“Ər quyusu”nun
təqdimatı keçirilib
“Nizami” Kino Mərkəzində
“Ər quyusu” adlı filmin təqdimatı
olub.
Filmi yazıçı
Səidə Haqverdiyeva
müəllifi olduğu
“Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında ekranlaşdırıb.
AZƏRTAC xəbər
verir ki, təqdimat mərasimində
bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə
Haqverdiyeva çıxış
edərək ekran əsərinin çəkilişlərinin
5 gün ərzində
aparıldığını söyləyib. Qeyd edib ki, xronometrajı 95 dəqiqə
olan filmin çəkilişləri Tərtər,
Cəlilabad, Şamaxı,
eləcə də Bakıda həyata keçirilib.
Daha sonra film nümayiş olunub.
Ailə-məişət mövzusunda
çəkilən tammetrajlı
bədii filmin quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar
Camalzadə, quruluşçu
rəssamı İqbal
Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır.
Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.
90-cı illərin
həyat tərzi və münasibətlərinin
qabardıldığı filmdə
əsas motiv kimi qızların ərə getməməsi
və ailələrdə
sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər
ön plana çəkilib. Filmdə 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini
falçılara bağlayan
ananın, həmçinin
qızlarının ərə
getməməsinə görə
həmkəndlilərinin məsxərə
obyektinə çevrilən
atanın və bütün bunların fonunda “evdəqalmış”
damğası alan qızların dramı sarkazmla ekrana köçürülüb.
Tamaşaçı filmdə həm
yaxın keçmişə
səyahət edib, həm də özünün aktuallığını
qoruyan qızların ərə getməmək məsələsini fərqli
baxış bucaqlarından
gülərək və
düşünərək izləyib.
Komik hadisələrlə
zəngin filmdə rolları Əməkdar
Artist Sevinc Sarıyeva,
Aybəniz Bağırova,
Ülviyyə Əliyeva,
Məhərrəm Qurbanov,
Cavid Telman, Rəsmiyyə Nurməmmədova,
Könül Şahbazova,
Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova,
Hüsniyyə Əhmədova,
Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa ediblər.
525-ci qəzet.- 2017.- 18 fevral.- S.13.