YALAN DEMİŞDİM
O vaxt dediklərim, o zaman idi,
Eyləmə səbrimi talan demişdim.
Bəlkə də bu böyük imtahan idi,
Get, məndən
uzaqda dolan demişdim.
Görəndə bir əfi olmuşdum, səni,
Fikrimdən, zikrimdən
yolmuşdum səni,
Özüm ilan kimi çalmışdım
səni,
Sənə acıq töküb, ilan demişdim.
Zənninlə sevgimi pir eyləmişdin,
Dünyanı başıma
sirr eyləmişdin,
Sən mənə
könlündə yer
eyləmişdin,
Mən ondan yaxşıdır dalan, demişdim.
Bəli bu beləydi, həmin çağ üçün,
Bağışla vurduğum
sənə dağ üçün,
Alçatmaq üçün
yox, acıtmaq üçün,
Səndən şux görünür xalan demişdim.
Bunu taleyimiz etdi həll indi,
Heç kəs vura bilməz daha pəl indi,
Qolumu açmışam,
yaxın gəl indi,
O zaman mən sənə yalan demişdim.
UYMA
TƏRSLİKLƏRƏ
Niyə soyumusan yenə, nə haqla?
Üşütmə, yazığam üşütmə
məni.
Daima gözünün
üstündə saxla,
O yerdən aşağı düşürtmə
məni.
Açma ürəyimdə
nisgil oyuğu,
Qurtar qara gözü yağışlarından.
Daşları donduran Sibir soyuğu,
Sanarlar yaranıb baxışlarından.
Hıçqırıb, üstümə
gətirmə qəmi,
Mən ki, səni qəlbdən
düşürtməmişəm.
Gözünün soyuğu
üşüdən kimi,
Qışın soyuğuna üşüməmişəm.
Həsrət də belə vaxt açır ayağı,
İsit, soyuq vurmuş nəfəs udmayım.
Nə olar, gözündən götür
soyuğu,
Üşütdün, qoy barı zökəm
tutmayım.
Gizlətmə, şaxtandan
donur dişlərim,
Sanma anlamıram, dərkim dayazdır.
Sənin soyuğunu,
mənim hisslərim,
Bəlkə də ən dəqiq ölçən,
cihazdır.
Uyma tərsliklərə,
məni də dinlə,
Qıyma donam solam, soyuqdan
solam.
Tez-tez iqlimini dəyişməyinlə,
Bəlkə istəyirsən sinoptik olam?
GƏLMİRƏM
Əl ilə çağırdın, gəlmədim,
bil ki,
Mən bülbül olmasam, gülə gəlmirəm.
Sevgi gətirirəm gələndə, sevgi,
Çiynimdə ayrı bir şələ
gəlmirəm.
Məni dərd
hikkədən dilimdən,
asa,
Yenmərəm od, alov üzümü qarsa,
Gəlmərəm o yerdə,
yerim olmasa,
Darağa dönməsəm, telə
gəlmirəm.
Tən olmaz, tən kimi təni
duymasan,
İman üz döndərər, dini duymasan,
Mən səni
duyantək, məni duymasan,
Tutalar gözümü milə gəlmirəm.
Nə ağlat,
nə axıt gözün selini,
Heç nəyə tapşırma
işin həllini,
Sən Allah yellətmə,
saxla əlini,
Mən eşqin yanına belə gəlmirəm.
Əl ilə çağırma, bu mənə ağır,
Gəlmərəm istəsən
haray sal, bağır,
Gəlməyim gərəksə,
qəlbinlə çağır,
Mən qəlbə gəlirəm,
ələ gəlmirəm.
QIZILIN ƏYARI
HEÇƏ ENƏRSƏ...
Mən sənin
adına qızıl demişdim,
Bunu deməmişdim baş ağrıdasan.
Mən sənin
adına qızıl demişdim,
İndi dəmirdən də aşağıdasan.
Nədən qızıllığın
lil gətirdi, lil,
Axı taleyimə doğan dan idin.
Yoxsa o kimyagər İbrahim Xəlil,
İcad eylədiyi qızıldan idin.
Baxışı taxmışdım
üzünə sənin,
Haram baxışlardan pəhriz
olasan.
Qızıl deməmişdim
özünə sənin,
Sən özün qızıla həris olasan.
Qızılı salmısan
sən elə dərdə,
Az qalır
intihar edə əlindən.
Qorxuram oyana
Mendeleyev də,
Götürüb məhv edə öz cədvəlindən.
Get, səndən
gileyim olacaq ərşə,
Olsan bundan belə baha, nə fayda.
Qızılın əyarı
heçə enərsə,
Qızıl olmasından daha nə fayda.
BELƏ AYRILIQ
Ayrıldıq qəribə
xatirələrlə,
Vaxt da ayırmağa bizi tələsdi.
Elə ayrıldıq
ki, qəmlə, kədərlə,
Bu görüş
özü də qəribələşdi.
Sən getdin, az qala qəddim əyildi,
Qaldım doya-doya məstində sənin.
Deyəsən bu adi məstlik deyildi,
Heyranın olmuşdum əslində sənin.
Ruhumu apardın,
salıb yanına,
Bilməzdim sinəmdə ox yaşadarsan.
Özün ruha dönüb, köçsən
canıma,
Sən məni ondan da şux yaşadarsan.
Dəliyə dönmüşdü
o gün dincliyim,
Ağlım ram olmurdu
əmrimə mənim.
Sənin əlindəydi,
sanki gəncliyim,
Onu qaytarırdın ömrümə
mənim.
Dindirsən, gələrdi
dilə ayrılıq,
O da nəyi isə deməli idi.
A canım, bəlkə də belə ayrılıq,
Əbədi birliyin təməli idi.
BARI MUĞAYAT
OL...
Ömür xalımıza
ilmələr hörüb,
Yağışlı havada gəzirdik qoşa.
Sanki bizi belə mehriban görüb,
Buludlar sevincdən gəlmişdi
coşa.
Bəlkə izimizi göyərtmək üçün,
Səma izimizə su çiləyirdi.
Elə bil damlanı dimdikdə bu gün,
Biz gəzən
yollara qu çiləyirdi.
Sonra yola saldım qəmli, qüssəli,
Gözümün yaşını sildim birtəhər.
Yollar dilə
gəlib dedi, ay dəli,
Belə yolçunu da əldən verərlər?
Sən də ayrılanda xəyala daldın,
Yaxdı ayrılığın inadı
məni.
Gör hələ
sən məni nə günə saldın,
Yol da tənələdi, qınadı məni.
Ayrıldıq yağışın
kəsən anında,
Kaş buna qeybət söz deyən olmasın.
Getdin, fikrim qaldı sənin yanında,
Barı muğayat ol dəyən olmasın.
SƏN
KEÇƏN YOLU...
Səninlə rastlaşdıq
çəkiləndə gün,
Mənə salam verib keçdin astaca.
Elə bil könlümə yol tapmaq üçün,
Bu fəndi,
bu yolu seçdin
astaca.
Sanki xəyalımı
saldın hədəfə,
Biləsən sevdadan anıram, ya yox.
Elə bil geriyə döndün bir dəfə,
Baxasan, görəsən yanıram,
ya yox.
Mənə əzizləndi
keçdiyin küçə,
Bəyan et, səni də bu hal alıbsa.
Yuxumu itirdim həmin gün gecə,
Sən Allah qaytar, ver səndə
qalıbsa.
Can atdım arxanla meh olub
əsəm,
Hörəm baxışına mehrin ilməsin.
Az qaldım
yağışın nəfəsin
kəsəm,
Yerişin saldığı izi silməsin.
Bu yolu eyləmə sən də qəm yolu,
Bu görüş
ömrümü gözəlləşdirib.
O qədər gəzirəm, sən keçən yolu,
Deyirlər bu kişi özəlləşdirib.
ÇOX
KƏDƏR YAŞATDI
Bir gizli sevdanın oduna qondum,
Döydüm qapısını, açar
olmadı.
Yandırdı od tutdum, dondurdu dondum,
Bu dərdə
heç kimsə düçar olmadı.
Sevdim, peymanımda ən doğru oldum,
Nə sual yaratdım, nə sorğu oldum,
Mən eşqdə
kor deyil, Koroğlu oldum,
O Xotkar balası Nigar olmadı.
Sanki hər baxışı xəncər,
ox idi,
Adi duruşu da, qəlbə ah idi,
Bilmirəm könlündə
sevgi yox idi,
Ya onu açmağa açar olmadı?
Anmadım onunçün
mən kiməm, nəyəm,
İnsan da bu qədər daş olar, bəyəm,
Elə bir işi də yoxuydu, deyəm,
Sevib, sevilməyə macal olmadı.
Yaşatdı çox
kədər, zalımlığıyla,
Etdi ömrü hədər, zalımlığıyla,
Deyirəm, bu qədər zalımlığıyla,
Bu adam
nə əcəb Qacar olmadı?
Əbülfəz Ülvi
525-ci qəzet.- 2017.- 16 fevral.- S.7.