Yuxuya gedib gecə...

 

 (Povestdən parça)

 

Yazıçı-publisist  Novruz Nəcəfoğlunun “Yuxuya gedib gecə...” povestindən yeni bir fəsli “525-ci qəzet”in oxucularına təqdim edirik.

 Qeyd edək ki, povest daha öncələr “Bir sədanın ardınca” başlığı altında hissələrlə qəzetimizdə yayımlanıb.

“Yuxuya gedib gecə...” qulağına səslər gələn, xatirələrindən,  qorxularından özünə yer tapmayan, yuxusu ərşə çəkilən insanın pərakəndə düşüncələrinin ifadəsidir. Bu dəfə əsərin qəhrəmanı Həbib qəfil bir qadın səsindən oyanacaq ...

Qafil

...Qadın iniltisi, ürəyinin içində sızlayan cıqqırı çıxmayan bir səs! Lal baxışlarla səssiz-səmirsiz  əsən dodaqlar, inildəyən qadın səsi, özü də yaşlı bir qadın səsi... Həə, axı bayaqdan bəri eşitdiyi elə bu imiş...

...Həbib dərindən nəfəs aldı, sanki gecənin bir aləmində onu yuxudan qəfil oyadan o səsi tapmışdı. Elə qadını da səsindən tanımışdı...

 

***

...Mənzil başınacan yola yoldaş olan hər kəsin yəqin ki, o yolu keçib getmək üçün özlüyündə sevib seçdiyi bir minik var. Nəzərlərini xatirələrinə  dikib şirin xəyallara dalanlar uzaq yola qatarla, səbri çatmayanlar, dəbdə olan vaxta “qənaəti” bəhanə edənlər uçaqla, lovğalar isə iri “cip” maşınlarında gedirlər. Əli “özünə” çatanlar da ciblərinə uyğun avtobuslara üz tuturlar.

...Yola yoldaşlıqda hələ ki, əli özünə çatanlardan olan Xədicə o gün yenə böyük şəhərin iri avtovağzalında gedəcəyi səmtə yola düşmək üçün maşın gözləyirdi.

Az sonra o, yola çıxmaq üçün sırasını gözləyən avtobusda yerini rahatlayıb adamların arasında arxa cərgədə çiyinlərini boynuna qısaraq oturmuşdu. Sanki daşıya bilməyəcəyi bir yükün altında çökərək, elə o ağırlıqda hisslərini də nəfəsini belə dərmədən böyük şəhərdən rayona, sevdiyi el-obasına daşıyırdı.

Üzü axşama doğru hava qaralmağa başlayırdı. Avtobus isə dolmaq bilmirdi. Sürücü gah bayağı mahnılar “çağıran” maqnitofona səs verir, gah kabinadan aşağı enir, siqaret yandırıb sağa-sola gəşt edərək sümürür, gah da hərisliklə şəhər tərəfdən gələn marşrut avtobuslarına tərəf boylanır, kiminsə düşüb indicə onun maşınına minəcəyini gözləyirdi. İyirmi nəfərlik bu avtobus isə dolmaq bilmirdi ki, bilmirdi.

Bir tərəfdən də hər yerdə əl-ayağa dolaşan çinli, əfqan, yenə də çoxu elə bizimkilərdən olan xırdavat alverçiləri yolçulara avtobusda da sakit-rahat oturmağa aman vermir, əllərində, qollarında salladıqları, cıncıq-mıncığı, şal torbalarla doldurduqları mənşəyi bilinməyən geyim, bəzək mallarını kiməsə sırımağa can atır:- təsbeh, gözmuncuğu, boyunbağı...Qiyməti də ucuz-havayı... Uşaq köynəkləri də var... Ətəklər, balonka gödəkçə, alın, bu soyuq havada uşaqlarınız üşüməsin, - deyə boğazlarına güc verib, zəhlə tökürdülər.

Maşında qabaq cərgələrdə oturan orta yaşlı bir kişi xırdavatçıların ünvanına tənə-danlaq edib ucadan:

-Əşi, görəsən millətin adına yaraşmayan bu azara son qoyacaq biri tapılacaq, ya-yox? -deyib sonra da yanından ötüb keçən qarayanız oğlana acığını boşaltdl:

-Ay adam, görürsən, biz canımızın hayındayıq, əl çəkin, qoyun yolumuzla gedək də, - deyə acıqlanıb irad tutdu.

Yaşlı bir qadın isə o ötkəm kişiyə üz tutub ərkyana:

-Neyləsinlər, ay, qardaş, onlar da çörəklərini belə qazanırlar da. Sonra da mənalı-mənalı - həm də yəqin ki, kiməsə də əlavə “faydaları” da dəyir, niyə dəyib toxunsunlar ki,-deyib xırdavatçılara qahmar çıxdı.

Ütük bir oğlanın da səsi maşını başına götürmüşdü:

-Ətirlər, odekolonlar... Biri bir manat, biri bir manat, deyə cılız səsiylə elə hey cüyüldəyirdi.

Xədicənin arxa tərəfində oturan yaşlı bir kişi alverçinin bu sözlərindən sonra yerində qurcuxdu. Deyəsən yuxulamışdı, oğlanın kal səsinə diksinib oyandı: -Ətir satırsan, ay bala? Sonra da: -Məgər arvad bizi evdən eşiyə buraxır ki? Ay oğul, ətiri neynirik ee?-deyə yaşına uyğun tərzdə şirin bir zarafat etdi. Sərnişinlər gülüşdülər. Avtobusdakı yorğun ab-havaya az da olsa yeni bir ovqat qatıldı...

Xədicə isə:-İlahi, insanda da bu qədər səbr, dözüm olar? Zalım uşağını nə cür ağır söz deyib təhqir etsələr də, heç belə tükləri tərpənmir, elə bil kar olub eşitmirlər. Vallah söyüb, sonra da ardınca  yarım manatlıq bir şey alsan, bəlkə də gülüb, hələ bir əyilib əlini də öpərlər. Bu dözümlərinə görə, vallah, xoşbəxt adamdırlar bunlar, -deyə düşünürdü...

Nəhayət, iyirmi nəfər sərnişin toplanandan sonra sürücü mühərriki işə salıb avtobusu hərəkətə gətirdi. Bir az irəliləyib dalanın başında, döngədə dayandı. Qapını açıb sərnişinlərdən gediş haqqını toplamağa başladı. Alacağını yığışdırandan sonra isə maşından aşağı enib bir anda harasa qeyb oldu. Aradan az keçmiş bir başqa kişi avtobusa yaxınlaşıb arxa cərgədə oturan oğlanlarla nəsə xosunlaşaraq onları aşağı, yerə düşürdü. Oğlanlar şit-şit zarafatlaşa-zarafatlaşa indicə qeyb olan sürücü kimi bir anda yoxa çıxdılar. Bir az sonra yenə həmin adam avtobusda oturan qadınlara yaxınlaşaraq:

- Bu maşın gedəsi olmadı, siz bir başqa avtobusla gedəcəksiniz, - deyib, sərnişinlərə dalanı piyada keçərək irəlidə gözləməyi, daha doğrusu, orada, döngədə dayanan başqa maşına oturmağı təklif etdi, yox, bu təklif deyil, az qala təkid idi.

Yolu elə bu marşrutla çox gəlib gedən Xədicə əvvəllər də dəfələrlə  eynən belə mənzərə ilə rastlaşmışdı. Dayanacaqdakı “postdan”, nəzarət məntəqəsindən, ödənişdən yayınmağın dərdindən “çoxbilmiş” sürücülər belə xırda bicliklərə də əl atırlar. Etiraz etməyə isə lüzum yox idi. Sərnişinlərin etinasız şəkildə dələduz sürücüyə və onun əməl yoldaşına qulaq asdığını görəndə o da səssizcə maşından enib, o ara yollarla, xəlvəti olaraq avtovağzalın girəcəyindəki “16 mərtəbənin” qabağına getməli olmuşdu.

Xədicə bu bığları çənəsinəcən uzanan bəni-Adəmin cılız tamahkarlığına ikrahla baxır, acı-acı gülümsünürdü. Deməyə sözü də bitmişdi. Bəlkə də hay-küy salar, kassadan 2 manatlıq bileti burda millətə 3 manata sırıya-sırıya, utanmaz-utanmaz yorğun insanların halını düşünmədən, körpə uşaqlı anaları və ağbirçək nənələri isti yerindən edib, başlarına bu oyunu açmalarına etiraz edərdi. Ancaq dəyərdimi?...

Şaxtalı dekabr ayının acı küləyi korun-korun yanan soyuq ocaq kimi könülsüz-könülsüz fısıldayırdı. Xədicə çantasını əlinə alıb çiyinlərini darta-darta yeriyirdi. Gedəcəyi ünvanı bilirdi, 16 mərtəbəli binanın qarşısı. Sakitcə, içindəki qəzəbi hiss etdirmədən gedirdi... Böyür-başına elə özü gündə olan iki-üç qadın da qoşulmuşdu. Fikri başqa yerdəydi. Yanındakıların nə narahatlığına, nə də öz aralarında danışıqlarına baxıb-qulaq vermədən pillələri aşağı enirdi. Fikirləşirdi ki, bir xeyli yol gedəndən sonra şəhərin acı qış küləyi bəlkə iliyinə işləyib onu bir az dirildə bilər. Düz üzü küləyə addımlayır, saçlarını sovuran rüzgarın vıyıltısıyla həmahəng irəliləyirdi. Telefonuna zəng gəldi. Əl çantasını açmaq üçün dayandı. Məhz elə bu an nəzərləri birdən-birə yanındakı qadınlardan birinə sataşdı. Qadın ona üzdən tanış gəlmişdi. Bu yarıyaş qadınla hərdən dükan-bazarda rastlaşdıqlarını xatırladı. Yığcam şəhərdə insanlar bir-birlərinə belə tanış və doğma gələ bilirlər. Adını belə bilməsə də üzdən tanış qadının çöhrəsindəki təlaşı, bir az da müəmmalı həyəcanı ap-aydın sezirdi. Bu həyəcan ona da sirayət edir, marağına, həm də nigarançılığına səbəb olurdu.

...İrəlidə 16 mərtəbəli binanın həyətindəki döngədə dayanan avtobus onları gözləyirdi. Hərdən dönüb onunla yanaşı addımlayan bu qadına baxır, küləyin oynatdığı saçlarının ahənginə uyğun çiyinlərini çəkib düzəltmək istəyirdi.

Avtobusdan ilk düşürülən cavan oğlanlar artıq yeni dayanacaqdaydılar. Amma qalxıb maşına əyləşməmişdilər. Görünür, hamının birdəfəlik yığışmasını gözləyirdilər. Nəhayət, əli uşaqlılar da, qol-qola girib hıqqana-hıqqana yeriyən ahıllar da gəlib çıxdılar, hamı yığışandan sonra avtobusun sürücüsünün dalısıyca deyinməyə başladılar. Xədicə isə susurdu. Dili-dodağı çiyinlərindən də ağır olmuşdu özünə. “Susmaq nə gözəlmiş”.

Birdən avtobusdan düşərək ta 16 mərtəbəyə qədər ondan bir addım belə aralanmayan, sanki ayrı düşsə yolu azacağından qorxan yaşlı qadını xatırladı. Ətrafına göz gəzdirdi. Qadın arxa tərəfdəki dönərxananın qarşısında durub növbə gözləyirdi. Avtobus gəlib yetişdi, sərnişinlər içəri doluşdular.

Xədicə də nəzərlərini  o yaşlı qadından çəkərək avtobusa minməyə tələsdi.

Avtobus elə yerindən tərpənirdi ki, həmin yaşlı qadın qaçaraq özünü arxa qapıdan hövlnak içəri atdı. Sürücünün: - Ay arvad, nə xəbərdi, az qala çarxın altına düşüb məni xataya salacaqdın,- iradına fikir vermədən tələsik salonda boş qalan yerdə, Xədicənin yanında oturdu. Oturan kimi də gəldiyi yol səmtə ürkək-ürkək boylandı. Avtobus tərpənib durduğu yerdən aralananda arvad dərindən bir nəfəs aldı. Sanki onu təqib edən, ardınca qovan çox qorxunc bir məxluqun əlindən qurtulmuşdu. İndi də oturduğu yerdən salona göz gəzdirir, sərnişinlərin arasında tanış-bilişdən kimsənin olub-olmadığını yoxlayırdı. Göz tanışı olanlar vardı, ancaq şəxsən tanıdığı biri yox idi.

Xədicə, bir az qəribə, bir az xoflu bu yaşlı qadını arabir gözaltı süzürdü. Nə idi onu bu adamda maraqlandıran, bilmirdi. Maşın şəhərdən uzaqlaşdıqca qadının həyəcanının, təlaşının ötüb keçdiyini aşkarca hiss etdi. Baxışlarına  hüzn çökmüşdü sanki, bir az əvvəlki təlaşın yerini təəssüf və peşmançılıq almışdı.

Qadın əlindəki dönəri açaraq gözünə təpir, ətəyinə tökülən qırım-qırıntılarını da ovcuna yığıb ağzına atırdı. Qadının əyin-başından ağırlaşmış balıq qoxusu gəlirdi. Xədicə “yəqin torbasında balıq var”, - deyə qadının yanında saxladığı yaşıl torbaya göz gəzdirdi. Yox, qadın əslində alverçidən çox aldadılan, təhqir olunan birinə oxşayırdı. O elə hey başını aşağı dikib yırğalayır, ah-uf edir, sifətinin rəngi gah avazıyır, gah da pörtüb qaralırdı.

Bir yandan maraq, bir yandan da bu ah-vay edən qadını ovutmaq arzusu Xədicəyə güc gəlirdi. Ona görə oturduğu yerindəcə arabir qurdalanır, sanki özlüyündə onu danışdırmağın yollarını axtarırdı. Axır ki, dözmədi, dönüb qadının üzünə gülümsünərək:

- Nuş olsun!, - dedi. Axı, hardansa, nədənsə başlamaq lazım idi?!

Qadın özü də yolboyu susmayacaqdı; susa bilməyəcəkdi, ürəyi dolu idi,  sözlər elə bil boğazına qədər tıxanmışdı. Hövülündən tikələri birnəfəsə udaraq, nə yediyini, necə yediyini bilmədən axır ki, “naharını” bitirmişdi. Bir isti baxışa, nəvazişə, xoş səsə bənd imiş kimi:

- Sağ ol, ay qızım, - dedi və birdən-birə yüngülləşmək, ürəyini boşaltmaq üçün başına gələnləri Xədicəni min ildir tanıyırmış kimi açıb danışmağa başladı.

...Yasamal bazarına balıq gətirmişdim ey. Arada yaxşı balıq olanda gətirirəm də... Yaxşı gedir buralarda balıq. Bazarda bir dükan var, bir yerdən ora verib pulumu alıb qayıdıram. Dükan sahibi də, sağ olsun, pis adam deyil, haqqımı kəsmir. Amma arada o götürməyəndə də bazarın elə qabağında tum satan arvadların yanında oturub satıram.

Qadın danışır, danışdıqca arabir səsi titrəyir, arada nəfəsi tıxanırdı. Gah Xədicənin düz gözlərinin içinə, gah da elə pəncərənin şüşəsindən gen-geniş, bomboz, şorluğu cadarlarından bilinən, uzandıqca uzanan boş sahələrə, dağ ətəklərinə baxırdı. Bir anlıq fikrə gedir, sonra birdən yerində dik atılıb söhbətinə davam edirdi.

... Hə, onu deyirdim axı... Keçən səfər gələndə dükanda bir oğlanla rastlaşdım, bir zənbil balığımı götürdü, amma yarı pulunu verdi. Dedim nə olar, gələn dəfə verər də...  Amma  bir həftədən sonra gəldim, oğlan pulun yerinə bir  plaş gətirdi. Baxdım az geyilib, belə pis deyildi, məcbur qaldım, götürdüm. Əynimə pis oturmadı. Dedim eybi yox, arada geyinərəm də dağda-bağda. Oğlan telefon nömrəsini də verib dedi ki, gələn səfər balıq gətirəndə birbaşa mənə zəng eləyərsən, özüm götürəcəyəm, pulundan da arxayın ol, nağd verəcəm.

Qadın bunları danışa-danışa sanki gözüaçıq yuxuya gedir, birdən susurdu... Sonra yenə yadına nəsə düşmüş kimi dik atılır, bir ah çəkib ardını danışırdı.

... Mən də sevinmişdim ey... Bu dəfə rayondan nərə balığı alıb gətirmişdim. Öz bazarımızdan, altmış manata...- qadın yenə dərindən bir köks ötürdü:

- Məyər mənim kiməsə bir pisliyim keçib? - deyə qəflətən soruşdu. Xədicə bir şey anlamadığından qadının sualına sual dolu nəzərlərlə baxdı. Əslində bu heç sual da deyildi... Bu elə sual dolu cavab və yaxud bir zəhmətkeş qadının edə biləcəyi bəddua idi.

Xədicə susurdu. Bu gün onunki elə susmaqdan gəlmişdi.

Qadın isə ağrı dolu səsi ilə davam edirdi:

 - Oğlan dükanın qarşısında qarşımı kəsib, gedək, indi üstümdə pulum yoxdur, evim yaxındadır, götürüm verim, dedi. Mən də əlimdə sumka, düşdüm bunun dalınca. Xeyli söhbətləşə-söhbətləşə gedəndən sonra bir hündür binanın qarşısında məni saxlayıb, gəl, burda, yaxınlıqda qarajım var, orda danışaq, dedi.- Arvad söhbətin bu yerində bir azca udqunub nəfəs aldı, yenə ətrafına oğrun-oğrun baxıb aramla söhbətinin ardını pıçıldamağa başladı, - Qaraja getmədim. Qorxdum. Həm də oğlanın hərəkəti-duruşu xoşuma gəlmədi, qəribə baxırdı ey...

Avtobus bu arada dayandı. Sərnişinlərdən düşən var idi. Azacıq sükutdan sonra yenə Xədicənin gözləri arvadın qırış-qırış olmuş qabarlı əllərində, damar-damar olmuş boynunda, altı tuluqlanmış gözlərində və min illərlə su görməyən torpaq kimi qaysaqlanmış dodaqlarında idi. Bu baxışlarıyla elə bil “danış, susma görək, ürəyim üzüldü ki”, - demək istəyirdi. Avtobus yola düzələn kimi qadın bu dəfə səsini bir az da qısıb güclə eşidiləcək bir tərzdə davam etdi:

- Sonra da çıxaq evimə, dedi. Evə də getməyə ürək eləmədim. Gördü belə key kimi dayanıb baxıram. Dedi onda sumkanı ver, çıxım pulunu gətirim.

Sumkanı necə verim? Məndə telefon nömrəsi olsa da, oğlanın düz-əməlli adını, ünvanını da bilmirdim. Sumkanı alıb aparar, nömrəni də çıxarıb atar, indi gəl bu boyda məhəllədə tap bunu... Çaşıb qalmışdım, vallah.

Qadın bunları danışa-danışa gah gözləri hədəqəsindən çıxır, gah Xədicənin qolunu sıxıb bir az da özünə çəkirdi ki, dediklərini başqası eşitməsin. Birdən ağzını Xədicənin qulağına yaxınlaşdırıb pıçıltıyla: -Oğlan gördü məndən bir şey çıxmır... Əyilib qulağıma nəsə fısıldadı, dediyini də heç eşitmədim ey, a bala. Onu bildim ki, kişi nəfəsi üzümü qarsdı. Əl atıb yaxamı dartışdırırdı.

Qadın qeyri-ixtiyari oğlanın etdiyi kimi bir əlini sinəsinə tərəf apardı. Xədicənin gözü onun sinəsinin üstündə dayandı. Qadının əlləri əsirdi. Elə sinəsi də. Arada bir az toxtayır, sakit danışırdı. Danışdıqca səsi çox uzaqlardan gəlirmiş kimi gah kəsilir, gah da ucalırdı. Xədicə bir anlığa qaranlıq qarajda o əclaf oğlanın arvadın başına aça biləcəyi oyunları düşündü, sonra evinə qalxsa evində çıxara biləcəyi işləkləri təsəvvürünə gətirdi və sonda yenə nəzərləri qadının titrəyən sinəsinin üstündə dayandı.

Qadının nə danışdığını artıq eşitmirdi. Sanki indi o, özü əlində zənbil  oğlanın dalınca düşmüşdü. Düz onunla binanın hansı mərtəbəsindəsə özünə cəhənnəmdən ev hazırlamış otağına qalxırdı. Bu fikirlərlə nəfəsi kəsilirdi, boğulurdu elə bil. Gözünün önünə lift gəlirdi və onu o liftdə  boğmaq istəyən o oğlan.

İçindən qəfil soyuq yellər əsdi. Bir an içində özünü 16 mərtəbəli binanın 16-cı mərtəbəsində oğlanın mətbəxində, onunla üz-üzə dayanmış gördü. Mətbəx stolunun üstündə uzalı qalmış iri çörək bıçağını alıb namus oğrusunun köksünə necə sapladısa, əclafın bağırtısından avtobusdakılar yerlərindən dik atıldılar. Səsə özü də diksindi. Özünə gələndə anladı ki, bağıran da, köksünə xəncər saplanan da elə özüymüş.

Öz səsinin sədasında diksinib ayıldıqca çiyinləri yavaş-yavaş qalxır və ağır-ağır nəfəs almağa başlayırdı...

Yenə avtobus ləngər vurdu. Yəqin qatar yolundan, relslərin üstündən keçirdilər. Qadın danışıb ürəyini boşaldaraq yüngülləşmişdi, yuxuya getmişdi. Yatdığı yerdə üzündə təəssüf hissi qalsa da, bir ağır yükdən qurtulmuş kimi özünü ram edib əzabını uda bilmişdi...

 

***

 

Həbib çömbəldiyi yerdə dizlərini qucaqladı.  Deyildi, o səs də deyildi, bu səs gənc bir xanımın hıçqırığıydı, nə çığırtı, nə də bağırtıydı, - deyə peşman-peşman öz-özünə pıçıldadı. Fikri-zehni o qədər dolaşmışdı ki, bir cavab tapa  bilməməyi ona əzab verirdi. Onu oyadan səsi yaddaşından silməyə, bu barədə düşünməməyə cəhd eləsə də, alınmırdı. Fikrini heç vəchlə azdıra bilmirdi, gecə isə uzanırdı.

 

3 fevral 2017

Şabran

 

Novruz NƏCƏFOĞLU

 

525-ci qəzet.- 2017.- 18 fevral.- S. 18-19.