Diplomatik dərs
Bugünlərdə xoş bir təsadüf nəticəsində vaxtilə
Azərbaycan Dövlət
Universitetində müəllimim
olmuş Xalq yazıçısı Mir Cəlalın
oğlu, ADA Universitetinin
rektoru Hafiz Paşayevlə
görüşdüm.
Qısa tanışlıqdan sonra qələmə aldığı,
adını eşitsəm
də rast gəlmədiyim “Bir səfirin manifesti” kitabını avtoqrafıyla
mənə bağışladı.
Ehtiram əlaməti olaraq kitabı iki əllə ondan qəbul edərkən dedim ki, uzağı iki günə oxuyub ürək sözlərimi bildirəcəm.
Güldü, qayıtdı ki,
inanıram, sən onu bircə günün içində
oxuyub qurtaracaqsan.
Doğrudan da dediyi düz çıxdı, oxudum və ürək sözlərimi
Hafiz müəllimə müraciətlə
qəzet vasitəsilə
yetirməyi lazım bildim.
Düz demişdiniz, Hafiz müəllim,
246 səhifəlik “Manifestinizi”
nəinki bir günə, hətta bir nəfəsə oxuyub tamamladım. Gec də olsa bu
möhtəşəm “İnsanlıq
fəlsəfənizə”, dünya
işlərindən baş
çıxarmaq üçün
bizlərə nişan verdiyiniz aydın yollara görə Sizə təşəkkür edir,
bu istiqamətdə görəcəyiniz işlərdə
uğur diləyirik.
Bu kitabda hər şey var; özünü gözə soxmaq naminə dəridən-qabıqdan
çıxmamaq, yüksək
mədəniyyət, təvazökarlıq,
oxucunu çaşdıra
biləcək epitetlərdən,
ibarə və terminlərdən imtina, mətləbin açılışına
birbaşa yardım edən yazı üslubu və ən əsası atanız Mir Cəlal müəllimə xas olan sadə, anlaşıqlı, yığcam
təhkiyə. Mənə ən
çox təsir edənsə demokratiya mövhumu barədə açıqlamalarınız, onun
heç də asan başa gəlməyən, hər
xalqa nəsib olmayan incəlik və üstünlükləri,
şərtləri barədə
təmtəraqsız cümlələrlə
bitkin bilgilər verməyiniz oldu. Yüksək
mədəniyyət çərçivəsində,
heç kəsin qəlbinə dəymədən
müxalifət funksionerlərinin,
“demokratiya şəhidlərinin”
müsbət cəhətləriylə
bahəm onların siyasət, diplomatik dairələrdə naşılıqlarından
həyati faktlarla misallar gətirməklə
oxucuları bir sıra gizlinlərdən agah edirsiniz.
Ulu öndər Heydər Əliyev fenomeniylə bağlı müşahidələrinizin şərhi isə bir ayrı aləm, daha geniş söhbət mövzusudur. Siz ölkəmizi ABŞ-da səfir kimi təmsil etdiyiniz illərdə Heydər Əliyevin Amerika prezidenti Bill Klintonla görüşündə etdiyi tarixi çıxışın, əsrin müqaviləsi kimi tarixə düşən neft kontraktını reallaşdırmaqla ölkəmizin dünya miqyasında tanınmasında göstərdiyi misilsiz xidmətlərin çoxlarına bəlli olmayan detallarını sadalamaqla göz önündə əsrarəngiz mənzərələr canlandırırsınız. Amerikada məskən salan şimallı-cənublu azərbaycanlıların yaşantıları, miqrant taleləri, qopduqları ictimai-siyasi quruluşların fərqliliyindən irəli gələn fikir ayrılıqları, orada çoxdan yaşayan yurddaşlarımız Züleyxa xanım Əsədullayeva, Tomris xanım Azəri, Əhməd Fruq, Söhrab Söbhani, “Bruklində yoxsulluq içində can verən” Azərbaycan Demokratik Cümhuriyyətinin ilk dövlət başçısı Xan Xoyskinin oğlu Əhməd Xan Xoyski haqqında verdiyiniz məlumatları ürək ağrısız oxumaq mümkün deyil. Birləşmiş Ştatlara, onun çoxsaylı, çoxtərkibli xalqına, insanlarının unikal xarakterinə olan rəğbətinizin izahıyla, bu ölkənin 200 ildən bəri formalaşmış demokratik dəyərləri barədəki düşüncələrinizlə bizləri məlumatlandırır, təsəvvürlərimizi genişləndirir, təzələyirsiz.
2007-ci ildə “Şərq-Qərb” mətbəəsində 1500 nüsxədə çap olunmuş bu qiymətli nəşrin bundan sonra daha 100.000 nüsxə çıxmasını, çoxsaylı dillərə tərcümə olunaraq yayılmasını, ən çox da xalqımızın hər bir vətəndaşının oxumasını, masaüstü kitabı olmasını arzulayıram. Çünki Siz bu kitabınızda təkcə yazıçı, publisist filosof, esseçi, salnaməçi kimi deyil (hərçənd kitabınızda sadaladığım janrların bütün ünsürləri var) həm də iti gözlü diplomat, görkəmli dövlət xadimi, elinin, vətəninin fədakar oğlu kimi boy göstərirsiniz. Bir sözlə əsərlərində incə yumorun, sərt satiranın, hər hansı mətləbi düz-düzənqulu yetirməyin mahir ustası kimi tanıdığımız görkəmli söz ustası Mir Cəlal müəllimin oğlu kimi. Yeni əsərlərinizi, bir- nəfəsə oxuyacağımız kitablarınızı görmək arzusuyla.
İntiqam MEHDİZADƏ
Yazıçı-publisist
525-ci qəzet.-
2017.- 11 fevral.- S.15.