Xocalı soyqırımına həsr olunan "Dəhliz" filmi təqdim olundu

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən "Dəhliz" filminin təqdimat mərasimi keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva yerli media qurumlarının rəhbərləri iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan Əflatun Amaşov bildirib ki, 1992-ci ildə  Ermənistan tərəfindən Xocalıya hücum edilərək günahsız insanlar qətlə yetirilib.

Onun sözlərinə görə, Xocalı faciəsi ilə bağlı ümummilli lider Heydər Əliyev prezident İlham Əliyev tərəfindən sənədlər qəbul olunaraq, beynəlxalq təşkilatlara təqdim edilib: "Bu faciə bəşər tarixində, yaddaşımızda soyqırım kimi həkk olunub. Xocalı soyqırımı XX əsrin ən ağır faciələrindəndir. Faciənin günahkarlarının cəzalandırılması ilə əlaqədar qərarlar qəbul edilib. Milli Məclisdə soyqırım ilə bağlı qanun layihəsi hazırlanıb, müzakirə olunub yəqin ki tezliklə qəbul olunacaq. Bu qanunla faciədə günahı olanlar öz cəzasını alacaqlar".

Filmlə bağlı fikirlərini bildirən millət vəkilinin sözlərinə görə, "Dəhliz" filminin digərlərindən fərqi onun şahidlərin dili ilə səslənməsidir: "Bu filmdə iştirak edən qəhrəmanlar başlarına gələnləri söyləməklə ermənilərin bu hadisədə qədər günahkar olduğunu bir daha ortaya qoyacaq. Bu faktlar gələcəkdə bizə lazım olacaq".

Daha sonra tədbir iştirakçılarına Elmar Məlikovun rejissorluğu ilə çəkilən "Dəhliz" filmi nümayiş olunub.

Nümayişdən sonra çıxış edən Sona Vəliyeva filmi ərsəyə gətirənlərə öz təşəkkürünü bildirib qeyd edib ki, bu kimi filmlərin çəkilməsi çox vacibdir. Onun sözlərinə görə, bir çox hallarda ermənilər Azərbaycana məxsus olanları öz adlarına çıxırlar: "Hətta ermənilər Xocalı ilə bağlı rəsmlərimizdən istifadə edərək, özlərinin başına gələn faciə kimi qələmə verib, Azərbaycana qarşı nifrət hissi yaratmağa cəhd edirlər. Çox təəssüf ki, dünya yalanlara inanır. Məhz bunun nəticəsidir ki, dünyada ədalətsizlik hökm sürür. Filmin ingilis, fransız dilində tərcümə edilməsi bu həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynaya bilər. Biz qalibliyə gedən yolu özümüzdə axtarmalı, bu həqiqətləri uşaqlarımıza körpəlikdən aşılamalıyıq. Xocalı çox böyük faciədir. Biz ilk növbədə həmrəy olub, milli yaddaşımıza sahib çıxmalıyıq. İnşaallah bir gün biz həmin torpaqlara qayıdacağıq".

Daha sonra çıxış edən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu cür filmlərin çəkilməsinin çox mühüm olduğunu dilə gətirib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə vurğulayıb ki, belə filmlərə baxmaq ağrılı olsa da, milli yaddaşımızın unudulmaması üçün çox vacibdir: "Çox təəssüf ki,  biz 200 il bundan öncə tariximizdə bu kimi hadisələrlə rastlaşsaq da, zaman-zaman bunu unutmuşuq. Məhz bunun nəticəsidir ki, tanrı bizə Xocalı faciəsini yaşadıb. Biz bu faciəni unutmamalı, onun unudulmaması istiqamətində əlimizdən gələni etməliyik".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib ki, bu filmə emosiyasız baxmaq mümkünsüzdür: "Çünki bu kadrlar yaddaşımızda dərin köklər salıb. Filmdə şahidlərin dili ilə tam şəkildə faciə ilə bağlı məlumat əldə etmək mümkündür. Ermənilər Xocalıda həm maddi, həm mənəvi qisas alıblar. Biz bu filmdə beynəlxalq aləmin ədalətsiz mövqeyini nümayiş etdirməklə yanaşı, o dövrdəki laqeydlik öz əksini tapıb. Film bu baxımdan çox təsirli idi".

"Səs" qəzetinin  baş redaktoru Bəhruz Quliyev çıxışında qeyd edib ki, Xocalı faciəsi nəinki ildönümü ərəfəsində, hər zaman diqqətdə saxlanılmalıdır. SƏS internet televiziyasının bazasında Xocalı soyqırımı ilə bağlı bir neçə filmlərin hazırlandığını deyən baş redaktor bu işlərin davam etdirilməsinin vacibliyini dilə gətirib: "Bu gün demək olar ki, hər kəs sosial şəbəkə istifadəçisidir. Sosial şəbəkələrdən istifadə edənlər bu faciəni daim diqqətdə saxlamalı, qətliamın dünya ictimaiyyətinə çatdırılması istiqamətində səyini ortaya qoymalıdır. Xocalının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  "Xocalıya Ədalət" kampaniyası çərçivəsində mühüm işlər görülür. Lakin hər kəs vətəndaşlıq borcunu yerinə yetirərək, bu işi davam etdirilməlidir".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə çıxışında qeyd edib ki, filmdə real hadisələr öz əksini tapıb: "Filmdə faciənin şahidlərin dilindən eşidilməsi hər kəsi sarsıdır. Bu istiqamətdə aparacağımız tədqiqatda insan taleləri önə çəkilməlidir. Xocalı faciəsinin şahidləri ilə bağlı ayrı-ayrı filmlər çəkilə bilər. Biz bu faciələrdən dərs almalıyıq. Erməniyə görə xislətimizi dəyişə bilmərik. Amma qarşımızdakı düşmənimizin kim olduğunu bilməliyik".

BC televiziyasının rəhbəri Azər Xəlilov isə söyləyib ki, Xocalı Azərbaycan xalqının ən yaralı yeridir: "Bu cür filmlər beynəlxalq tribunalda təqdim etdiyimiz faktlardan biri olacaq. Burada əsas yük jurnalistlərin üzərinə düşür. Çox təqdirəlayiqdir ki, bizim jurnalistlər bu kimi məlumatların toplanmasında uğurlara nail olub, kitablar nəşr edir, filmlər çəkirlər. Bir çox işlər görülsə , bu, kifayət deyil, işlərimizi davam etdirməliyik. Xaricdə yaşayan azərbaycanlılar da bu işlərə dəstək verməlidirlər".

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 22 fevral.- S.1, 2.