Odlar Yurdu islam həmrəyliyi məşəlini
alovlandırır
Prezident
İlham Əliyev 2017-ci ili Azərbaycanda
"İslam Həmrəyliyi İli" elan edib
Ötən əsrdə
müsəlman Şərqində dövlət quruculuğu, mədəniyyət,
sənaye və digər sahələrdə ilklərə imza atan
Azərbaycan bu gün İslam ölkələrinin bir araya gətirilməsində
öncül mövqedədir.
İslam həmrəyliyinin
gücləndirilməsi və qardaş İslam ölkələri
ilə münasibətlərin daha da möhkəmləndirilməsi
Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən
biridir.
Azərbaycan müstəqilliyinin ilk
illərindən dünya birliyinə inteqrasiya etməklə,
eyni zamanda, dost, qardaş olan müsəlman ölkələri
ilə də çox sıx əlaqələr qurdu. Bu gün də rəsmi
Bakı bu münasibətlərin dərinləşdirilməsində
çox fəaldır belə ki, bizi bir-birimizlə
bağlayan ancaq ortaq maraqlar deyil, müştərək
tariximiz, mədəniyyətimiz və əqidəmizdir.
Prezident İlham Əliyevin xarici siyasətində
Şərq amili daim önəmli yer tutub, islam
ölkələri və "müsəlman
dünyasının BMT-si" sayılan İslam Əməkdaşlıq
Təşkilatı ilə münasibətlər yüksələn
xətlə inkişaf edib. Bunu ölkə
başçısının islam ölkələrinə
müntəzəm səfərləri, imzalanan
çoxsaylı müqavilələr, İƏT-in
yığıncaqlarında fəal iştirakı və bu təşkilatın
Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı qərar
və qətnamələri təsdiq edir.
Bu səbəbdəndir ki, Azərbaycan
İƏT-in ən fəal üzvlərindədir və bu
gün İslam aləminin, müsəlman dövlətlərinin
siyasi birliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığına
böyük ehtiyac duyduğu vaxtda "İslam həmrəyliyi
ili" kimi bir təşəbbüs ilə
çıxış edir.
Həmrəylik və
siyasət
Milli maraqlarının
qorunması və beynəlxalq təhlükəsizliyin təmin
olunması baxımdan beynəlxalq qurumlarla əlaqələrə
ciddi əhəmiyyət verən Azərbaycanın qəbul
olduğu ilk beynəlxalq təşkilat məhz İƏT-dir.
O zamanlar Azərbaycanın İƏT
-ə üzv qəbul olunması həm erməni təcavüzünə
məruz qalmış, eləcə
də informasiya təbliğat imkanları zəif olan ölkəmizin öz haqlı mövqeyini dünya
ictimaiyyətinə çatdırılması, həm də
İƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə
münasibət bildirməsi üçün əsas verməklə
yanaşı, islam dövlətləri tərəfindən dəstəklənməsi
üçün çox zəruri idi.
Tarixən Azərbaycan
üçün həlledici məqamlarda bizim yanımızda
olan ölkələr məhz müsəlman ölkələri
olmuşdur.
Bizim üçün ən ağrılı problem olan
Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın haqlı tərəfində duran məhz islam ölkələri olmuşdur. Ermənistanı indiyədək
tanımayan Pakistan, təcavüzkar ölkə ilə sərhədləri
bağlayan Türkiyə, Yerevanın beynəlxalq arenada
provokasiyalarına hər zaman cavab verən Qazaxıstan ölkəmizin
ən böyük dəstəkçilərindəndir.
İƏT-in timsalında digər İslam
ölkələri də ölkəmizin haqlı və ədalətli
mövqeyini birmənalı şəkildə dəstəkləyir.
Ümumilikdə, Ermənistanı təcavüzkar, Xocalı
faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq
təşkilat da məhz İƏT-dir. Bu barədə indiyədək
20-dən artıq qətnamə, bəyanat, hüquqi sənəd
qəbul edən qurum "Xocalıya ədalət"
kampaniyasının ümumdünya
çağırışına çevrilməsinə də
böyük töhfə verib. Keçən il, İƏT
çərçivəsində Ermənistanın Azərbaycana
qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılması
da İƏT-in bu işğalın səbəb və məqsədlərinin,
onun ağır nəticələrinin dünya ictimaiyyətinə
çatdırılmasında Bakıya həm dəstəkdir,
həm də Bakı bu Qrupun fəaliyyətinin münaqişənin
həllinə öz töhfəsini verəcəyinə əmindir.
Təsadüfi deyil ki,
müsəlman ölkələri ilə mehriban və
genişmiqyaslı əlaqələr quran Azərbaycan təmsil
olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində
də İslam dünyasının maraq və mənafelərini
müdafiə edir. İslam ölkələrinin
qarşılaşdığı problemlərin həlli ilə
bağlı Azərbaycan hər zaman həll yollarının
tapılmasına və dialoq yaradılmasına
çalışır.
Təəssüflə qeyd
etmək gərəkdir ki, dünyada baş verən qanlı
qarşıdurmaların əksər hissəsi məhz müsəlman
ölkələrini əhatə edir. Əgər bunun bir səbəbi
müəyyən xarici dairələrin öz
maraqlarını müsəlman cəmiyyətlərində həyata
keçirmələridirsə, digər səbəbi İslam
dininə sitayiş edənlər arasında sürətli
parçalanmanın mövcud olmasıdır. Əfsuslar, məzhəb ayrı-seçkiliyi bu
gün İslamın ən ağrılı problemi olaraq
qalır. Eyni
zamanda, İslam dininə qarşı ədalətsiz
münasibət sərgilənir. Bəzi
ölkələrdə islamofobiya meylləri güclənir.
Bu fonda, Azərbaycanın
gücü, nüfuzu və imkanları, o cümlədən,
mövcud potensialı və beynəlxalq ictimaiyyətin ona olan
etimadı İslam həmrəyliyinə nail olunması kimi
mühüm missiyanı üzərinə götürməyə
imkan verir.
Əhalinin əksəriyyəti
müsəlman olan Azərbaycandakı dini münasibətlər
ən düzgün və zamanın sınaqlarından layiqincə
çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan
xalqı İslamın gözəlliklərini,
saflığını hər zaman qoruyub saxlayıb. Burada dinin dövlətdən ayrı olmasına
baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər
üzərində formalaşaraq dövlətçiliyimizin
möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən
fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz
xalqımızı birləşdirir, həmrəy edir,
dövlətimizin möhkəmlənməsinə və
yüksəlməsinə xidmət edir.
Ölkəmizin digər bir
xüsusiyyəti isə ondan ibarətdir ki, ölkə
bütün İslam aləmində dünyəvi dövlətçiliyin
nadir modellərindən biri, həm də ən yüksək
tolerant dəyərlərin daşıyıcısıdır. Bu gün Azərbaycanda
bütün digər dinlərin təmsilçiləri kilsələrə,
sinaqoqlara gedərək öz dini ayinlərini sərbəst
icra edirlər. Əlbəttə ki,
multikulturalizm öz-özlüyündə dünyanın və
bəşəriyyətin əsas qayələrindəm biri
kimi əsas diqqət mərkəzi olmalıdır. İslam həmrəyliyi isə onun tərkib hissələrindən
biri kimi çıxış edir.
Qlobal miqyasda sülh və əməkdaşlığa,
sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan
həmçinin İƏT ilə digər təşkilatlar
arsında əlaqələrin gücləndirilməsi
üçün çalışan əsas tərəfdir.
İlk dəfə olaraq məhz
ölkəmizin təşəbbüsü ilə 2013-cü
ildə BMT və İƏT arasında tərəfdaşlıq
əlaqələrinin gücləndirilməsi məsələsi
müzakirə olunmağa başladı. Daha öncə,
2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərinin Bakıda keçirilmiş toplantısına
ölkəmiz müsəlman dövlətlərinin mədəniyyət
nazirlərini dəvət etdi. 2009-cu ildə
isə Bakıda müsəlman ölkələrinin mədəniyyət
nazirlərinin toplantısına Avropa Şurasından nazirlər
dəvət edildi. Bu mənada reallıq
göstərir ki, Azərbaycan öz nüfuzundan və təcrübəsindən
irəli gələrək müsəlman ölkələri
arasında da birləşdirici və
barışdırıcı rol oynamağa qadirdir.
Bu baxımdan 2017-ci ilin
"İslam həmrəyliyi ili" elan edilməsi humanist və
uzaqgörən bir təşəbbüs olmaqla ölkəmizin
İslam birliyinə olan inamı və diqqətinin göstəricisidir. Bu təşəbbüs
dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi
sahəsində əməli addımların atılmasına,
o cümlədən, müsəlman ölkələri
arasında əməkdaşlıq əlaqələrinin daha
da güclənməsinə öz töhfəsini verəcək.
"İslam həmrəyliyi ili"nin əsas amalı odur ki, müsəlman
ölkələri iqtisadi, siyasi və mənəvi cəhətdən
bir-birinə daha sıx bağlansın, bir-birini ciddi şəkildə
müdafiə etsinlər və bu istiqamətdə Azərbaycan
yeni fəaliyyət mərhələsinə qədəm qoyur:
ölkəmiz İslam həmrəyliyinin ideya və real fəaliyyət
mərkəzinə çevrilir.
İqtisadi əməkdaşlıq
"İslam həmrəyliyi
ili" yalnız dini və siyasi həmrəyliyi deyil, eyni
zamanda iqtisadi, mənəvi və ölkələrarası
münasibətlərin bütün aspektlərinə
sağlamlaşdırıcı təsir göstərə biləcək
bir fəaliyyəti nəzərdə tutur.
Bu gün dünyanın iqtisadi
payında İslam ölkələrinin xüsusi çəkisi
8,5 faizdir ki, bu rəqəm o qədər də
böyük deyil. Bunun da səbəbi müsəlman
ölkələrində baş verən toqquşmalar,
müharibələrdir. Ümumilikdə dünyanın enerji
ehtiyatlarının 80%-i İƏT-ə
üzv dövlətlərin payına düşür. Təşkilata daxil olan ölkələrdən bəzilərinin
enerji resursları ilə daha zəngin olması İƏT-in
iqtisadi siyasətinin inkişafına ciddi təkan verə bilər.
Ekspertlər qeyd edir ki,
iqtisadi əməkdaşlığın genişləndirilməsi
üçün, İƏT üzv dövlətlər
arasında sərmayələr artmalıdır və bu sahədə
geniş imkanlar mövcuddur. İƏT-in
üzvü olan dövlətlər arasında eyni layihələr
və investorlarla rəqabətə girmək yox, əvəzləmə
prinsipi əsasında çalışmalıdır.
Eyni zamanda, dünya üzrə
gənclər arasında işsizlik faizi orta olaraq 13 faizdirsə,
İƏT üzv ölkələr arasında işsizlik faizi
15 faizdən yuxarıdır. Bütün bunları
nəzərə alaraq, tezliklə İƏT-in Bakıda yerləşəcək
Əmək Mərkəzi fəaliyyətə başlayacaq.
Bu mərkəzin yaradılması təşəbbüsü
Prezident İlham Əliyevə məxsusdur. Mərkəzin əsas istiqamətlərindən biri
üzv ölkələrdə işsizliyin səviyyəsinin
azalmasına təkan vermək olacaq və İƏT- üzv
olan ölkələr arasında belə bir əməkdaşlığın
stimullaşdırılmasına dəstək olacaq.
O ki qaldı, İslam ölkələri
ilə Azərbaycan arasında iqtisadi əlaqələrin gələcəyinə,
qarşılıqlı investisiya sahəsində əməkdaşlıq
imkanları olduqca genişdir. Bu gün Azərbaycanın
liderliyi ilə çox mühüm transmilli layihələr həyata
keçirilir, bu layihələr yalnız ölkəmiz
üçün deyil, həm də geniş bir regiona iqtisadi
dirçəliş gətirə biləcək layihələrdir.
Azərbaycan son illər
İƏT-in ən böyük maliyyə institutu sayılan
İslam İnkişaf Bankı ilə dinamik əməkdaşlıq
həyata keçirmiş və münasibətlər getdikcə
daha da genişlənməkdədir. Qeyd etmək
lazımdır ki, İİB müstəqilliyin ilk illərində
qaçqın və məcburi köçkün həyatı
yaşayan azərbaycanlılara maliyyə və humanitar
yardımlar göstərmişdir.
İİB ilə əməkdaşlıq
Azərbaycanın həm də İƏT üzvləri ilə
yaxınlaşmasına müsbət təsir göstərir. Bu səbəbdən
Azərbaycanın müsəlman ölkələri ilə
diplomatik münasibətlərində sosial-iqtisadi layihələrə
də son illər maraq artmış və respublikada müxtəlif
sahələrin inkişafına sərmayə qoyan müsəlman
ölkələrinin investorlarının sayı
artmışdır.
Yaxın günlərdə
ölkəmizdə səfərdə olan İİB-nin
vitse-prezidenti Sayed Ağa vurğulayıb ki, Azərbaycan
hökumətini iqtisadiyyatın neftdən asılı olmayan
modelinə keçiddə dəstəkləməyə
hazırdır. O həmçinin qeyd edib ki, İİB "Cənub Qaz
Dəhlizi" layihəsinin və eyni zamanda "Şimal-Cənub"
dəhlizinin maliyyələşdirilməsində iştirak
etməyə hazırdır.
Ümumilikdə, əməkdaşlığın
əvvəlindən bank ölkədəki layihələrə
1,3 milyard dollardan çox pul ayırıb.
Hazırda Azərbaycanda təxminən 400 milyon
dollar məbləğində layihələrin
reallaşdırılması davam edir.
Eyni zamanda, Azərbaycan
gözəl iqlimi, əlverişli coğrafi şəraiti,
müasir turizm infrastrukturu olan ölkədir və ölkə
müsəlman turistlərinin cəlb olunmasında
maraqlıdır. Bir sıra müsəlman ölkələrin,
o cümlədən, Qətər, Oman, Səudiyyə Ərəbistanı,
Bəhreyn və Küveyt vətəndaşları
üçün 2016-cı ildən etibarən hava
limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə
başlanması ölkəmizə səyahət edən xarici
turistlərin sayını əhəmiyyətli dərəcədə
artırıb. Bu baxımdan, Azərbaycanın
turizm sektorunda bu ölkərin şirkətləri
üçün çoxlu investisiya imkanları mövcuddur.
Humanitar əlaqələr
Azərbaycanın İƏT ilə
münasibətləri çərçivəsində elmi-mədəni əlaqələrin
də inkişafına xüsusi diqqət yetirir. Bu baxımdan İƏT çərçivəsində
ikitərəfli mədəni əlaqələrdə Azərbaycanın
təşkilatın digər ixtisaslaşmış
qurumları ilə yanaşı İSESKO ilə əməkdaşlığı
daha çox nəzərə çarpır. Bakı şəhəri 2009-cu ildə ISESKO-nun dəstəyi
ilə İslam mədəniyyətinin paytaxtı elan edilib.
2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim
şəhərimiz Naxçıvan layiq görülüb ki, bu Azərbaycana,ölkənin
mədəniyyətinə və bu gün Azərbaycanın
İslam aləmində oynadığı rola verilən
yüksək qiymətdir.
Azərbaycan-İƏT elmi-mədəni
əlaqələrinin inkişaf etdirilərək
bugünkü yüksək səviyyəyə
çatdırılması həm də Heydər Əliyev
Fondunun İSESKO ilə birgə həyata keçirdiyi beynəlxalq
konfrans, simpozium, seminar və digər elmi-mədəni tədbirlərlə
də sıx bağlıdır. Bu baxımdan Azərbaycanın
beynəlxalq arenada elmi-mədəni münasibətlərinin
yüksək templə inkişafı Fondun Prezidenti,
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
adı ilə bağlıdır.
İSESKO-nun baş katibi Əbdüləziz
bin Osman əl-Tüveyrci qəzetimizə müsahibələrindən
birində qeyd etmişdi ki, Azərbaycan İslam dəyərlərini
təşkil edən və İslam tərəfindən təbliğ
edilən, ortaq mövqe, qardaşlıq sevgisi, tolerantlıq,
sülh və müxtəlifliklərə hörmət kimi məfhumların
təşviqinə böyük səylər sərf edir. Bu sahədə görülən ən böyük
işlərdən biri də məhz, onun fikrincə, Bakı
Beynəlxalq Humanitar Forumu olub.
O həmçinin qeyd edib ki, Azərbaycan
beynəlxalq arenada mədəniyyətlər arasında dialoqu
inkişaf etdirən, sülh və təhlükəsizlik naminə
çalışan böyük iştirakçı dövlətdir.
Mütəmadi olaraq mədəniyyətlər
və dinlərarası dialoqa öz töhfəsini verən Azərbaycan
müsəlman aləmində birinci ölkədir ki, Vatikanda
öz sərgisini nümayiş etdirə bilmiş və burada
İslam mədəniyyətini təbliğ etməyə nail
olmuşdur.
Tezliklə paytaxt Bakıda
baş tutacaq İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi ilə bağlı qərar isə ölkəmizin
İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində
növbəti əməli addımlar atması
üçün əlverişli şərait yaradır. Prezident
İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi
İslam Oyunları təkcə idman yarışı olmayacaq,
eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin
həmrəyliyinin günləri olacaq.
Azərbaycan həm də müsəlman ölkələrinin media ictimaiyyəti arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlar atır. 2016-cı ilin oktyabrında Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib. Bu təşəbbüs reallığa çevrilərək müsəlman ölkələrinin jurnalistləri arasında əlaqələrin möhkəmlənməsinə, onların İslam dünyasının ortaq maraqlarının müdafiəsi üçün səfərbər olunmasına böyük töhfə verəcək.
Gülqız
Muradova
525-ci qəzet.- 2017.- 16 fevral.- S. 6.