Azərbaycan poeziyasının çağdaş mənzərəsi haqqında qeydlər

 

Əsərlərini oxuduğumuz həqiqi Azərbaycan  şairlərinin özləri üçün deyil, özgələr üçün yaşadıqlarına şahid oluruq.

Onlarda millət sevgisi güclü olduğundan daim cəfalar çəkməyə hazır olmuş, buna əsla təəssüf etməmişlər. Onlar həmişə xalqın dərdini-qəmini, arzu-diləyini qələmə almış, hər bir şəraitdə fikir söyləməyi bacarmışlar. Xüsusən Sovet imperiyasının vahid millət və yeganə dil yaratmaq qayəsini zor gücünə gerçəkləşdirmək istədiyi bir şəraitdə Azərbaycanın ən güclü və istedadlı şairlərindən biri olan Bəxtiyar Vahabzadə öz ana dilini qorxmadan müdafiə etdi. O, "Latın dili" şeirində belə yazmışdı:

 

Atlantika sahilində

Coşa-coşa,

Daşa-daşa:

-Mən azadam, mən xoşbəxtəm, -

Deyir natiq yad dilində.

Söylə, natiq,

İndi nəyə inanaq biz -

Qulağamı

Ya gözəmi?

Əmələmi, ya sözəmi?

"Mən azadam, müstəqiləm" sözlərini

Öz dilində deməyə də

İxtiyarın yoxsa əgər,

De, kim sənə azad deyər?

Söylə, necə azadsan ki,

Komalarda dustaq olub ana dilin.

 

Nə qədər tanış mənzərə! Həqiqətən də, yaxın keçmişimizi düşünsək, yalnız azərbaycanlılar deyil, biz özbəklər üçün də həmin dövrdə öz ana dilində danışmaq ayıb sayılırdı, özgənin dilində danışmaq, məclis, tədbir aparmaq "mədənilik" hesab edilirdi. Özgə dilini bilməyən adam dövlət işinə alınmadığı üçün, bir sözlə desək, "yuxarının" nəzərində ikinci növ insan sayıldığı üçün ata-analar uşaqlarını öz ana dilində oxutmaqdan vaz keçirdilər. Nəticədə öz kökünü, millətini unudan neçə-neçə manqurdlar peyda oldu. Əslində, özgə dilini öyrənməyin heç bir eybi yoxdur. Doğrudur, bu, fəzilətdir, amma yad dilini öyrənmək öz dilini, öz kökünü unutmaq hesabına olmamalıdır. Əks halda, dilini unudan millət yox olmağa, tarix səhnəsindən silinməyə məhkumdur. Ustad Bəxtiyar Vahabzadənin bu şeirindən çıxan məna budur. Bu misralar ünlü özbək şairləri Erkin Vahidov, Abdulla Arifov, Aman Mətcan və başqa şairlərin həmin dövrdə dil haqqında yazdıqları şeirlərlə həmahəngdir. Bu vəziyyəti başqa türk xalqlarının poeziyasında da görmək mümkündür. Ona görə də, ana dilinin qorunması bu dövrdə Azərbaycan, özbək və ümumən keçmiş Sovet ölkəsindəki ümumtürk poeziyasının əsas mövzularından biri, milli tərəqqi və ədalət uğrunda mübarizə vasitəsi idi.

Bəxtiyar müəllimin "Latın dili" şeiri özbək dilinə tərcümə olunmadan əvvəl özbək ziyalıları ondan xəbər tutdular. Çoxlu ədəbiyyatşünas yetirən məşhur ustad Azad Şərafəddinov şeiri orijinalda oxumuş və bu əsər onu çox həyəcanlandırmışdı.  Azərbaycan poeziyasının tərcüməçilərindən biri, tanınmış şair Nasir Məhəmmədin dediyinə görə, o, azərbaycancadan, o cümlədən, Bəxtiyar Vahabzadənin bir neçə şeirini özbəkcəyə çevirib onları Azad müəllimə vermişdi. Şeirləri oxuyan ustad məmnuniyyətini bildirərək "Bəxtiyar Vahabzadənin "Latın dili"ni də tərcümə etsən yaxşı olardı, çünki bu, fövqəladə dərəcədə güclü, günümüz üçün zəruri şeirdir" demişdi. Məsələ ondadır ki, 80-ci illərin axırlarında Özbəkistanda özbək dilinə dövlət dili statusu vermək üçün güclü mübarizə gedirdi. Elə o vaxt bu şeir işıq üzü gördü və Bəxtiyar Vahabzadənin "Latın dili" əsəri ictimai fikrə müəyyən  töhfə verdi.

Bütün Sovet İttifaqında olduğu kimi ötən əsrin 50-ci illərində, sonra 80-ci illərin ortalarında əsən müstəqillik yeli sayəsində Azərbaycanda da bədii ədəbiyyat sahəsində yüksəliş gözə dəyirdi. Poeziyaya yeni dalğa, yeni-yeni gənc istedadlar gəlirdi. Onlar ustadların yolunu davam etdirərək, hürriyyət, ədalət, azadlıq duyğularını açıqca tərənnüm etməyə başladılar. Sabir Rüstəmxanlı "Sözün qaldımı" şeirində yazırdı:

 

Yağını güldürdün, bizi ağlatdın,

Yada gül uzatdın, mənə daş atdın,

Millətin odunu düşmənə satdın,

İndi isinməyə közün qaldımı?

 

Bu misralar tanınmış özbək şairi Aman Mətcanın münazirə ruhunda yazdığı "Sən-mən" şeirindəki aşağıdakı sətirləri yada salır:

 

Sən can saxlamağa eli satarsan,

Mənsə elim üçün qurban olaram.

 

Sabir Rüstəmxanlının bir çox şeirləri yüksək bədiiliyi, fikrin obrazlı ifadəsi, lirik qəhrəmanın fövqəladə  cəsarəti ilə diqqəti cəlb edir. Ona görə ki,  SSRİ-nin dimdik ayaqda durduğu, bütün dünyaya vəhşət saçdığı, "bizdə söz azadlığı, insan hüquqları təmin olunur" deyə  durmadan laf  etdiyi bir dövrdə onun "Sual" şeirinin lirik qəhrəmanı külli-aləmə bunun əksini car çəkirdi:

 

Bu gün səsim qeyb oldu:

 gəlmədi əks-sədası,

Suala döndüm özüm,

ölü doğuldu arzum...

 

Səlim Babullaoğlunun  "Atama" şeirinin lirik qəhrəmanı azad atalarının yolunu  davam etdirə bilməməyinə təəssüflənir, günaha batdığı üçün "ürəyini yeyir": 

 

Mənim ümidsiz vaxtlarım çox...

Səndən uzaqda,

bu mənasız - böyük şəhərdə

dolanıram ürəyimi yeyə-yeyə,

günahlarım çox...

 

Onun müasiri olan məşhur özbək şairəsi Həlimə Xudayberdiyeva da "Düşünmərəm" şeirində "qara gözü nəm, on beşində aciz, iyirmisində aşı xəm (çiy)", "öz qəddini bükməyə alışan", "yağını basıb gəlməyən" övladından utanır.

Görürük ki, azərbaycanlıların və özbəklərin ən yaxşı, milli şairlərinin şeirləri ədalətsizliyə, haqsızlığa, köləliyə qarşı sonsuz üsyan ruhu ilə ağzına qədər doludur. Taleyi bir, könlü bir qardaş xalqlarımızın şairləri başqa cür yaza da bilməzdilər.

Nüsrət Kəsəmənlinin lirik qəhrəmanı ("Nə biləydik" şeiri) "arzularını rüzgar uçurduğu", "güllərini xəzan sovurduğu" üçün göynəyir. Qəhrəmanı "göz açmağa qoymayan külək" deyərkən şairin qızıl imperiyanı nəzərdə tutduğu  açıq-aşkar görünür. Yaxud məşhur şair Ramiz Rövşənin lirik qəhrəmanı  ("Ayrılıq" şeiri) min illər öncə doğru yoldan yanılıb başka yollardan getdiyi üçün təəssüf edir, Vəli Xramçaylının "qəlbini həsrət doğrayan" lirik qəhrəmanı ("Könlüm" şeiri) yerinə yetişmədiyindən peşmançılıq duyur, Qulu Ağsəsin qəhrəmanının başına isə yağmur deyil, daş yağır, gözündən daman yaşla ayaqlarını sındırır. Bu misraları oxuyub həyəcanlanmamaq, fikrə getməmək mümkün düyil. Diqqət edilsə, çoxu Sovet dövründə yazılan bu şeirlərin müəlliflərinin cəsarətinə əhsən deməmək olmaz. Axı, köləlik yolundan hürriyyət, istiqlal yoluna keçən, birdən müsbət nəticə alınmaz deyə qəlbini həsrət doğrayan, başına yağmur deyil, daşlar yağan qəhrəman haqqında danışmaq üçün Sovet dövründə həqiqətən də at kəlləsi boyda ürək lazım idi!

Ədaləti bədii tərənnüm edən belə  şairlər Azərbaycanda olduqca çoxdur, kiçik bir məqalə çərçivəsində onların hamısının yaradıcılığına toxunmağa imkan yoxdur. Adlarını çəkmədiyimiz dostlarımız bizi məzur görsünlər. Azərbaycanda onların yaradıcılığı bütün təfsilatı ilə tədqiq edilir.

Azərbaycan poeziyasının mövzu dairəsi qayət genişdir. Bir çox şeirlərdə Azərbaycan xalqının dərdi Qarabağ məsələsi qələmə alınır. Təbiət gözəllikləri, gözəl insani fəzilətlər, ana, övlad məhəbbəti tərənnüm edilir, insandakı insanlığı məhv edən müxtəlif illətlər göstərilir.  Ədalətin əhatə dairəsi genişdir. İnsanın rəzalət bataqlığına batması da ədalətdən deyil. Onu buna məcbur edən, yaxud yollayan amilləri bilmək və qurutmaq lazımdır. Əsas etibarilə, ədalət əzəldən ən yaxşı şairlərin yaradıcılığının məğzini təşkil edir və təşkil etməkdə qalır.

Azərbaycanın orta və gənc nəslə mənsub şairlərinin yaradıcılığı ilə özbək oxucularını tanış etmək sonrakı dövrdə xeyli genişləndi. "XX əsr Azərbaycan poeziyası antologiyasının" özbək dilində nəşri bu sahədə mühüm addım oldu. Bu kitab özbək oxucusunda ötən əsr və hazırkı dövr Azərbaycan poeziyası haqqında müəyyən təsəvvür yaratmağa xidmət etdi. Əlbəttə, Azərbaycan ədəbiyyatı, xüsusən poeziyası Özbəkistanda əzəldən məşhurdur. Çolpandan etibarən bugünə qədər şairlərimizin çoxu azərbaycanlı həmkarlarının yaradıcılığından xəbərdardır və qardaş şairlərin əsərlərini özbəkcəyə məharətlə çevirirlər.

Qafur Qulam ilə Səməd Vurğunun dostluğu bugünədək dillər əzbəridir. Azərbaycan oğlu Maqsud Şeyxzadə özbəyin doğma övladıdır. Özbək oxucusu Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi böyük istedadların əsərlərini sevə-sevə oxuyur. Azərbaycan şairlərinin yaradıcılığından nümunələr müxtəlif dövrlərdə Mirtemir, Maqsud Şeyxzadə, Şöhrət, Zülfiyyə, Cüməniyaz Cabbarov, Məhəmməd Əli, Rauf Pərfi, Rəzzaq Əbdürəşid kimi məşhur şairlərimiz tərəfindən tərcümə edilmiş və kitab şəklində işıq üzü görmüşdür.

Sonrakı dövrdə istedadlı Azərbaycan şairlərinin əsərləri Mirəziz Əzəm, Nasir Məhəmməd, Feyzi Şahismayıl, Tahir Qəhhar, Osman Kuçqar, Xasiyyət Rüstəmova tərəfindən özbək dilinə çevrilmişdir. Onlar Azərbaycan şairlərinin qəlbi həyəcana, ağlı lərzəyə gətirən şeirlərini özbəkcəyə tərcümə etməklə çox faydalı işlər görürlər.

"Kitab dünyası" qəzeti və "Dünya ədəbiyyatı" jurnalında Azərbaycan poeziyası və nəsri nümunələri ard-arda çap edilir, nəşriyyatlarda kitablar nəşr olunur. Ötən il Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Mədəniyyət mərkəzi ilə birlikdə "Azərbaycan ədəbiyyatı özbək dilində" mövzusunda elmi simpozium təşkil etdik. Simpozium ədəbiyyat həvəskarlarını Azərbaycan ədəbiyyatının keçmişi və bugünü ilə tanış etməyə şərait yaratdı. Özbək alimləri azərbaycanlı qardaşlarımızın yaradıcılığı haqqında məqalələr qələmə alırlar. Özbək ədibləri və mütərcimlərinin Azərbaycana, Azərbaycan ədibləri və mütərcimlərinin Özbəkistana yaradıcılıq səfərləri yaxşı ənənəyə çevrildi. Bu işlə məşğul olan Azərbaycan Yazıçılar Birliyinin sədri, ustad Anar müəllimə, Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Mədəniyyət mərkəzinin əməkdaşlarına öz səmimi minnətdarlığımı bildirmək istərdim.

Azərbaycan poeziyası üçün həqiqi çiçəklənmə dövrü Azərbaycanın öz dövlət müstəqilliyinə qovuşduğu 1991-ci ildən sonra başlanmışdır. Hazırda qardaş ədəbiyyatlarımızın bugünkü nəsilləri arasında ədəbi əlaqələrin güclənməsi üçün yaxşı imkanlar yaranmışdır. İmkanlardan səmərəli istifadə qardaş xalqlarımızı daha da yaxınlaşdıracaq, ədəbiyyatlarımızın inkişafına xidmət edəcəkdir.

 

Babaxan Məhəmməd ŞƏRİF

Ədəbiyyatşünas

(Özbəkistan)

 

(Özbəkcədən professor Ramiz Əskər tərcümə edib)

 

525-ci qəzet.- 2017.- 16 fevral.- S.6.