Hamımız Vətənin əsgəriyik
Onu çoxdan tanıyıram, könül dünyasına yaxşı bələdəm. Həkimdi, xəstələrin sıxılcımlarına
ortaq olan həkimdi. Hərdən düşünürəm: həkim
olmasa, şair olardı Şahin, həkim olmasa, şair olmasa, bəstəkar olardı.
Şairliyi də, bəstəkarlığı
da həkimliyi qədər bəyənilir;
duyduqlarını şeirləşdirir
- şairdi, duyduqlarını
musiqiləşdirir - bəstəkardı. Şeiri də,
musiqisi də ürəyi kimi Vətənə köklənib.
Dönməz inam yiyəsidi.
Azərbaycan əsgərinə
“İgid əsgər,
möhkəm dayan!” - deyir, torpaqlarımız işğaldan
azad edilsin deyə hamımıza “Çağırır Vətən!”
- deyir, pilotlarımızın
uçuşlarını sözlə,
musiqiylə uğurlayır
- “Şahin”lər deyir,
şəhidliyi dövlətçiliyimizin
yaşamına, torpaqlarımızın
işğaldan azad edilməsinə çağırış
bilir - “Cənab leytenant” - deyir, hərdən düşüncələrinin
kövrəkliyinə təslim
olur - “Yollar yordumu səni?” - deyir. Bu sayğılı
sorğunu özünə
də ünvanlayır,
millətsevərlərə də... Sonacan nəfəs dərməmiş
pıçıldayır: “Yollar bizi yora
bilməz, yormağa qüdrəti çatmaz...”. Xalqa, millətə deyir.
Min-min illərin tarixinə
söykənib deyir...
Musa oğlu Şahin həkimdi...
Musa oğlu
Şahini sözü,
musiqisi, başlıcası
Vətənə sevgisi
Şahin Musaoğlu eləyib. Qəlbinin səsini yazır
Şahin; Masallının
Qızılavar kəndindən
başlayan yolun dönməz yolçusunun
qəlbinin səsi Azərbaycan əsgərinə,
torpağımıza, Vətənimizə
köklənib.
Bənzərsiz təbəssümündə sezilməsi
çətin olmayan bir qəhər də var. Bu qəhər torpaq qoxuyur - işğal olunmuş torpaqlarımızın qəhəridi,
közü kül altda qalmış ocaqlarımızın, söndürülmüş
çıraqlarımızın qəhəridi, tanıdığı-tanımadığı
şəhidlərimizin yarıda
qırılan ömürlərinin
qəhəridi. O qəhərdə
20 Yanvarın da rəngi var, 26 fevralın da, 1 aprelin də, 29 oktyabrın da...
Şahin - həkimdi, Şahin - şairdi, Şahin - bəstəkardı.
Eyni təxəyyülün üçlü
təzahürü vətəndaş
Şahin Musa oğlu Əbilovun ruhunun işığından süzülür. Bu işıq görənə,
duyana könül xoşluğudu, ruh rahatlığıdı. Yusif Mirzəyevə
yazmışdı “İgid
əsgər”i. Onda Goranboy əməliyyatının
qələbə sevincini
yaşayırdıq. Yusif döyüşlərə
qayıdacaqdı. Şahin kapitan
Yusif Mirzəyevi “İgid əsgər”lə
uğurladı; “Hamımız
əsgərik, hamımız
Vətənə əsgərik”
- deyirdi Şahin.
O gözəl, o bənzərsiz,
o duyğusal mahnını
Yusifin timsalında Azərbaycan əsgərinə
yazmışdı. Bu müraciət Şahin Musaoğlunun Vətən sevgisindən - Vətənə
sevgisindən boy göstərmişdi.
“İgid əsgər,
möhkəm dayan” Azərbaycan əsgərinə inam çiçəyinin ləçəyidi.
Lələtəpənin, Bayraqtəpənin
sinəsinə sığal
çəkən yellərə
qarışan, o yellərin
can köynəyinə dönən
inam indi daha qətiyyətlidi, daha dönməzdi.
Şahin Musaoğlu hərbçi olmasa da özünü
ordumuzun əsgəri bilir. Ordumuzun uğurları
onun da ürəyini
telləndirir, onun da könül dünyasının səyyarəsinə
dönür...
Birinci batalyon ordumuzun ilkinlərindən oldu. Müharibənin ağırlığı ilkin
olaraq onun çiyinlərinə düşdü,
ilk ağrılarını o çəkdi; uğursuz Daşaltı əməliyyatına
birinci batalyon cəlb edilmişdi. Neçəsi şəhid oldu,
neçəsi yaralandı.
Şahin
bunları kövrəkliklə
xatırlayırdı. Qurbanın, Bəhramın,
Seyidağanın, Füzulinin,
Heydərin, Elmanın...
yana-yana danışdıqlarını
Şahin yana-yana yaşayırdı. Göz yaşlarının
ürəyinə axdığını
duymaq, hiss eləmək
çətin deyildi.
Dinləyirdi - qaşları
çatılırdı, xatırlayırdı
- ürəyi uçunurdu;
uçunan ürəyinin
giziltisi misralaşırmış,
misralar musiqiləşirmiş.
Ürəyindən nələr keçdiyini
“Birinci batalyon” yazılana kimi kimsə bilmədi. “Birinci batalyon”
şəhidlərə elegiya
oldu, qazilərə təsəlli. “Birinci batalyon”u həm elegiya kimi dinlədik (dinləyirik), həm də inam kimi.
İnamımız şair inamına
oxucu inamıdı, bəstəkar inamına dinləyici inamıdı.
Bədii təfəkkürdən,
ruhdan süzülüb
gələn, ruhumuza qarışan, ruhumuzda yaşayan duyğudu “Birinci batalyon”...
Vətənpərvərlik Şahin
Musaoğlunun ömürlüyünün
qayəsidi; Vətən
istəyərsə küləyə
dönüb yarpaq da titrədər, selə dönüb gərəksiz daşları
axıdar da, yağışa dönüb
çilənə də
bilər, şimşəyə
dönüb çaxa
da bilər... Nə eləsə Şahin kimi eləyər.
Vətənin küləyi, seli, yağışı, şimşəyi...
də olmağa hazırdı, “mamır olub” Vətənin “qayasında mamır kimi bitməyə də”. Şahin Vətənin oğludu.
Şahin
Musaoğlu Vətən
üçün yaşayanlardandı.
Azərbaycan Yazıçılar Birliyi vətənpərvərlik
komissiyasının sədri
Şahin Musaoğlunun
“ən sadə, mürəkkəb cümləsinin
də əzəl mübtədası” Vətəndi.
Yazarların hər əsərini
Vətənə xidmət
kimi dəyərləndirir
Şahin Musaoğlu.
Yazıçılar Birliyi Müdafiə
Nazirliyi ilə fəaliyyətini ona həvalə edib. Orduya sevgiylə sözə sevgi bu fəaliyyətin uğurunun ağ
işığı olacaq,
şübhəsiz. Şübhəsiz ki, sözümüz Vətənin (və deməli, sözümüzün!)
keşiyini çəkənlərə
daha böyük həssaslıqla, sayğılarla
çatacaq. Sözümüz
“İgid əsgər,
möhkəm dayan!” deyəcək,
“Çağırır Vətən!”
deyəcək...
... Şahin Musaoğlu sözün
əsgəridi. Söz
Vətən üçündü;
Şahin Musaoğlu Vətənin əsgəridi...
Şahinin Əzizi
əzizimizdi, Ziyası
ziyamız...
...”İgid əsgər, möhkəm
dayan!”, “Çağırır Vətən!”
- müraciətləri həm
də bizlərə ünvanlanıb, bizlərin
sırasında Musa müəllimin
oğlu Şahinə
(həkim Şahinə,
şair Şahinə,
bəstəkar Şahinə,
birmənalı şəkildə
vətəndaş Şahinə)
- Şahin Musaoğluna
ünvanlanıb...
Şahin Musaoğlu da varlığıyla inanır
ki, Azərbaycan əsgəri Ali baş Komandanın əmrinə müntəzirdi. Torpaqlarımız
işğaldan azad ediləcək!..
Rəşid FAXRALI
525-ci qəzet.- 2017.- 11 fevral.- S.17.