Musiqili Teatrla Təbriz Teatrının müştərək
layihəsi – “Bəxtəvər”
Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan daha bir yeni layihəyə imza atıb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Musiqili Teatrı ilə güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı birlikdə tamaşa hazırlayacaq. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir. Müştərək hazırlanacaq tamaşanın adı “Bəxtəvər”dir. Əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İranın tanınmış və nüfuzlu teatr rejissorlarından olan Yaqub Sadiqcamalidir. İkitərəfli müzakirələrdən sonra layihənin icrasına başlanması ilə bağlı qərar qəbul edilib.
“Təbriz Teatrı ilə
birlikdə həyata keçirəcəyimiz bu
layihənin bir çox
özəllikləri var. Tamaşada
hər iki teatrın aktyorları rol alacaq. Tamaşanın
biletləri ölkəmizlə yanaşı, İran
İslam Respublikasının turizm şirkətlərində də
satılacaq. Səhnə əsərini tamaşaçılara
Novruz bayramı ərəfəsində təqdim
etməyi planlaşdırırıq. Bayram
günlərində İrandan,
soydaşlarımızın sıx yaşadığı
bölgələrdən, əsasən də Təbrizdən
ölkəmizə çoxsaylı turistlərin gələcəyi
gözlənilir. Düşünürəm ki,
Təbriz Teatrı ilə birlikdə
hazırladığımız “Bəxtəvər”
tamaşasının biletlərinin eyni zamanda İranda onlayn, turizm şirkətləri
vasitəsilə satılması xüsusilə mədəni turizmin inkişafına töhfə ola bilər. Dünyanın hər yerində insanlar tətil proqramlarını öncədən
planlaşdırırlar. Bayram günlərində
İrandan Azərbaycana gələcək
soydaşlarımız, turistlər mədəni istirahətlərini
təmin etmək üçün
tamaşamıza çox rahat
şəkildə öz ölkələrində
bilet ala biləcəklər.
Bu yaxınlarda bizim teatr 35-ci Fəcr Beynəlxalq Teatr
Festivalı çərçivəsində Təbrizdə
çıxış edərkən onların Azərbaycana, Azərbaycan
teatrına necə böyük bir sevgi, maraq
və rəğbət bəslədiklərini gördüm.
Düşünürəm ki, bu baxımdan “Bəxtəvər” adlı
tamaşamız hər iki ölkədə
böyük marağa
səbəb olacaq. Festival
günlərində oradakı soydaşlarımız internet vasitəsilə Musiqili
Teatrın bir sıra
tamaşalarını izlədiklərini, bəyəndiklərini
bizə dəfələrlə söylədilər. Bütün bunlar Təbriz
Teatrı ilə reallaşdıracağımız bu layihənin böyük
uğur qazanacağına əsas verir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru,
Əməkdar İncəsənət Xadimi
Əliqismət Lalayev bildirib.
525-ci qəzet.-
2017.- 16 fevral.- S.7.