Britaniya muzeylərindəki türk və müsəlman əsərləri

 

BİLMƏDİKLƏRİMİZ VƏ ÖYRƏNMƏLİ OLDUQLARIMIZ HAQQINDA QEYDLƏR

 

 (Əvvəli 10 fevral sayımızda)

 

Milli-mənəvi mədəniyyətimizin böyük bir qismi türk və islam kültürünün ortaq düşüncəsi əsasında formalaşıb.

 

Türklərin Şərqdə geniş ərazilərə və istər dövlətçilik, istərsə də kültür baxımından əhəmiyyətli təsirə malik olması Misir, Sudan və digər ölkələrə aid nümunələrdə də öz izlərini göstərməkdədir. Muhsin Kadıoğlu həm ayrıca islam əsərlərini öyrənmiş, həm də qeyri-türk mədəniyyətlərində türk izlərinin ortaya çıxarılmasına önəm vermişdir. Yazar bütün kültürü ilə bir türk səyyahı kimi Qərbdə təqdim olunan milli tariximizə işıq tutmuşdur.

 

Qlazqo muzeylərində İslam əsərləri içərisində X əsrdə Misirdə hakimiyyətdə olmuş Fatimi dövrünə aid şüşə yeməq qabı, Fatimi dövləti zamanında Füstatda X-XII əsrlərdə hazırlanmış şüşə qablar, X-XI əsrlərə aid şüşə sklet, XI əsrdə hazırlanmış sürahi, qılınc və mahmuz iynəsi, XII əsrdə yaradılmış çıraq, Əyyubi dövləti (1171-1250) dövründə Suriyanın Rakka şəhərində hazırlanmış kasa, XIII əsrə aid tas, üzərində "Zəfər Muhəmmədindir" yazılan və XII əsrə aid  gil qab, İspaniyada İslam mədəniyyətinin misilsiz nümunələri olan Əndəlüs keramikaları, İspaniyada hökm sürən Nasrid Əmirliyi (1013-1492) dövründə xristian hökmranlığı altında Paternada yaşayan müsəlmanlar tərəfindən XIV əsrdə hazırlanan kasa, XV yüzillikdə Valensiyada hazırlanmış kasa, XV-XVI əsrlərə aid, zorla xristianlaşdırılmış müsəlmanlar tərəfindən Manisesdə hazırlanmış boşqab, XVII əsrdə Osmanlı imperatorluğunun Anadolu torpaqlarında yaratdığı "asılı-işləməli divar" və digər İslam əsərləri vardır ki, bunlar da Muhsin Kadıoğlunun Qlazqo və ümumiyyətlə, Şotlandiya muzeyləri haqqında yazdığı kitablarda geniş yer tutmuş və dəyərləndirilmişdir.

 

Osmanlı imperatorluğu zamanı türk mədəniyyətinin yaratdığı ölməz əsərlər də Qlazqo muzeylərində say etibarilə mühüm yer tutur. Muzeyçilik fəaliyyətini türk kültürünə həsr etmiş Muhsin Kadıoğlunun kitablarında, təbii ki, sözügedən incəsənət nümunələri də önəmli sıradadır. XIII əsrə aid pəncərə qoruması, XIV əsrdən başlayaraq XIX əsr də daxil olmaqla hər yüzilliyə aid sürahilər, yastıq örtükləri, kətan üzərindəki işləmələr, müxtəlif  böyüklükdə olan səccadələr, divar plitələri, Şamda 1545-ci ildə hazırlanmış İznik tərzindəki keramik boşqab, XV, XVI, XVII əsrlərdə İznikdə hazırlanmış boşqablar, XVII əsrə aid ipək işləmələri, XVII əsrdə Türkiyədə hazırlanmış ilməli kətan və nağış, XIX əsrə aid işləməli başlıqlar, qaz lampaları, gözmuncuqları və digər sənət əsərləri 1299-1923-cü illəri əhatə edən Osmanlı imperatorluğu dönəmində zəngin və inkişaf etmiş türk sənəti və sənətkarlığından xəbər verir.

 

Ümumiyyətlə, Qlazqo şəhərindəki muzey və digər tarixi yerlərdəki islam əsərləri Mərkəzi Asiya, Orta Şərq, Afrika və İspaniyadan gətirilmişdir. Bunlar X-XI əsrlərdən başlayaraq XIX əsrin 70-ci illərinə qədərki dövrü əhatə edir. Bu eksponatlar The Burrell Collection - Barrell Kolleksiyaları, The St Mungo Museum of Religious Life and Art - Dinlərin həyatı və İncəsənəti muzeyi, Glasgow Museums Resource Centre - Qlazqo Resurslar Mərkəzi muzeyi və Kelvingrove Art Gallery and Museum - Kelvinqrov İncəsənət Qalereyası və Muzeyində toplanmışdır.

 

Burrell Collection - Barrell Kolleksiyaları Şotlandiyanın Qlazqo şəhərinin cənubunda Pollok Country Park - Pollok Ölkə Parkında yerləşən incəsənət nümunələrindən ibarət muzeydir. Muzey 1983-cü ildə yaradılmışdır. Bu sənət guşəsi zəngin gəmi maqnatı və kolleksiyaçı Uilliam Barrell tərəfindən Qlazqoya 1944-cü ildə hədiyyə edilmiş kolleksiyalarla bağlı təşkil olunduğu üçün belə adlandırılmışdır. Uilliam Barrellin hədiyyə etdiyi kolleksiyalar içərisində muzeydə olan İslam əsərlərinin böyük bir qismi də vardır. Burada İran və Mughal - Baburlar dövləti dövrünə aid hind keramikaları və xalçaları, Türkiyə və Özbəkistan tekstil və naxışları, eləcə də İslam dünyasına məxsus digər əsərlər vardır. İslam dünyasına aid eksponatlar içərisində xalçalar, bədii tikmələr, xəttatlıq, rəssamlıq,  dulusçuluk, şüşə və keramika əşyaları mövcuddur.

 

Onu da qeyd etmək vacibdir ki, İran keramika və xalçaları adı ilə təqdim olunan eksponatlar arasında Cənubi Azərbaycana aid nümulər də mühüm yer tutur. Təəssüf ki, bir sıra Qərb muzeylərində olduğu kimi burada da Cənubi Azərbaycanın, xüsusilə də Səfəvilər və Qacarlar sülaləsinin hakimiyyəti dövrlərinə aid misilsiz sənət nümunələrimiz İran eksponatları adı ilə sərgilənir.

 

Burada bir məsələni də mütləq diqqətə almaq lazımdır. Tarixən türk imperatorluqlarının Şərq və Qərb dünyasında fərqli şəkildə adlandırılması, müəyyən qədər də qərbçilik siyasəti bəzi əsərlərimizin eksponatlar arasında "gizlənməsinə" səbəb olmuşdur. Bu incə məqam da Muhsin Kadıoğlunun diqqətindən kənarda qalmamışdır və çox əhəmiyyətli məsələ olaraq, Qərbdə milli-mənəvi mədəniyyətimizin ən kiçik nümunəsinə belə diqqətlə yanaşmamızı tələb edən və ziyalıların üzərinə yüklənən vəzifəni açıqlayan məqamlardandır.

 

 

Barrell Kolleksiyaları arasında türk əsərləri də daha çox seçilir. İstər muzeyə gətirilmiş ilk İslam əsərləri, istərsə də Hindistan, Misir, Suriya, Osmanlı Türkiyəsi və ərəb Afrikasından gətirilmiş ikinci qrup İslam eksponatları içərisində türk əsərləri xüsusi yer tutur. Nə qədər açıq qeyd olunmasa da, Baburlar, Məmlüklər, Osmanlılar, Səfəvilər, Qacarlar kimi əzəmətli türk dövrlərinə aid, onların hakimiyyətdə olduğu ölkələrdən gətirilmiş sənət əsərləri muzeyin türk kolleksiyasını zənginləşdirmişdir.

 

Barrell Kolleksiyalarının ən qədim eksponatları içərisində miladdan öncə VII əsrə aid, bürüncdən hazırlanmış öküz başı vardır. Barrell Kolleksiyalarında müşahidə etdiyimiz bu eksponat da Muhsin Kadıoğlunun kitabında yer almışdır.

 

Bu muzey türk xalçalarının təqdimi ilə də bizim üçün əhəmiyyətlidir. Burada Azərbaycan, Türkiyə və Özbəkistandan gətirilmiş xalçalar təqdim olunur. Türk xalçaları arasında 1800-cü ilə aid Bakı xalçası da sərgilənir. Elə bu bölmədə XVII-XVIII əsrlərə aid Ladik tipli digər türk xalçaları təqdim olunmuşdur.

 

Azərbaycan xalçaları arasında XIX əsrə aid Təbriz xalçası da öz gözəlliyi və işləmələri ilə muzeyin möhtəşəm əsərlərindəndir. 1838-ci il Azərbaycana aid namaz xalçası da kolleksiyalar içində sərgilənir.

 

Burada həmçinin XVII-XVIII əsr İran adı ilə verilmiş xalçalar və Qafqaz xalçaları adlandırılan nümunələr vardır. Diqqətimizi çəkən 1700-ci ilə aid "Əjdaha xalça" adlı Qafqaz xalçası haqqında belə bir məlumat verilmişdir: "Əjdaha xalça Qafqaz dağları ətrafında, Xəzər və Qara dəniz arasında yerləşən ərazidə hazırlanmışdır. Toxucularının erməni mənşəli olması fikri vardır, lakin bu sənətkarlar (əsnaflar) tez-tez Gürcüstan və Azərbaycan kimi qonşu ölkələrdə məskunlaşırdılar". Lakin dizayn və elementləri də bu sənət əsərinin türk xalçası olduğunu göstərməkdədir.

 

Barrell Kolleksiyalarının türk əsərləri arasında XVI əsr İznik qabları, XVII əsrin ikinci yarısına aid İznik küpəsi, 1650-1700-cü illərə aid İznik tayqulpu (tankard), XVII əsr İznik vazası, XIX əsr Buxara əmirliyi dövrü Özbəkistana aid divar asması, eləcə də qeyri-türk islam əsərləri arasında XVII-XIX əsrdə İrana aid xalçalar, X-XIII əsrlərə aid kasalar, XIII-XIV əsrə aid sürahilər vardır.

 

Qeyd etdik ki, Qərb muzeylərində türk əsərlərinin bir qismi İran eksponatları kimi təqdim olunmuşdur. Bu mənada Barrell Kolleksiyalarında maraqlı nümunələrdən biri də XIII-XIV əsrlər İran adı ilə göstərilmiş səkkizgüşəli fiqurlardır. Səkkizgüşənin olması artıq eksponatın türk əsəri olmasının göstərən faktdır. Muzeydə sözügedən dövrə aid digər səkkizgüşəli  nümunələr də vardır. İran başlığı altında verilən sürahilər, başqablar, keramikalar arasında da türk əsərləri üstünlük təşkil edir.

 

XVI əsrdə Çində Min hakimiyyəti dövrünə aid, üzərində ərəb əlifbası ilə xəttatlıq nümunəsi olan mina qab, müxtəlif dövrlərə aid Misir eksponatları, qablar, daş kitabələr, heykəllər, vazalar, İraqa aid çeşidli abidələr, oxatanlar, daş kitabələr Barrell Kolleksiyalarının təqdim etdiyi eksponatlardandır. Bu əsərlər də Muhsin Kadıoğlunun kitablarında öz əksini tapmış, toplanmış və şərh edilmişdir.

 

Muhsin Kadıoğlunun türk kültürünə həssaslıqla yanaşması bir məsələni də diqqətə çatdırmağa zərurət yaradır. Bir çox Qərb muzeylərində olduğu kimi, Böyük Britaniyada olan muzeylərdə də türk əsərlərinə münasibətdə düzgün olmayan yanaşmalara təsadüf edirik. Bəzən türk əsərlərinin diqqətdən kənarda saxlanılması, bəzən fərqli şəkildə təqdimi, digər hallarda isə türkləri aşağılamaq təşəbbüsləri bu muzeylərdən də yan keçməmişdir. Muhsin Kadıoğlunun ən böyük xidmətlərindən biri də sözügedən problemləri ortaya çıxarması, onları diqqətə çatdırmasıdır.

 

Muzeyləri gəzərkən eksponatlara düşüncə ilə yanaşmaq, məlumatlı olmaq və eyni zamanda, xətalara qarşı həssaslıq göstərmək lazımdır. Möhtəşəm, əzəmətli, zəngin Qərb muzeyləri də xətalardan əksik deyil. Muhsin Kadıoğlunu haqlı olaraq vurğuladığı kimi, "Qərb dünyasında da ciddi bilgi xətalarına yol verilir. Bu səbəbdən, hər bilginin doğruluğunu israrla öyrənmək gərəkdir".

 

"Aberden gezi rehberi" adlı muzeylərdən bəhs edən kitabını yazarkən də Muhsin Kadıoğlu uyğun problemlə qarşılaşdığını qeyd edir.

 

Muhsin Kadıoğlunun muzeylərlə bağlı əsərlərinin bir ümumi xətti vardır: qədim və zəngin türk kültürünü araşdırmaq, toplamaq, millətimizə və dünyaya təqdim etmək, bu zəngin irsi gələcək nəsillərə ötürmək!

 

Dünya mədəniyyətinin nadir inciləri arasında öz əzəməti, tarixiliyi, sənət imkanları ilə layiqli yer tutan əsərlərimizə sahib çıxmağı bacarmalıyıq. Bunun üçün də milli tarix və mədəni irsimizdən xəbərdar olmalı, tarixə yoldaşlıq etmiş sənət abidələrimizi tanımalıyıq. Muhsin Kadıoğlunun yazdığı kimi: "... Bir az coğrafiya, tarix, mifologiya və sənət bilgisi gəzdiyiniz yerlərə, gördüyünüz əsərlərə əlavə anlam gətirir. Kim bilir, bəlkə də o əsərləri otuz nəsil öncəsində sizin babalarınız ərsəyə gətirib. O xalıları, kilimleri ulu nənələriniz toxuyub. Bizim o əsərlərin yanına gəlib, onlardan mənəvi həzz almamağımız mümkündürmü?"

 

Bəsirə ƏZİZƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

525-ci qəzet.- 2017.- 14 fevral.- S.4.