Bəhruz Kəngərlinin ölümsüz
yaradıcılıq irsi: hər zaman diqqət mərkəzində
Əsrlər boyu özünün
yeraltı və yerüstü, maddi və mənəvi sərvətləri
ilə dünya səyyahlarının diqqətini
cəlb etmiş Naxçıvan diyarı bu gün, eyni
zamanda, yeni tipli memarlıq abidələri ilə də dünya mədəniyyətinə yeni
səhifələr yazmaqdadır.
Naxçıvanda yeni yaradılan muzey kompleksləri deməyə əsas verir ki, bəli,
qədim diyar özünün neointibah mərhələsini yaşayır. Tərəddüdsüz bu gün Naxçıvanı
muzeylər şəhəri
də adlandırmaq olar. Əlbəttə, Naxçıvanda yaradılan hər bir muzey bu
torpağın bəşər
tarixinə bəxş
etdiyi görkəmli şəxsiyyətlərin dühasından
söz açmaqdadır.
Bu mənada, Naxçıvan
muzeyləri sırasında
Bəhruz Kəngərli
Muzeyi mənəvi dəyərlərimizin monumental məbədləri olması
baxımından diqqəti
cəlb edir.
Əlbəttə bu möhtəşəm məbədlərin yaradılması,
birbaşa dünya şöhrətli siyasətçi,
ümummilli lider, ulu öndər Heydər Əliyevə məxsus azərbaycançılıq
təliminin göstəricisidir. Məlumdur ki,
ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixində
öz sözünü
demiş, hər bir görkəmli şəxsiyyəti yüksək
dəyərləndirmiş, onların adının yaşadılmasını daim
vacib və gərəkli saymışdır.
Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi
Bəhruz Kəngərli
də ulu öndərin estetik dünyasında yer tutan sənət adamlarından olmuşdur.
Bəhruz Kəngərli Azərbaycan
rəssamlığında yeni
bir mərhələnin
- realizmin əsasını
qoymuş və rəssamlığı orta
əsrlərdən qalmış,
miniatür sənətinin
təsirlərindən xilas
etmişdir. Rəssamlıq sənətini o, XX əsrin əvvəllərində
təhsil aldığı
Tiflis Rəssamlıq və
Heykəltaraşlıq Məktəbində
peşəkar səviyyəsində
öyrənmişdir. Qeyd etdiyimiz kimi böyük istedad sahibi olan Bəhruz
Kəngərli Azərbaycan
realist rəssamlıq sənətinin
banisidir. Təsviri
sənətin tədqiqatçılarının
fikrincə, Bəhruz Kəngərli "30 il yaşamış, lakin uşaqlıq və yeniyetməlik dövrü
istisna olarsa, sənətə həsr etdiyi 7 il ərzində
2000 əsər yaradıb
və təsviri sənətdə özündən
sonra zəngin irs qoymuşdur. Bəhruz Kəngərli Azərbaycanda
realist dəzgah boyakarlığının,
portret, mənzərə,
natürmort, süjetli-tematik
və teatr-dekorasiya janrlarının peşəkar
həlli ifadəsinin əsasını qoyub".
Bəzən çox qısa yaşanmış bir ömür də əbədi olmağa, ölməzlik adını
layiqincə daşımağa
kifayət edir. Elə ömrünün 30-cu ilində
bu dünyanı tərk edən gənc rəssamımız
Bəhruz Kəngərlinin
ömrü kimi... Həyatda çox qısa ömür sürmüş
Bəhruz Kəngərli
dərin təfəkkürlü
və qızıl fırçalı rəssam
kimi ədəbi ömrünün əbədiliyinə
qətiyyətlə imza
atmışdır. Bu görkəmli rəssamın
həyatı təzadlarla,
qəribəliklərlə dolu idi.
Tale heç də
ona qarşı hər zaman xoş davranmamış, uşaqlıqda keçirdiyi
ciddi xəstəlik gənc rəssamı eşitmə problemi ilə üz-üzə qoymuşdu. Ancaq yaşadığı bu çətinlik onun rəssamlığa olan bağlılığını qətiyyən azaltmamış,
həyat eşqinin alovlanmasına əngəl
ola bilməmişdi.
Bəhruz Kəngərlinin
sənətə olan sevgisini rəssamın analığı Şirin
xanım belə xatırlayırdı: "Əvvəllər
nə mən, nə də atası Bəhruzun şəkil çəkməsinə
əhəmiyyət verməzdik.
Hətta
biz heyifslənirdik ki,
o, vaxtının çoxunu
şəkil çəkməyə
sərf edir. Amma sonralar atası onun istedadına inanmağa başladı, onun üçün Tiflisdən kağız, karandaş, rəng gətirdi".
Uşaq vaxtı ağır xəstəlik keçirən
Bəhruz Kəngərli
bu ağrı-acılara
sinə gərmək üçün fırçadan
möhkəm yapışaraq
çox erkən yaşlarında rəssamlığa
meyl göstərmişdir.
Qədim Naxçıvan torpağında,
Naxçıvan şəhərində
doğulub boya-başa
çatması, burada
yaşaması Bəhruz
Kəngərlinin rəsm
əsərlərində bu
qədim diyara həsr olunmuş mövzuların çox olmasına səbəb olub. Bəhruz Kəngərlinin rəsm əsərləri
doğma Naxçıvan
torpağının hənirtisinin,
isti nəfəsinin, sərt görkəminin rənglərindən yoğrulmuşdur.
Onun sənətində Naxçıvan
mövzusu geniş yer tutur. Bəhruz Kəngərlinin 1916-cı ildə
çəkdiyi "Qarlı
Dağlar" əsərində
Ağrıdağın Naxçıvandan
görünüşü bütün
təbii rəngləri
ilə ifadə olunmuşdur.
O, Nuh peyğəmbərin Naxçıvandakı qədim
məzarını bir
neçə dəfə
sulu boya
ilə kətan üzərində canlandırmışdır.
Bu gün həmin
rəsmlər həm də tarixi mənbə kimi qəbul olunur. Nuh peyğəmbərin Naxçıvandakı
məzarüstü türbəsinin
yerini müəyyən
edərkən bir neçə mənbə ilə yanaşı, həm də Bəhruz Kəngərlinin
"Nuhun qəbri"
adlı rəsm əsərləri də çox mühüm rol oynayır.
"Nuhun türbəsi"nin xarici görünüşü,
tikinti quruluşu, memarlıq üslubu haqqında ən sanballı və nadir mənbələrdən biri
Azərbaycanın ilk peşəkar
rəssamı, Azərbaycan
təsviri incəsənətində
realist və plener boyakarlığın əsasını
qoyan naxçıvanlı
rəssam Bəhruz Kəngərlinin naturadan çəkdiyi "Nuhun türbəsi" ilə bağlı silsilə əsərləridir. Rəssamın "Nuhun qəbri" adlandırdığı bu
əsərlərdən beşi,
o cümlədən, bir
orijinal, dörd reproduksiya (fotoqrafiya üsulu ilə şəkildən surət
çıxarma) Naxçıvan
şəhərindəki Bəhruz
Kəngərli muzeyində
nümayiş etdirilir.
Rəssamın Naxçıvan şəhərindəki
Bəhruz Kəngərli
muzeyində saxlanılan
"Nuhun qəbri"
əsəri bu adda nümayiş etdirilən yeganə orijinal boyakarlıq əsəridir. Tablonu rəssam
yağlı boya ilə kətan parça üzərində
yaratmışdır. Ölçüsü 30x33 sm-dir.
Əsərin 1921-ci il yayın sonunda çəkildiyi güman edilir. Bu fikri əsaslandıran
amillərdən biri türbənin 1920-ci ildəki
görünüşünə nisbətən daha çox dağıntıya
məruz qalmasıdır.
Tablonun yayda çəkildiyi isə naturanın əsas fonunu təşkil edən dağların və ağacların rənginə, eləcə
də birinci plandakı ot
bitkilərinin zəngin
rəng çalarlarından
və əsər üzərinə çökmüş
isti hava effektindən asanlıqla təyin etmək olur. Türbənin uçuq divarlarına
və sərdabə qapısına düşən
kölgələr, ətrafda
təsvir olunan detallardakı işıq-kölgə
münasibətləri əsərin
günorta vaxtı çəkildiyini göstərir.
Tabloda işlədilən rənglər
günəşin düşmə
bucağından asılı
olaraq naturanın və havanın aldığı rənglərə
uyğun olan isti və tünd
tonlarda həll edilmişdir.
Bəhruz
Kəngərlinin 1916-cı ildə çəkdiyi
"Çoban sürüsü
ilə", 1921-ci ildə
çəkdiyi "Yamxanaya
gedən yol", yenə 1921-ci ildə çəkdiyi "İlandağ
mənzərəsi" "Naxçıvan yadigarı"
silsiləsindən olan
rəsm əsərlərindəndir.
Bu tablolarda rənglərlə
birlikdə kətan üzərinə köçürülmüş
Naxçıvan torpağının
o dövrdəki vəziyyətini
də görmək olur.
Bəhruz Kəngərlinin "Qaçqınlar" silsiləsinə daxil olan rəsm əsərləri Azərbaycan təsviri sənətinin nadir sənətkarlıq nümunələrindən sayılır. Qaçqınların vəziyyəti, geyimi, məişəti, psixologiyası, ağrıları və ümidləri heç bir əsərdə Bəhruz Kəngərlinin rəsmlərindəki qədər dərin və incə cizgilərlə ifadə olunmayıb. Rəsmlərində bir neçə sujet ətrafında birləşmiş insanların taleyini Bəhruz Kəngərlinin "Qaçqınlar" epopeyası adlandırmaq mümkündür.
(Ardı var)
Toğrul CƏFƏRLİ
Naxçıvan Dövlət Universitetinin
"Təsviri incəsənət tarixi və
nəzəriyyəsi" üzrə II kurs
magistrantı
525-ci qəzet.- 2017.- 21 fevral.- S.6.