Paris - könülü və xəyalı
fəth edən şəhər
(Əvvəli
ötən şənbə
sayımızda)
Paris təkcə
küçələrdən ibarət deyildir, həm də çox sayda meydanlar şəhəridir.
Bu meydanların
xeyli hissəsi XIX əsrin ikinci yarısında baron Osmanın
şəhəri yenidən
qurması, planlaşdırması
nəticəsində meydana
gəlsə də, köhnədən qalanları
da vardır. Bunlardan biri
Konkord (“Razılıq”)
meydanıdır. Bu meydan 1775-ci ildə yeni kral XVI Luinin
şərəfinə yaradılmışdı,
orada kralın at üstündəki heykəli
qoyulmuşdu. 14 il
sonra baş verən Böyük Fransa inqilabı dövründə heykəl
dağıdıldı, onun
yerində isə
Terror illərində doktor
Giyetenin bir neçə il əvvəl icad etdiyi
edam aləti - ölüm
silahı olan gilyotina quruldu. Gilyotina bir sıra tanınmış
xadimlərin həyatına
son qoydu. Burada
1793-cü ildə kral
XVI Lui, onun arvadı Mariya-Antuanetta,
1794-cü ildə inqilabın
görkəmli rəhbərləri
Jorj Danton və Maksimilian Robespyer edam edildilər. Robespyerdən bir qədər
əvvəl böyük
kimyaçı alim Antuan Loran Lavuazyenin də boynu burada
vurulmuşdu. 1793-1794-cü
illərdə davam edən Terror vaxtı inqilab artıq düşmənləri ilə
yanaşı, Kronos kimi öz övladlarını
da udurdu. Robespyer tərəfindən təqib
edilən Dantona xilas olmaq naminə
mühacirət etməyi
məsləhət görən
dostlarına demişdi
ki, vətənin torpağını ayaqqabının
altındakı tozla birlikdə aparmaq mümkün deyildir.
O, vətənini tərk
etmədi və edam edildi. Belə deyirlər
ki, edama aparılarkən yol üstündə onun qətlinin təşəbbüsçüsü
olan Robespyeri gördükdə ona qışqırmışdı ki, tezliklə o dünyada səninlə görüşərik. Onun
öncəgörməsi düz
çıxdı, az sonra, 1794-cü ilin iyulunda Maksimilian
Robespyerin də gilyotina bıçağı
ilə başı kəsildi.
Sonralar meydan keçmişin ziddiyyətlərini yaddan çıxarmaq məqsədilə
Razılıq meydanı
adlandırıldı. İndi
bu meydan nə kral heykəlinə
malikdir, nə də edam məkanıdır.
Meydanda Misirin Luksor məbədindən gətirilmiş
obelisk ucalır. Bir tərəfdə
isə müşahidə
çarxı qurulmuşdur.
Vandom meydanı isə orada ucaldılan Romadakı Trayan sütununu andıran Vandom sütunu ilə məşhurdur. 1805-ci ildə Austerlitsdə heyrətamiz qələbə
çalan Napoleon öz
qələbələri şərəfinə
düşmən qoşunlarından
qənimət götürülmüş
topları əritdirərək,
onların metalından
sütun ucaltdırmışdı.
Minnətdar fransızlar sonralar
dahi hərb xadimini şərəfləndirmək
üçün sütunun
başında Napoleonun
heykəlini quraşdırmışdılar.
Sütun
və heykəl metaldan olduqlarından, oksidləşmə onları
açıq-göyə çalan
rəngə salmışdır.
Kaputsin bulvarı
isə mənə Klod Monenin “Parisdəki
Kaputsin qadınlarının
bulvarı” tablosundan tanış idi. Rəssam küçədəki binaları, ağacları,
gəzişən adamları
realistcəsinə təsvir
etmişdir. Buranı qadınların
bulvarı adlandırmaq
da təsadüfi deyildir. Parisin müasir qadınları,
cavanlığından və
yaşlılığından asılı olmayaraq, kosmetikaya o qədər də meyl göstərmirlər,
daha doğrusu onun əsirlərinə çevrilmirlər. Sifətində kosmetik əməliyyat aparılmış qadınlara
da rast gəlmək
çətindir, deyəsən,
onlar süni cavanlaşma qayğısına
qalmırlar və ya onun bəd
nəticələrinə görə
bu ağılsız təcrübədən uzaqlaşmışlar.
Qadınlardan söhbət düşmüşkən,
fransızların onların
barəsində dedikləri
bir zərb-məsəli
azacıq dəyişərək
demək istəyirsən
ki, hər şəhərin özünə
məxsus şarmı,
lətafəti vardırsa,
Parisin belə lətafətləri onlarla,
yüzlərlədir. Luvrdakı məşhur incilərdən
birinin adından istifadə etsək, Parisi “Avropanın füsunkarlıq fatehi” adlandırmaq olar. Buradakı qadınlar da köhnə ənənəyə
sadiq qalaraq öz lətafətlərini
qoruyub saxlayırlar.
Paris heyranlıq mənbəyi olan qadınların və onlarla ünsiyyətə
can atan kişilərin
arı pətəyinə
bənzəyir. Bu şəhər
həm də əsl incəsənət
mərkəzidir.Səfər dostlarımızdan biri
Opera binasının- Qrand
Operanın gözəlliyinə
valeh olduğundan, onu hər dəfə
görəndə az qala uşaq
sevinci keçirirdi. Baron Osman
şəhəri yenidən
quranda 1852-ci ildə indiki Osman bulvarının
Opera avenyusuilə kəsişdiyi
meydanda yeni Opera evi tikildi. Bu, görkəmli arxitektor Şarl Qarnyenin layihəsi əsasında yeni Barokko üslubunda inşa edilmiş əzəmətli bir binadır. Qrand Opera İkinci İmperiyanın
ən məşhur abidəsi hesab olunur. Qədim yunan mifologiyasına
görə, Piqmalion mərmərdən Qalateya
adlandırdığı qızın
gözəl heykəlini
yaratmış və sonra ona vurulmuşdu.
Öz xahişi ilə ilahə Afrodita ona nəfəs verib canlandırmış
və Piqmalion Qalateyaya evlənmişdi.
Qarnye də öz yaratdığı binaya beləcə vurulmuşdu,
axı bu möhtəşəm məbədə
vurulmağa dəyər.
Arxitektor
yaratdığı möcüzəni
hər cür təsirlərdən, əlavələrdən
qorumağa çalışırdı.
Binanın ətrafında küçədə
ağacların əkilməsinə
icazə verməmişdi
ki, ağacların kölgəsi binanın gözəlliyini ört-basdır
edə bilər. Təsadüfi deyildir ki, Qrand Opera təkcə Parisdə deyil, dünyada ən böyük teatr binası kimi tanınır.
Fransız baletmeysteri Marius Petipa rus baletinə yeni nəfəs vermiş, onun gələcək şöhrətinin
əsasını qoymuşdu. Bir çox
məşhur rus baletlərinə o, quruluş
vermişdi. Ruslar bunu
cavabsız qoymadılar.
Artıq Parisdə yaşayan Sergey Dyaqilev 1911-ci
ildə burada Rus balet truppasını
təşkil etdi və 18 il
ərzində Fransada baletin inkişafı naminə böyük xidmətlər göstərdi.
İki ölkənin mədəniyyət sahəsindəki
qarşılıqlı əməkdaşlığı
olduqca yaxşı bəhrələr verdi.
Paris incəsənət mərkəzi olmaqla yanaşı, həmçinin
əsrlər ərzində
inqilablar məskəni
kimi şöhrət tapmışdır. Şəhərdə
kütləvi zorakılıqların
baş verməsi faktları vardır, son illərdə isə islam radikalistləri
paytaxtda terror hadisələri
törədirlər. Lakin bu xoşagəlməz hallar Parisin mülayim ovqatına xələl gətirə bilmir.
Parisi bəzəyən cəhətlərdən
biri elə Sena çayının özüdür. Axı şəhərin əsası çayı şimaldan cənuba yarıb keçən yolun üstündəki adada qoyulmuşdur. Əslində isə Senanı
cazibədar edən onun şəhər daxilindəki hissəsidir,
kənarda isə o adi bir çaydır.
Fransız filosofu Blez Paskal demişkən, “Budaq anlamağa qadir deyildir ki, o yalnız ağacın bir hissəsidir”. Sena da öz şərəfinə
görə məhz Parisə borcludur.
Şəhərlə münasibətini heç
vurğulamadan da belə, Sena Parisə fəsadlar da bəxş etmişdir. 1910-cı ildə çayın daşması şəhərə
böyük ziyan vurmuşdu. Yarım əsr sonra
Florensiya şəhərinin
içərisindən axan
Arno çayı da daşarkən özünü
daha təhlükəli
aparmışdır. Senanın üzərində
32 körpü vardır,
onların bir çoxu gözəldir, şəhərə yaraşıq
verir. Onların içərisində gözəlliyinə, heykəllərlə
bəzədildiyinə görə
III Aleksandr körpüsü
seçilir. Körpünün bünövrə daşını
onun oğlu, gənc Rusiya çarı II Nikolay
1897-ci ildə qoymuşdur.
Üç il
sonra metal körpünün
tikintisi başa çatmışdır. Digər biri
isə “Yeni körpü” adlanmaqla, onun tikintisi 1604-cü ildə, kral IV Henrinin hökmranlığı
dövründə yekunlaşmışdı.
Körpüdə şəhərlilər gəzməyə çıxarmışlar.
Onun möhkəmliyi isə zərb-məsələ çevrilmişdir,
parislilər indiyədək
“Yeni körpü kimi möhkəm” ifadəsini işlədirlər.
IV Henri nəcib kral hesab edilsə
də, taxt-taca çıxması çətinliklərlə
üzləşmiş, həyatını
da qətlə yetirilməklə başa vurmuşdur. Kral III
Henri 1789-cu ildə öldürüldükdən
sonra IV Henri taxt-taca yiyələnsə də,
onu beş
il ərzində Parisə buraxmamışdılar.
Parisə daxil olmaq üçün o, huqenotluqdan
yenidən katolikliyə
qayıtmış, “Paris messaya
dəyər” sözləri
ilə şəhərə
girmişdi. Messa katolik
kilsəsinin baş ibadətidir, bazar günlərində keçirilir.
Əvvəllər Henri Navarralı
adlanan IV Henri iki dəfə evlənmişdi,
əvvəlcə II Henrinin
və Yekaterina Mediçinin qızı olan Marqaritaya (o, həm də kraliça Marqo kimi tanınır, Aleksandr Düma-ata bir romanını onun bu adı
ilə adlandırmışdı)
evlənmişdi, onların
toyu 1572-ci ilin avqustundakı qırğınlarla
əlamətdar olan Varfolomey gecəsinə təsadüf etmişdi. Onların nikahını sonralar Roma papası ləğv etmişdi. 1600-cü ildə isə o, Yekaterina Mediçinin qohumu Mariya Mediçiyə
evlənmiş, onların
altı uşağı
olmuşdu. IV Henri sonrakı varisləri kimi məşuqələrdən
də xali deyildi. Bir məşuqəsinin Parisi tərk etməsi onu ehtiyatlılığını unutmağa sövq etdi və bir
fanatik tərəfindən
karetasında qətlə
yetirildi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2017.- 18 fevral.- S. 20.