Bakı Xoreoqrafiya Akademiyasında ustad sənətkarın yubileyi qeyd olunub

 

20 fevral 2017-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasının Akt zalında görkəmli rəqqas, Azərbaycan Respublikasının xalq artisti, Əməkdar müəllim, Prezident təqaüdçüsü, xoreoqraf Böyükağa Məmmədovun 90 illik yubiley tədbiri keçirildi. Tədbirdə yubilyarın şəxsən iştirakı ilə yanaşı onun əzizləri, ailə üzvləri, sənət dostları və müqabilləri, tələbələri, davamçıları, Akademiyanın professor-müəllim heyəti, şagird və tələbələri iştirak edirdi. Qonaqlar arasında Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova, Azərbaycan Respublikasının əməkdar artisti Cəmilə Bayramova və digərləri vardı.

Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova qeyd etdi ki, ustad sənətkar Böyükağa Məmmədovun yubileyi Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuşonlara Akademiyanın rəhbərliyi və kollektivi tərəfindən böyük ehtiram əlaməti olaraq keçirilən ənənəvi tədbirlərdən biridir. Tədbiri idarə edən Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqslər kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar artisti Sənan Hüseynli Böyükağa müəllimin həyat və yaradıcılığı haqqında məlumat verdi. Daha sonra yubilyarın əvəzedilməz tərəf müqabili, dünyanın yarıdan çox ölkəsində qastrol səfərlərində olan, Azərbaycan mədəniyyətini və incəsənətini birgə təbliğ edən xalq artisti Roza Cəlilova, tələbələri Akademiyanın baş müəllimi, xalq artisti Yusif Qasımov, əməkdar artist Cəmilə Bayramova və digərləri Böyükağa müəllimlə bağlı öz xatirələri ilə bölüşdü. Tədbirin davamında yubilyarın həyat və yaradıcılığını əks etdirən qısametrajlı sənədli film nümayiş etdirildi və Akademiyanın tələbəsi Surac Qurbanov vaxtilə Böyükağa Məmmədovun quruluş verdiyi və mahircəsinə ifa etdiyiÇobanlar” rəqsini ifa etdi.

Tədbirin sonunda ustad sənətkar Azərbaycan xoreoqrafiya sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Bakı Xoreoqrafiya Akademiyasısının Fəxri Diplomu ilə təltif edildi.

 

525-ci qəzet. - 2017.- 23 fevral.- S.7.