Şəmşir ocağının iki
şərarəsi
Bəşər övladı bu dünyaya gələndən
həmişə əbədilik arzusunda, axtarışında
olub. Gah dirilik suyundan imdad diləyib, gah da sehrdə, əfsunda
nicat axtarıb. Və nəhayət, bu
"ölümlü-itimli dünyada" cismən əbədiliyin
namümkün olduğunu dərk etsə də, yenə
ümidini üzməyib, ölümsüzlük xəzinəsinin
qapısının açarının SÖZ olduğunu kəşf
edib.
Bu
gün, XXI əsrdə, dünyanın informasiya
baxımından çox kiçildiyi, qloballaşmanın
gündəmdən düşmədiyi, mədəniyyətlərin
inteqrasiyası, yaxınlaşması və dialoqu kimi məsələlərin
prioritet olduğu bir zamanda sözün gücünün, bəzən
ən qüdrətli sərkərdələrin, ən
müasir silahların belə, zamanında və yerində
deyilmiş, məharətlə işlədilmiş söz
qarşısında acizliyinin şahidi oluruq.
Minillər boyunca bəşəriyyətin
yaratdığı maddi-mənəvi sərvətlər
sırasında ən davamlı və etibarlısı da məhz
söz olub, dəyişən zamanın təzyiqlərinə
sinə gərməyi bacaran ən qiymətli dəyərlərimiz
də sözdə əbədiləşib.
Nəsillər yetirib, yaşadıb söz sənəti. Bu zəngin və
qədim mədəniyyətə malik ədəbiyyat fonunda
ayrıca götürülmüş hər hansı bir
şairin yaradıcılığı damlanın dənizə
nisbətində görünsə də, unutmaq olmaz ki, bu
kiçik damlalar olmadan dəniz də yaranmaz. Digər tərəfdən, hər bir şair öz
dövrünün oğlu olsa da, sələflərinin varisi və
tarixin yetişdirməsidir. Bu varislik borcu
"şairlik və zaman" kimi olduqca mürəkkəb və
çətin, çox sənətkar çiyinlərinin tab gətirməyəcəyi
qədər ağır, eyni zamanda, şərəfli bir
missiya ilə birləşdikdə tarixin ayrı-ayrı zaman və
nəsil kəsimləri arasındakı əlaqələr,
"körpülər" daha möhkəm və sıx
olur. Məhz elə buna görədir ki, hər bir bədii
yaradıcılıq
əlahiddə götürülmüş halda
deyil, "sələflər və xələflər"
prizmasından öyrənilib dəyərləndiriləndə
daha ədalətli qiymətini alır. Əsrlərdir Azərbaycan
bədii düşüncə xəzinəsinin açarı,
onun ən qiymətli inciləri sələflərdən xələflərə
bir əmanət kimi tapşırılıb, qorunub
saxlanılıb, fikir, ideya, poetik gözəlliklər
baxımından daha da zənginləşdirilib, təkcə bədii
sənət nümunəsi olmaqla qalmayıb, milli-mental dəyərlərimizin,
mənəvi varlığımızın rəmzi sayılan,
xalqımıza xas özəl keyfiyyətlərin
daşıyıcısına çevrilib, gen
yaddaşımızın ilmələrinin canlanmasında,
oyanmasında əvəzsiz istinadgah olub. Bu
münasibət və xüsusiyyətləri, ümumiyyətlə,
bir ədəbiyyatın ayrı-ayrı nəsilləri
arasında da görmək mümkündür, eyni zamanda bir
ocağın, bir nəsil şəcərəsinə məxsus
şair-sənətkarlar arasında da müşahidə etmək
olur. Ədəbiyyat tariximiz atanın
şeir-sənət yolunu davam etdirən onlarla qələm
sahibi tanıyır. Elə bunun ən
gözəl nümunəsi Gəncəli Nizaminin oğlu Məhəmməddir
ki, hələ gənc yaşlarından dahi şairin qiymətləndirdiyi,
hətta məsləhətini dinlədiyi qələm sahibi
kimi tanınmışdır.
Müasir Azərbaycan ədəbiyyatında nəslin
söz estafetini baba-ata və nəvə
ardıcıllığı ilə qəbul edən şairlər
ailəsinin ən seçilən nümunəsi Aşıq
Şəmşir ocağı və onun iki şərarəsi
- aşığın oğlu Qənbər Şəmşiroğlu
və nəvəsi Cavid Qənbəroğludur. Həm
oğulun, həm də nəvənin
yaradıcılığında ustad Aşıq Şəmşirin
ruhu duyulur, təsiri hiss olunur. Xalq hikmətindən,
aşıq poeziyasından süzülüb gələn təbiət
gözəlliklərinin heyranlıqla təsviri, sevgi hisslərinin
təmiz, sadə xalq danışıq dili ilə ifadəsi,
öyüd-nəsihətlə dolu ibrətamiz deyimlər və
s. bu təsirin inkarolunmaz təzahürüdür. Onlar özləri də bunu qürur hissi ilə
etiraf edirlər. Cavid Qənbəroğlunun
aşağıdakı bəndi də bu duyğulardan
yaranıb:
Sənətlə
qazandın şanı, şöhrəti,
Sənə sərvət oldu xalq məhəbbəti.
Mən səndən
öyrəndim şeiri-sənəti,
Hər kəlmə başında gəlirsən, baba.
Söz sənətkarını yaşadan ədəbiyyatın
özünün əbədi mövzularıdır. Heç bir zaman və məkan,
dil və din tanımayan əbədi mövzular...
Yarandığı dövrdən hikmət və mərifət,
fəlsəfi fikir xəzinəsi olan, əsas amal və qayəsi
insanı daxili-mənəvi kamilliyə yüksəltmək
olan Azərbaycan ədəbiyyatı ta əzəldən xeyirlə
şərin, işıqla qaranlığın, nurla zülmətin
və bunların fonunda iki dünyanın mübarizə
meydanı olmuş, bu meydanı idarə edən hakim-şairlər
isə acılı-şirinli həyatın təzadlı
olaylarını sözün poetik "güzgüsündə"
əks etdirərək, həyat həqiqətini ustalıqla bədii
həqiqətə çevirərək ədalətin zəfər
çalması üçün qələm
çalmışlar. Bu mənada Azərbaycan ədəbiyyatı
təkcə bədii düşüncənin deyil, həm də
fəlsəfi fikrin əsas təzahür və ifadə vasitəsidir.
Qənbər Şəmşiroğlunun yaradıcılığında
didaktik motivlərin üstünlüyü də Azərbaycan
aşıq poeziyasının mayasına hopmuş tərbiyəvi,
əxlaqi keyfiyyətlərin aşılanmasından irəli gəlir:
Babalar
deyibdi uludan-ulu:
Dovşana vursan da götürməz çulu.
Çox
igidlər olub dilinin qulu,
Olarsan bir fəqir kölə, heyifsən.
...Yaxşı
seç sadiqi, dostu satanı,
Ya ara qatanı, ya züy tutanı.
Şahmar
kimi yol üstündə yatanı,
Özünü verərsən yelə, heyifsən.
Bütün
zamanlarda öz cəlbediciliyini saxlayan sevgi mövzusu - vətənə,
torpağa, müqəddəs ideallara məhəbbət
"ruhunda Allah eşqi olan" Şəmşir
ocağının övladlarının da poeziyasından
qırmızı xətlə keçir. Təsadüfi deyil
ki, Füzuli Ramazanoğlu Qənbər Şəmşiroğlunun
poeziyasından bəhs edərkən yazır: "Qənbər
Şəmşiroğlu deyəndə ilk öncə gözlərimiz
önünə başı qarlı uca dağlarımız,
sinəsi sevgi dolu abır-ismət rəmzi olan qız-gəlinlərimiz,
yamacını gül-çiçək bəzəyən
çəmənlərimiz, laləli düzlərimiz, gözəllik
tacı sayılan zümrüd meşələrimiz, yerin təkindən
qaynayan dişgöynədən buz bulaqlarımız,
yaraşıqlı gəlin hörüklərini xatırladan
gur şəlalələrimiz və başqa adlarını
saymaqla bitməyən mənzərələrimiz
canlanır".
Cavid Qənbəroğlu
isə yazır:
Bir ürək
istəyirəm -
oduna,
alovuna
el-obası qızınsın.
Bir ürək
istəyirəm -
axsa,
tökülsə qanı,
yerdə
"Vətən" yazılsın!
Doğma diyarın, milli dəyərlərin, adət-ənənələrin
məhrəmliyi, insanın qanına, ruhuna hopması qürbət
diyarda özünü daha çox büruzə verən
duyğudur.
Cavid Qənbəroğlunun "Özgə
torpağında", "Bəlkə" və başqa
şeirlərində bunun aydın ifadəsini
görürük:
Çaldılar,
eşitdim balalaykada,
İstədim könlümü ala, oynada.
İnanın,
kəşf etdim mən bu dünyada -
Doyam öz xalqımın sazıyla bəlkə.
Cavid Qənbəroğlu şeirlərinin əhvali-ruhiyyəsi
monoton deyildir.
Burada həyatı sevən, onun gözəlliklərinə
vurğun olan və bundan zövq alan bir
insanın ürək çırpıntıları aydın
hiss olunur. O, sevginin gücünə inanır, bəqaya-əbədiliyə
gedən yolun ondan keçdiyini dərk edir:
İnsanlığın
günəşidir
Nur gətirən ulu sevgi.
Ölməzliyə
qovuşmağın
Nərdivanı, yolu - sevgi.
Tanrı
tərəfindən qəlbinə "sevmək" kimi ən
ülvi hiss bəxş olunan insan bu gün də əsrlərlə
əvvəl yaşanmış, yazılmış eşq
duyğularını eyni həyəcan və zövqlə
yaşayır, oxuyur. Yüzillər keçsə
də, gözəllik, əxlaq, davranış və sairənin
ölçüləri dəyişsə də, aşiqlər
yenə sevir, hicran dərdi çəkir və vəfasızlıqdan
gileylənirlər. Yəhya Kamalın
sözləri ilə desək, "şeirdə dil, zövq,
fikir, məzmun - hər şey köhnələ bilər,
yalnız eşq köhnəlməz, həmişə təzədir".
Cavidin lirikasında da klassik poeziyamızdan üzü bəri
bütün zamanlarda şeirimizin başlıca
mövzularından olan hicran dərdi, vüsal həsrəti də
özünün kövrək ifadəsini tapmışdır:
Yazan belə yazdı, pozusu varmı?
Sən mənim yoluma çıxmamalıydın.
Kiminsə
könlünə bər-bəzək vurub,
Mənim ürəyimi yıxmamalıydın.
Ümumiyyətlə, hər bir şərqli təfəkkür
və düşüncəsində möhtəşəm bir
abidənin əksi var. Bu, eşq və aşiqliyin, qəm və
kədərin rəmzi olan aşiq obrazıdır. Bu elə bir dərddir
ki, Ondan yox, Ona doğru can atmaq hər kəs üçün
hünər, cəsarət, fədakarlıq meyarıdır.
Bu elə bir qəmdir ki, cəfası da zövq
verir. Bu elə bir bəladır ki, hər
kəs yoluxmaq istər. Cünki bu dərd
- "Peyvəstə məni əsiri-ğəm qıl, Kəm
qılma nəsibimi, kərəm qıl" (Füzuli) - deyə,
Tanrıdan dərd-qəm, həm də "kamil bir dərd"
istəyən Məcnun dərdidir. Məhəbbət
poeziyasının aşiq qəhrəmanının mübtəla
olduğu və hər kəsin çəkə bilməyəcəyi
Məcnun dərdi...
Bəzən isə Cavid dünya, yaşam haqqında fəlsəfi
düşüncələrə dalır, bəzən
küsür, inciyir, bəzən ümidsizlik telləri nikbin
ruha üstün gəlir və s.
Əyri
olan bu dünyada
Çətin
imiş düz yaşamaq...
Ağrı-acı
yeyə-yeyə
Nəyə lazım yüz yaşamaq.
XX əsrin
son onilliyində xalqımızın düçar olduğu bəlalar,
uğradığımız haqsızlıqlar,
yaşadığımız qaçqınlıq və
köçkünlük həyatı, şairin dili ilə desək,
"vətənsizlik" dərdimiz, həsrətimiz Cavid Qənbəroğlunun
lirikasında bəzən çox kövrək, bəzən
isə olduqca üsyankar səslənir.
Şair təkcə doğma yerlərin, isti od-ocağın
deyil, yurdunun havasının da intizarını çəkir:
Tufan
qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşırıq bədənsiz.
Oba
köçdü, ellər qaldı Vətənsiz,
Dilim gəlmir
deyim yoxsan, Vətən! Ox!..
Yurd həsrəti
gözlərinin yaşına hopmuş, "Vətən"
sözü dilində qübar tutmuş şair ata və
oğul ilk beşikləri Kəlbəcərin, düşmən
əsirliyində qalan dağların həsrəti ilə dərdlərini
sözlərə düzürlər:
Xeyli
uzaqdadı, yaman kövrəlib,
Girən yoxdu qılığına dağların.
Əsirlikdə
sızıldayır, göynəyir,
Ünüm çatmır qulağına dağların.
(Qənbər
Şəmşiroğlu)
Torpağımı
taladılar, satdılar,
Qan içənlər çox günaha batdılar.
Sinəm
üstdə qəm tonqalı çatdılar,
Ağlamayım bəs neyləyim, xan Tərtər?!
(Cavid Qənbəroğlu)
Dədə
Şəmşirin ocağından boy verən, ulu sənətkarın
və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının
dəyərlərindən qaynaqlanan Qənbər Şəmşiroğlu
və Cavid Qənbəroğlu poeziyası sözün həqiqi
mənasında vətəninə, xalqına, onun
inkişafına və gələcəyinə xidmət edən,
müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsinə,
böyüməkdə olan nəslə doğru yolu - müəllifi
Ulu Öndər olan, möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla davam və inkişaf
etdirilən Azərbaycançılıq yolunu göstərməyi
bacaran bir poeziyadır və inanırıq ki, bu
yaradıcılığın ömrü sözün, sənətin
ömrü qədər olacaq.
Jalə
ƏLİYEVA
Filologiya
elmləri doktoru, professor, Milli Məclisin Mədəniyyət
komitəsinin sədr müavini
525-ci qəzet.- 2017.- 14 fevral.- S.6.