Elmin Muxtar Abduyev
zirvəsi
Muxtar Abduyev - 90
BMT Baş Assambleyasının
müvafq qərarı ilə hər il 5
dekabr Ümumdünya Torpaq Günü kimi qeyd edilir.
Hər
il olduğu kimi bu dəfə də
dünyanın əksər ölkələrində
torpaqşünaslığın təbliği istiqamətində
müxtəlif tədbirlər həyata keçirildi və
keçirilməkdə davam edir.
Bu baxımdan, torpaqların öyrənilməsi , qorunması,
yaxşılaşdırılması və düzgün
istifadəsi sahəsində çalışmış və torpaqşünaslıq elmində
böyük nailiyyətlər qazanmış görkəmli alimlərin elmi irsini
bir daha geniş auditoriyaya çatdırmaq özü də,
Ümumdünya Torpaq Gününün məqsədlərinə
uyğundur. Belə əlamətdar məqamlarda əlbəttə ki, ilk növbədə,
Azərbaycan milli torpaqşünaslıq məktəbinin ən
parlaq və istedadlı nümayəndələrindən
biri, özündən sonra zəngin
elmi irs qoyub getmiş, sonsuz hörmət bəslədiyim müəllimim professor Muxtar Abduyevin elmi
yaradıcılıq yolu yada
düşür. Ömür vəfa
etsə idi , keçən il
Muxtar müəllimin 90 illik yubileyini qeyd edəcəkdik. Çox təəssüf
ki, bu cür istedadlı alim və qayğıkeş insan bu
dünyadan vaxtsız köçdü və elmi
yaradıcılığının ən məhsuldar
vaxtında tədqiqatları yarımçıq qaldı.
İstedadlı alimlərin həyat və
yaradıcılığı ilə tanış
olarkən həmişə belə bir təsəvvür
yaranır ki, sanki onlar ömürlərinin uzun
olmayacağını duyurlar və ona görə də
qısa zaman ərzində bir insan ömrünə
sığmayan nailiyyətlərə imza atırlar.
Professor
Muxtar Abduyevin də elmi yaradıcılığını hər
dəfə nəzərdən keçirdikdə onun cəmi 53
illik (1926-1979) ömründə
gördüyü işlərin, əldə etdiyi elmi nəticələrin
qarşısında heyrətlənməyə bilmirsən. Bu gün ki, texnoloji imkanlar şəraitində belə,
o cür mürəkkəb işlərin görülməsinə
onilliklər kifayət etməz. Burada onu da qeyd etmək
lazımdır ki, Muxtar müəllimin tədqiqatları həmişə
yeni-yeni istiqamətlərə həsr olunub. Məhz buna
görədir ki, gənc yaşlarında elmlər namizədi,
elmlər doktoru alimlik dərəcəsi və professor elmi
adını alan tədqiqatçı, daha
mürəkkəb mövzulara müraciət etməyə
başlamışdır. Professor Muxtar Abduyevin
doktorluq dissertasiyasının nəticəsi kimi 1966-cı ildə
ərsəyə gətirdiyi "Azərbaycanda delüvial formalı
şorlaşmış torpaqlar və onların meliorasiya məsələləri"
adlı monoqrafiyasını həmin dövrdə elmdə
hadisə adlandırırdılar. O zamanlar Şərqi
Avropa ölkələrinin torpaqşünasları Sovet torpaqşünaslıq məktəbinin
qabaqcıl nümayəndələri ilə sıx elmi əlaqəyə
malik idilər.
Təsadüfi deyil ki, prof. M.Abduyevin yuxarıda qeyd olunan monoqrafiyası
tez bir zamanda Avropa alimlərinin diqqətini cəlb
emişdi. O zamanlar Avropanın
torpaq meliorasiyası üzrə cəmiyyətinin prezidenti məşhur
alim prof. İ.Sabolç idi. Bu monoqrafiya ilə tanış
olan prof. İ.Sabolç, öz həmkarı K.Darab ilə
birlikdə, prof. M.Abduyevin monoqrafiyasına rəy yazmış
və Azərbaycan SSR Elmlər Akademiyasının "Xəbərlər"ində
dərc etdirmişdilər. Monoqrafiyanın elmi əhəmiyyətini
geniş şərh edən müəlliflər
, öz rəylərini belə bir fikirlə
tamamlamışdılar ki, prof. Muxtar Abduyevin bu kitabı təkcə
Azərbaycanda deyil, xarici mütəxəssislərin də
stolüstü kitabına çevriləcəkdir. Bu qədər zaman keçəndən sonra təsdiq
olundu ki, prof. İ.Sobolç nə qədər haqlı
imiş. Son qırx ildə elmi ədəbiyyatı izləyərək
gəldiyim bir faktı da qeyd etmək istərdim ki, həmin
rəydən sonra ,
torpaqşünaslıqda hər hansı digər bir kitab və ya müəllif
haqqında bu cür yüksək beynəlxalq səviyyəli
fikir söyləndiyinə rast gəlməmişəm. Prof. M.Abduyevin elmi fəaliyyəti AMEA-nın
Torpaqşünaslıq və Aqrokimiya institutu ilə
bağlıdır.
Şəxsən mənim də
torpaqşünaslıq ixtisasını seçməyimdə
və elmi tədqiqatçı olmağımda bu böyük
alimin müstəsna rolu olmuşdur. Yuxarıda qeyd etdiyim
kimi, prof. M.Abduyev meliorativ torpaqşünaslığın ən
aktual mövzuları ilə məşğul olurdu. Azərbaycanın şorlaşmış və
şorakətləşmiş torpaqlarının duzlardan təmizlənməsi
və əkin dövriyyəsinə qaytarılması
üçün bir-birindən maraqlı ideyalar irəli
sürər və elmin perspektiv istiqamətlərini
vaxtında görə bilirdi.
Uzaq 1975-ci ildə mənim
üçün namizədlik mövzusu seçərkən
, minerallaşmış (duzlu) kollektor-drenaj suları ilə
şorlaşmış torpaqların duzlardan yuyulub təmizlənməsi
imkanına pessimist yanaşanlar çox olsada , sonda elmi tədqiqatın
nəticələri , elmi ideyanın perspektivliyində
şübhə yeri qoymadı. Məlum
olduğu kimi, bütün dünyada su qıtlığı
hiss olunmaqdadır. Hələ 40 il
bundan əvvəl Muxtar müəllimin rəhbərliyi ilə
istifadəsiz qalaraq dənizə axıdılan miyardlarla kub
metr sulardan və dəniz suyundan istifadə məsələləri,
bu uzaqgörən alimin elmi maraq dairəsində idi. Bir
zamanlar Siyəzən -Şurabad
massivində torpaq tədqiqatları apararaq , həddən
artıq qeyri-qənaətbəxş su-fiziki xassələrə
malik olan bu torpaqları öyrənərkən, kimin
ağlına gələrdi ki, 50 ildən sonra müasir
Taxtakörpü su anbarı tikiləcək və bu torpaqlarda
aparılmış tədqiqatlar hava və su kimi lazım
olacaq. Digər bir misal kimi torpaqların
rekultivasiyasını, əsas etibarı ilə Abşeronun
neftə bulaşmış torpaqlarının təmizlənməsi
və istifadəsi problemini göstərə bilərik.
40 il bundan əvvəl Sovet İttifaqı
dönəmində torpaqların rekultivasiyası problemi Moskva
üçün aktual deyildi. Buna baxmayaraq
1974-cü ildə prof. M.Abduyevin təşəbbüsü ilə
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda "Torpaqların
rekultivasiyası" yaradıldı və bu gün də fəaliyyət
göstərir. Azərbaycan müstəqillik
əldə etdikdən sonra rekultivasiya problemi diqqət mərkəzinə
çevrildi və torpaqların neftlə çirklənməsinə
qarşı mübarizə tədbirləri dövlət
qayğısı ilə əhatə olundu. Bütün bunlar heç də hər bir alimdə
olmayan elmin inkişaf perspektivlərini qabaqcadan görmək
qabiliyyətidir. Muxtar müəllimin elmi fəaliyyəti
o qədər zəngindir ki, bir yığcam yazıda
, onların hamısını sadalamaq belə, imkan
xaricindədir.
Odur ki, elmi fəaliyyət
haqqında qısa xülasədən sonra professor M.Abduyevin
böyük alimliyinə tam uyğun gələn yüksək
insani keyfiyyəti haqqında söz açmamaq doğru
olmazdı. Muxtar müəllim gənc yaşlarından
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ictimai həyatında
yaxından iştirak etmiş və kollektivin üzvləri
arasında hörmət qazanmışdı. Heç də
təsadüfi deyil ki, 1968 -ci ildə böyük elmi
isçi seçilən kimi, ona etimad göstərərək
institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə
təyin etmişdilər və o, ömrünün sonuna kimi
bu vəzifəni bacarıqla icra etmişdir. O zamanlar biz
aspirantlar hər həftənin 3-cü gününü səbrsizliklə
gözləyirdik ki, Muxtar müəllimin rəhbərliyi ilə
keçirilən elmi-metodiki seminarda iştirak edək. Bu seminarda institutun aparıcı əməkdaşları
çox maraqlı mövzularla çıxış edirdilər
və ən əsası isə elmi etikadan kənara
çıxmayan qızğın müzakirələr gedirdi.
Bu cür seminarda öyrəndiklərimiz bizim
üçün günlərlə kitabxanalarda
oxuduqlarımızdan faydalı olurdu. Nə qədər
acınacaqlı olsa da , qeyd etməliyəm
ki, Muxtar müəllimdən sonra bu seminarlar forma və mahiyyətini
dəyişdi və ötən 37 il ərzində bir daha o səviyyədə
seminarın şahidi olmadıq. Bir məsələni də
açıq şəkildə bildirmək olar ki, Muxtar müəllimdən
sonra, bu
günə kimi Torpaqşünaslıq və Aqrokimya
İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsi
əvvəlki statusuna qayıda bilmədi.
Burada bir haşiyəyə
çıxmaq istərdim ki, elmi işlər üzrə
direktorun kabinetində bir taxta yazı lövhəsi var idi ki,
bütün elmi mübahisələr həmin lövhənin
üzərində öz əksini tapırdı. 1980-ci ildə
o lövhəni həmin kabinetdən çıxardılar və
bu zaman mən dəhlizdə idim. Mən son 3 ili hər
gün o kabinetdə elmi rəhbərimin yanında
keçirdiyim üçün ,bu cür
yerdəyişmələr mənə pis təsir edirdi. Birdən-birə
qəlbimdən belə bir fikr keçdi ki, əgər o
kabinetdə Muxtar müəllim yoxdursa, elmi də çıxarıb aparsalar
yaxşı olar, çünki
orada elm olmayacaqdı. Ötən dövr
göstərdi ki, mən hissimdə yanılmamışam.
Fəhlələr əllərindəki taxta
lövhənin üzərində, sanki elmi müzakirələri
də birdəfəlik aparırdılar.
Muxtar müəllim zehni əməklə
yanaşı fiziki əməkdən də çəkinməyən
zəhmətkeş və sağlam insan idi. Onun əsas xüsusiyyəti , özgələrin də dərdini
ürəyinə salması , haqq-ədalətin pozulmasına
göz yuma bilməməsi,
hamıya qarşı diqqətli olması idi ki, bu da həmişə
mümkün olmurdu və daxilən əziyyət verirdi. Xüsusilə
ömrünün son 4 ilində institutda rəhbərliyin dəyişməsi
ilə ona qarşı olan haqsızlıqlar və səviyyəsiz
münasibətlər Muxtar müəllimin səhhətinə
olduqca mənfi təsir göstərirdi. O zamanlar
, ali məktəblərdən birində kafedra müdiri
vəzifəsi təklifini qəbul etsəydi, bəlkə də
başqa cür olardı. Bunu deməyə o əsas verir ki,
1998-ci ilin sonunda Moskvada kardiologiya mərkəzində bir
professor demişdi ki, sizin iş yerində
gördüyünüz hər bir ədalətsiz münasibət
təsirsiz ötüşmür, siz heç nəyi
qulaqardına vura bilmirsiniz, ona görə
də iş yerini dəyişməniz məsləhətdir. Həkim , bircə onu bilmirdi ki, Muxtar müəllim
bu kollektivə nə qədər bağlıdır və
elmi-tədqiqatsız özünü təsəvvür
etmir. İnstitutun bir neçə
paxıl və dar düşüncəli insanlarından (onlar
da dünyalarını dəyişdikləri üçün
adlarını yazmıram) başqa tam əksəriyyət həmişə
onun hörmətini saxlayırdılar.
Torpaqşünaslar yaxşı bilirlər
ki, tanınmış torpaqşünas Akademiyanın müxbir
üzvü, prof.M.E.Salayev çox tələbkar alim idi özünə
və digərlərinə tənqidi yanaşırdı, buna
görə də , hər alimi bəyənməzdi. 1978-ci ildə
Elmi Şurada bərk mübahisə düşdü və
heç kim digərinin fikri ilə
razılaşmaq istəmirdi. Bu zaman Muxtar müəllim
zala daxil oldu və keçib öz yerində əyləşdi.
Mübahisəni davam etdirən prof. Salayev üzünü
oponentlərinə tutdu və Muxtar müəllimi göstərərək
dedi : Vot priznannıy avtoritet (az:avtoriteti
hamı tərəfindən qəbul edilən), görün nə
cavab verəcək. Mən sonra Muxtar müəllimdən
soruşanda ki, nə əcəb prof. Salayev belə dedi, cavab verdi ki, o,
elmə, biliyə qiymət verən adamdır. Mən
arabir həmin dövrün alimləri haqqında Muxtar müəllimin
fikirlərini öyrənirdim. O da bir dəfə
demişdi ki, mənə görə M.E.Salayev mükəmməl
torpaqşünasdır.
Sovet İttifaqının ən sərt
vaxtlarında
Muxtar müəllim milli təəssübkeşliyini
gizlətmirdi. Bunun bariz nümunəsi kimi, məndən
yaşlı və təcrübəli həmkarlarımdan eşitdiyim bir epizodu
hörmətli oxucularla bölüşmək istərdim. 1963-cü ildə Elmlər Akademiyası,
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əyani
aspiranturasına 2 yer ayırır.
Torpaqşünaslıq üzrə imtahan komissiyasına iki
akademiklə yanaşı Muxtar müəllim də daxil olur.
Bu iki yerə 4 nəfər sənəd
təqdim edir və onlardan
heç bir dəstəyi olmayan
2 nəfər suallara əla cavab verirlər, digər iki
nəfər isə nisbətən təcrübəli hesab
olunmalarına və imtahan götürən alimləri
yaxından tanımalarına rəğmən zəif cavab
verirlər. Zəif cavab verənlərdən biri Kuleşov
familiyalı iddiaçı həm də o zamanlar Elmlər
Akademiyasında akademik-katib və institutda isə Muxtar müəllimin
çalışdığı laboratoriyaya rəhbərlik edən
akademik V.Volobuyevin
dəstəyinə malik idi. Məhz
buna görə, elmi katib Buyanovski təklif edir ki, gəlin
bunların hamısına 4 yazaq getsinlər. Bütün komissiya razılaşır, yalnız
Muxtar müəllim qəti etirazını bildirir ki, əla
cavab verənlərə əla, zəif cavab verənlərə
isə kafi yazmaq lazımdır. Mübahisə uzanır və təcrübədə
ilk dəfə olaraq qiymətlərin elan olunmasını
sabaha saxlayırlar. O zaman Muxtar müəllimin doktorluq
dissertasiyası da akademik V.Volobuyevdən asılı idi.
Bütün risklərə baxmayaraq Muxtar müəllim öz
sözünün üstündə durur və
tanımadığı iki gəncə əla qiymət
yazılmasına nail olur. Böyük ziyalı
olan akademik V.Volobuyev də bu məsələdən incimir.
Nəticə etibarı ilə, Muxtar müəllimin
haqlarını qoruduğu həmin azərbaycanlı gənclər
aspiranturaya daxil olur və ömürlərini elmə həsr
edirlər. Həmin, o zamanki gənclər
hal-hazırda da Torpaqşünaslıq və Aqrokimya
İnstitutunda çalışırlar. Onlardan biri ,
tanınmış torpaqşünas alim, aqrar elmlər
üzrə fəlsəfə doktoru Vilayət Həsənov
digəri isə AMEA-nın həqiqi üzvü, aqrar elmlər
doktoru, professor Məhərrəm Babayevdir. Muxtar müəllimin
həyatından belə nümunələr
çox gətirmək olar.
Muxtar müəllim
qazandığı hörməti, təkcə Bakıda deyil,
Azərbaycandan kənarda da müşahidə etmək
,bu sətirlərin müəllifinə qismət
olub. 1978-ci ilin
dekabrında Moskvaya Torpaq İnstitutuna getmişdik. O
zamanlar (elə indi də) Moskva Torpaq İnstitutu
torpaqşünaslıq elminin mərkəzi
sayılırdı. İnstitutun o zamanki direktoru
akademik Y.Yeqorovun elmi işlər üzrə direktor müavini
İ.Raboçevin Muxtar müəllimlə səmimi
münasibətləri, mənim kimi bir gənc aspirant
üçün çox fərəhləndirici idi.
Ezamiyyətimizin ilk günündə bir yaşlı qadın,
(sonra bildim ki böyük elmi işçidir) Muxtar müəllimə
yanaşaraq hörmətlə salamlaşdı və dedi ki,
professor mən Sizin xəbərdarlığınıza qulaq
asmadım və nəticəsi acınacaqlı oldu. Söhbətdən
başa düşdüm ki, həmin alim Voronej tərəfdən
vaqonlarla münbit qaratorpaq gətirib Moskva ətrafında əkinə
yararsız yerlərin üzərinə yaymaqla həmin ərazilərdə
münbit şərait yaratmaq istəyib və illər
keçdikcə, Muxtar müəllimin dediyi kimi həmin
qaratorpaq məhv olmuşdu.
O zamanlar Sovet torpaqşünasları
arasında prof. N.Minaşinanın xüsusi hörməti var
idi və bunun səbəblərindən biri bu xanımın
ciddi və tələbkar alim olması idisə, digər səbəbi
o zamanki Ali Attestasiya Komissiyasında söz sahibi olmasında
idi. Muxtar müəllim məni həmin alimlə tanış etdi və xahiş etdi ki, mənim
dissertasiyamın əlyazmasını nəzərdən
keçirsin. İki gün sonra prof.Minaşina məni
evinə dəvət etdi və dissertasiya haqqında fikirlərini
söylədi və bildirdi ki, prof.Abduyevin rəhbərliyi ilə
aparılan elmi işlərin səviyyəsi həmişə
onu qane edir.
Yeri gəlmişkən, 1977-ci ildə prof.Abduyevin " Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası" adlı monoqrafiyası çapdan çıxmışdı. Aktual problemə həsr olunmuş kitabın maraqlı cəhətlərindən biri o idi ki, tədqiqat nəticələrinin hamısı cədvəl şəklində kitabın sonuna əlavə edilmişdi. Bu yeniliyi Bakıda başa düşməyənlərin və əksər halda başa düşmək istəməyənlərdən fərqli olaraq prof.Minaşina həmin kitab haqqında yüksək rəy bildirdi və qeyd etdi ki, bütün tədqiqat nəticələrini digərləri ilə tam şəkildə bölüşmək hər alimin hünəri deyil. Bu kitabın quruluşu , müasir dövrdə məlumat bazalarının yaradılmsı istiqamətində yenilik idi. Prof.M.Abduyev torpaqşünaslığın ən çətin sahələrdən olan şorakətləşmiş torpaqların tədqiqi üzrə də , keçmiş Sovet İttifaqında az saylı söz sahiblərindən biri idi. O zaman Sovet İttifaqı üzrə bu məsələnin əlaqələndirməsini məşhur alim K.Pak həyata keçirirdi və onun rəhbərlik etdiyi Problem Şurasına yalnız Muxtar müəllimin seçilməsi Bakıda bir çoxlarını məyus etmişdi. O zamanlar dissertasiyalar Moskvada təsdiq olunsa da, rəy üçün tanınmış alimlər sırasından seçilmiş gizli opponentlərə göndərilirdi. Muxtar müəllimin dəfələrlə müsbət rəy yazaraq elmi dərəcə almağa yardım etdiyi adamların bu yaxşılıqdan xəbəri olmurdu.
FAO tərəfindən 2015-ci ildə yeni Ümumdünya Torpaq Xartiyası qəbul edilmişdir və bu Xartiyada hökumətlərə , beynəlxalq qurumlara və elmi cəmiyyətlərə bütün dünyada torpağa qayğının ən prioritet məsələ olduğu nəzərə çatdırılməşdır. Bu Xartiyada torpaq haqqında biliklərin təbliğinə xüsusi önəm verilir. Torpaq qayğısına qalmaq, torpağı sevmək üçün isə bu sahədə xüsusi xidmətləri olan alimlərin fəaliyyəti ilə tanış olmaq zəruridir. Bu baxımdan, Azərbaycan torpaqşünaslığında özünəməxsus yeri olan, ehtiramla 90 illiyini yad etdiyimiz professor Muxtar Abduyev, öz elmi əsərləri və keçdiyi nümunəvi həyat yolu ilə bu gündə xalqımızın xidmətindədir.
Amin İSMAYILOV
AMEA-nın
müxbir üzvü, professor
525-ci qəzet.-
2017.- 16 fevral.- S.4.