"Yaxşı adamlara halaldır hörmət!"
XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏYƏ AÇIQ MƏKTUB
Hörmətli
Nəriman müəllim!
Bir neçə ay bundan əvvəl Siz mənə
çox dəyərli bir hədiyyə - 7 cildliyinizi göndərmişdiniz. Dünyamızın bu
çalpaşıq vaxtında, indi çox şeylərin -
münasibətlərin, nüfuzun, hörmətin maddiyyatla dəyərləndirildiyi
bir vaxtda, Sizin qiymətli hədiyyəniz məni
riqqətləndirdi. Neçəsini əzbər
bildiyim şeirlərinizi, dönə-dönə oxuduğum
pyeslərinizi, poemalarınızı, "Nabat xalanın
çörəyi" povestinizi bir daha oxudum. Kövrək, həzin, qürurlu hislər
yaşadım. İşıqlı
simanız gözlərim önünə gəldi. Atamla dostluğunuzu xatırladım. Onunla olan görüşlərinizi,
iştirakçısı olduğum söhbətlərinizi
yadıma saldım. Artıq şirin xatirəyə
dönmüş o günlərin xiffətini yaşadım.
Siz də yaxşı bilirsiniz ki, atam ədəbiyyatla
nəfəs alırdı. Ədəbiyyat
onun üçün ruhunun ehtiyacı, mənəviyyatının
qidası idi. Yaddaşında nə qədər
şeir var idi - Allah bilir. Atamın şeir
deməyi özü bir aləm idi. Onun ən çox
sevdiyi şeirlərdən biri də, Sizin "Sən məni
yad et" ("Lirik parça")
şeiri idi:
Salsa
kölgəsini yollara bulud,
Yanından
ötsə də, sən məni yad et.
Günəşi
ağ bulud, ya qara bulud,
Bir
anlıq örtsə də, sən məni yad et.
Qulağın
qəfildən bir səsə düşsə,
O, mənim
səsimdir, sən məni yad et.
Səhərin
mehiylə alnın öpüşsə,
Mənim
nəfəsimdi, sən məni yad et.
Alışıb
yanacaq üfüqdə könlüm,
O yolda, o
izdə sən məni yad et.
Nə qədər
səhər var, günəş var, gülüm,
Dünyada
mənsiz də sən məni yad et.
Mən bu şeiri atamın dilindən dəfələrlə
eşitmişəm və atam hər dəfə bu şeiri
söyləyərkən kövrələr, qəhərlənərdi. Bu şeiri mən də əzbər
bilirəm və mən də - 7 il bundan əvvəl
oğlum Əbili itirəndən sonra, bu əsrarəngiz
şeiri, yaddaşımda özüm- özümə
pıçıldayarkən kövrəlirəm, göz
yaşlarımı saxlaya bilmirəm.
Mən Sizin şeirlərinizi ilk dəfə nə vaxt
eşitmişəm - təbii ki, xatırlamıram. Amma bu bir həqiqətdir
ki, yeniyetməlik və gənclik illərimdə təkcə
mənim yox, mənim əksər yaşıdlarımın ən
çox sevdiyi, ən çox əzbərlədiyi şair Siz
idiniz. O illərdə mənim əhatəmdə olan həmyaşıdlarımın
ən çox ehtiyac duyduğu şeirlər Sizin
şeirləriniz idi. Bilirsiniz nəyə görə?
Çünki Sizin sevgi şeirləriniz son dərəcə
səmimi, pak idi. O şeirlərdə zərrə qədər
də olsun sünilik, saxtalıq yox idi.
Dünya yaranandan xeyirlə şər bir-biriylə mübarizə aparır və çox təəssüf ki, indi insanların bir qismi şərin tərəfindədir. Dünyamızı xaosa, fəlakətə, sonsuz uçuruma, qaranlığa sürükləyən bu qaraguruhla mübarizəni həmişə böyük ədəbiyyat, yəni bu ədəbiyyatı yaradan insanlar aparıb. Mən bu insanlara həmişə pərəstiş etmişəm. O insanlardan biri də Sizsiniz. Biz çox şeylərə görə Sizlərə borcluyuq və nə qədər ömrümüz var, bu borcdan çıxa bilməyəcəyik... Vaxtilə Mirzağa Quluzadə atama bir məktub yazmışdı. Həmin məktubdan bir hissəyə bu məktubda yer verməyə özümdə daxili bir ehtiyac hiss edirəm. Mirzağa müəllim atama xitabən yazırdı: "...Biz səninlə xoşbəxt adamlarıq. Çünki bizim bitməz-tükənməz fikir, sənət xəzinəmiz var: Nizami, Xaqani, Nəsimi, Füzuli, Sabir, Səməd Vurğun xəzinəsi. Bu xəzinədə hər cür dərdin dərmanı var.
Buna görə də heç bir xəstəlikdən qorxma. İşin müşkülə düşəndə bu həkimlərin "aptek"inə müraciət elə. Orda yaxşı ətirli, təsirli dərmanlar taparsan... Bunlar elə cəvahiratdır ki, adama ləzzət verir. Budur Nizaminin "aptek"ində gör necə şəfalı dərmanlar var:
Məyus olma qara gündə, həyatın bir qanunu var,
Qatı qara buludlardan inci kimi yağış yağar.
Qara
saçlı gecələrin yavrusudur al səhərlər
Qara qoyun əmcəyindən
körpə quzu ağ süd əmər.
Bir danəni
öz qoynunda gizlətməsə qara torpaq
Nə dünyada danə olar, nə gül-çiçək,
nə bağça-bağ".
Hörmətli
Nəriman müəllim! Mən Sizin şeirlərinizi
çox sevirəm. Ömrümün elə duyğulu
anları olub ki, o duyğudan doğan məsudluğumu Sizin şeirlərinizlə
bölüşmüşəm. Eyni zamanda kədərli,
hansı haqsızlıqdansa sıxıldığım, yaxud
başa düşülmədiyim, bilərəkdən ya bilməyərəkdən
anlaşılmadığım və bu səbəbdən də
incidiyim, əzab çəkdiyim məqamlarda da köməyimə
gələn Sizin şeirləriniz olub:
Üzümü
xoş görüb, xoşbəxt deyirsən,
Ağrı
içimdədi, yara içimdə
Dərdimi
soruşma, a dərdini alım,
Gəl
axtar içimdə, ara içimdə.
Qapalı
ümmandı elə bir sinə,
Çalxanır, sığışmır öz
hövzəsinə.
Qızıl balıq kimi üzür tərsinə.
Ürəyi salıblar tora, içimdə.
Ürəkdən
çəkirəm, ürək acıyam,
Fikir dünyasıyam, söz yamacıyam.
Özüm
özüm boyda dar ağacıyam,
Dara çəkilirəm, dara, içimdə.
Çingiz Aytmatov deyirdi ki, "İnsanlar mənə
onların adından danışmaq səlahiyyəti verib". Ölməz əsərlər
müəllifi Aytmatov tamamilə haqlı idi. Bu səlahiyyət eyni zamanda, digər böyük qələm
sahiblərinə də aiddir.
Düzdür, bu səlahiyyət sahiblərinin
başı çox zaman yazdıqlarına görə bəlalar
da çəkib. Amma bütün bu xoşagəlməzliklərə
rəğmən, nəticədə qazanan cəmiyyət olub.
İnsanlıq olub... Əsl
şairlər görünməyənləri görənlər,
ürəkdəki mübhəmləri çox aydın, dəqiq
şəkildə kağıza köçürənlər, əgər
belə demək təbiri-caizsə, ürəyə
sancılmış tikanı çıxaranlardır. Mən "Kimin sualı var?" poemasının
çap olunduğu zamanları xatırlayıram. "Kimin sualı var?" cəmiyyətdə necə
rezonans doğurmuşdu, o da yadımdadı. Yalnız cəmiyyətdəki
çatışmazlıqlardan narahat olan, insanlıq
üçün özünü cavabdeh hesab edən insanlar
"Kimin sualı var?" kimi əsərlər yaza bilərlər.
"Atabəylər", "Pompeyin Qafqaza
yürüşü", "Nuru paşa", "Seyid
Nigari türbəsi", "Nəriman" kimi əsərlər,
ruh oxşayan gözəl şeirlər yazan ədiblərə
- insanlar böyük məmnuniyyətlə öz adlarından
danışmaq səlahiyyəti verirlər.
Nəriman müəllim! Əvvəllər çox gözəl bir ənənəmiz var idi. İnsanlar bir-birinə hədiyyə olaraq kitab bağışlayardılar. Rəhmətlik atam üçün kitabdan qiymətli heç nə yox idi. Onun bu xüsusiyyəti mənə də keçib. Və nə yaxşı ki, bu belədir. Sizin mənə hədiyyə göndərdiyiniz kitabları oxuyuram. Bu kitablardan aldığım zövqü başqa nədən ala bilərəm ki?... Çox təəssüf ki, həmin adət - insanların bir-birinə kitab hədiyyə etmələri, indi tək-tük istisnalar olmaqla aradan qalxıb. Nəinki aradan qalxıb... Təxminən 4-5 il bundan əvvəl gördüyüm acı bir hadisəni xatırlayıram. Bir zibillikdə "Çalıquşu" kitabını görmüşdüm. "Çalıquşu"nu zibillikdə görəndə keçirdiyim ağrılı hissləri ifadə etməyə indi də çətinlik çəkirəm. Atamda "Çalıquşu"nun qədim bir nəşri var idi. O kitab bizim üçün nə qədər müqəddəsdi... O kitabın vərəqlərində atamın göz yaslarının izi var. Atam danışırdı ki, qırxıncı, əllinci illərdə məhz o kitabı oxumaq üçün hətta qonşu Salyandan dostlarım bizə gələrdi, iki gün evimizdə qalıb bu kitabı oxuyardılar. "Çalıquşu"nu zibilliyə atan kim idisə, əslində öz mənəviyyatını zibilliyə atmışdı. Mənəviyyatdan könüllü imtina etmək isə, xeyirdən könüllü imtina edib, şərə sitayiş etməyə bərabərdir. Belə adamlar, qorxulu, eyni zamanda xəstə ruhlu adamlardır. Bütün zamanların dahisi Tolstoy "Nicat məhəbbətdədir" deyirdi. Tolstoyun dediyi məhəbbət elə Tolstoyun özünün yazdığı kitabların səhifələrindədir, "Xəmsə"dədir, "Məsnəvi"də, "Səfillər"də, "Hophopnamə"də, zibillikdən götürdüyüm indi kitabxanamda qoruduğum həmin "Çalıquşu"ndadır... və eyni zamanda bütün böyük kitablardadır.
Əzizim Nəriman müəllim! Bir dəfə Əziz Şərif Sizi Müşfiqin oğluna oxşadıb. Siz bu münasibətlə şeir də yazmısınız. Azərbaycanımızın bu böyük, nə acı ki, nakam şairinə, Azərbaycanın ən görkəmli şairləri şeirlər həsr edib. Unudulmaz Rəsul Rzanın Müşfiqə həsr etdiyi "Qızılgül olmayaydı" poeması təkcə poema deyil, Müşfiqə ucaldılmış ən böyük abidədir. Müşfiqin adı çəkiləndə hökmən Dilbər yada düşür - Müşfiq kimi taleyi kəm olan Dilbər. Sizin Dilbərə həsr etdiyiniz bir şeir var. Dilbər nisgilini, Dilbər dərdini. Dilbər taleyini ən incəliklərinə qədər bu şeirdə hiss edirəm:
Həkim, o Dilbərdi, ona yaxşı bax,
Müşfiqdən yadigar qalandı, həkim.
Könlünü alan yox, "Dilbərim! - deyən.
Qalan xəstəliyi yalandı, həkim.
Bəxt dövlət quşudu, uçub əlindən,
El xəbər tutmayıb el gözəlindən
Ayırma Dilbəri qızdan, gəlindən.
O gəlin qalıbdı, gəlindi, həkim.
Müşfiq həsrətiydi bir gülüşünə,
İndi gələn yoxdu heç görüşünə.
Nə özünə baxır, nə yerişinə,
Evi yox, dünyası talandı, həkim.
Mən bu şeiri neçə dəfə oxumuşam, neçə dəfə əzbər demişəm. Və hələ bu vaxta qədər olmayıb ki, bu şeiri hər deyəndə kədərli hisslər yaşamayım. Bu şeir mənə elə nisgilli anlar yaşadıb ki... Bu şeir həm də yaşı 30-a çatmamış nakam taleli Müşfiqə, dünyanın ən böyük sevgisinə layiq ikən, dünyanın ən amansız acılarını yaşamış zavallı Dilbərə yanıqlı bir elegiyadır.
Hörmətli Nəriman müəllim! Elə şei rləriniz var ki, həmin şeirlərlə bağlı mənim tez-tez xatırladığım əziz xatirələrim var. 1993-cü ilin 21 mayı idi. Xoş bir hadisə ilə bağlı Ziya Bünyadov, Bəkir Nəbiyev, Qabil, Gülhüseyn Hüseynoğlu, Əzizə Əhmədova, İsa İsmayılzadə, Səyavuş Sərxanlı bizə gəlmişdilər. Atamın ən yaxın dostlarından olan Qabil müəllimin istəyi ilə mən həmin məclisdə onun "Gedən yerim olaydı", " Küləkli havalarda, yağışlı havalarda" və daha bir neçə şeirini əzbər söylədim. Sonra Şəhriyarın, Bəxtiyar Vahabzadənin və digər böyük şairlərimizin şeirlərini.Və həmin məclisdə Sizin çox sevdiyim "Fikir eləmə" şeirinizi də dedim. Bu şeirin mənim üçün xüsusi bir özəlliyi var. Bu şeir ilk baxışda sevgi şeiri təsiri bağışlayır. Amma bu şeir həm də insanlara qayğıdan yaranan bir şeirdir. Bir müşkülü olan insana həyan olmaq duyğusundan yaranan şeirdir. Ziya Bünyadov şeirə diqqətlə qulaq asdı. Mən "Fikir eləmə" haqqında düşündüklərimi izah edəndən sonra, Ziya müəllim o şeiri yenidən deməyimi istədi. Sanki dediklərimin nə dərəcədə doğru olduğunu yoxlamaq istəyirdi. Təsəvvür edin, Ziya Bünyadovun istəyi ilə şeir söyləmək nə deməkdir. Mən şeiri onun istəyi ilə yenidən söylədim:
Sən fikir eləmə, gözəldir həyat,
nə qədər mən sağam, fikir eləmə.
Bugün yanındayam, sabah hardasa,
demə mən uzağam, fikir eləmə.
Sən
fikir eləmə, yeri qar alsa,
göyü bulud örtüb, dumanlar alsa.
Mən
odam, ocağam fikir eləmə,
yenə
yanacağam fikir eləmə.
Sən
fikir eləmə heç vaxt dünyada
mən
getsəm, sən qalsan... ayağın altda
Onda da
torpağam, fikir eləmə,
orda da
dayağam, fikir eləmə.
Ziya
müəllim diqqətlə qulaq asdı, sonra isə təkcə
ona xas olan bir ifadə ilə: "Əla şeirdir! Eşq olsun Nəriman Həsənzadəyə!"
- dedi. Şeir Ziya müəllimin çox
xoşuna gəlmişdi. Çünki həmin
şeiri vazıb ona verməyimi istədi.
Hörmətli Nəriman müəllim! İnsan yaşa dolduqca xatirələrə daha çox meyl edir. İtirdiyimiz insanların xatirələri ilə baş-başa qalmaq, onların ruhları ilə həmsöhbət olmaq kimidir. 1983-cü ilin iyul ayını xatırlayıram. Atamla birlikdə Hacıkənddə dincəlirdik. O vaxt Siz də Göygöldə dincəlirdiniz. Həm də səhv etmirəmsə, orada "Kimin sualı var?" poeması üzərində işləyirdiniz və yenə də zənnim məni aldatmırsa, həmin poemanı orada bitirdiniz. Hacıkənddə Sizinlə bir görüş təşkil elədilər. Unudulmaz, müqtədir sənətkarımız Məmmədrza Şeyxzamanov da Hacıkənddə bizimlə dincəlirdi. Heç yadımdan çıxmaz, o böyüklükdə sənətkar Sizinlə görüşə necə hazırlaşırdı. Mənə tapşırdı, mən Sizdən "Bir az möhlət istəyirəm ömürdən" kitabınızı alıb ona verdim. Məmmədrza Şeyxzamanov həmin görüşdə söyləyəcəyi şeirləri mənimlə birlikdə seçdi. Mən o vaxta qədər də, ondan sonra da çox görüşlərdə iştirak etmişəm. Amma elə görüşü nə o vaxta qədər, nə də ondan sonra görməmişəm. Bütün sanatoriyada dincələnlər o görüşdə idi. O vaxt Xanlar adlanan (indiki Göygöl) rayonundan, Gəncədən bu görüşə nə qədər adam gəlmişdi. Gəncədə yaşayan, Şeyxzamanovun dostu, "Dəli Kür" filmindəki Cahandar ağa - Ələddin Abbasov da bu görüşdə idi. Açıq havada, təbiətin qoynunda, insanların əksəriyyəti göy çəmənliyin üstündə əyləşib, bu nağılvari görüşə tamaşa edirdilər. Məruzəni atam elədi. O görüşdə mən də çıxış elədim. Məmmədrza Şeyxzamanov əfsanəvi bir səslə "Sən bağışladın" şeirini necə söylədi - bir Allah bilir. Elə günlər insan həyatında çox olmur. Və nə yaxşı ki, mən o günləri görmüşəm, Nəriman müəllim ! Həmin görüşdən yadigar qalan bir şəkli Sizə göndərirəm.
Əziz Nəriman müəllim! " Kimin sualı var?"
poemasında belə misralar var:
Yaxşı
adamları daim qoruyun,
Yaxşı
adamlara halaldır hörmət!
Yaxşı adamlara keşikçi qoyun,
Dağılar, çürüyər yoxsa cəmiyyət.
Mənim nəzərimdə həmin yaxşı adamlardan biri də Sizsiniz.
Allah Sizi qorusun!
Bir daha qiymətli hədiyyələrinizə - kitablara görə təşəkkür edirəm.
Dərin hörmətlə: Etibar İmamverdi oğlu Əbilov
Neftçala
27 yanvar 2017-ci il
525-ci qəzet.- 2017.- 14 fevral.- S.7.