Londonda üç gün
Yanvarın 24-də Böyük Britaniyanın paytaxtında Azərbaycanımızın, tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin dünyada tanıdılması, təbliğ olunması yolunda çox mühüm bir tədbir keçirildi, “Azərbaycanı və Qafqazı öyrənən Böyük Britaniya Fondu”nun təqdimatı oldu.
Fondun yaradalımasının əsas təşəbbüskarı və Azərbaycan tərəfindən rəhbəri Milli Elmlər Akademiyamızın müxbir üzvü professor Nərgiz Paşayevadır. Bu təqdimat münasibətiylə Londona Azərbaycandan bir dəstə ziyalı da dəvət olunmuşdu. Nərgiz xanımın dəvətiylə mən də təqdimatda iştirak etdim.
Bakıyla London arasında vaxt fərqi 4 saatdır və “AZAL”ın uçağı bizi yanvarın 24-də İngiltərənin baş şəhərinə çatdıranda gecənin yarısı idi. Böyük Holland rəssamının adını daşıyan “Rembrant” otelində yerləşdik. Otelimiz dünyanın ən böyük sənət və dizayn muzeyi - Viktoriya və Albert muzeyiylə üzbəüz idi. Səhəri gün tədbir də bu muzeydə keçiriləcəkdi. Tədbir axşama nəzərdə tutumuşdu, 25-də axşamı gözləmədən elə gündüz üçümüz - akademik Vasim Məmmədəliyev, gənc tarixçi professor Altay Göyüşov və mən bu muzeyə baş çəkdik. Bu ilk növbədə xalqımızın bu muzeydə saxlanan nadir sənət incisi “Şeyx Səfi” xalçasını yenidən seyr etmək arzusuyla bağlı idi. Vasim də, mən də Londonda daha əvvəllər də olmuşduq - bu şəhərin əsas yerlərini - Parlaman binasını, Kral sarayını, Vestminser abbatlığını, Taueri, Müqəddəs Pavel kilsəsini, Hayd parkı, K.Marksın dəfn edildiyi Hayqet məzarlığını, “Madam Tüsso muzeyi”ni, Viktoriya - Albert muzeyini və bu muzeyin bizimçün ən dəyərli eksponatını Şeyx Səfi xalçasını görmüşdük.… Altay isə bu möcüzə - xalçanın şəklini yox, əslini ilk dəfə görürdü. Yeri gəlmişkən, bir müddət ABŞ-da Los-Anjelosda işləmiş çox məlumatlı gənc tarixçi, professor Altayla tanışlıqdan, ünsiyyətdən məmnun qaldım.
Yaxşı yadımda qalmışdı ki, xalı muzeyin birinci mərtəbəsindədir və ilk dəfə gördüyümdə divardan asılmışdı. İndi də birinci mərtəbədədir, amma divardan asılmayıb, yerə sərilib və bu bəlkə xalıyçün daha təbiidir. Səfəvi xalçasının başına dolana-dolana düşünürdüm ki, xalqımızın əsrlər boyu yaratdığı sərvətlər sırasında “Şeyx Səfi xalçası” da poeziyada Nizami, Nəsimi, Füzuli irsi, rəssamlıqda Sultan Məhəmməd miniatürləri, memarlıqda Qız Qalası, Mömünə Xatun türbəsi, Şəki Xan Sarayı, musiqidə muğam dəstgahları kimi sənətimizin zirvələrindən, şah əsərlərindəndir. Böyük qürur hissiylə xalının yanında vurulmuş lövhəylə tanış oluruq. Lövhədə göstərilir ki, bu xalça XVI əsrdə Azərbaycanın (məhz Azərbaycanın!) Ərdəbil şəhərində toxunub.
Şeyx Səfi xalçası dünyanın ƏN böyük xalçasıdır, Viktoriya və Albert muzeyi dünyanın ƏN böyük muzeyidir. Oksford Universiteti dünya universitetləri arasında Birinci sayılır. 2013-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzi də Oksford Universitetinin nəzdindədir. Nərgiz xanım danışırdı ki, adətən Viktoriya və Albert muzeyində bu sayaq tədbirlər keçirilmir, yaxud nadir hallarda keçirilir, amma Oksford Universiteti yüksək nüfuzlu təqdimatın məhz burda keçirilməsinə imkan yaratdı.
Yanvarın 25-də axşam saatlarında muzeyə indi dəbdə olan sözü işlətsək VİP müsafirlər toplaşmışdı, Lordlar, Britaniya hökumətinin üzvləri, səfirlər, Oksford Universitetinin rəhbərliyi, şərqşünas alimlər, jurnalistlər və təbii ki, Azərbaycan nümayəndələri. İngilis dilində çıxış edən Nərgiz Paşayeva- Azərbaycanın tarixi, mədəniyyəti haqqında ətraflı məlumat verdi, yeni yaranan fondun ölkəmizin daha geniş tanınmasında oynayacağı vacib roldan danışdı. Çıxış böyük maraqla dinlənildi.
İngiltərədə Şərqə maraq ilk növbədə Doğuda böyük müstəmləkələri olan Britaniya imperiyasının siyasi məqsədləriylə bağlı idi. Amma ciddi peşəkar alimlər bu məqsədlərdən asılı olmayaraq Şərq tarixini, ədəbiyyatını dərindən tədqiq etmək baxımından elmə böyük xidmət göstərmiş olduqları da danılmaz həqiqətdir. Məşhur ingilis alimi Vilkinson Gibb beşcildlik monumental tədqiqatın - “Osmanlı şeir tarixinin” müəllifidir. Kitab “Osmanlı şeiri tarixi” olsa da bir bölümü “ Azərbaycan şairləri” adlanır və bu bölümdə o cümlədən, Füzulidən geniş bəhs edilir. Gibbdən gətirəcəyim alıntı olduqca önəmlidir:
“Azərbaycan türkcəsi, Osmanlı İstanbul Türkcəsi və Orta Asiya cağataycası arasındadır, fəqət birinciyə olan yaxınlığı ikinciyə olandan daha fazladır. Bir Batı türkü, Osmanlı şivəsinə aşina bir özəlliklə Füzulinin yazdığı hər hankı bir şeyi oxumaqda heç bir zorluq çəkməyəcəkdir daha öncədən xüsusi bir çalışma olmadıqda Nəvaininkiləri anlamaqda zorlanacaqdır. Füzulinin özü də Divanın önsözündə dilinin Osmanlı və Cağatay türkcəsindən fərqli olduğunu söyləyir”.
Bu gün İngiltərədə Azərbaycana maraq artıq çətin yollardan keçərək öz istiqlalını qazanmış müstəqil dövlətə, onun keçmişinə və indisinə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına olan maraqdır. Lordlar Palatasının üzvü lord Maykl Qermanın dediyi kimi “Azərbaycanın sehri ondadır ki, çoxları bu ölkəni yetərincə tanımır.Tanıyanda isə buranın nə qədər cazibədar, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən, bəşər mədəniyyətinə və mənəvi mirasına unikal töhfələr bəxş etmiş diyar olduğunu görürlər. Ona görə də bu ölkə haqqında bilmək, onun tarixini, mədəniyyətini, dünya mədəniyyətinin inkişafına töhfəsini öyrənmək çox vacibdir. Britaniya fondunun yaradılması Azərbaycanın bütün bəşəriyyətdə dəyərini dünya ictimaiyyətinə çatdırılması üçün mədəni -tarixi zərurətdir”.
Çıxış edənlər də əsasən bu səpkidə danışırdılar, yeni yaranan fondun ölkəmizi tək İngitlərədə yox, dünyada tanıtmaq yolunda görəcəyi işləri xüsusi vurğulayırdılar. Çıxışçılar bu sahədə Nərgiz Paşayevanın gördüyü mühüm işləri, onun bu yöndə ardıcıl, inadcıl və səmərəli fəaliyyətini təqdir edirdilər.
Çıxışçılardan bir neçəsi ingilis yumorunu da nümayiş etdirərək deyirdilər ki, İngiltərənin məziyyətləri çoxdur, amma ictimai binaları yetərincə qızdıra bilmirik. Gülüşlərə səbəb olan bu sözlər salonun soyuq olmasına işarə idi. İngiliscə çıxışları anında səlis Azərbaycan dilinə sinxron şəkildə (bu isə asan deyil) çevirən Fuad Axundovun səriştəsini qeyd etməyə bilmərəm.
Fuad Axundovu Bakı Televiziya kanallarında İçəri şəhər, köhnə Bakı haqqında maraqlı verilişlərin müəllifi və aparıcısı kimi tanıyırdım. Təəssüf ki, bu verilişlər davam etmir. Fuadın Şövkət xanım Məmmədovaya həsr olunmuş verilişində mən də çıxış etmişdim. Neçə ildən sonra Londonda görüşdük. Bakı Universitetində bacım Fidanın tələbəsi olduğunu bilmirdim. Bu barədə özü dedi mənə.
Tədbirin sonunda istedadlı gənc skripkaçı Elvin Qəniyev və ustad Alim Qasımov uğurla çıxış etdilər. Alimin nadir ustalığı muğam sənətindən bu qədər uzaq olan ölkədə, başqa musiqiyə alışmış yabançı mühitdə belə heyranlıqla qarşılanması və alqışlara qərq olunması əsl sənətin sərhədsizliyini bir daha sübut edir.
Belə səfərlərin bir əhəmiyyəti də ondan ibarətdir ki, səfər zamanı illərdən bəri tanıdığın həmvətənlərini daha yaxından tanıyırsan.
Vasim Məmmədəliyevi görkəmli şərqşünas, ərəb dilinin mükəmməl bilicisi və uzmanı, İslam tarixinə dərindən bələd olan alim kimi tanıyırdım. Muğamla maraqlandığını da bilirdim, amma bu səfərdə Vasimin iki cəhəti mənimçün kəşf oldu. Vasim muğam sənətini elə incəliklərinə qədər bilir, hansı muğamdan hansına hansı yolla keçməsini göstərir, güşələri, pərdələri elə sıralayır, ta qədimlərdən bu günə qədər ən müxtəlif xanəndələrin, tarzənlərin, kamança çalanların ifa tərzini, üslub özəlliklərini elə səciyyələndirir ki, yalnız mən yox, muğam ustadı Alim də təəccüb qalırıq. Vasimin məni heyrətləndirən başqa cəhəti də şeir yaddaşıdır.Torpağı sanı yaşasın belə şeir hafizəsini mən yalnız rəhmətlik Zəlimxanda görmüşdüm. Amma Vasim tək Azərbaycan, türk şairlərini yox, farsca, ərəbcə şeirləri də dəqiqələrcə əzbər deyə bilir.
Alimlə söhbətlərimiz də unudulmazdır. Bu xanəndə tamamilə yeni tərzdə oxuyur - deyənlərə cavab olaraq onu söyləmək olar ki, bəli, o yeni tərzdə oxuyur, amma bu üslub ən qədim muğam ustadlarımızın boğazlarından bəhrələnir. Alim özü də bunu dönə-dönə etiraf edib.
Otelin foyesində oturmuşuq, Alim cib telefonunu qoşaraq Cabbar Qaryağdıoğlundan, Seyid Şuşinskidən başlayaraq bir çox qədim mügənnilərin ifalaranı səsləndirir və öz sənətinin hansı təməllər üzərində yüksəldiyini əyani şəkildə nümayiş etdirir.
Alimin bir yaxşı cəhəti də ondadır ki, oxuduğu sözlərə çox tələbkardır. Şirvan şairlərindən Bahar Şirvaninin, Bihudun qəzəllərini oxumağı da tövsiyə edirəm Alimə. Bu qəzəllərin də yer aldığı “Min beş yüz ilin oğuz şeiri” antologiyamı ona göndərəcəyimi boyun oluram.
Vasimin nəzəri, Alimin praktik şəkildə verdikləri
muğam dərslərinin bir əhəmiyyəti də onda oldu ki, adını eşitdiyim böyük bir sənətkarın ifasını ilk dəfə Alimin cib telefonundan
dinlədim. Söhbət
Güney Azərbaycanın məşhur klassik muğam ifaçısı Əbülhəsən
xan İqbal Azərdən gedir. Onun haqqında “Qobustan”da
yazı vermişdik, tərifini eşitmişdim, amma səsini
uzaq Londonda dinləməli oldum.
“Qobustan”da haqqnda ilk dəfə
iri yazı verdiyimiz müğənnilərdən biri də
Hacıbaba Hüseynov idi. Onun ifasını çox bəyənirəm.
Qocaman xanəndə bu
yazıdan xeyli təsirlənib
mənə bir şeir də həsr edib Rafael Hüseynov vasitəsiylə
göndərmişdi. Nə yaxşı ki, Alim də
Hacıbabanın sənətini yüksək dəyərləndirir
və onun tələbəsi olmasıyla fəxr edir.
Hacıbaba Hüseynoyla bağlı məzəli əhvalatları
isə Alim televiziya verilişlərinin birində danışdığı
üçün bir daha burda təkrar etmirəm. Böyük
kaman ustası Habil Əliyevin məzəli sözlərindən
danışdıqları isə
soyuq London iqliminin də vətənimizin duzlu zarafatlarının istisini çatdırırdı bizə...
Londondan xoş ümidlərlə
ayrılırıq. Güman edirik ki, Azərbaycanı və
Qafqazı öyrənən fond bu coğrafiyanın tarixi, mədəniyyətiylə
bərabər ağrılı problemləriylə də
tanış olacaq. Dama-dama göl olar - deyiblər,
addım-addım, pillə-pillə
İngiltərəyə, Qərbə həqiqəti,
xalqımızın ən böyük bəlasını -
Qarabağ dərdini
çatdıracayıq və gec- tez dünya bu ədalətsizliyə
qarşı səsini ucaldacaq.
“AZAL”ın möhtəşəm
aerobusu məşhur Xitrou hava limanından axşam
saatlarında qalxır. Gecə boyu uçuruq və səhər
çağı vətən
torpağına enir. Bakıda bizi
Sabah gözləyir...
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.-
2017.- 11 fevral.- S.9.