaçaçı görüşünə gələn, sonra publisistik verilişlərlə zənginləşən,  yüzlərlə teletamaşalar müəllifi olan,  ilk idman oyunlarından canlı bağlantı yaradan televiziyamızın potensial imkanları müasir dövrdə daha da genişlənib. İxtisaslaşmış ayrı -ayrı sahələrin differensasiyası nəticəsində yeni ekran məkanlarının vüsət almasına,  geniş profilli tamaşaçı auditoriyasının mövzu üzrə istiqamətlənməsinə, tipoloji şaxələnməsinə müvəffəq olub.

 

Aztv, İdman Azərbaycan Televiziyası, Mədəniyyət kanalı, Telefilm Yaradıcılıq Birliyi, Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi,  Səid  Rüstəmov  adına  Xalq  Çalğı  Alətləri  Orkestri, Niyazi   adına  Dövlət Simfonik   Orkestri, Cahangir Cahangirov  adına  xor, Tofiq  Əhmədov  adına  estrada-simfonik  orkestri, Əfsər Cavanşirov adına  "Bənövşə" uşaq  xoru, Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı, Əhməd Bakıxanov adına xalq  çalğı alətləri ansamblı, digər musiqi kollektivləri,  Televiziya Akademiyası və s. bütün bunlar Milli Televiziyamızın  böyük bir sferaya sahib olduğunu təsdiq edir.  

 

Aztv intibah dövrünü yaşayır

 

Milli Televiziyanın ekranında hər gün rast gəldiyimiz, müsiqi ilə müşayiət olunan kadrlar, paytaxtın parklarından və bulvarından çəkilişlər, dəyişən Bakımızın heyrətamiz görüntüləri və işıqlara qərq olunan rayonlarımızdan gecə vaxtı çəkilən fraqmentlər müstəqil dövlətimizin bugünkü siyasi fəaliyyətinə, regionlarda gedən dəyişikliklərə şahidlik edir...

 

Azərbaycanımızın hər yerində olduğu kimi Milli Televiziyamızda gedən  dəyişikliklər də göz qabağındadır.  Hazıırda intibah dövrünü yaşayan Ana Televiziyamız,  gecənin qaranlığında bərq vuran AzTV-nin yeni tikilmiş binası üzbəüzdə ucalan  Alov qüllələri ilə ətrafa bir gözəllik bəxş edir. Gündüzlər isə həyətində yaradılmış səliqə-səhmanı, salınmış  yaşıl xalıları, uca ağacları, səmasında dolaşan quşları göz oxşayan heyrətamiz mənzərə canlandırır. Bu füsunkar görüntülər  yazıb-yaratmaq eşqi ilə burda çalışanlara və eləcə də hər gün qapısını açan sənət əhlinə ilham verir. Hamı köhnə ekranın yeni duyğusal  gözəlliyindən, Aztv-nin bu günündən, müasirləşən və modernləşən görüntüsündən, keyfiyyət göstəricilərindən, bir sözlə ecazkar cazibəsindən danışır.

 

 

Şəlalə MƏHYƏDDİNQIZI

Azərbaycan Radiosunun redaktoru

 

 

525-ci qəzet.- 2017.- 14 fevral.- S.8.