Azərbaycan poeziyasının
çağdaş mənzərəsi haqqında qeydlər
İnsanın bəxtiyarlığı uğrunda mübarizə hər bir ədalətli cəmiyyətin humanist mahiyyətini müəyyənləşdirən meyardır.
Ədalətli cəmiyyət insana məhəbbət, onun inkişafı
və istiqbalı
üçün qayğı
göstərməklə məhdudlaşmır, şəxsiyyətin hərtərəfli kamilliyi
üçün zəruri olan bütün şəraiti yaradır. Zira insandan qiymətli sərvət
yoxdur və olması da mümkün deyildir. Ölkə,
dövlət və cəmiyyət insanın haqq və
hüquqlarını, azadlıqlarını, bir sözlə, ədaləti
təmin etməyə xidmət göstərməlidir.
Ədəbiyyatın humanist
mahiyyəti insan və onun həyatı haqqında ən
xeyirli, insanpərvər idealları irəli sürməkdə
öz ifadəsini tapır. Millətin
inkişafı, el-obanın səadəti, xeyirli və ədalətə
əsaslanan həyatı bərqərar etmək
üçün mübarizə həmişə tərəqqipərvər
söz sənətinin diqqət mərkəzində olmuş və
olmaqda davam edir. Həyatda baş verən
hadisələr, mürəkkəb ictimai cərəyanlar
söz sənətinə təsir etdiyi kimi, ədəbiyyat da
öz növbəsində ədalət, azadlıq, müstəqillik,
hürriyyət qayələrinin bədii təcəssümü
ilə həyata həyatbəxş təsir göstərir.
Təbir caizsə, ədəbiyyatı həyatın
barometri adlandırmaq mümkündür. XX əsr Azərbaycan poeziyasına
baxdıqda bu dövrdə qardaşlarımızı hansı
fikir və düşüncələrin məşğul
etdiyi, onların arzu və ümidləri, dərd-qəmi ilə
tanış ola bilərik. Azərbaycan
ədəbiyyatı əzəldən böyük ədəbiyyatdır.
Azərbaycan xalqı yalnız öz millətini
deyil, ümumtürk və dünya ədəbiyyatını
nadir əsərlərlə zənginləşdirən
böyük şair və ədiblər yetirmiş xalqdır.
Bu yerdə böyük Nizami Gəncəvi, Nəsimi
və Məhəmməd Füzulini yada salmaq kifayətdir.
Nizaminin yaratdığı qəhrəmanlar vətənin
və xalqın xoşbəxtliyi, ədalətin təntənəsi
üçün mübarizə aparan insanlardır.
Sonrakı dövr, xüsusən ötən əsr Azərbaycan
şairlərinin yaradıcılığına göz atsaq, onların əsas
mövzularının ədalətli, azad və hürr həyat
olduğunu görə bilərik.
Məlumdur ki, ötən əsrin
əvvəlində Azərbaycan öz milli dövlətini bərpa
etmiş, lakin çox keçmədən qızıl imperiya
bu dövləti yox etmiş, ədalət tapdanmış, xalq
əsarətə salınmışdı. Bu, yüksək
milli şüur sahibi bütün şairləri dərindən
yaralamışdı. Ona görə də istedadlı
şair Əli Nəzmi əsrimizin əvvəlində belə
yazmışdı:
Ey
ədalət, ey mübarək kəlmə, sən
Var deyilsən varlar kimi, nə də
yox,
Olsa idin, bilməyirəm, bəlkə
mən,
Biri gülməz, ağlamazdı biri
çox...
XX əsrin əvvəllərində
güclü şairlərdən biri olan Məhəmməd
Hadi onun səsinə səs verərək qeyd etmişdi:
Cahan başdan-başa meydani-matəmzad
şəklində,
Fərəhlər həbs olunmuş hüznlər azad şəklində,
Müsibətlər, bəlalər,qüssələr abad şəklində,
Ürəklər qəm oduylə hər
zaman bərbad şəklində,
Baxışlar kölgəli, üzlər
bütün naşad şəklində,
Bu matəmgahı kim
görmüş sürurabad şəklində...
Azərbaycan şairləri həyatda
olub-bitənləri, mübarizəni dərindən dərk edərək,
özlərini cuşə gətirən hadisələri bədii
təlqin vasitəsilə xalqa çatdırmağa can
atdılar. Bu niyyəti gerçəkləşdirmək
üçün yeni yollar, yeni üslublar, yeni vəznlər
axtardılar. Bu vəziyyət bütün əsr boyu
davam etdi və gözəl meyvələr verdi.
Əlbəttə, dövrün təsiri ilə
əsrin əvvəllərində bəzi şeirlərin bir qədər
çılpaq tərzdə yazıldığını
söyləyə bilərik. Lakin həqiqi
istedad sahiblərinin niyyəti bunları qeyri-ciddi,
çılpaq tərzdə deyil, poetik fikir şəklində
üzə çıxarmaq idi. Bu qayə
yüksək ictimai-estetik nüfuz kəsb etdi. Zira hər bir aktual qayə parlaq bədii obrazlar vasitəsi
ilə, canlı və cazibəli şəkildə üzə
çıxarılanda oxucu qəlbində özünə yer
tapır, onu həyat haqqında düşünməyə,
fikirləşməyə məcbur edir, bu yolla poeziya ictimai
fikrin hərəkətverici qüvvəsinə çevrilir.
Poeziyanın başqa ədəbi janrlardan fərqi
budur ki, o, hissiyyat, hiss-duyğu vasitəsilə ağlı hərəkətə
gətirir. Bu cəhətdən Əhməd
Cavad, Səməd Vurğun, Süleyman Rüstəm,
Mikayıl Müşfiq kimi ustadlar bayraqdar oldular.
Əsrin əvvəlində
məşhur şairlərin yazdığı şeirlərdə
millətin boynuna əsarət boyunduruğunun vurulmasından dərin
iztirab ahəngləri vardır. Abdulla Şaiq 1921-ci ildə
yazdığı "Sevgi hakim olmalı" şeirində:
"Zor, güc hakim olan yerdə çiçəklənməz
məhəbbət, Ürək bir nur ocağıdır -
qaranlıqdan xoşlanmaz" deyirdi. Hüseyn Cavid eyni
dövrdə yazdığı "Azər
düşünürkən..." şeirində lirik qəhrəmanın
iztirab dolu ürək sözlərini belə ifadə
edirdi: "Hər gün yaralar
qəlbini bir sıtmalı röya, Hər gün uyudur dərdini
bir nəşəli xülya". Bədri Seyidzadənin bu illərdə
yazdığı "Mən ağlaram!" şeirinin lirik qəhrəmanı
çarəsizlik içində fəryad edirdi:
Mən ağlaram, çəməndə
bülbül ağlar,
Gülşən ağlar,
çiçək ağlar, gül ağlar.
Əhməd Cavadın "Nə
üçündür?" şeirinin lirik qəhrəmanı
dərd dolu sualları ilə oxucunu fikrə qərq edirdi:
Bu sızlayan qəhqəhələr
nədəndir?
Neçin belə son
yaraşıq kəfəndir?
Kim yaratmış bu yerləri,
göyləri?
Kim eyləmiş məni belə
sərsəri?
Səməd Vurğun
"Ceyran" şeirində ceyran obrazı vasitəsilə
millətin gələcəyini ovçuların əlinə
tapşırmağı qınayırdı. "Ovçunu",
yəni xalqa köləlik boyunduruğu vuranları insafa,
ceyranı öldürməməyə
çağırırdı.
Ovçu, insaf elə, keçmə
bu düzdən!
O çöllər qızını
ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən,
-
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır
Muğana ceyran!
Bu şeiri oxuyub, onu özbək
poeziyası ilə müqayisə etsək, bənzər motivləri
görərik.
İlk olaraq XIX əsrin sonu - XX əsrin əvvəlində
yaşayan özbək klassik şairi Fürqətin
"Ovçu, burax ovunu" şeiri yada düşür:
Ovçu, burax ovunu, o bir avarə mən
tək,
Al torunu boynundan, o bir
biçarə mən tək.
Poeziyada bənzər motivlərin,
səyyar süjetlərin olması təbii haldır. Səməd
Vurğun tərəfindən Fürqətin həmin
şeirinin oxunub-oxunmadığı bizə məlum deyil,
lakin millət dərdi onların ikisini də qələmə
sarılmağa məcbur etmişdir.
Məşhur özbək
şairi Abdulla Arifovun 1967-ci ildə çap olunan "Ahu"
şeirinin leytmotivi də yuxarıdakı şeirlərə bənzəyir. Şair ahuya müraciət
edərək:
Dəryalar qoynunda nəyi istərsən,
Niçin daim qəmgin, daim
müztərsən.
Nəsə bir dərdin var, onu gizlərsən,
Sən də aşiqmisən
yoxsa, ahucan? -
dedi və bu qəmin baisi
"ovçunun cəbri sənə imkan vermir" deyə nəticə
çıxardı. Azadlığın, müstəqilliyin
tərənnümü, ovçunun - müstəbid
qızıl imperiyanın cəbrinə qarşı baş
qaldırmağa səsləyən bu şeirlər millətin
gözünü açmaqda mühüm rol oynadı. Millət azad olmadan ədalətin bərqərar
olması mümkün deyil. Ona görə
də Azərbaycan şairlərinin
yaradıcılığında azadlıq və ədalət
qayələri güclü pafosla tərənnüm edildi.
İstedadlı şair Mikayıl Müşfiq vətəni
"üzü gülməyən xarabaya" oxşatdı,
"başını bəlalı", "eşqini bəxtsiz"
gördü. Şair "Yaşa,
könül" şeirində "atdığı ox"un
nişangaha deyil, "daşa dəyməsindən"
şikayət etdi. Axırda Mikayıl Müşfiq
totalitar qızıl imperiyanı şaxtalı qışa
oxşadaraq, Azərbaycan xalqının ondan bezib, cana doyduğunu obrazlı misraların
yardımı ilə ifadə etdi. Şiddətli soyuqda
üşüyən adam isti günlərə,
yaza necə həsrət duyursa, köləlik əzabından
cana yığılan millətin də azadlıq və
hürriyyət istəməsi o qədər təbiidir. Bu cəhətdən
şairin "Dilənçi" şeiri çox səciyyəvidir:
Ey ixtiyar, sən ey zalim, məzlum dolu
illərin
Ürəklərə kədər
saçan, ələm verən töhfəsi,
Acı dolu, azab dolu, zülm dolu illərin
Mərhəmətsiz
fırçalarla qaralanmış lövhəsi!
Sənin artıq vaxtın
ötmüş,
Səni dövran səfil
etmiş.
Fəqət onu, o sevimli
qızcığazı,
Olma razı,
Qış dondursun, günəş
yaxsın.
Burax onun əllərini.
Burax onun hörülməmiş
tellərini.
Qoy buraxsın
Oxuduğu yanıq, xəstə
havaları.
Burax barı,
Çağlayırkən
yurdumuzda yaşayışın selləri.
Bəlkə öpsün
gözlərini səadətin yelləri.
Mikayıl Müşfiqin
iztirablı misraları istedadlı şair Əhməd Cavadın
1919-cu ildə yazdığı "Gəlmə" şeiri
ilə həmahəngdir.
Könüllər bir dəniz,
coşdurma onu,
Coşğun könüllərin tufandır sonu,
Sən, ey şimal yeli,
anlasan bunu:
Sənə boyun əyməz bu tufan,
gəlmə!
Əhməd Cavad
"şimal yeli" deyəndə qızıl imperiyanı,
"tufan" deyəndə isə Azərbaycan xalqını
nəzərdə tutduğu açıq-aydın şəkildə
görünür. Bu fikirlərin millətini sevən,
hürriyyətin və azadlığın qədrini bilən
oxucu qəlbini lərzəyə salmaması mümkün
deyildi.
Əlbəttə, Sovet
İttifaqındakı başqa xalqların ziyalıları
kimi, Azərbaycan ziyalılarının əksəriyyəti də
oktyabr çevrilişindən sonra bolşeviklərin
hürriyyət, təyini-müqəddərat, ədalət
haqqındakı yalançı vədlərinə
inanmışdı. Əslində, ədalət haqqında
söylənən laflara deyil, həqiqətdə görülən
işlərə baxıb qiymət vermək gərəkdir.
Həqiqətən, çox keçmədən
yalanların paxırı çıxdı. Amma fürsət tapan kimi qızıl imperiya
ayağa qalxaraq millətin gözünü açmağa
qadir olan ziyalıları cismən yox etməyə girişdi.
1937-ci ildən sonra başlanan qətliamda millətinin tərəqqisi
yolunda can qoyan Əhməd Cavad, Əli Nazim, Hüseyn Cavid,
Mikayıl Müşfiq kimi iyirmidən artıq ədib
güllələndi. Bir sıra şairlərə
millətçi, pantürkist damğası vurulub zindana
atıldı, sürgün edildi. Millətini
sevmək, onun gələcəyi haqqında düşünmək
böyük suç, bağışlanmaz günah
sayıldı. 20-30-cu illərdəki Azərbaycan
ədəbi mühiti eynilə həmin dövrdəki Özbəkistanı
yada salır. Millətini sevən, onun
azadlığı üçün çalışan Behbudi,
Çolpan, Fitrət, Münəvvərqari, Batu, Elbək kimi
qələm sahibləri də repressiyaya məruz qaldılar. O da var ki, eynilə Özbəkistanda
olduğu kimi Azərbaycanda da millət içindən
çıxan manqurdlar mənsəb, ad-san naminə
qızıl imperiyaya yaltaqlandılar, düşüncə
yoxsulluğu, qorxu mühiti yaratmağa xidmət etdilər.
İstedadlı və cəsur şair Xəlil Rza belələri
haqqında yazmışdır:
Haqqı yoxdur, doğuldum deyə elin
qorxağı!
Vardır hər cinayətdə qorxaq
əli, barmağı!..
Özbəkistanda səksəninci illərin
üsyankar şairi kimi tanınan Şövkət Rəhmanın
"Cəngdə" adlı şeiri də qorxaqlara və xəyanətkarlara
bəslənən nifrət ruhu ilə yuxarıdakı
misraları andırır:
Cəngdə ölən deyil
bunca bahadır,
üst-üstə yığılan xəyanətlərdən...
İ nan ki,
heç zaman səni aldatmaz
safdil elatların əsatirləri,
bunca bahadırı öldürəmməz
cəng,
qorxaqlar öldürər
bahadırları.
Şairlər azad
düşüncəyə imkan olmayan bir şəraitdə ədalət,
hürriyyət barədə duyğularını pərdəli
şəkildə deməyə məcbur idilər. Ona görə Süleyman Rüstəmin "Üsyan
qaldır" şeirində Azərbaycan xalqının
müstəqillik, azadlıq, ədalət duyğuları
pünhandır. Şair "bədənini qayğı-ələm,
əsarət əzən"
"qəflət yuxusunda"kı oxucunu "ruhunu o
"mədəni" zatlar gəmirib bitirməzdən əvvəl
gözünü açmağa, oyanmağa çağırırdı. "Niyə sənin gözlərindən acı
yaşlar axır? Niyə bayquş
cövlan edir sənin yurdunda? Gənc qəlbində
haqqını almaq niyyətin varsa ayağa qalx, onu yox et, qənimətdir hər bir dəm" deyə
xitab edirdi.
Süleyman Rüstəm
öz şeirini guya uzaq ellərin zəhmətkeş gənclərinə
həsr etmişdi. Ancaq şair əslində qorxu səltənətinin
ədalətsizliyinə qarşı baş qaldırmaq fikrini
irəli sürürdü. Niyə onun ana
yurdunda "bayquş, bayquşlar ötür?", "niyə
gözlərindən acı yaşlar axır?" Bu suallar oxucunu düşüncəyə qərq
edirdi. Şair bu vəziyyətdən
qurtuluş yolunu mübarizədə, istibdada qarşı
"öz şərəfi üçün" üsyanda
görürdü. Məşhur
özbək şairi Çolpanın zülmə, istibdada
qarşı üsyankarlıq ruhunda yazdığı "Könül" şeiri
də eyni ovqatdadır:
Dirisən, ölməmisən,
Sən də adam,
insansan.
Zəncir taxma,
Boyun əymə,
Sən də hürr doğulansan!
Çolpanın şagirdi Batunun 20-ci
illərdə guya Bolqarıstan həyatını təsvir
edib yazdığı bu misralarına diqqət edin:
Yağının gücü
artıb, yağıya yağı gərək,
Ov izləyən
yağıya başqa bir yağı gərək.
Qorxu səltənətinin vəhşət
saçdığı bir şəraitdə həqiqəti
demək, ədaləti himayə etmək üçün at
başı boyda ürək lazım idi. Çünki
həqiqəti söylədiyi üçün başına gəlməsi
mümkün olan bəla və qəzalara da hazır olmaq
lazım idi. Ədalətin yolu hamar deyil, əksinə,
cəngəlliklər arasından ötür. Cəngəl əzabına dözmək
üçün isə möhkəm etiqad və güclü
iradə sahibi olmaq gərəkdir.
(Ardı var)
Babaxan Məhəmməd
ŞƏRİF
Ədəbiyyatşünas
(Özbəkistan)
525-ci qəzet.-
2017.- 15 fevral.- S.4.