“Sevdim səni” eşq
haqqında qiymətli söz çələngidir”
- Fotoreportaj
“Kitabevim.az”da Pərvinin yeni kitabının imza günü olub
Yazıçı Pərvinin bu yaxınlarda çapdan çıxmış “Sevdim səni” kitabının daha bir təqdimatı və imza mərasimi 14 fevralda “Kitabevim.az”da keçirildi.
Mərasimdə tanınmış ədəbiyyat adamları, eləcə də xeyli sayda kitabsevər, Pərvinin yaradıcılığını diqqətlə izləyən insanlar iştirak edirdilər...
Pərvin oxucular üçün, demək
olar, ara
vermədən kitab imzalayır. Ancaq, sözsüz ki,
sona qədər belə davam edə bilməz. Çünki onun oxucuları, həmçinin
tədbirə qatılanlar
sırasında tanınmış
imzalar, qələm adamları var. Onların isə, əlbəttə,
deməyə sözləri,
bölüşməyə fikirləri var. Bu səbəbdən
“525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid imza gününə toplaşanları
elə oradaca yığcam bir müzakirəyə dəvət
edir. Öz çıxışında bildirir
ki, unudulmaz eşq şeirlərindən
antologiya çap etmək təkcə ölkəmizdə deyil, xarici ölkələrdə
də yayğındır:
“Ümumən, yazarların
sevdiyi şeirlərdən
antologiya hazırlamağı
bizlərə tanışdır.
Bunun nümunələri çoxdur.
Azərbaycanda da son illər
bu ənənə yayılmağa başlayıb.
Pərvinin kitabında seçdiyi
şeirlər və onlara yazılmış esselər, təəssüratlar
yer alıb. Sevginin ən müxtəlif halları bu esselərdə əks olunub. Kitabda, İzzəddin Həsənoğludan
tutmuş Sabir Rüstəmxanlıya, Ramiz
Rövşənə, İlqar
Fəhminin yaradıcılığına
qədər, poeziyamızın
onlarla seçmə nümunəsinə yer verilib. Hər bir şeirin
ovqatına uyğun xüsusi yozum, yazıçı yanaşması
da əlavə olunur. Bu isə,
əlbəttə, asan
deyil. O mənada
kitabı Pərvinin bir yazıçı kimi növbəti uğuru hesab etmək olar”.
Söz Xalq şairi Sabir Rüstəmxanlıya
verilir. O, Pərvinin intellekti və mütaliəsindən söz
açır: “Pərvini
mən ilk Gənc Ədiblər Məktəbindən
tanımışam. Sonradan mətbuatdan
yazılarını izləmişəm.
Pərvinin dünyası, vətəndaşlıq
mövqeyi, ədəbi
yanaşmaları ona görə sevilir ki, onlarda bir
Azərbaycan qadınının
ruhu hiss olunur”.
S. Rüstəmxanlı
“Sevdim səni”nin məzmunu barədə deyir: “Sevgi o dərəcə unikal, qeyri-adidir ki, haqqında bir ömür yazmaq mümkündür. Əlbəttə, burda şəxsi
həyati elementlər
də önəmlidir.
Ayrılıqlar yaşamaq, həsrət
çəkmək, sevmək-sevilmək
və bütün bu yaşantıları qələmə almaq.
Amma bunları qısa bir zamanda
ortaya qoymaq bir az da təcrübə istəyir. Anadilli şeirimizin bütöv
tarixini əhatə etmək, geniş spektiri canlandırmaq, onları mənalandırmaq
və bunları böyük enerjiylə yazmaq son dərəcə böyük yaradıcı
güc, bacarıq tələb edir. Məncə,
Pərvin Azərbaycan
poeziyası haqda zərif bir dastan yaradıb”.
Oxucular arasında
qızların çox
olması S. Rüstəmxanlının
gözündən qaçmır:
“Mən baxıram ki, Pərvindən imza almaq üçün
sıraya düzülənlərin
çoxu qızlardır.
Bu, onu göstərir
ki, xanımlarımız,
qızlarımız daha
çox oxuyurlar.
Mədəni mühitimizdə qadınların rolu artıb”.
Şair əlavə
edir ki, ailələlərimizdə vətən
sevgisinin, yurd sevgisinin aşılanması
ən çox anaların üzərinə
düşür: “Azərbaycan
mətbuatında bu gün çox istedadlı gənc xanımların nəsli, silsiləsi var. Şübhəsiz,
onların ən istedadlılarından, öncüllərindən
biri Pərvindir”.
Şair Elçin
Mirzəbəyli kitaba
daxil edilən şeirlərin müəllifin
yüksək zövqündən
xəbər verdiyini dedi: “Azərbaycan ədəbiyyatında bu gün qadın imzalar daha parlaq
görünür. Doğrusu, buna
çox böyük ehtiyac da var. Hesab edirəm ki, qadın sevgi duyğularını daha dolğun, dərin şəkildə
hiss etdirməyi bacarır.
Onlar parladıqca, üzə çıxdıqca poeziyamızda
sevginin mahiyyəti də dərinləşir.
Esse janrı xeyli çətindi. Xüsusi yaradıcı
potensial, fərdi yanaşma tələb edir. Pərvinin üstünlüyü də elə budur. Onun müraciət etdiyi
nümunələr həm
də yüksək zövqünün ifadəsidir”.
Azərbaycan Mətbuat
Şurasının sədri
Əflatun Amaşov bu cür görüşlərin
əhəmiyyətini vurğulayır:
“Biz insanlara kitabı sevdirməliyik. Bunun üçünsə müəyyən addımlar
atmalıyıq. Kitab mağazalarının
açılması, ədəbi
görüşlərin, təqdimatların
tez-tez keçirilməsi
vacibdir, beləliklə
kitablar həyatımızın
ayrılmaz tərkib hissəsinə çevrilməlidir.
Pərvinin bugünkü qaynar,
maraqlı imza mərasimi də bu anlamda nümunəvidir”.
Publisist Zemfira Məhərrəmli də
fikirlərini bölüşür:
“Belə mərasimləri
görəndə içimdə
bir rahatlıq yaranır ki, kitaba məhəbbət artmaqdadır. Son dövrdə
müxtəlif proseslər,
əsasən də
internet bizi kitablardan uzaq salıb. Daha çox da gənc
nəsli. Ancaq bu tədbir həmin vəziyyətin əksini göstərir. Bu gün
biz Pərvin xanımın
yaradıcılığının, mənəviyyatının işığına yığışmışıq.
Çox
şadam ki, jurnalistikamızda və ədəbiyyatımızda Pərvin
xanım kimi ciddi qələm sahibləri var. Pərvin mənim gənc həmkarımdır. Onun yazıları
ilə daim maraqlanmışam. Pərvinin Anar
müəllim haqda kitabı başda olmaqla bütün kitabları məndə maraq doğurub. Ancaq bu kitabı xüsusi bir hadisədir. “Sevdim səni” məhəbbət, eşq
haqqında qiymətli
bir söz çələngidir”.
Professor Cahangir Məmmədli deyir ki, kitab müqəddəsdir,
o cümlədən, istedadlı
müəllif də:
“Pərvin də mənim müqəddəs
yazıçılarımdandır. Ona “Pərvinim” - deyirəm, “Yazıçım” - deyirəm.
Çünki yazdıqları mənim
qəlbimdən xəbər
verir, ruhumu oxşayır. Pərvini çoxdan
kəşf etmişəm.
“Anar dünyası” kitabıyla tanış
olandan sonra isə onu bir
ədəbiyyatşünas, tənqidçi kimi də tanıdım. Ədəbiyyatın bütün sahələrində
onu uğurlu imza kimi görmək
olar və bu məni çox
sevindirir”.
Naşir və alim Şəmil
Sadiq Pərvinin kitabına olan rəğbət və marağın yüksək
olduğunu, bunun həm də çağdaş Azərbaycan
kitabçılığı baxımından önəm
daşıdığını bildirir.
İmza günündə “Sevdim səni” kitabına böyük maraq olduğu özünü həm də bununla göstərdi ki, qısa bir
vaxtda nəşrin bütün nüsxələri
alındı.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.
- 2017.- 18 fevral.- S.15.