Naxçıvan ərazisi xəritələrdə və
tarixi materiallarda
Azərbaycan dövlətçiliyinə
qəsd edən bədnam erməni "tarixçi"lərinin saxtakarlıq
cəhdləri ifşa
olunur
"Böyük
Ermənistan" xülyası
ilə yaşayan ermənilər xüsusən
XIX əsrin əvvəllərindən
başlayaraq uydurma kitablar yazıb, xəritələr tərtib
edib.
Saxtakar erməni tarixçiləri
bu cür uydurulmuş yazılarını
da düşünülmüş
bir siyasətlə Rusiya, Amerika və Avropa ölkələrində dərc
etdiriblər. Zaman-zaman da bu yazılara istinadən yerli əhaliyə qarşı vandalizm, talanlar, soyqırımlar törədiblər, yerli müsəlman-türk əhalisini
öz torpaqlarından
zorla qovublar. Bədnam erməni tarixçilərinin
saxtakarlıq ənənəsi
bu gün də öz "məharətli" davamçıları
tərəfindən "ustalıqla"
yaşadılır.
Ermənilər tərəfindən rus və erməni dillərində yaradılan
saytlarda Azərbaycana,
onun ayrılmaz parçası Naxçıvana
qarşı təxribatlar
aparılır. Naxçıvan, onun ərazisi
Ermənistan ərazisi
kimi göstərilir.
Tərtib etdikləri xəritələrdə
bölgə adları
dəyişik və fərqli adlarla, bəzən də erməni mənşəli
adlarla verilir. Videolar paylaşılır. Təbii ki,
videolarda da saxtakar erməni nümayəndələrinin müxtəlif
ölkələrdə çəkinmədən,
utanmazcasına verdikləri
yalan məlumatlar əsasında çəkilən
aldatıcı kadrlar ictimaiyyətə təqdim
olunur. Son aylar erməni təxribatı yenidən
"canlanıb". Belə ki,
erməni saytlarında
Naxçıvan Ermənistan
ərazisi kimi göstərilir. Azərbaycanla bağlı həqiqətdən
uzaq, yanlış, yalan məlumatlar verilir. Bu cür saxtakarlıqları ilə
kimisə inandıra biləcəklərini sanaraq
"məlumat" çoxluqları
yaradaraq siyasi maraqlarını həyata
keçirməyə can atırlar.
Məsələ ilə bağlı AMEA Naxçıvan Bölməsinin
əməkdaşları da
fəallıq göstərir,
ermənilərin insanlıqdan
uzaq çirkin əməllərini istər
elmi məqalələrində,
istər nəşr etdikləri kitablarda, istərsə də
internet məkanında ifşa
edib, öz münasibətlərini bildiriblər. Biz də mövzunun aktuallığını nəzərə
alaraq, AMEA Naxçıvan
Bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadə ilə görüşüb,
həmsöhbət olduq.
Ermənilərin bu tipli
"tarix yaratmaq" cəhdləri, bu gün və ya dünən başlayan proseslər deyildir, - deyə söhbətə başlayan
gənc tarixçi qeyd etdi ki,
hələ sovetlər
dönəmində - xalqların
və millətlərin
qardaşlığının təbliğatından ermənilər
bu əraziləri özününküləşdirmək üçün istifadə
etmişlər. Son aylarda isə ermənilərin daha da fəallaşması, dünyaya haray çəkməsi isə
əsasən Ermənistandakı
hərbi xunta rejiminin sifarişləri ilə bağlıdır.
Bir tarixçi olaraq bu cür
təxribatlara cavab verilib-verilmədiyi barədə
sualımızı gənc
tarixçi bu cür cavablandırdı:
"Biz hələ ötən
il ermənilərin belə sərsəm iddialarını əks etdirən yazıları cavablandırmışdıq. FMG-NEWS
saytında ermənilərin
təqdim etdikləri yazıdakı informasiyaların
saxtalığını mənbələr
və faktlarla göstərmişdik. Yazı rus
və Azərbaycan dillərində bir neçə internet resurslarında
dərc edildi, eləcə də FMG-NEWS saytına göndərildi.
Ermənilərin bizə cavab
məktubları da heç bir tutarlı fakta söykənmədi. Ümumiyyətlə,
bu tipli yazıların iki qaynağı var. Ya şovunizm xəstəliyinə tutulmuş
xəstə təfəkkürlü
diletantlar tərəfindən
yazılır, ya da siyasi sifarişlə.
Bu cür olduqda
qarşı tərəfi
inandırmaq mümkündürmü?
Xeyr.
İnandırmağa çalışmaq lazımdırmı? Xeyr. Belə olan
halda sual ortaya çıxır, nə etmək lazımdır?
Biz - AMEA Naxçıvan
Bölməsində çalışanlar
yazdığımız məqalələri
təkcə cavab olaraq deyil, tutarlı
elmi faktlara söykənən sanballı
məlumat məqalələri
kimi dərc etdirməyə çalışmalıyıq.
Fəaliyyəti dövründə
AMEA Naxçıvan Bölməsində
Naxçıvanın tarixi
tədqiq olunub, kitablar nəşr edilib və bu istiqamətdə iş davam etdirilir.
AMEA Naxçıvan Bölməsinin
sədri, Əməkdar
elm xadimi, akademik İsmayıl Hacıyevin ötən il
Moskvada,"İPÜ "MASKA"" nəşriyyatında rus dilində nəşr edilmiş "Ermənilərin
Azərbaycana qarşı
ərazi iddiaları və qanlı cinayətləri" monoqrafiyası
erməni diletantlarının
təxribatlarına ən
ciddi cavablardan biri hesab edilə
bilər. Kitabda ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə
törədikləri soyqırım
və deportasiya siyasətini ifşa edən sənədlər,
Azərbaycan torpaqlarına
qarşı əsassız
ərazi iddiaları, bu torpaqlar uğrunda
gedən mübarizə
və onların nəticələri, məkirli
siyasət və bu siyasətin həyata keçirilməsində
ermənilərin oynadıqları
mənfi rol göstərilib. Bizim institutun
əməkdaşı tarix
üzrə fəlsəfə
doktoru, dosent Emin Şıxəliyevin ötən ilin sonlarında "İngiltərənin
geosiyasi maraqlarında
"erməni məsələləri"nin
yeri və Azərbaycana təsiri
(1917-1920)" nəşr edilən
yeni kitabında da Böyük Britaniyanın arxiv sənədləri əsasında
erməni vəhşilikləri
ifşa edilir.
Biz ötən
ilin sonunda Naxçıvanın XII əsrdən-XVIII
əsrə qədərki
dövrdə tarixi-coğrafiyasına
dair monoqrafiyanı nəşr etdirdik. Bu tədqiqatlarımızın xarici
dillərə çevrilməsi
(xüsusən rus və ingilis dillərinə) və nəşri qarşımızda
duran məsələlərdən
biridir. Eləcə
də bu günlərdə oxuculara
təqdim edəcəyimiz
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyevlə
birgə yazdığımız
"Naxçıvanlı diplomatlar"
kitabında da XX əsrin əvvəllərində
Naxçıvanlı diplomatların,
siyasi və ictimai xadimlərin Naxçıvanı erməni
təcavüzündən qorumaq
üçün fəaliyyətlərini
əks etdirmişik. Kitabda mətnlərin Azərbaycan dili ilə yanaşı rus dilində də təqdim edilməsinə nail ola bildik. Hal-hazırda yenə
də akademik İsmayıl Hacıyevin rəhbərliyi altında
birgə hazırladığımız
daha bir kitab ermənilərin yazdıqlarının yalan
olduğunu tarixi mənbələrin dili ilə sübut edən nəşrlərdən
olacaqdır".
Müsahibimizdən bir internet istifadəçisi kimi ölkəmiz haqqında tam həqiqətlərdən uzaq olan yalan məlumatların yayıldığı saytlarda mövzu ilə bağlı nə kimi işlər gördüklərini də soruşduq. O, dedi: "Əvvəllər Naxçıvan həqiqətlərini dünyaya, daha geniş ictimaiyyətə çatdırmaq üçün hətta sosial şəbəkələrdə belə, yetərli resurslar yox idi. Bu gün çox yaxşıdır ki, Naxçıvanın tarixi, mədəniyyətini əks etdirən çoxsaylı resurslar meydana çıxıb. Eləcə də, hələ sosial şəbəkələrdə 2011-2012-ci illərdə yaradılan sosial qruplar və səhifələr ciddi izləyici toplayıb və yeni səhifələr yaradılıb, daha da inkişaf etdirilib. İnternet təbliğat üçün sonsuz imkanları olan bir məkandır. Konkret olaraq bizə gəldikdə isə bu gün biz maksimum şəkildə müxtəlif qəzetlərdə, jurnallarda mütəmadi olaraq müxtəlif dillərdə məqalələr təqdim etməyə çalışırıq. Mühüm istiqamətlərdən biri "Vikipediya"dır. Bilirsiniz ki, bu açıq redaktə imkanları olan ensklopedik resursdur və dünyada ən çox informasiya alınan mənbələrdən biridir. O resurslarda da Naxçıvanla bağlı müxtəlif dillərdə, müxtəlif məqalələr var. Təəssüf ki, biz bu məqalələrin yerləşdirilməsi və redaktəsində nisbətən geridə qalırıq. Erməni diletantları bir çox hallarda hətta maliyyə resurslarından istifadə etməklə bu səhifələri özlərinin uydurduqları yalanlarla doldururlar. Xüsusən, ingilis və rus dillərində olan məqalələri. Lakin bizim alimlərimizin tədqiqatlarına burada çox az yer verilir. Təbii ki, alimlər, elmi işçilər həm tədqiqat aparıb, həm də bunun təbliği ilə eyni vaxtda aktiv şəkildə məşğul ola bilmirlər. Lakin gənclər üçün bunu etmək elə də çətin deyil. Sadəcə olaraq müvafiq məqalələri tapmaq, onlara uyğun yazılan elmi ədəbiyyatları əldə etmək, vikipediya məqalələrində müvafiq düzəlişlər aparmaq lazımdır. Biz bu istiqamətdə artıq bir sıra məqalələrə gücümüz çatdığı qədər düzəlişlər etmişik və bu istiqamətdə işləri davam etdirməkdəyik. Lakin unutmamaq lazımdır ki, bu düzəlişləri edərkən də məsələnin ciddiyətinin fərqinə varmaq və ciddi informasiyalar vermək lazımdır. Vikipediya idarəçilərinin məqsədi də məhz budur".
Tarixi mənbələr sübut edir ki, nə qədim dövrlərdə, nə də orta əsrlərdə Naxçıvan ərazisində ümumiyyətlə, erməni adlı xalq yaşamayıb. Yazımızı bir tarixçinin sözləri ilə bitirmək istəyirəm. O, deyir ki, "Dünyada yəqin ki, elə bir xalq tapmaq olmaz ki, onun tarixi erməni tarixi qədər saxtalaşdırılmış, yad xalqların tarixi üzərində qurulmuş olsun. Həmin tarix təcavüzkarlığın ideoloji mənbəyidir və nə qədər ki, həmin tarix yenidən yazılmayıb erməni təcavüzkarlığı da aradan qalxmayacaqdır".
Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin İnformasiya
şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2017.- 17 fevral.- S.4.