Gəlincik

 

 (Hekayə)

 

 

 

Mədinənin universitetə qəbul olunması hamını sevindirmişdi.

 

İki il gecə-gündüz bilmədən imtahanlara hazırlaşan Mədinənin onu təbrik etməyə gələnlərə ürəkdən dediyi bir söz vardı: bu iki ildə bir dəfə də olsun televizora baxmamışam, bizim evdə heç internet də yoxdur. O sözləri eşidənlər də əməlli-başlı təəccüblənir və öz-özlərinə sual verirdilər ki, necə ola bilər, Mədinə bir dəfə də olsun televizorun qabağında oturmasın, bir verilişə baxmasın, bir mahnıya qulaq asmasın? Mədinənin bu iki ildə televizordan uzaq durmasına şübhə edənləri isə Mədinə and-aman eyləyə-eyləyə inandırmağa çalışır və çətin də olsa, inandırırdı.

 

Mədinə söyləyirdi ki, məktəb illərində müəllimlərimiz bizə nə qədər desən öyüd-nəsihət, məsləhət veriblər, amma onların bəzisi yadımızda qalıb, bəzisi yox. Kimya müəllimimiz həmişə atalar sözləri ilə danışardı. Ən çox sevdiyi və tez-tez təkrar elədiyi bu idi ki, müəlliminə kəm baxanın gözlərinə qan damar. Kefimizin çağ vaxtında uşaqlardan biri belə atalar sözünün olmadığını ona xatırladanda müəllim də tövrünü pozmadan cavab verdi ki,  atalar sözləri illər keçdikcə dəyişilir, yeniləşir. Elə xalqın böyüklüyü də ondadır ki, öz kəlamlarını təzələməyi bacarır. Sizə tanış gəlməyən həmin atalar sözünü bundan sonra çox eşidəcəksiniz. Daha bundan sonra heç kəs dinmədi. Kimya müəlliminin həmin sözlərinə sinifdə kimin inanıb-inanmadığını deyə bilmərəm. Amma onuncu sinifdə oxuyanda ədəbiyyatdan məni imtahana hazırlaşdıran Qəni müəllimin bir izahı gecə-gündüz yadımdan çıxmırdı. O deyirdi ki, söz yalnız deyilən və eşidilən deyil, gördüyün hər bir adamın özü də, hərəkəti də sözdür. Bu sözlərin sayı artdıqca insan yorulur, fikrini heç cür bir yerə cəmləşdirə bilmir. Ona görə də imtahanlara hazırlaşdığınız dövrdə televizora, kinoya baxmağı, ad gününə, toya getməyi birdəfəlik yığışdırın. Elə ki, ali məktəbə qəbul oldunuz, tələbə biletini alıb cibinizə qoydunuz, ondan sonra daha özünüz bilərsiniz, kinoya-minoya, toya-moya gedərsiniz nə yaxşı, getməzsiniz nə yaxşı! Mənim iki il televizora baxmamağımın səbəbi də məhz Qəni müəllimin bu sözləri olmuşdu.

 

Mədinənin ayrıca bir otağı var idi.  Otağın uzun divarını yarıyacan kitab şkafı örtürdü. Kitab şkafı ilə üzbəüz divarın qarşısında isə onun imtahanlara hazırlaşması üçün stol və stul qoyulmuşdu. Həmin stol və stul təptəzə görünürdü və Mədinənin atası Sərdar  müəllim onları düz iki il bundan qabaq binalarının birinci mərtəbəsində olan mebel mağazasından alıb gətirmişdi. Uzunsov və ensiz bir divan isə o biri divara yapışmışdı. Mədinə dincələndə də, gecələr yatanda da elə həmin divanda dincəlir və həmin divanda yatırdı. Ata-anası nə qədər çalışmışdı ki, o divanın yerinə çarpayı qoysunlar və uşaq dincələndə, yatanda rahat olsun, amma əmələ gəlməmişdi. Bu barədə evdə söhbət düşəndə Mədinə heç vaxt razı olmayıb demişdi ki, bu divana öyrəşmişəm, universitetə qəbul olandan sonra necə istəyirsinis, elə də dəyişərsiniz.

 

Valideynlərin bəziləri abituriyent uşaqlarına bahalı, şəkilləri aydın çəkə bilən cib telefonları alardılar, bəziləri isə onlara yalnız danışmaq üçün yarayan sadə telefonlar verərdilər. Qəribə burasıdır ki, Mədinənin bahalısı, sadəsi dursun bir yana, heç cib telefonu da yox idi. Onu hazırlıq müəllimlərinin yanına sifarişlə tutulmuş taksi aparıb gətirirdi. Ehtiyac olanda isə Mədinə müəllimin telefonu ilə danışırdı, valideynləri də ona bir söz demək istəyəndə elə müəllimə zəng edərdilər.

 

İndi səhər-səhər Mədinə özünə aid əşyalarını yığdığı boz rəngli çantasını atasının maşınının dal təkərinə söykəmişdi, düşünürdü ki, atası gələn kimi çantanı maşının baqaj hissəsinə qoyacaqdır. Mədinənin kiçik qardaşı Ayxan isə hamıdan tez gəlib maşının qabaq oturacağında rulun arxasında oturmuşdu, kefi saz idi və öz-özünə asta-asta zümzümə edirdi. Əslində evdə lazım olan bütün yır-yığış işləri başa çatmışdı, hazırlıq işləri, demək olar ki, tam qurtarmışdı, amma atası  Sərdar müəllimlə anası Gülbaharın hələ də içəridən bayıra çıxmamaları Mədinəni əməlli-başlı dilxor eləmişdi.

 

Mədinə bir əlində qara eynək tut ağacının kölgəsində dayanan maşının ətrafında gəzişməyə başladı və birdən instituta qəbul olan günü hönkür-hönkür ağlamağı yadına düşdü. Atası hay-küylə həyətə girib onu qonşuların eşidəcəyi bir səslə təbrik edəndə Mədinə göz yaşlarını saxlaya bilməmişdi. Sərdar müəllim onun boynunu qucaqlayıb sakitləşdirmək istədikcə Mədinənin hönkürtüsü daha da ucadan eşidilməyə başlamışdı. Axırda Mədinə evə qaçaraq öz otağına girmiş və stolun üstündə çox nizamla yığılmış bütün kitabları hirslə götürüb döşəməyə çırpmışdı.  Onun ardınca gələn anası Mədinəni zorla sakitləşdirmişdi.

 

Mədinə bunları fikirləşə-fikirləşə maşının sağ qapısının yuxarı küncündə olan güzgüsünə yaxınlaşıb üz-gözünə diqqətlə baxdı, barmaqları ilə saçını alnının yuxarısına doğru geriyə tumarladı, düşündü ki, bəlkə, o günkü ağlamağından üz-gözündə nəsə bir iz qalıb? Heç bir izin olmadığını görüb güzgünün qabağında dilini bir qarış irəli çıxardı və sir-sifətini tanınmaz hala saldı. Hələ bir az da özündən qorxan kimi oldu. O sanki bununla ağlamağını unutmaq istəyirdi.

 

Sonra Mədinə geri çəkilib bir ayağı üstə tullana-tullana irəli getməyə başladı. Yəqin ki, Mədinənin kiçik yaşlarında məhəllənin ortasındakı boş yerdə məktəbdən gətirdikləri tabaşirlə çəkdikləri xətlərin üzərindən hoppanaraq "klas-klas" oynamaqları yadına düşmüşdü. Mədinə tut ağacının arxasına keçdi. Gözləri tut ağacının lap dibinə düşmüş dəmir parçasına sataşdı. Əyilib onu götürdü və tutun gövdəsi üzərində nəsə xətt çəkməyə başladı. Bu, onun darıxmağının əlaməti idi. Ola bilsin ki, Mədinə ağaca kiminsə adının baş hərfini yazmaq istəyirdi. Amma bu, o qədər də ağıla batan deyildi. Ona görə ki, adətən, divara, ağaca ad yazmaqla oğlan uşaqları məşğul olurdular. İki il ara vermədən imtahanlara hazırlaşan və universitetə qəbul olan bir qız uşağı üçün hansısa oğlanın adını ağaca (o da ola həyətlərindəki ağaca) yazmaq da heç inandırıcı görünmürdü.

 

Evin qapısı açıldı, Mədinənin ata-anası həyətə çıxdılar, anasının narazı səsi eşidildi:

 

- Mədinə, harda qaldın? Gəl çamadanı götür!

 

Bunu görən Ayxan da maşının rolunun arxasından yavaşca sağ oturacağa tərəf sürüşdü. Heç beş dəqiqə keçmədi ki, maşın həyətdən tərpəndi. Ailənin bu səfəri Mədinənin istəyi ilə olan səfər idi. Yola gəldikdə isə o qədər də uzaq deyildi. Dayanmadan üç saata getmək olardı. Əgər dayanmalı olsalar, mənzil başına bir az gec çatacaqdılar. Hər halda Sərdar müəllimin ailəsi bu yolu axırıncı dəfə on iki il bundan qabaq getmişdi. On iki il bundan qabağa qədər konservatoriyada çalışan Sərdar müəllim həmişə yayda istilər düşəndə ailəsi ilə birlikdə həmin kəndə gedib on beş - iyirmi gün orada istirahət edər və Bakıya xeyli məmnun qayıdardı. Təkcə Sərdar müəllim yox, başqaları da buraya gələrdilər və onlar da buradan razı gedərdilər. Ən maraqlısı o idi ki, bu kəndə dincəlməyə gələnlərin əksəriyyəti musiqiçilər olardı. Elə bil bu kənd konservatoriyanın və musiqi kollecinin işçilərindən ötrü qurulmuşdu. İndi həmin musiqiçilərin yayda buraya toplaşmağının sirrini tapmaq mənim üçün kifayət qədər çətindir, amma ən çox valehedici orası idi ki, meşəli dağların arası ilə kəndboyu axan çayın həzin bir səsi insanlarda qəribə əhvali-ruhiyyə yaradırdı. Bu səs adamların ruhuna bir sakitlik gətirirdi. Bəlkə də, musiqi müəllimlərini buraya cəlb edən çayın həzin səsi idi.

 

Sərdar müəllimin maşını orta sürətlə hərəkət edirdi. Ayxan radionu qurdalayır, nəsə axtarırdı. Səslər dəyişir, müxtəlif avazlar gəlir, Ayxan isə "yoruldum" demirdi. Elə bil tez-tez dəyişən musiqilərdən ləzzət alırdı. Birdən anası Gülbahar asta səslə dedi:

 

- Ay bala, yorulmadın? Səhər-səh

 

ərdir, onu söndür, qoy bir az dincələk də!

 

Mədinə elə bu səsə bənd imiş kimi cəld dilləndi:

 

- Yox, ana, qoy Barış Mançonun diskini qoysun.

 

Əslində Barış Mançodan Mədinənin yox, Mədinənin anasının xoşu gəlirdi. Gülbahar heç nə demədi. Bir dəqiqə keçməmiş Barış Mançonun həzin səsi maşının içərisini bürüdü.  Gülbahar hər il yayda dincəlməyə getdikləri Karlovı Varının sakit mənzərəsini xatırlamağa başladı. Müxtəlif yerlərdən gələn qadınlarla birgə dükan-dükan gəzməkləri də yadına düşdü. Bir də fikirləşdi ki, bu il oraya getməmələri rəfiqə olduğu qadınların narahatlığına səbəb olacaqdır. Hətta ürəyində bir günahkar kimi Mədinəni də əməlli-başlı yuyub sərdi. Bir-iki mahnıdan sonra Ayxan da bezikib maqnitofonu söndürdü. İçəriyə sükut çökdü. Elə bil hamı yatmışdı. Maşın isə irəliləyirdi. Mədinənin gözlərində qara eynək vardı. Onun bəzən mürgüləməsi, bəzən də xəyala dalması eynəyin altında görünməz olurdu. "Heyf Güləsərdən, bu qız niyə belə elədi, heç nə başa düşmürəm. Dərs öyrənməkdə heç kəsdən geri qalmayasan, müəllimlərin həmişə səni tərifləyə, yoldaşlarının sevimlisinə çevriləsən, hamı səninlə rəfiqə olmaq istəyə sən də imtahanlara iki-üç ay qalmış qoşulub qaçasan! Heç olmazsa,  qəbul olaydın, sonra nə edirsənsə, edəydin!"

 

Mədinə gah Güləsər haqqında düşünür, gah da Şahin barədə fikirləşirdi. Əslinə qalsa, Güləsər haqqında düşünsə də, xəyalı fırlana-fırlana gedib Şahinə ilişirdi. Şahinlə Güləsərin çox isti münasibətləri vardı. Amma Mədinənin xəyalının Şahinin üstünə gedib qonması, deyəsən, bu münasibətlə bağlı deyildi. Hər halda Mədinə ilə Şahin bir universitetdə, amma ayrı-ayrı fakültələrdə oxuyacaqdılar. Şahin də universitetin tələbəsi olmuşdu. Qəfildən Qəni müəlliminn bir sözü də Mədinənin yadına düşdü. Ədəbiyyat müəllimi qızlara üzünü tutub deyərdi ki, hamınız ali məktəblərə qəbul olacaqsınız. Dərsləriniz, imtahanlarınız da öz qaydasınca gedəcək. Müəllimlərin də hədələrindən qorxmayın. Mən indiyə qədər ali məktəbə qəbul olub oradan qovulan uşaq tanımıram. Sonra da əlavə edirdi ki, birinci, yaxud ikinci kursu bitirən kimi ailə həyatınız barəsində düşünün, yoxsa gec olar.

 

Mədinə xeyli düşündü ki, bu fikirlər onun ağlına hardan gəlir? Birdən özünü narahat hiss etməyə başladı. Cəld eynəyi gözündən çıxardı, maşının kondisionerinin işləməsinə baxmayaraq, arxa qapının şüşəsini azca aşağı saldı. Bunu görən atası ucadan dedi:

 

- Qızım, yarımca dəqiqə döz, maşını saxlayıram.

 

Doğrudan da, atasının ağzından çıxan sözlər qurtarmamış maşın yol kənarındakı çayxananın qabağında dayandı. Mədinə qapını açıb yerə düşdü, amma yaxşı ki, hər şey keçib getmişdi.

 

Sərdar müəllimin səsi eşidildi:

 

-Gülbahar, düş gör, Mədinə özünü yaxşı hiss etmir.

 

Gülbahar da yuxudan ayılan kimi oldu və tez maşından düşüb Mədinəyə yaxınlaşdı. Mədinənin vəziyyəti, həqiqətən, normallaşmışdı. Sərdar müəllim də maşından düşüb sağ tərəfə keçdi:

 

- Yaxşı, gəlin bu çayxanada oturub çay içək, bir az dincələk, sonra yolumuza davam edərik.

 

Ayxan oturduğu yerdən tərpənmədi. Anası onu da birtəhər maşından düşürüb hamılıqla çayxananın həyətinə keçdilər və kölgəliyi olan iri bir çinar ağacının altında qoyulmuş stolun ətrafındakı stullarda oturdular. Həmin anda da Sərdar müəllim sual verdi:

 

- Buranı tanıdınız?

 

Tanımağa qalsaydı, gərək Gülbahar tanıyaydı, amma ondan da səs çıxmadı. Sərdar müəllim heç onun cavabını gözləmədən dedi:

 

 - Bu yoldan keçəndə həmişə oturub çay içdiyimiz yerdi. On iki il bundan qabaq, bax, bu çinarın kölgəsi hələ təzə-təzə əmələ gəlirdi. Yadınızdadır, kölgə olsun deyə stolu o tərəf-bu tərəfə dartırdıq. Bu dəfə Gülbahar qəribə bir tərzdə soruşdu:

 

 - Doğrudan, həmin çayxanadır?

 

Gülbahar o tərəf-bu tərəfə zəndlə baxmağa başladı. Sonra dedi:

 

- Onda çayxananın o başında hovuz olmalıdır.

 

Elə bu sözlər Gülbaharın ağzından çıxmışdı ki, Mədinə qışqırdı:

 

- Hovuzda balıqlar da var.

 

Mədinə bu sözləri deyib hovuza tərəf qaçdı. Hovuz da yerindəydi, balıqlar da. Amma hovuz bir qədər böyümüşdü...

 

Qalxıb yollarına davam eləmək ərəfəsində Gülbahar güclə eşidiləcək səslə Mədinədən soruşdu:

 

- Ay qızım, bizi bu istidə o kəndə

 

niyə aparırsan?

 

Mədinə bu sualı gözləyirmiş kimi çox sakit tərzdə cavab verdi:

 

- Şeyda xalanı görmək istəyirəm.

 

Mədinənin danışıq tərzi Gülbaharın xoşuna gəlmədi:

 

- Bəs Şeyda xala hardan ağlına gəldi?

 

Anasının eyhamlı suallarının səbəbini başa düşürdü. Amma Mədinə də Mədinəydi ha! Bir az fasilə verib vəziyyəti gərginləşdirməmək üçün yavaşca dilləndi:

 

-Mən atama demişdim ki, universitetə qəbul olsam, məni Şeyda xalanın yanına apar. Atam da "gözlərim üstə!" demişdi.

 

Gülbaharla Sərdar müəllim çox diqqətlə bir-birinin üzünə baxdılar. Sərdar müəllim ayağa qalxdı, ucadan: "Getdik!"-dedi.

 

Mədinə əməlli-başlı dilxor olmuşdu. O, dilxorluğunu büruzə verməmək üçün eynəyini gözünə taxmışdı. Bir azdan sakitləşən Mədinə Şeyda xalanın onu Bakıdan gələn qonaqların yanına aparmasını xatırladı. Üç-dörd yaşında olan uşağın xatirəsinə hopmuş o anlar əfsanəyə oxşayır. Kəndin yuxarısı başdan-başa yaşıllığa bürünmüşdü. Yaşıllığın örtdüyü yamacda "Alimlər evi" vardı. Bu "Alimlər evi" Sosialist Əməyi Qəhrəmanı Əşrəf Əlimirzəyev sədr olduğu vaxtlarda inşa edilmişdi. Mənə Universitetdə tarixdən dərs deyən professor Xəlil Əlimirzəyev onun qardaşı idi və Xəlil müəllim birinci semestrdə iki qrupun tələbələri arasında yalnız mənə "5" yazaraq adlı təqaüd almağım üçün imkan yaratdı və bunu da açıqca dedi.  Amma nə faydası, sonra mənə başqa fəndən "4" yazdılar və filologiya fakültəsində Lenin, Axundov və Cabbarlı təqaüdlərini rus bölməsinin uşaqlarına verdilər.

 

"Alimlər evi"ndə bir neçə ailə eyni vaxtda rahatca dincələ bilirdi. Kəndin "gözü" olan bulağın suyu "Alimlər evi"nin yanından aşağıya - kənd evlərinə axırdı. Ağacların altında bir-birindən aralı skamyalar qoyulmuşdu. Qonaqlar da iki-iki, üç-üç həmin skamyalarda oturub söhbət edir, dincəlir, bəzən də şahmat oynayırdılar. Mədinənin əlindən tutub buraya gətirən Şeyda xalanın söhbəti Bakıdan gələnlərlə əməlli-başlı  tuturdu, çünki Şeyda xala qeybət adamı deyildi. Bakıdan gələn qadın qonaqlar Mədinəyə hədiyyələr bağışlayardılar. Mədinənin yaddaşında o günlərdən ayrı-ayrı epizodlar qalmışdı, amma Mədinə ona bağışlanmış gəlinciyi yaxşı xatırlayırdı. Uzun saçları olan bu gəlinciyi Mədinənin əlindən axşam yatanda belə ala bilmirdilər.

 

Sərin meh maşının içərisinə doldu. Çayın səsi eşidilməyə başladı. Bu dəfə Sərdar müəllim özü Ayxana dedi ki, Barış Mançonun diskini qoy. Gülbahar:

 

 - Deyəsən, çatırıq axı?!-dedi.

 

Bunu eşidən Mədinə eynəyi gözündən çıxardı. Sağ tərəfdə qalın meşə ilə örtülmüş dağlara diqqətlə baxdı. Anası isə Mədinəyə nəzər yetirir, heç cür başa düşmürdü ki, Mədinə bu oyunu onların başına niyə gətirir? Maşın ağır nəfəs ala-ala yoxuşu dırmaşırdı. Sərdar müəllim özü bilə-bilə belə yavaş sürürdü. Yavaş sürürdü ki, uşaqlar ətrafı seyr edə bilsinlər. Mədinə əlini atasının çiyninə qoyub:

 

- Ata, saxla!-dedi.

 

Maşın yolun sağına çıxıb nəfəsini dərdi. Mədinə əlini yamacdakı binaya uzadıb:

 

- Bax, Şeyda xala məni ora aparırdı, -dedi.

 

Maşından endilər. Qabaqda Mədinə, arxalarında isə Sərdar müəllim, Ayxan və könülsüz olsa da, anası Gülbahar adamların gedəcəyi cığırla "Alimlər evi"nə doğru qalxdılar. Bina olduğu kimi yerindəydi. Binanın hər iki başında dairəvi aynabəndi vardı. Kəndə tərəf olan uzun divarının düz ortasında o vaxtdan qalan ensiz qapı və qapının da hər tərəfində üç pəncərə görünürdü. Bu qapı giriş qapısı deyildi, sadəcə olaraq, çayı seyr etməyə çıxanlar həmin qapıdan istifadə edirdilər. Bircə fərq onda idi ki, qapının sol tərəfindəki pəncərələrdən biri kərpiclə tutulmuşdu.

 

"Alimlər evi"nin həyətinə keçdilər. Həyətdə ağaclara bağlanmış iplərə çoxlu paltar sərilmişdi. Handan-hana evdən yaşlı qadın çıxdı və kimi axtardıqlarını soruşdu. Sərdar müəllim də cavab verdi ki, ay ana, heç kimi, elə belə gəzməyə gəlmişik. Yaşlı qadın bir az da onlara yaxınlaşıb dedi:

 

- Allah mərdimazarın evini yıxsın, evimizi yıxdılar, bizi qaçqın saldılar, bala.

 

- Darıxma, ana, pis günün ömrü az olar, - bunu Sərdar müəllim dedi.

 

Vəziyyətdən tam hali olandan sonra hamısı yola tərəf endilər. Bu dəfə Mədinə fikirli-fikirli hamıdan arxada gəlirdi. Çırtma vursaydın, onun qanı çıxmazdı.

 

Maşın yenə yoxuş boyu irəliləyirdi. Sərdar müəllim məscidi keçəndən bir az sonra maşını iri bir şabalıd ağacının altında saxladı. "Düşün, Şeyda xalanın evi buralardadır".

 

Hamı maşından düşdü. Sərdar müəllim dedi:

 

- Bax, Şeyda xalanın evi şabalıd ağacı ilə üzbəüz sol tərəfdə olmalıdır.

 

Hamı diqqətlə sol tərəfə baxırdı. Orada hasardan güclə görünən həyət evi yox idi. Onun yerində iki mərtəbəli bir villa ucalmışdı.

 

Sərdar müəllimin qanı əməlli-başlı qaraldı. Düşündü ki, yəqin Şeyda xala ölmüş, onun həyətini isə kiməsə satıblar.

 

Sərdar müəllim özü villanın qarşısına gəldi. Barmaqları ilə dəmir darvazanı taqqıldatdı. Heç kəs cavab vermədi. Yenə qapını döyəcləməyə başladı. Qapını açan olmadı. Bu vaxt qonşu darvazadan bir uşaq çıxdı:

 

 - Əmi, qapını daşla döyün. Arvadın qulağı ağır eşidir.

 

Bu sözdən sonra Sərdar müəllimin ürəyi bir az sakitləşdi. Sonra yerdən daş götürüb darvazanı bərk-bərk döyməyə başladı. İçəridən səs eşidildi:

 

- Ay bala, sındırma, gəlirəm!

 

Mədinənin həyəcanlı səsi ucaldı:

 

 - Şeyda xaladır.

 

Bir azdan darvazanın kiçik qapısı açıldı. Arvad zəndlə darvazanın ağzında duran adamlara baxdı. Sərdar müəllim onu qabaqladı:

 

 - Qonaq istəmirsiniz?

 

 -Niyə istəmirik, ay bala, buyurun, buyurun. Yəqin sizi Nurəhməd göndərib.

 

Nurəhməd onun Moskvada yaşayan biznesmen oğlu idi. Sərdar müəllim bir də dilləndi ki, biz Allah qonağıyıq. Şeyda xala da cavab verdi ki, nə olar, nə olar, keçin həyətə.

 

Hamı həyətə keçəndən sonra Mədinə gəlib düz Şeyda xalanın qabağında dayandı:

 

 - Şeyda xala, məni tanımadınız?

 

Şeyda xala ona cavab vermədi. Bircə onu dedi ki, keçin həyətdə oturun, sonra tanış olarıq. Amma Mədinənin səsi ona nəsə deyirdi. Mədinə də çox bənd olmadı. Hamısı gəlib həyətin ortasındakı hovuzun qırağında düzəldilmiş kölgəlikdə oturdular. Təkcə Mədinə oturmadı, yenə gəlib Şeyda xalanın qabağında dayandı və başladı oxumağa:

 

- Ninnə yarım, ninnə! Ninnə yarım, ninnə!

 

Birdən Şeyda xala qışqırdı:

 

- Ay qız, Mədinə, sənsən? Səni görüm yanasan, bəs neçə vaxtdır hardasan?

 

Şeyda xala ilə Mədinə bir-birinə sarmaşdılar. Onların hər ikisi hıçqıra-hıçqıra ağlayırdı. Hamı Şeyda xala ilə görüşüb öpüşdü.

 

Ara sakitləşdi. Birdən Şeyda xala "bu dəqiqə gəlirəm" deyib getdi və evin birinci mərtəbəsinə qalxdı. Şeyda xala aşağıya enəndə onun əlində Mədinənin on iki il bundan qabaq burada qoyub getdiyi gəlincik var idi. Mədinə sürətlə Şeyda xalaya tərəf qaçdı. Gəlinciyi tez onun əlindən alıb havada oynatmağa başladı. Mədinə həyətdə tullanıb-düşür və ucadan qışqırırdı:

 

- Tapdım, tapdım!

 

Mədinənin atası, anası və qardaşı məəttəl qalmışdılar. Onlar nə edəcəklərini bilmirdilər. Mədinə sonra gəlib düz anasının qarşısında dayandı:

 

- Ana, Bakıya qayıdırıq! -dedi.        

 

Axşamçağının sərinində Sərdar müəllimin maşını sürətlə Bakıya doğru şütüyürdü. Neçə illər idi, yayda öz ailəsi ilə birgə xaricdə dincələn Sərdar müəllim indi haraya gedəcəkləri barədə düşünürdü.

 

Qəbələ, Qəmərvan

20.08.2016

Kamran İMRANOĞLU (ƏLİYEV)

Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2017.- 21 fevral.- S.8.