Yava-yava danışanlar
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
Siyasətin təlxəyi Vladimir
Jirinovski yenə də
“gül ağzını” açıb, müstəqil Azərbaycan
Respublikasının çar imperiyası dövründəki
kimi Rusiyanın Bakı quberniyası olacağı barədə
sərsəmləyib.
Doğrudur,
Ermənistanı da Rusiyanın Yerevan quberniyası kimi
görür, amma “müstəqil”
Ermənstançün bunun bir o qədər fərqi yoxdur,
forpost olmasın quberniya olsun... Qəbullarıdır! Ermənistanın
indiki statusunda nə
dəyişəcək ki? Satellit elə satellit
də qalacaq.
Amma jirinovskilər və
onları fitləyənlər nə çərənləyir
çərənləsin, Azərbaycan bir daha müstəqilliyini
heç vaxt əldən verməyəcək.
Simasını tez-tez dəyişən insanlar görmüşəm,
amma onların arasında belə Jirinovski kimi ayda bir sifətə düşəni nadir olur.
Hələ sovet dövründə
Türkiyədə tərcüməçi işləyərkən
Leninin şəkli olan nişanları paylayaraq kommunist təbliğatı
apardığı üçün Vladimir Volvoviç Türkiyə məhbəslərinin “ləzzətini” çəkib.
Sovet rejimi çezəndən sonra isə Jirinovski dərhal dönüb
oldu alovlu antikommunist, Lenin babanın
barışmaz düşməni.
Yenidənqurma avantürası başlananda Jirinovski Yeltsinin
siyasi rəqibi idi. Hələ 1991-ci ilin 9 sentyabrında Moskvanın
“Literaturnaya qəzeta”sında çap etdirdiyim məqalə
belə adlanırdı: “Müstəqilliyiyin şirin
xülyaları və yaxud cənab Jirinovski Boris
Nikolayeviçin şərəfinə tost deyəcəkmi
?” O vaxtkı bəyanatlarına əsasən güman etmək
olardı ki, Jirinovskinin ulduzu heç vaxt Yeltsinlə
barışmayacaq.
Amma bu yazım qəzetdə dərc
olunandan üç il sonra Moskva mətbuatında başqa bir məlumata
rast gəldim: Kremldə tədbirdə iştirak edən
Jirinovski əsgi rus (!) adəti üzrə Yeltsinə (Yeltsin artıq Prezident idi)
“Jirinqovski” arağını hədiyyə edib. Bunun tost deməkdən nəyi əskikdir ki?
Daima antitürk mövqeyindən donquldanan Jirinovski
Rusiyayla Turkiyənin arası dəyən kimi fürsəti
fövtə vermədi. Nə az,nə
çox, İstanbula atom bombası atmağı təklif etdi.
Bir müddət sonra
iki ölkənin rəhbərləri
anlaşdılar, razılığa gəldilər və
Suriyada birgə hərəkət
etməyə başladılar. Onda da Jirinovski
ayrı mahnılar oxumağa başladı, əbədi
rus-türk dostluğundan atəşin nitqlər söylədi.
Mənə elə gəlir
ki, Jirinovskinin ən böyük düşməni Rusiya və
rus xalqıdır. Ona görə ki, ancaq bu ölkəyə, bu xalqa nifrət edən şəxs bu
xalqa, bu ölkəyə hər sözü, hər hərəkətiylə
addım başı
düşmən qazandırmağa canfəşanlıq edər.
Moskvanın NTV
kanalıyla zəvzəkləyib deyir ki, Rusiya yalnız keçmiş SSRİ sərhədlərində
yox, Çar İmperiyasının hüdudları içində
bərpa edilməlidir, yəni
Polşa və Finlandiya da zəbt olunmalıdır. Beləliklə,
Sovet İttifaqı dağılandan sonra müstəqilliyini
qazanmış xalqlardan başqa bir əsrdən artıq
müstəqil yaşayan finləri və polyakları da təhrik və
təhqir edir. Sonra da deyirlər NATO niyə bu
ölkələrdə müdafiə gücünü
artırır. Deyə bilərlər, nə olsun,
Jirinovski partiya rəhbəri və Dumanın deputatı olsa
da, dövlət, ya hökümət rəsmisi deyil. Çox əcəb, bəs
onda niyə
hansısa dövlət ya hökümət rəsmisi
bu təxribatçı çərənləmələrə
etiraz etmir, Jirinovskinin ipini
çəkib ağzından
vurmur, yerində oturtmur, “boş-boş, danışma, həddini
bil” demir. Əksinə media,TV kanalları
onun bu sayaq yava-yava danışmasına gen-bol yer verir, şərait
yaradır. Məzələnmək
üçün? Bəs kimsənin ağlına gəlmir
ki, bu cür
“məzələnmələr” neçə-neçə millətin
heysiyyətinə, şərəfinə toxunur və belə
siyasət bu cür sayaqlamalara şərait yaradanlara baha
başa gələ bilər?
Harda aşdı, Jrinovski orda
başdı.
TV kanallarında elə
bir siyasi veriliş
yoxdu ki, Jirinovski orda
ağız-burnunu əyə-əyə sərək bir çıxış etməsin.
Elə həmin
NTV kanalında V.V. coşaraq
deyirdi ki, Rusiya imperiyası bərpa olandan sonra bütün əhali
- müsəlmanlar da, katoliklər də pravoslav dinini qəbul
edəcəklər. Heç yan-yörələrindəki
özgə torpaqlarını qamarlamağa hazır olan rus
çarları da bu qələti eləməmişdilər.
Deyin görək, belə təxribata Rusiyanın
qatı düşmənindən başqa kim əl atar?
O
verilişin aparıcısı, özünü aparıcı kimi
yox, həyasız müstəntiq kimi aparan Vladimr Solovyov da az aşın duzu
deyil. Jirinovskinin bu xülyasına istehzayla
yanaşan yəhudi əsilli V.
Solovyev “bəs biz yəhudilərin aqibəti necə olacaq?”
deyə soruşanda Jirinovski bu sualı cavabsız qoydu.
Dəfələrlə xalqımız
haqqında təhqiramiz
ifadələr işlədən Jirinovski günlərin bir günündə gözlənilməz halda Bakıya
təşrif buyurdu. Kabab iyinə gəlmişdi, ya cibini
doldurmağa, bilmirəm, hər halda burdan razı getdi və
bir iki dəfə ağızucu bizi təriflədi də...
Onu da xatırladım ki, Jirinovskinin bu real səfərindən
neçə il öncə 1999-cu ilin sentyabrında “Cənab
Jirinovskiovski Bakıda” adlı satirik fantaziya səpkisində
bir yazı yazmışdım, azərbaycanca və rusca
çap etdirmişdim. Jirinovskinin Bakıda
riyakar davranışı dolayısıyla rüsvay
olunduğunu xəyalən təsəvvür
və təsvir etmişdim. Real Bakı səfərindən bir
müddət keçdi, görünür kabab iyi burnundan çəkiləndən
sonra yenə əvvəki kimi Azərbaycanı
aşağılayan ariyaları oxumağa başladı. Jirinovskinin xam xəyallarında Azərbaycan müstəqilliyini
itirib Rusiyanın əyalətinə
çevriləndən sonra hər şey rus dilində
olacaq, rus dilinə çevriləcək və “hamı
öz yazıçılarını unudacaq”. Jirinovskinin
bu fikrini oxuyanda
barmağımı dişlədim. Bu ovqat, bu istək mənə çox
tanış gəldi. Elə bil bu sözləri rus siyasətinin
təlxəyi yox, “sapı özümüzdənlərdən”
biri deyir - yazıçılıq, şairlik iddiasına
düşüb, ola bilməyən qrafomanlardan biri. Axı belələrinin
də qəlblərinin
ən kövrək nisgili odur ki, Azərbaycanda
hamı öz ədəbiyyatını unutsun, həqiqi ədəbiyyat yaddaşlardan
silinsin, meydan cızmaqaraçılara qalsın.
Elə son həftələrin
bəzi saytlarından xəbər tutmaq, ya bəzi qəzetlərə
göz atmaq yetər ki, bu yazdıqlarım təsdiq olunsun.
Azərbaycanın müstəqilliyini
gözü götüməyən birdir,ikidir bəyəm?Bir
prezidentlik müddətində ən aşağı reytinqi
“qazanmış” və ikinci dəfə seçkilərə
getməyə ürək etməyən Fransa Prezidenti Fransua Olland buyurub ki, Dağlıq
Qarabağın müqəddaratı orda yaşayanların iradəsiylə,
yəni ermənilərin istəyincə həll
olunmalıdır. Görəsən, korsikalılar Fransadan
ayrılmaq istəyəndə niyə bu prinsip Olland kimi siyasətçilərin
yadına düşmürdü? Nədən Kataloniya Parlamentinin
İspaniyadan ayrılmaq
qərarını mərkəzi Madrid höküməti qətiyyətlə ləğv etdi, daha əvvəllərdə
isə müstəqillik
uğrunda mübarizə aparan baskları terrorçu kimi
damğaladı. Niyə Britaniya Şotlandiyanın
ayrılmasına razı olmur, iki İrlandiyanı birləşdirmək
istəyənləri silahla qan içində boğur? Yaxud Kanadanın
fransızca danışan bölgəsi Kvebek...Vaxtilə
Kanadada nitqinə “Yaşasın
müstəqil Kvebek” sözləriylə başlayan Prezident De Qollun çağdaş
həmkarı bu gün bu şüarı təkrar edə bilərmi?
Nə vaxta qədər demokratik dəyərləriylə
qürrələnən sivil dünya ikili standartlarla
yaşayacaq?
Azərbaycanın bəxti elə
gətirib ki, bir çox məsələlərdə İLK
olmuşuq.
Şərqdə ilk teatr və ilk opera, Rusiyada ilk müsəlman
qəzeti və nəhayət İslam aləmində ilk
demokratik Cümhuriyyət! XX əsrin
sonlarında Azərbaycan bir məsələdə də
birinci oldu. Xaricdən fitvalanan separtçılar ilk dəfə
müstəqil ölkənin -Azərbaycanın - ərazi
bütövlüyünə təcavüz etdilər. Bu səpkili bütün
hərəkətlər bu örnəkdən, bu
pretsidentdən başladı. Rusiyanın
özündə Çeçenistan ayrılmaq istədi.
Gürcüstanda əhalisinin altmış faizi ermənilərdən
ibarət olan Abxazstan, habelə
Cənubi Osetiya, Moldovada Prednestrovye, Ukraynada Donbas, Krım,
Serbiyada Kosova... Əgər bir dövlətin ərazisində
yaşayan hər hansı azlıq təzyiqə, hətta
soyqırıma məruz qalıb
xilas olmaqçün öz dövlətini qurursa -
Şimali Kipr Türk Respublikası kimi - Türkiyədən
başqa heç bir ölkə onu tanımır. Bəs xalqın öz müqəddəratını
həll etmək prinsipi harda qaldı? Yaxşı,
tutalım, Dağlıq Qarabağın erməni əhalisi bir
şey istəyir, amma Şuşanın sakinləri,
Dağlıq Qarabağdakı başqa Azərbaycan kəndlərinin əhalisi ayrı
şey istəyirlərsə, niyə məhz ermənilərin
istəklərinə üstunlük verilməlidir?
Vahid ölkəmizin bir hissəsi -
Dağlıq Qarabağ Azərbaycandan ayrılmaq istəyirsə,
onda inzibati cəhətdən bu vilayətə daxil olan
Şuşa da Dağlıq Qarabağdan ayrılmaq istəyəcək.
Hər vilayətə, hər şəhərə,hər kəndə bütövdən
ayrılıb öz müqəddəratını həll etmək
hüququ verilsə, dünyada bu xaosun, belə Dərəbəyliyin qarşısını necə almaq
olar?
Nəhayət, keçmiş İrəvan
xanlığı - çağdaş Ermənistan ərazisində əsrlər boyu yaşamış
və qəddarcasına qovulmuş Azərbaycan türklərinin
öz əzəli
torpaqlarında öz
müqəddəratını öz iradələrinə
uyğun şəkildə həll etmək hüquqları yoxdurmu? Ya yava-yava danışan cənab
Olland bütün bunlardan bixəbərdir? Nə qədər
uydurma soyqırımı kabusuyla xristan dünyasının
qılığına girmək, bu dövlətlərin
şıltaq ərköyünü rolunda
çıxış edib haqqı və hüququ tapdamaq olar?
Azərbaycan dövlətinin israrlı tələbləri
və Belarus hökümətinin beynəlxalq hüquqa
hörmətinin əlaməti olaraq Qarabağa oğru kimi
qapıdan yox, bacadan girmiş, sonra da
haqqımızda böhtan və yalan ifraz edən bir blogger cinayət işlətdiyi
ölkəyə təhvil verildi. Məsələ tək bir cılız
adamın ədalətə təslim edilməsində deyil, məsələ
ondadır ki bundan sonra belə əyri yollarla vətənimizin
müvəqqəti işğal edilmiş topraqlarına
işğalçılar tərəfindən dəvət
olunanlar, yəqin ki, səfər
qabağı əməlli başlı düşünüb,
daşınıb bu təxribatdan imtina edərlər... Bu bədxahımızın Azərbaycana iadə olunmasını vətəninin qeyrətini çəkən
hər kəsi məmnun etdi, amma...
Amma axı pasportda bu xalqdan olub dövlətimizin hər uğurundan sancılananlar da
var. Boynuna “yumoristliyi” götürmüş bir biçarə bu ciddidən
ciddi mövzuya irişə-irişə,
hırıldaya-hırıljaya girişir. Ağzını
Allah yoluna qoyub axvayı-axvayı danışır (daha
doğrusu yazır): “Belarus Prezidenti Lukaşenko müəllimə
dərin minnətdarlığımızı bildiririk. Kəlbəcər
qaçqınları adından bütün işıq pulu
limitini toplayıb ona təzədən 200 milyon dollar faizsiz kredit verməyə səsləyirəm!..
Hətta mən təklif edirəm Anar müəllim Lukaşenko
haqqında şeir yazsın və onu AYB-nin Fəxri
üzvlüyünə qəbul etsin. İşləmək
lazımdı. Sizə dövlət büdcəsindən
hər il 4-5 milyon manat
“Tələsmə Zaur”
melodramatik temalar
üçün ayrılmır. Bir az da vətənpərvər
olmaq lazımdır”.
Bu son cümlə belə
birisinin dilində parodiya kimi səslənir. Yəqin bu da növbəti şit “zarafatlarındandır”.
Yoxsa vətənpərvərlik hara, belə
tapşırıqla vətənə çirkab atan hara?
Yuva saldığı qəzetin siyasi dişləri
çıxarılandan sonra ancaq Yazıçılar Birliyinə
sataşmağa rüsxət verilib. Hırıldıyan
adam da nədən yazır-yazsın Yazıçılar
Birliyinin ünvanına bir ağız... deməlidir, axı yavanlığı
yava-yava danışmaqdan çıxır. Necə
deyərlər, Allah bərəkət versin! Hər
yazısında güclü yaradıcı fantaziyası eyni
bir çağrışı təkrarlamaqdan bir qarış o
yana gedə bilmir: “Tələsmə Zaur”. Ömrünün devizinə çevrilimiş
bu təklif görünür
uzaq gənclik xatirələrinin nostalji hisslərini oyadır, nəyisə dönə-dönə yada salıb
KAYFINI yaşadır.
Yava-yava danışanlar içimizdə
də az deyil, sərhədlərimizdən uzaqlarda da yetərincədir.
Başı havalanmış bir erməni cüvəllağı
bizi Mincəçevir
bəndini partladacağıyla hədələyir.
Əlbəttə, heç kəs
qanlı müharibə istəmir, insanlarımızın tələf
olmasını, şəhərlərimizin,
yollarımızın, körpülərimizin
dağılmasını istəmir... Amma işdi şayəd
son həddə çatsaq - müharibə başlasa, əlbəttə, Azərbaycanımız da çox zədə ala bilər,
Ermənistan isə ümumiyətlə yer üzündən
silinər. Mingəçevirdən dəm vuran ağlı kəmlər bunu
başa düşürmü? Bir əlcə ərazisində atom
stansiyası olan ölkənin məsuliyyətsiz siyasətbazları
şüşə evdə oturub ona buna daş atmasınlar,
onu da unutmasınlar ki, havadarlarından biri - Rusiyanın siyasi
şüurunda müəyyən təmayülləri nəzərdə
tutaraq vaxtilə belə demişdi: “bizə ermənilərsiz
Ermənistan lazımdır”.
Hərə öz evində
oturub özgə evinə tamah salmasa, dünyanın işləri
daha yaxşı olar.
Yava-yava danışanlar isə həmişə
olub və təəssüf ki, həmişə də
olacaq.
ANAR
525-ci qəzet.- 2017.- 18 fevral.- S. 9.