Xocalı soyqırımına həsr
olunan "Dəhliz" filmi
təqdim olundu
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən "Dəhliz" filminin təqdimat mərasimi keçirilib.
SİA-nın
xəbərinə görə,
tədbirdə Mətbuat
Şurasının sədri,
millət vəkili Əflatun Amaşov, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva və yerli media qurumlarının
rəhbərləri iştirak
ediblər.
Təqdimat mərasimini
giriş sözü ilə açan Əflatun Amaşov bildirib ki, 1992-ci ildə Ermənistan
tərəfindən Xocalıya
hücum edilərək
günahsız insanlar
qətlə yetirilib.
Onun sözlərinə
görə, Xocalı
faciəsi ilə bağlı ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən
sənədlər qəbul
olunaraq, beynəlxalq təşkilatlara təqdim
edilib: "Bu faciə
bəşər tarixində,
yaddaşımızda soyqırım
kimi həkk olunub. Xocalı soyqırımı XX əsrin ən ağır faciələrindəndir.
Faciənin günahkarlarının cəzalandırılması ilə
əlaqədar qərarlar
qəbul edilib. Milli Məclisdə soyqırım
ilə bağlı qanun layihəsi hazırlanıb, müzakirə
olunub və yəqin ki tezliklə
qəbul olunacaq.
Bu qanunla faciədə
günahı olanlar öz cəzasını alacaqlar".
Filmlə bağlı
fikirlərini bildirən
millət vəkilinin sözlərinə görə,
"Dəhliz" filminin
digərlərindən fərqi
onun şahidlərin dili ilə səslənməsidir:
"Bu filmdə iştirak
edən qəhrəmanlar
başlarına gələnləri
söyləməklə ermənilərin
bu hadisədə nə qədər günahkar olduğunu bir daha ortaya
qoyacaq. Bu faktlar
gələcəkdə bizə
lazım olacaq".
Daha sonra tədbir iştirakçılarına Elmar
Məlikovun rejissorluğu
ilə çəkilən
"Dəhliz" filmi
nümayiş olunub.
Nümayişdən sonra çıxış
edən Sona Vəliyeva filmi ərsəyə gətirənlərə
öz təşəkkürünü
bildirib və qeyd edib ki,
bu kimi filmlərin
çəkilməsi çox
vacibdir. Onun sözlərinə görə,
bir çox hallarda ermənilər Azərbaycana məxsus olanları öz adlarına çıxırlar:
"Hətta ermənilər
Xocalı ilə bağlı rəsmlərimizdən
istifadə edərək,
özlərinin başına
gələn faciə kimi qələmə verib, Azərbaycana qarşı nifrət hissi yaratmağa cəhd edirlər. Çox təəssüf ki, dünya yalanlara inanır. Məhz bunun nəticəsidir
ki, dünyada ədalətsizlik hökm sürür. Filmin ingilis,
fransız dilində tərcümə edilməsi
bu həqiqətlərin
dünyaya çatdırılmasında
mühüm rol oynaya bilər. Biz qalibliyə gedən
yolu özümüzdə
axtarmalı, bu həqiqətləri uşaqlarımıza
körpəlikdən aşılamalıyıq.
Xocalı çox böyük
faciədir. Biz ilk növbədə həmrəy
olub, milli yaddaşımıza sahib çıxmalıyıq.
İnşaallah bir gün
biz həmin torpaqlara qayıdacağıq".
Daha sonra çıxış
edən Mətbuat Şurasının sədr
müavini, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu cür filmlərin
çəkilməsinin çox
mühüm olduğunu
dilə gətirib.
"Yeni Azərbaycan" qəzetinin
baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə vurğulayıb ki, belə filmlərə
baxmaq ağrılı
olsa da, milli yaddaşımızın
unudulmaması üçün
çox vacibdir: "Çox təəssüf
ki, biz 200 il bundan öncə
tariximizdə bu kimi hadisələrlə rastlaşsaq da, zaman-zaman bunu unutmuşuq. Məhz bunun nəticəsidir
ki, tanrı bizə Xocalı faciəsini yaşadıb.
Biz bu faciəni
unutmamalı, onun unudulmaması istiqamətində
əlimizdən gələni
etməliyik".
"Bakı Xəbər" qəzetinin
baş redaktoru Aydın Quliyev söyləyib ki, bu filmə emosiyasız
baxmaq mümkünsüzdür:
"Çünki bu kadrlar yaddaşımızda
dərin köklər
salıb. Filmdə şahidlərin dili
ilə tam şəkildə
faciə ilə bağlı məlumat əldə etmək mümkündür. Ermənilər Xocalıda həm maddi, həm də mənəvi qisas alıblar. Biz bu filmdə
beynəlxalq aləmin
ədalətsiz mövqeyini
nümayiş etdirməklə
yanaşı, o dövrdəki
laqeydlik öz əksini tapıb. Film bu baxımdan
çox təsirli idi".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında
qeyd edib ki, Xocalı faciəsi nəinki ildönümü ərəfəsində,
hər zaman diqqətdə saxlanılmalıdır.
SƏS internet televiziyasının bazasında Xocalı soyqırımı ilə
bağlı bir neçə filmlərin hazırlandığını deyən
baş redaktor bu işlərin davam etdirilməsinin vacibliyini dilə gətirib: "Bu gün demək olar ki, hər kəs
sosial şəbəkə
istifadəçisidir. Sosial şəbəkələrdən
istifadə edənlər
bu faciəni daim diqqətdə saxlamalı, qətliamın
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində səyini
ortaya qoymalıdır.
Xocalının dünyaya
çatdırılması istiqamətində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya Ədalət"
kampaniyası çərçivəsində
mühüm işlər
görülür. Lakin hər
kəs vətəndaşlıq
borcunu yerinə yetirərək, bu işi davam etdirilməlidir".
"Xalq Cəbhəsi" qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli
isə çıxışında
qeyd edib ki, filmdə real hadisələr öz əksini tapıb: "Filmdə faciənin şahidlərin dilindən
eşidilməsi hər
kəsi sarsıdır.
Bu istiqamətdə aparacağımız tədqiqatda
insan taleləri önə çəkilməlidir.
Xocalı faciəsinin şahidləri
ilə bağlı ayrı-ayrı filmlər çəkilə bilər.
Biz bu faciələrdən
dərs almalıyıq.
Erməniyə görə xislətimizi
dəyişə bilmərik.
Amma qarşımızdakı
düşmənimizin kim olduğunu bilməliyik".
BC televiziyasının rəhbəri Azər Xəlilov isə söyləyib ki, Xocalı Azərbaycan xalqının ən yaralı yeridir: "Bu cür filmlər beynəlxalq tribunalda təqdim etdiyimiz faktlardan biri olacaq. Burada əsas yük jurnalistlərin üzərinə düşür. Çox təqdirəlayiqdir ki, bizim jurnalistlər bu kimi məlumatların toplanmasında uğurlara nail olub, kitablar nəşr edir, filmlər çəkirlər. Bir çox işlər görülsə də, bu, kifayət deyil, işlərimizi davam etdirməliyik. Xaricdə yaşayan azərbaycanlılar da bu işlərə dəstək verməlidirlər".
Ceyhun ABASOV
525-ci qəzet.-
2017.- 22 fevral.- S.1, 2.