Livanlı yazıçı Əmin Rihaninin
140 illiyinə töhfə
Bugünlərdə ərəb məhcər ədəbiyyatının (xaricə mühacirət etmiş ərəb yazıçı və şairlərinin yaradıcılıq məhsulları belə adlanır) görkəmli nümayəndələrindən olan Əmin Rihaninin elmi, bədii və publisist yazılarından ibarət "Rihaniyyat" külliyyatından seçilmiş inciləri Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, inadkar elmi tədqiqatçı Əfsanə Məmmədova tərəfindən Azərbaycan dilinə tərcümə edilərək ilk dəfə toplu şəklində nəşr olunub.
Kitabda ümumilikdə
otuz beş
əsər tam, on altısı
isə qısa parçalar şəklində
yerləşdirilib. Kitab geniş
ön söz ilə başlayır.
Daha sonra oxucuya müəllifin
həyat və yaradıcılığı barədə,
əsərlərinin motivləri,
o dövrün xüsusiyyətləri
haqqında kifayət qədər məlumat verilir. Beləliklə, oxucu Əmin
Rihanini başa düşmək, anlamaq üçün əvvəlcədən
psixoloji baxımdan hazırlanır.
Yazıçı, publisist
Əmin Reyhani Azərbaycan oxucularına vaxtilə Azərbaycan Şərqşünaslar Assosiasiyasının
prezidenti, Şərqşünaslıq
İnstitutunun direktoru
olmuş, nüfuzlu elm
xadimi, professor, məşhur
ərəbşünas Aida İmanquliyevanın ilk elmi
tədqiqat obyektlərindən
biri kimi ərəbşünas şərqşünaslara
tanışdır. Bir
çox elmi tədqiqatların müəllifi
olan Aidə xanım İmanquliyeva hər zaman Şərqlə Qərbi mənəvi birliyə, ortaq düşüncəyə,
ümumi ictimai-siyasi baxışa dəvət edən ərəb yazıçıları ilə
öz həmrəyliyini
bildirmiş, onların
yaradıcılıqlarını tədqiq və təbliğ edərək
ictimaiyyətə çatdırmış,
bu qaydanın düzgünlüyü uğrunda
elmi aləmdə öz sözünü demişdir. Nə zamansa mədəniyyət
və sivilizasiyaların
qovuşacağına - ideya
və məfkurə birliyinə, gələcəyinə
Aida xanım bütün
qəlbi ilə inanırdı. Bu səbəbdən də Şərq-Qərb ədəbi-fəlsəfi,
mədəni dəyərlərinin
sintezindən yaranan əsərləri, Ə. Rihani
kimi işıqlı insanların ideyalarını
geniş formatda, Sovet məkanında uğurla təbliğ edirdi.
"Əmin
ər-Rihani livanlıdır. Ərəb ədəbiyyatında
romantizmin banilərindən
biridir. Rəngarəng janrlarda müxtəlif
əsərlər yazmışdır.
O, şair, nasir, publisist, tənqidçi, tarixçi, tərcüməçidir",
- deyən Aida xanım
İmanquliyeva Ə.Rihaninin
hərtərəfli yaradıcılığa,
dünyagörüşə malik bir şəxs
olduğunu faktlarla sübut etməklə onun simasında Şərqin kamilliyə çox yaxın olan ziyalısının obrazını canlandırırdı.
Tərcüməçi Əfsanə Məmmədovanı
da ruhlandıran, yəqin ki, həm Ə.Rihaninin, həm də Aida xanıma olan hörmət və əminlik hissi olmuşdur.
Dahi mütəfəkkir Ə. Rihaninin
140 illik yubileyi ərəfəsində nəşr
olunan "Rihaniyyat"
külliyyatından seçmələr
Azərbaycan ərəbşünaslığı,
şərqşünaslığı üçün böyük
töhfə kimi qiymətləndirilə bilər. Topluda Rihaninin
ərəb və ingilis dillərində yazılmış müxtəlif
kitablarında yer almış çoxsaylı
fəlsəfi ideya və fikirləri bir araya gətirilib.
Əsərlər əsasən
insan hüquq və azadlıqları, tolerantlıq, mənəvi
və ictimai intibah, Şərq və Qərb fəlsəfi fikri, ruh və cism
vəhdəti ideyası
və s. kimi mövzuları əhatə
edir. Kitabda öz əksini
tapmış əsərlərdə
cəmiyyətin inkişafında
elmin rolu yüksək qiymətləndirilir
və tərəqqinin
təməlinin təlim-tərbiyədə,
təhsilin, maarifçiliyin
inkişafında olduğu
göstərilir. Maarifçilik ideyalarını bütün
əsərlərində təbliğ
edən Ə. Rihani insanın ancaq elm vasitəsilə cəhalət
və fanatizmdən qurtularaq kamillik zirvəsinə yüksələ
biləcəyini deyirdi.
Qeyd edilən mövzu bu gün də
çox aktualdır və inkişafın elmə əsaslandığını
daha bariz şəkildə göstərir.
Elm və mənəviyyat
- həyatın cövhəridir
desək, yəqin ki, yanılmarıq. Yalnız bunların vəhdəti inkişafı təmin edir.
Şərq və Qərb fəlsəfəsi demişkən,
Rihani öz yaradıcılığında iki cərəyanı birləşdirən unikal
formalar axtaran, cəmiyyətə təqdim
edən yazıçı
idi. O, Şərq romantizmində
ifrat sentimentallığı
tənqid edir, eyni zamanda Qərb
proqmatizminin əxlaqi,
ictimai və mənəvi dəyərlər
baxımından geridə
qaldığını vurğulayırdı.
Rihaniyə görə,
kamil insanın həyatı iki qanuna tabedir: ilahi qanunlar və insan təxəyyülünün
məhsulu hesab edilən əxlaq normaları. Onun fikrincə, mənəvi
dəyərlər sistemindən
məhrum olan millət məhvə məhkumdur. Romantik Şərqlə
praktik Qərb arasında dərin uçurumu görən yazıçı Şərq
mənəviyyatını Qərbə,
Qərbin maddi-texniki tərəqqisini isə Şərqə gətirməyə
çalışırdı. Özü də o, bu çətin
missiyanın öhdəsindən
Şərq və Qərb dəyərlərini
ideallaşdırmaqla yox,
onların müsbət
cəhətlərini tapıb
vəhdət yaratmaq yolu ilə gəlməyin
mümkünlüyünü qeyd edirdi. Ə. Rihani əsərlərində
Qərbdə əxlaqi
və mənəfi keyfiyyətlərin, xürafat
və mövhumata qapılmış Şərqdə
isə yeni ideoloji və elmi hərəkatın getdikcə zəiflədiyini
təəssüf hissi
ilə qeyd edirdi. Ədib Şərqlə Qərb arasındakı uçurumu bəşəriyyətin
faciəsi hesab edərək bunun acı nəticələrinin
hələ irəlidə
olduğunu söyləyirdi.
Onun bu proqnozunun nə dərəcədə
düzgün olduğunu
indi biz anlayırıq.
Şərqlə Qərb arasında
yaradılmış uçurumun
dərinliyini görür,
onların hətta müharibə meydanında
belə toqquşmasının
şahidi oluruq. Problemdən çıxış yolunu
yazıçı hər
iki mədəniyyətin
qarşılıqlı mübadiləsində,
dözümlülükdə görürdü. Ə. Rihani
yazırdı: "Şərq
və Qərbin yekcins olmayan ümumi mədəniyyətindən
doğan həqiqi və sağlam qurtuluş dini, ictimai və siyasi xəstəliklərə
qarşı yeganə
çarədir. Elə isə
qərbli Allaha üz tutmalı, şərqli isə çiyinlərindəki bəzi
ideoloji-mənəvi ağırlıqları
yüngülləşdirməlidir".
Müəllifin seçib tərcümə
etdiyi nümunələrdən
görünür ki,
o, həm Ə.Rihaninin
həyat və yaradıcılığını, həm də onun qələmindən çıxmış əsərləri
dərindən öyrənib
və bu biliklərin nəticəsi
olaraq tərcümə
maksimum dərəcədə
orijinalı əks etdirir. Tərcümənin dili səlis,
anlaşılan və
oxunaqlıdır. Əsas odur
ki, tərcümə olunan Divan bu günümüzün problemləri
ilə həmahəngdir.
Deməli, günümüzdə
ortaya çıxan çətin məsələlərin
həllini tapmağa da yardımçı ola bilər.
Kitab eyni zamanda Azərbaycan
və Livan xalqları və ölkələri arasında
ikitərəfli siyasi-iqtisadi
əlaqələrin ədəbiyyat
zəminində də
möhkəmlənməsinə, genişlənməsi və
dərinləşməsinə töhfə kimi qiymətləndirilə bilər. Ümid edirik
ki, dahi mütəfəkkirin 140 illik
yubileyi ərəfəsində
bu toplu Azərbaycan şərqşünaslığına
qiymətli töhfə
kimi geniş oxucu kütləsinin və elm adamlarının
marağına səbəb
olacaq.
Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor
525-ci qəzet.-
2017.- 23 fevral.- S.7.