Əbədiyaşar Mirzə Cəlil: sözün sönməyən işığı

 

Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist, naşir, tənqidi realist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və alleqorik dram əsərinin müəllifi, dramaturgiyanın nəhəng simalarından biri, yeni tipli ictimai satiranın yaradıcısı, bütün dünyada məşhur olan yeni üslublu "Molla Nəsrəddin" jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı, böyük ədib Cəlil Məmmədquluzadə (1869-1932) milli mücadilə ədəbiyyatımızın sərkərdəsi kimi geniş şöhrət qazanıb.

O, həm də Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadənin ədəbiyyat tariximizə bəxş etdiyi "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Pirverdinin xoruzu", "Saqqallı uşaq", "Buz" və b. hekayələr uşaq ədəbiyyatının ən sanballı nümunələri, Azərbaycan xalq yumorunun yazılı ədəbiyyatda ənənələri üzərində yaranan ən sanballı örnəkləridir. "Çay dəsgahı" mənzum alleqorik dramı da həm Mirzə Cəlil irsində ilk dramaturgiya örnəyi, həm də Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum dram nümunəsi kimi mötəbər mövqeyə malikdir. Cəlil Məmmədquluzadənin böyük istedadla yazılmış "Ölülər", "Anamın kitabı", "Kamança", "Danabaş kəndinin məktəbi", "Dəli yığıncağı", "Ər" və b. kimi dramaturji əsərləri Azərbaycan dramaturgiyasının incilərini təşkil edirlər. Öz təsir gücü və yaddaqalarlığı ilə Mirzə Cəlilin Məhəmmədhəsən əmi, Zeynəb ana, Xudayar bəy, Qazı, Novruzəli, Usta Zeynal, Kəblə Əzim, Qurbanəli bəy, Kefli İsgəndər, Molla Abbas və başqa obrazları dillər əzbərinə çevrilib, on illər boyu prototiplərini müvəffəqiyyətlə adlandırıb nişan verməyə xidmət edib.

Görkəmli söz ustadı Mirzə Cəlil həm də yeni-yeni formalaşmaqda olan ictimai satiranın yeni üslubunun banisi və yaradıcısıdır. Onun satirik üslubda yazdığı şeir nümunələri bu gün ədəbiyyatımızın daha çox böyük Mirzə Ələkbər Sabirlə məşhurlaşmış ictimai satirasının təməlini təşkil edir. Onun hələ tam peşəkarlaşmamış mənzum satirik yaradıcılığı işığında yeni şairlər axtarıcılığı nəticəsində məhz Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi və nəhayət, bu satiranın "ağır artilleriyası" hesab olunan Mirzə Ələkbər Sabir kimi görkəmli nümayəndələri meydana çıxır.

Mirzə Cəlil həm də bədii yaradıcılığa gətirdiyi metaforik obrazlar, simvollar və mətnaltı məna vasitələri ilə böyük və dərin ictimai mətləbləri bütün dolğunluğu və ciddiyyəti ilə ifadə etmə ənənələri yaratmışdır. Bu görkəmli sənətkarın böyük istedadla yaratdığı və əsərlərinə gətirdiyi "kamança", "anamın kitabı" və b. kimi xırda detallar böyük ədəbi-estetik məna kəsb edərək xalqın milli dəyərlərinin, milli yaddaşının bədii obrazları, "anamın kitabı" azərbaycançılığın andnaməsi, kəlmeyi-şəhadəti kimi yadda qalır. Bundan başqa dahi ədəbiyyat adamı Cəlil Məmmədquluzadə sadə adamların başından keçən adi əhvalatlar üzərində qurulmuş sadə süjetlər əsasında yazılmış əsərlərində çox gülməli və oxunaqlı şəkildə xalqın konkret ictimai-tarixi dövrdə ağrısını çəkdiyi ciddi ictimai bəlalar və problemləri əks etdirmişdir.

Cəlil Məmmədquluzadə öz təqdimatında böyük ustalıqla mürəkkəb, çoxcəhətli ictimai münasibətlər daxilində adi adamların saf, təmiz, pak mənəvi aləminə, xarakter dünyasına nəzərləri cəlb etmiş, onların halallığı, xeyirxahlıq və nəcibliyi işığında ictimai mühitdə meydan sulayan sosial problemləri əks etdirmişdir. Halal, zəhmətkeş, sədaqətli, xeyirxah, mömin, dindar, etiqadlı, nəcib, təmiz, pak olan adi adamlara ədib millətin mənəvi meyarı, inkişaf və dəyişikliyin təməli kimi yanaşaraq ümummilli tərəqqi və ictimai taleyə məsuliyyət daşıyan geniş ictimai zümrələri məsul və günahkar tutmuşdur. Görkəmli ədibin qələmə aldığı "Danabaş kəndinin əhvalatları" əsəri də Azərbaycan ədəbiyyatı tarixində yeni bədii nəsrin ilk və sanballı nümunəsi hesab edilir. Ümumiyyətlə, bu böyük ədibin ədəbiyyat səhifələrinə ilk dəfə böyük qəhrəman kimi gətirdiyi və bədii-estetik problem səviyyəsinə qaldırdığı "kiçik" adamlar məhz onun yaratdığı ədəbi ənənələrlə bədii təqdimin ilk geniş səpkili obyektivinə çevrilmişdir. "Kiçik" adamların tale romanlarını yazmaqla mənsub olduğu xalqın problemlərini işıqlandıran, tarixi taleyi, müqəddəratı və ideallarını ifadə edən Cəlil Məmmədquluzadə "müqəddəs ədəbiyyat Kəbəsinə "kiçik" adamın palçıqlı çarıqları ilə girmiş" (Ə.Nazim), Azərbaycan ədəbiyyatında "kiçik" adamın müdafiəçisi və ideoloqu" (İ.Həbibbəyli) kimi tanınmışdır. Bu baxımdan Cəlil Məmmədquluzadə həm də Azərbaycan ədəbiyyatında tənqidi realizmin banisi və bayraqdarıdır.

Görkəmli ədib Cəlil Məmmədquluzadənin xalq qarşısında böyük xidmətlərindən biri də xalqın taleyi və müqəddəratı ilə bağlı məsələləri vətəndaşlıq yanğısı ilə əks etdirməsidir. Bu baxımdan milli oyanışa və azadlıq yolunda mücadiləyə, inkişaf və tərəqqiyə çağırış motivləri ilə zəngin olan Cəlil Məmmədquluzadə irsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi "milli müstəqillik ideallarımızın mənbəyi" olmaq vəzifəsini uğurla həyata keçirməkdədir. Yaradıcılığı "milli müstəqillik ideallarımızın mənbəyi" olan "Mirzə Cəlilə qayıtmaq zərurəti" (akademik İsa Həbibbəyli) bu gün də var. Öz əsərlərində sadə adamların timsalında xalqa bəslədiyi sevgi, hörmət və ehtiram, qayğı və nigarançılıq yeni epoxanın başlanğıcında ədəbiyyatımız və fikir tariximizdə yeni ideyanı və məfkurəni müəyyən etmək baxımından maraq doğurur. Bu baxımdan Cəlil Məmmədquluzadə həm də bütün yaradıcılığı ilə ədəbi və ictimai fikrimizdə azərbaycançılıq məfkurəsinin əsasını qoymuş, öz fəaliyyətində daim vətənə xidməti həyat fəlsəfəsinə çevirmiş bir şəxsiyyətdir. Görkəmli yazıçı Cəlil Məmmədquluzadə ədəbiyyatda azərbaycançılıq məfkurəsini ədəbi bitkinliyi ilə ifadə, publisistikada konkret ideologiya olaraq təbliğ edən, milli istiqlaliyyət və bütöv Azərbaycan idealını əks etdirən, hətta əlinə silah alıb Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan yeganə ədibdir.

Təsadüfi deyildi ki, Azərbaycan ictimai fikrində azərbaycançılıq məfkurəsini milli ideologiya kimi bitkinləşdirən, tamamlayan və siyasi cəhətdən formalaşdıran xalqımızın ümummilli lideri Heydər Əliyev böyük azərbaycançı ədib haqqında deyirdi: "Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır... Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük vasitədir, böyük bir sərvətdir".

Xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişafı və intişarında mühüm xidmətlərilə yadda qalmışdır. Böyük alim və publisist Məhəmmədağa Şahtaxtlının "Şərqi-Rus" qəzetindən başlanan "jurnalistika məşqindən" sonra qəlbi xalqına xidmət amalı ilə döyünən dahi söz adamı Cəlil Məmmədquluzadə dünyaca məşhur olan "Molla Nəsrəddin" jurnalının (1906) əsasını qoymuşdur.

Mirzə Cəlil bu jurnalın, o cümlədən, mollanəsrəddinçi ədiblərin ağsaqqalı, yolgöstərəni və ideoloqu idi. Xalqına bağlı insanların vətənə xidmət vasitəsinə çevrilən "Molla Nəsrəddin " jurnalı təkcə Azərbaycanda deyil, maarif, nəşr və bir sıra ictimai inkişaf baxımından bir çox xalqları qabaqlamaqla Azərbaycan xalqının mübariz və vətənsevər ziyalılarının əldə etdiyi böyük nailiyyət idi. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan "Molla Nəsrəddin" jurnalı bütün Şərq aləmi və türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. Xalq lətifələrinə dayanaraq yaranan felyetonlar da adı "Molla Nəsrəddin" seçilən milli mətbuat orqanının "öz üzərinə gülmək" üslubuna uyğun ədəbi xidmət göstərirdi.

1906-cı ilin aprel ayının 7-də nəşr olunan "Molla Nəsrəddin" jurnalı "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" müraciətilə gələrək bütövlükdə xalqı, müsəlman və türk aləmini dostcasına sevərək özünə ünvan seçmişdi. "Ax unudulmuş vətən, ax yazıq vətən! Dünya titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən!" - deyə həmvətənlərini oyatmağa səsləyən jurnal: "Dünya aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni... hamı buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur" deməklə "gərək bir-birinizlə  əl-ələ verəsiniz... yəni birləşəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa sizdən ötrü nicat yolu yoxdur" fikrini təlqin edir, azərbaycanlıların həmrəyliyi və birliyi ideyası ilə çıxış edirdi. Təsadüfi deyil ki, "Sizi deyib gəlmişəm", "Azərbaycan", "Vətəndaşlar", "Cümhuriyyət" və s. kimi zəngin məqalə və felyetonları Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malikdir. "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda çalışmaqdır"-deyə xalqının istiqlaliyyəti, milli oyanışı və inkişafı yolunda dönmədən xidmət göstərən nəhəng ictimai və ədəbiyyat xadimi Cəlil Məmmədquluzadə ilk sözündən tutmuş son sözünə qədər vətəndaşlıq dərsliyidir.

Azərbaycan dövlətinin çoxsaylı görkəmli şəxsiyyətlər kimi Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə də qayğı göstərməsi bu şəxsiyyətin böyüklüyü və ölməzliyini təzahür etdirən faktlardan biridir. Sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhrifləri ilə qaranlıqlara bürünərək təbliğ edilən Cəlil Məmmədquluzadə bir çox görkəmli şəxsiyyətlər kimi xalqımızın müdrik oğlu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aydınlığa qovuşmuş, böyüklük və əzəməti tutarlı şəkildə təqdim edilməyə müvəffəq olunmuşdur. Bu da dahi rəhbərin Mirzə Cəlil şəxsiyyətinə olan böyük ehtiramı və hörmətinin daha bariz ifadəsidir ki, ölkəmizdə ilk ev muzeyləri yaradılan görkəmli şəxsiyyətlərdən biri məhz Cəlil Məmmədquluzadədir.

Dahi liderin uzaqgörən əməlləri və qayğısı sayəsində Cəlil Məmmədquluzadənin irsi toplanılaraq təkrar-təkrar nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuş, adına küçələr verilmiş, Bakıda, Cəlilabad və doğma vətəni Naxçıvan şəhərlərində əzəmətli heykəlləri ucaldılmışdır. Görkəmli ədibin ölməz əsərləri daim teatrların da repertuarlarında olmuş, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır. Mirzə Cəlil  irsinə xalq ehtiramını nümayiş etdirən daha bariz bir fakt böyük ədibə həsr olunmuş və əsərləri əsasında hazırlanmış "Qəm pəncərəsi", "O dünyadan salam" kimi ölməz filmlərin çəkilişidir. Naxçıvan şəhərindəki ev muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətini əbədiləşdirən mədəni ünvanlardırlar.

Ustad Mirzə Cəlil Məmmədquluzadənin 1967-ci ildə 100 və 1994-cü ildə 125 illik yubileylərinin keçirilməsi də ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi "Molla Nəsrəddin  jurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi ədibin irsinə və şəxsiyyətinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir. Əbədiyaşar liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin keçirilməsi haqqında  6 fevral 2009-cu il tarixli sərəncamı müdrik lider Heydər Əliyevin vaxtilə dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamının və dahi rəhbərin bu münasibətlə ifadə etdiyi "Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək olar" fikrinin məntiqi davamı kimi Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılandı. Ədibin vətəni Naxçıvan Muxtar Respublikasında da ayrı-ayrı illərdə əbədiyaşar sənətkarın adı və xatirəsi daim diqqətdə tutulmuş, əsərləri, o cümlədən, iki cildlik "Seçilmiş əsərləri" yeni tərtibatda nəşr edilmiş, çoxsaylı tədbirlərlə daim xatırlanmış və təbliğ edilmişdir. Bütün bunlar isə, Ümummilli lider Heydər Əliyevin sözlərilə desək, "Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun ədəbi-mədəni irsinə, onun xalqımızın tarixinə əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzidir".

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2017.- 23 fevral.- S.6.