Bəhruz Kəngərlinin ölümsüz yaradıcılıq irsi: hər zaman diqqət mərkəzində

 

(Əvvəli ötən sayımızda)

 

Əsrlər boyu özünün yeraltı və yerüstü, maddi və mənəvi sərvətləri ilə dünya səyyahlarının diqqətini cəlb etmiş Naxçıvan diyarı bu gün, eyni zamanda, yeni tipli memarlıq abidələri ilə də dünya mədəniyyətinə yeni səhifələr yazmaqdadır.

Naxçıvanda yeni yaradılan muzey kompleksləri deməyə əsas verir ki, bəli, qədim diyar özünün neointibah mərhələsini yaşayır.

Tərəddüdsüz bu gün Naxçıvanı muzeylər şəhəri adlandırmaq olar. Əlbəttə, Naxçıvanda yaradılan hər bir muzey bu torpağın bəşər tarixinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin dühasından söz açmaqdadır.

Bu mənada, Naxçıvan muzeyləri sırasında Bəhruz Kəngərli Muzeyi mənəvi dəyərlərimizin monumental məbədləri olması baxımından diqqəti cəlb edir. 

Bəhruz Kəngərli torpağın, insanın, təbiətin bütün ruhunu tam incəliyi ilə görə bilən sənətkar olub. Təbiətdə adi gözlə baxanda görünməyən bəzi məqamları istedadlı rəssam rənglərin dili ilə canlandırmışdır. Bəli, bütün bu keyfiyyətləri gördükdən sonra deyə bilərik ki, Bəhruz Kəngərli Azərbaycanın ustad rəssamlarından biridir.

1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük sərgisi təşkil olunmuş, burada nümayiş olunan rəsm əsərləri hər kəsi heyran etmişdi. 1914-cü ildə "İqbal" qəzeti Bəhruz Kəngərli haqqında yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır".

Ümummilli lider Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim diqqətlə yanaşmışdır. Ulu öndərimizin təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmışdır. 2002-ci ilin yayında muzeyin açılış mərasimində xalqımızın böyük oğlu Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığını yüksək qiymətləndirərək demişdir: "Bəhruz Kəngərli nadir istedada malik insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindədir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur".

Ulu öndər Bəhruz Kəngərlinin zəngin yaradıcılıq irsini göz önünə gətirmiş sözlə təsvir etmişdir: "Bəhruz Kəngərli əsərləri həddindən artıq qiymətlidir. Birincisi onun rəssamlıq ustadlığına görə, ikincisi yaratdığı obrazlara görə - mən insan obrazlarını deyirəm. Xüsusən o ağır dövrün 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz əsərlərində əks etdiribdir". Bu elə bir qiymətdir ki, hər birimizə bələdçilik edir. Yəni Bəhruz Kəngərlinin kim olduğu, Azərbaycan mədəniyyəti tarixində hansı mövqedə dayandığı tamamilə aydınlaşır.

Görkəmli sənətkarın sənət dünyası, əbədiyaşar yaradıcılığı muxtar respublikamızda indi yüksək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  "görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı 2012-ci il 12 yanvar tarixli sərəncam bunun bariz ifadəsidir. Naxçıvan şəhərində yaradılmış Bəhruz Kəngərli Muzeyi binasının 2013-cü il iyun ayının 24-də əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur. Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri mövcuddur. Bu rəsm əsərlərindən 58-i orijinaldır.

Muxtar Respublikamızda biz Bəhruz Kəngərli yaradıcılığına diqqət qayğının daha bir nümunəsinin 2016-cı il 24-27 may tarixlərində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində keçirilən "Naxçıvan bəşəriyyətin beşiyi" III Beynəlxalq Rəsm Festivalının keçirilməsi müddətində əyani şahidi olduq. Festival çərçivəsində mayın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışı muxtar respublikamızda rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir. Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin yaradıcılıq irsini yüksək qiymətləndirərək demişdir: "Əgər Əcəmi memarlıq sənətində yeni bir məktəbin əsasını qoymuşdursa, görkəmli fırça ustası Bəhruz Kəngərli Azərbaycan rəssamlığında realizm məktəbini yaratmışdır. Onun sənəti daim yaşayan sənətdir, yaradıcılığı rəssamlıqda yeni məktəbdir. Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi abidəsinin ucaldılması da Bəhruz Kəngərli yaradıcılığına şəxsiyyətinə göstərilən ehtiramın daha bir ifadəsidir".

Ali Məclisin sədri həmçinin açılış mərasimində Azərbaycanda təsviri incəsənət sahəsində çox qüdrətli şəxsiyyətlər fırçası ilə öz sözünü deyən dahi rəssam Bəhruz Kəngərli haqqında bu müdrik fikirləri söyləmişdir: "Realist rəssamlığın vəzifəsi yalnız həyatın ya təbiətin surətini çıxarmaq deyil, onu ifadə etmək yaşatmaqdır. Öz dövrünün reallıqlarını böyük şövqlə kətana köçürən Bəhruz Kəngərli rəssamlıq sənətini xalqın həyatına yaxınlaşdıraraq ölkəsinin tarixi keçmişini yaşadığı dövrün ictimai-siyasi hadisələrini dolğun şəkildə əks etdirə bilmişdir. Bəhruz Kəngərlinin ustalıqla yaratdığı "Qaçqınlar" silsiləsi erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin acı nəticələrini əks etdirir. Rəssam qaçqın ömrü yaşayan insanların faciəsini əks etdirərək o dövrdə tarixşünaslıqda qələmə alına bilməyən həqiqətləri sənətin dili ilə gələcək nəsillərə çatdırmışdır. Bəhruz Kəngərlinin təbiət təsvirləri Naxçıvanın tarixi abidələrinin əks olunduğu əsərləri böyük sənətkarlıqla işlənmişdir. Rəssamın bu qəbildən olan əsərləri Naxçıvanın qədim tarixinə bələdçi rolunu oynayır. Naxçıvan şəhərindəki Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa olunarkən görkəmli rəssamın "Nuh qəbri" silsiləsindən əsərlərinin əsas kimi götürülməsi sənətin yaradıcı gücünün ən yaxşı nümunəsidir".    

Azərbaycan incəsənəti tarixində həmişəyaşar Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri idealı insanlar olublar. Bir qərinəlik ömründə əbədiyaşar əsərlər yaradan, incəsənət tariximizin unudulmaz nümayəndəsi Bəhruz Kəngərli müasirimiz olaraq, bizimlə bərabər addımlayır.

 

Toğrul CƏFƏRLİ

Naxçıvan Dövlət Universitetinin "Təsviri incəsənət tarixi nəzəriyyəsi" üzrə II kurs magistrantı

 

525-ci qəzet.- 2017.- 22 fevral.- S.4.