Dilçilik
elminin iftixarı
Akademik Məmmədağa
Şirəliyevdən sonra Azərbaycan dilçiliyi
hüdudlarını yarıb beynəlxalq aləmə
çıxan ikinci Azərbaycan dilçisi Ağamusa Axundovla
tanışlığımın tarixi 60 ilə
yaxındır.
Dillər İnstitutunun Qərbi
Avropa dilləri fakültəsinin ingilis-Azərbaycan dilləri
şöbəsinin III kursunda oxuyurdum. Elmə, təhsilə
böyük maraq göstərilən keçən əsrin
50-ci illərinin sonu idi (1959). Bir gün dəhlizdə ucaboy,
enlikürək, yaraşıqlı bir nəfərin müəllimlərlə
mehribancasına söhbət etdiyini gördüm. Dedilər tələbəmizdir, həm də BDU-nun
müəllimidir, alimdir, elmlər namizədidir. Tezliklə Ağamusa müəllimin şöhrəti
institutumuzun divarları arasına sığmadı. Məlum oldu ki, Ağamusa müəllim 1958-ci ildə
namizədlik dissertasiyası müdafiə edərək
aspirantlıq müddətinin bitməsinə iki ay
qalmış diplomunu alanda bu görünməmiş hadisə
elmi ictimaiyyətin geniş müzakirəsinə səbəb
olub. Ümumi rəy belə olub ki,
Ağamusa müəllim qeyri-adi fitri istedada və təfəkkürə
malik bir alimdir.
Ağamusa Axundov cəmi altı il sonra, 1964-cü ildə doktorluq
dissertasiyası müdafiə edərək SSRİ
miqyasında filologiya üzrə ən gənc elmlər doktoru
olanda Yaradanın Azərbaycan dilçilik elminə təkrarsız
bir alimin bəxş etdiyinin göstəricisi kimi qəbul
edilmişdi.
Ağamusa müəllimlə
bağlı başqa bir hadisədən də söz
açmaq istərdim. Mən tələbə olanda yaxşı
oxuyan, gələcəyinə ümid bəslənən tələbələri
elmi konfranslara cəlb edirdilər. Səhv etmirəmsə,
1961-ci il idi. Akademiyamızın
Rəyasət Heyətinin binasında Türkoloji konfrans
keçirilirdi. Dəhlizdə iki
yaşlı rus alimi söhbət edirdi. Sonralar
onların B.A.Serebrennikov və N.A.Baskakov olduğunu öyrəndim.
Onlar Ağamusa müəllim haqqında
danışırdılar. İndiki kimi yadımdadır,
Serebrennikov dedi ki, konfransda yenilik olacaq. Ağamusa
riyazi dilçilikdən məruzə edəcək. Gedək qulaq asaq. Onun parlaq gələcəyi
var.
Həyat Serebrennikovun tarixi
sözlərini təsdiq etdi.
Sonralar Ağamusa Axundovun
“Riyazi dilçilik” əsəri çap olundu (1979). Bu monoqrafiya Azərbaycan
dilçiliyi tarixində ilk elmi araşdırma kimi bu gün də
öz əhəmiyyətini itirmir.
1962-ci ildə institutu
bitirdikdən sonra məni İraq Respublikasına tərcüməçi
işləməyə göndərdilər. 1964-cü ilin may ayında
doğma instituta döndüm. Bir gün dəhlizdə
Ağamusa müəllimlə Tofiq Hacıyevi gördüm.
Tofiq müəllim onda bizim institutda işləyirdi.
O, zarafatla: “Qəzənfər, tələbəmizlə
tanış ol” - dedi. Sonra isə məni
Ağamusa müəllimə təqdim etdi. Demək olar ki, Ağamusa müəllim mənimlə
bir saata qədər söhbət etdi. Xaricdə
işlə bağlı hər şey onu
maraqlandırırdı.
Məzuniyyətdən sonra
yenidən İraqa getdim. 1966-cı ilin may ayında vətənə dönəndən
sonra öyrəndim ki, institutun ingilis dili fakültəsini fərqlənmə
diplomu ilə bitirən alim Misir Ərəb
Respublikasının paytaxtı Qahirədə Eyn-Şəms
Universitetində Azərbaycan dili və ədəbiyyatından
ingilis dilində dərs deməyə göndərilib. O da məlum
oldu ki, Ağamusa müəllimin dil öyrənmək istəyi,
mənimlə xaricdə işlə bağlı söhbəti
səbəbsiz deyilmiş. Onu da deməliyəm
ki, o vaxtlar xaricdə işləmək hər adama qismət
olmurdu. Ağamusa müəllimə
böyük etimad göstərmişdilər. Alim göstərilən etimadı doğrultmuşdu.
Gələcəkdə ABŞ və Yaponiyaya
ezam olunması deyilənləri təsdiqləyir.
Unuda bilmədiyim bir hadisədən
də söz açmaq yerinə düşər. BDU-da görkəmli
dilçi alim Muxtar Hüseynzadənin 80 illik yubileyi
keçirilirdi. Muxtar müəllim
çıxışında gözlənilmədən dedi: “Mən
onsuz da kitablarıma və pedaqoji fəaliyyətimə görə
professor adına layiq görülmüşdüm. Doktorluq müdafiə etmək istəmirdim. Bu uşaqlar məni məcbur etdilər”. O,
çevrilərək cərgə ilə oturmuş tələbələrini
göstərdi. Başda Ağamusa müəllim
əyləşmişdi. Sonra Yusif Seyidov, Fərhad
Zeynalov, Musa Adilov, Tofiq Hacıyev, Samət Əlizadə,
Əbülfəz Rəcəbov və başqaları gəlirdi.
Ağamusa müəllimin başda əyləşməsi
onun elmi səviyyəsindən və bir alim kimi nüfuzundan xəbər
verirdi.
1975-ci ildə Nəsimi adına
Dilçilik İnstitutuna ABŞ-in Florida Universitetindən Səlim
Hüseynqulu oğlunun ingiliscə “Azərbaycan dilinin generativ
fonologiyası” adlı doktorluq dissertasiyası rəyə
göndərilmişdi. Namizədlik
dissertasiyasında elmi rəhbərim olmuş akademik Məmmədağa
Şirəliyevlə əsərə müsbət rəy
vermişdik.
Tale elə gətirdi ki, 1983-cü
ilin iyun-avqust aylarında ABŞ-a
ixtisasartırma kurslarına göndərildim. Getməmişdən
əvvəl məni həmişə oğlu hesab edən elmi
rəhbərimə baş çəkdim. Professor
bu xəbərə çox sevindi.
- Oğlum, orada Azərbaycan dilinə
dair tədqiqlər çox olmalıdır. Bu məsələyə
xüsusi diqqət yetir - dedi.
Doğrudan da ABŞ-da prof. Gerd
Frayenkelin “Azərbaycan danışıq dili”, Fred Hausholderin
“Azərbaycan onomastikası” və 1962-ci ildə İndiana Universitetində
müdafiə etdiyi 579 səhifədən ibarət “Azərbaycan
dilinin generativ qrammatikası” doktorluq dissertasiyası və bir
çox başqa tədqiqatlar vardı.
Lakin mən burada birbaşa
Ağamusa Axundovun tədqiqatları ilə bağlı iki
dissertasiyadan bəhs etmək istərdim. Onlardan biri C.Asaturianın
Corctaun Universitetində müdafiə etdiyi “Azərbaycan dilinin
fonologiyası” adlı namizədlik dissertasiyası, ikincisi isə
Səlim Hüseynqulu oğlunun “Azərbaycan dilinin generativ
fonologiyası” adlı doktorluq dissertasiyasıdır. Dissertasiyalarda Ağamusa Axundovun əsərlərindən
bol-bol istifadə edilmiş, alimin tədqiqatlarına yüksək
qiymət verilmişdir. Vətənə
dönəndən sonra “ABŞ-da Azərbaycan dilinə dair
araşdırmalar” mövzusunda Dilçilik İnstitutunda məruzə
etdim və məruzəm “Azərbaycan dili xaricdə” məcmuəsində
(“Elm, 1990, s.65-70”) və “Dilimiz - varlığımız”
kitabımda (“Ozan” nəşriyyatı, 2011, s.43-53) çap
olundu. Məqalədə göstərdiyim
kimi professor Ağamusa Axundov ABŞ-da ən çox tanınan
dilçi alimimizdir. Professor Ağamusa Axundov 1975-ci ildə
ilk dəfə ABŞ-da dostluq səfərində olmuş,
1986-cı ildə SSRİ-ABŞ Cəmiyyəti Bakı
Bölməsinin sədri seçilmiş, 1987-ci ildə “Azərbaycan
Dünyası”nın təşkil etdiyi
nümayəndə heyətinin tərkibində yenidən
ABŞ-da dostluq səfərində olmuşdur.
ABŞ-da görkəmli alim və
ictimai xadim kimi tanınan Ağamusa Axundova o vaxt ABŞ
Prezidenti olan (1987) Cimmi Karterin həyat yoldaşı, “Friendship
force” - “Dostluq gücü” İctimai Birliyinin Prezidenti Rozalin
Karterin imzası ilə fəxri fərman təqdim
edilmişdir. O, eləcə də Nyu-Orlean şəhərinin
fəxri xarici vətəndaşı adına
layiq görülmüşdür.
Dünya şöhrətli alimin Tokio
Elmə Yardım Cəmiyyətinin dəvəti ilə Tokio
Universitetində bir ay Azərbaycan dilindən dərs deməsi,
Kobe Universitetində və Tokio Şərq Kitabxanasında “Azərbaycan
dili inkişaf yollarında” mövzusunda konfranslar keçirməsi
də çox mətləblərdən xəbər verir.
Professor Ağamusa Axundov bir
sıra fundamental monoqrafiyaların müəllifidir. Bu monoqrafiyalar
Azərbaycan dilinin müxtəlif sahələrinə, eləcə
də riyazi və ümumi dilçiliyə həsr olunub.
Lakin dilimizin bir sahəsi bütövlükdə
onun adı ilə bağlıdır. Bu, Azərbaycan
dilinin fonetikasıdır. “Azərbaycan dilinin fonemlər sistemi” (1973, 302 səh.),
“Azərbaycan dilinin tarixi fonetikası” (1973, 110 səh.) və
“Azərbaycan dilinin fonetikası” (1983, 388 səh.)
monoqrafiyaları onu dünya fonetistləri cərgəsinə
qatmışdır.
Alimin “Azərbaycan dilinin fonetikası” əsərinin
Dövlət mükafatına layiq görülməsi deyilənlərə
dayaq olur.
Qürur hissi duyuram ki, belə
bir şöhrətli alimlə elmi əməkdaşlıq mənə
də qismət olub. Filologiya elmləri namizədi Zirəddin
Xasıyevin çox maraqlı “Tovuzun toponim dünyası”
kitabını birgə redaktə etmişik. Bundan əlavə,
rəhbərlik etdiyi Dilçilik İnstitutunda təşəbbüsü
və rəhbərliyi ilə “Dialektologiya” şöbəsində
(şöbə müdiri professor Qəzənfər Kazımov
idi) “İraq-türkman ləhcəsi” adlı fundamental
monoqrafiyanı iki ilə yazdıq və çap etdirdik
(Bakı, “Elm”, 2004, 422 səh.). Kitabın üzərində
əsirdi. Hətta iki dəfə
İraqdan Dr. Əbdüllətif Bəndəroğlunu dəvət
etdirdi, əsəri müzakirə etdik. Əsərin
redaktorluğunu Ə.Bəndəroğlu ilə birgə
boynuna götürdü. Çox sevinirdi
ki, əsər İraq-Türkman ləhcəsinin bütün
aspektlərini əhatə edən ilk nəzəri əsərdir.
Çox az adam
bilir ki, bu böyük alim, həm də ədəbi fəaliyyətlə
məşğul olmuşdur. İkinci kursda
oxuyarkən “İnqilab və mədəniyyət” jurnalında
(1957, №12) “İkinci görüş” adlı hekayəsi
çap olunmuşdu. Lakin sonralar ədəbiyyatşünaslıqla
məşğul olan görkəmli dilçilərdən
Yusif Seyidov, Tofiq Hacıyev, Nizami Cəfərov (Ağamusa
müəllimin tələbəsi), Qəzənfər
Kazımov, Buludxan Xəlilov və başqaları kimi alimlərin
önündə gedirdi. Alimin “Şeir və sənət”
(1980, 159 səh.) və iki cildlik “Dil və Ədəbiyyat” (I
cild 658 səh., II cild 436 səh. “Gənclik” nəşriyyatı, 2003) əsərləri
filoloqların stolüstü kitabına çevrilmişdir.
Bu kitablar ədəbiyyatşünaslıq
elmimizin iftixarı Yaşar Qarayevin təbirincə desək
“qalın və qalan” kitablardır.
Heydər Əliyev
yazıçı və şairləri dilin qurucuları
adlandırırdı.
Ağamusa müəllim bədii
əsərləri təhlil edərkən öndərimizin bu
qiymətli fikrini rəhbər tuturdu. Möhtəşəm
ikicildliyini “Dil və Ədəbiyyat” adlandırması da
bununla bağlıdır.
Bu təkrarsız alim uzun illər
poeziyamızın və nəsrimizin sənətkarlıq
problemləri ilə ciddi məşğul olmuşdur. Alimin 1981-ci ildən
Yazıçılar Birliyinin, eləcə də “Ulduz” və
“Azərbaycan” jurnallarının redaksiya heyətinin
üzvü olması çox mətləblərdən xəbər verir. Ağamusa müəllim ədəbiyyatşünaslıq
sahəsində nüfuzlu söz sahibi idi. Dili
səlis, fikri aydın idi.
Yazılarını oxuduqca oxuyur,
doymursan:
“... Bütün bunlar
indi tarixə çevrilib, keçmişdə qalıb. Gənclik illərinin ilıq nəfəsi
soyumağa, keçid dövrünün tufanları səngiməyə,
müstəqilliyimizin uğurları bəhrələrini verməyə
başlayıb. Ömrümün səkkizinci, bəlkə
də sonuncu onilliyi yarıdan ötüb, qaçılmaz, mənim
üçün məchul bir zaman hüduduna
yaxınlaşır...
Ömür kitabını vərəqləyirəm,
olub keçənlər bir daha gözlərim önündə
canlanır: atamı, anamı, qardaşlarımı,
bacımı, unudulmaz əziz dostlarımın çoxunu
artıq ölüm, bir qismini isə həyatın özü
əlimdən alıb. Zaman verdiyini verib,
aldığını alıb. Əziz dostum, xalq
şairi Nəriman Həsənzadənin misraları yadıma
düşür:
Şöhrətin sevinci,
yaşın kədəri,
Tərs kimi ikisi bir vaxta
düşür.
Akademik Ağamusa Axundovu fərqləndirən
cəhətlər, məziyyətlər qədərincədir. O, bacarıqlı elm təşkilatçısı
idi. Elmi kadrların yetişməsində,
dilçilik elmimizin inkişafında misilsiz xidmətləri
olan, məktəb yaradan, çoxşaxəli zəngin
yaradıcılıq yolu keçən, iddiasız
yaşamağı bacaran, mənalı və şərəfli
ömür yaşayan, ziyalılığı, yüksək mədəniyyəti,
nəcibliyi ilə nümunə olan, dilçilik elmimizi
beynəlxalq aləmə çıxaran, hər məqamda
adını iftixarla çəkdiyimiz bu böyük insan elmi
və pedaqoji fəaliyyəti ilə əbədilik qazanan
azsaylı alimlərimizdəndir.
Qəzənfər
PAŞAYEV
professor
525-ci qəzet.- 2017.- 18 fevral.- S. 14.