Yazıçı və tərcüməçi Kamran Nəzirli gənc ədiblərin
qonağı olub
Fevralın 17-də Azərbaycan Yazıçılar Birliyində yazıçı, tərcüməçi Kamran Nəzirli ilə Gənc Ədiblər Məktəbi üzvlərinin görüşü keçirilib.
Tədbiri Birliyin katibi, GƏM rəhbəri Rəşad Məcid açaraq yazıçının ədəbi yaradıcılığından bəhs edib: "Kamran Nəzirli artıq neçə illərdir ədəbiyyat sahəsində böyük ciddiyyətlə, təmkinlə fəaliyyət göstərən çox istedadlı yazıçımızdır. Hər zaman ədəbi yanaşmaları, yaradıcılığı ilə seçilib və diqqət çəkib. Eyni zamanda tərcüməçilik fəaliyyəti ilə də məşğuldur. Xarici ölkələrdə qatıldığı tədbirlər, iştirakçısı olduğu görüşlər isə ədəbi əlaqələrin qurulması baxımından çox dəyərlidir".
GƏM üzvlərilə
görüşdən məmnunluğunu bildirən K.Nəzirli
müasir dünyada ədəbiyyatın
mövqeyindən və durumundan, mütaliə
səviyyəsindən danışıb: "Yetişməkdə
olan nəsillər, elə bil, gur internet məkanında azıblar, ruhsuz kompüter
ekranından gələn saysız-hesabsız informasiya
axınıyla gedirlər. İnsan kitabdan uzaq düşüb.
Halbuki kitab min illərdi insana xidmət
edib, onu təkamülə
və tərəqqiyə qovuşdurub, onun şüurunu, əxlaqını,
zövqünü, biliyini
təkmilləşdirib, formalaşdırıb. Kitab insana heç
vaxt xəyanət etməyib, amma insan edir.
Kitab həm də dünyanı dərk
etməyin bir yolu olub. Sənətkar da, filosof da məhz kitab vasitəsilə böyük
və məşəqqətli yolla min illər ərzində qoşa
addımlayıblar. Hər ikisinin mayasında kitaba, insana, həyata sevgi mühüm yer tutub. İndi bu
sevgiyə də böyük təhlükə
yaranıb".
K. Nəzirli deyib ki, mexaniki
qüvvələr insanı
fani maddiliyə çevirirlər: "İkinci
Dünya Müharibəsinin
üstündən heç
70-80 il keçməyib,
görün yer üzündə nə qədər silah-texnika yaradılıb. Yeni-yeni maşınlar, silahlar,
texnikalar icad edilib, bu minvalla
sanki insanın bədəni böyüyür,
qəlbi isə kiçilir. Çünki bu qəlb daha
o sürətlə böyüyən
insan bədənini idarə edə bilmir. Bizim dünyanın mənəvi-əxlaqi
və siyasi-sosial problemləri də elə bu uyğunsuzluğa
görədir. Mexaniki qüvvə
ruhi qüvvəyə
üstün gəlir.
İnternet kitaba üstün
gəlir. Bəli, mexaniki
qüvvələr insanı
fani maddiliyə çevirir, onun ruhunu və şüurunu robotlaşdırıb
ona əbədi sahib olmaq istəyirlər".
Yazıçının fikrincə,
internet uzunmüddətli təsir
gücündə deyil:
"Kitab isə daha uzunömürlüdür.
Məsələn, götürək elə klassik inciləri. Onlar hələ bundan
sonra neçə yüz illər əhəmiyyətini itirməyəcək,
oxunacaq. Kağız müsbət
enerji mənbəyidir.
Hər halda, həkimlər, psixoloqlar bu fikirdədirlər ki, monitorun qarşısında
çox oturmaq zərərlidir və bunu insanlar əvvəl-axır
anlayacaq, yenə kitaba üz tutacaqlar".
Yazıçı çap
məhsullarının, kitab
istehsalının artırılmasının
vacibliyini bildirib:
"Yalnız bu zaman insanın sosial-mədəni həyatı
onun mənəvi-əxlaqi
dəyərləri ilə
həmahəng olar, şüurlarda və psixikada pozuntuların qarşısı alına
bilər. İnsan cəmiyyəti nə
qədər bilikli və savadlı olursa-olsun, onun şüurunun robotlaşdırılmasına
yol vermək olmaz. Çünki robotların qəlbi
yoxdur, onlar sadəcə informasiya ötürə bilərlər,
nəsil yaratmırlar,
onlar insanın yaratdığı nəsillərə
duyğu ötürə
bilməzlər. O duyğuları
və hissləri yalnız kitab verə bilər, kompüter yox".
Gənc ədiblərlə görüşü
çoxdan arzuladığını
bildirən yazıçı
tədbirin qarşılıqlı
dialoq şəklində
qurulmasını təklif
edib. K. Nəzirli "Müasir
ədəbiyyatın gələcəyi"
adlı müzakirə
mövzusu açıb.
Yazıçı polemikaya
qatılan gənc yazarların dünyagörüşü,
ədəbi düşüncələri
ilə yaxından tanış olub. Gənc ədiblər fikir
müxtəlifliyi səbəbindən
klassik ədəbi ənənə və avanqard ədəbiyyat tərəfdarları olaraq
iki hissəyə ayrılıb. Bəziləri bildirib ki, bir
qisim gənclər yenilik etmək, avanqard yollar axtarmaq adıyla ədəbiyyatın nüfuzuna
xələl gətirirlər.
Bu mənada, onlar
klassikadan bəhrələnməyin
əhəmiyyətini önə
çəkiblər. Avanqard ədəbiyyat
tərəfdarları isə
ədəbi çərçivələrin
dağıdılması, yeni
qəliblərin axtarışı
fikrini irəli sürüblər.
Sonra gənc ədiblər şeirlərini oxuyublar. K. Nəzirli
öz tərcüməsində
müxtəlif şairlərdən
poetik nümunələr
səsləndirib.
Sonda K. Nəzirli gənc yazarlar üçün kitablarını imzalayıb.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2017.- 21 fevral.- S.7.