Əbədiyaşar Mirzə Cəlil:
sözün sönməyən işığı
Azərbaycan xalqının görkəmli
ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist,
naşir, tənqidi realist ədəbi cərəyanının
bayraqdarı, ilk mənzum və alleqorik dram əsərinin
müəllifi, dramaturgiyanın nəhəng simalarından
biri, yeni tipli ictimai satiranın yaradıcısı,
bütün dünyada məşhur olan yeni üslublu
"Molla Nəsrəddin" jurnalının naşiri və
mollanəsrəddinçilərin ağsaqqalı,
böyük ədib Cəlil Məmmədquluzadə (1869-1932)
milli mücadilə ədəbiyyatımızın sərkərdəsi
kimi geniş şöhrət qazanıb.
O, həm də Azərbaycan ədəbiyyatında
kiçik hekayənin böyük ustadı kimi tanınır.
Cəlil Məmmədquluzadənin ədəbiyyat tariximizə
bəxş etdiyi "Poçt qutusu", "Usta Zeynal",
"İranda hürriyyət", "Pirverdinin xoruzu",
"Saqqallı uşaq", "Buz" və b. hekayələr
uşaq ədəbiyyatının ən sanballı nümunələri,
Azərbaycan xalq yumorunun yazılı ədəbiyyatda ənənələri
üzərində yaranan ən sanballı örnəkləridir.
"Çay dəsgahı" mənzum
alleqorik dramı da həm Mirzə Cəlil irsində ilk
dramaturgiya örnəyi, həm də Azərbaycan ədəbiyyatı
tarixində ilk mənzum dram nümunəsi kimi mötəbər
mövqeyə malikdir. Cəlil Məmmədquluzadənin
böyük istedadla yazılmış "Ölülər",
"Anamın kitabı", "Kamança",
"Danabaş kəndinin məktəbi", "Dəli
yığıncağı", "Ər" və b. kimi
dramaturji əsərləri Azərbaycan dramaturgiyasının
incilərini təşkil edirlər. Öz təsir
gücü və yaddaqalarlığı ilə Mirzə Cəlilin
Məhəmmədhəsən əmi, Zeynəb ana, Xudayar bəy,
Qazı, Novruzəli, Usta Zeynal, Kəblə Əzim, Qurbanəli
bəy, Kefli İsgəndər, Molla Abbas və başqa
obrazları dillər əzbərinə çevrilib, on illər
boyu prototiplərini müvəffəqiyyətlə
adlandırıb nişan verməyə xidmət edib.
Görkəmli söz
ustadı Mirzə Cəlil həm də yeni-yeni formalaşmaqda
olan ictimai satiranın yeni üslubunun banisi və
yaradıcısıdır. Onun satirik üslubda
yazdığı şeir nümunələri bu gün ədəbiyyatımızın
daha çox böyük Mirzə Ələkbər Sabirlə
məşhurlaşmış ictimai satirasının təməlini
təşkil edir. Onun hələ tam peşəkarlaşmamış
mənzum satirik yaradıcılığı
işığında yeni şairlər
axtarıcılığı nəticəsində məhz
Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli
Nəzmi və nəhayət, bu satiranın "ağır
artilleriyası" hesab olunan Mirzə Ələkbər Sabir
kimi görkəmli nümayəndələri meydana
çıxır.
Mirzə Cəlil həm də
bədii yaradıcılığa gətirdiyi metaforik obrazlar,
simvollar və mətnaltı məna vasitələri ilə
böyük və dərin ictimai mətləbləri
bütün dolğunluğu və ciddiyyəti ilə ifadə
etmə ənənələri yaratmışdır. Bu görkəmli sənətkarın
böyük istedadla yaratdığı və əsərlərinə
gətirdiyi "kamança", "anamın kitabı"
və b. kimi xırda detallar böyük ədəbi-estetik məna
kəsb edərək xalqın milli dəyərlərinin, milli
yaddaşının bədii obrazları, "anamın
kitabı" azərbaycançılığın andnaməsi,
kəlmeyi-şəhadəti kimi yadda qalır. Bundan
başqa dahi ədəbiyyat adamı Cəlil Məmmədquluzadə
sadə adamların başından keçən adi əhvalatlar
üzərində qurulmuş sadə süjetlər əsasında
yazılmış əsərlərində çox gülməli
və oxunaqlı şəkildə xalqın konkret ictimai-tarixi
dövrdə ağrısını çəkdiyi ciddi ictimai
bəlalar və problemləri əks etdirmişdir.
Cəlil Məmmədquluzadə
öz təqdimatında böyük ustalıqla mürəkkəb,
çoxcəhətli ictimai münasibətlər daxilində
adi adamların saf, təmiz, pak mənəvi aləminə,
xarakter dünyasına nəzərləri cəlb etmiş,
onların halallığı, xeyirxahlıq və nəcibliyi
işığında ictimai mühitdə meydan sulayan sosial
problemləri əks etdirmişdir. Halal, zəhmətkeş, sədaqətli,
xeyirxah, mömin, dindar, etiqadlı, nəcib, təmiz, pak olan
adi adamlara ədib millətin mənəvi meyarı, inkişaf
və dəyişikliyin təməli kimi yanaşaraq
ümummilli tərəqqi və ictimai taleyə məsuliyyət
daşıyan geniş ictimai zümrələri məsul və
günahkar tutmuşdur. Görkəmli ədibin
qələmə aldığı "Danabaş kəndinin əhvalatları"
əsəri də Azərbaycan ədəbiyyatı tarixində
yeni bədii nəsrin ilk və sanballı nümunəsi hesab
edilir. Ümumiyyətlə, bu böyük ədibin ədəbiyyat
səhifələrinə ilk dəfə böyük qəhrəman
kimi gətirdiyi və bədii-estetik problem səviyyəsinə
qaldırdığı "kiçik" adamlar məhz onun
yaratdığı ədəbi ənənələrlə bədii
təqdimin ilk geniş səpkili obyektivinə
çevrilmişdir. "Kiçik" adamların tale
romanlarını yazmaqla mənsub olduğu xalqın problemlərini
işıqlandıran, tarixi taleyi, müqəddəratı və
ideallarını ifadə edən Cəlil Məmmədquluzadə
"müqəddəs ədəbiyyat Kəbəsinə
"kiçik" adamın palçıqlı
çarıqları ilə girmiş" (Ə.Nazim), Azərbaycan
ədəbiyyatında "kiçik" adamın müdafiəçisi
və ideoloqu" (İ.Həbibbəyli) kimi
tanınmışdır. Bu baxımdan Cəlil
Məmmədquluzadə həm də Azərbaycan ədəbiyyatında
tənqidi realizmin banisi və bayraqdarıdır.
Görkəmli ədib Cəlil
Məmmədquluzadənin xalq qarşısında böyük
xidmətlərindən biri də xalqın taleyi və müqəddəratı
ilə bağlı məsələləri vətəndaşlıq
yanğısı ilə əks etdirməsidir. Bu baxımdan milli
oyanışa və azadlıq yolunda mücadiləyə,
inkişaf və tərəqqiyə
çağırış motivləri ilə zəngin olan Cəlil
Məmmədquluzadə irsi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dediyi kimi "milli
müstəqillik ideallarımızın mənbəyi"
olmaq vəzifəsini uğurla həyata keçirməkdədir.
Yaradıcılığı "milli müstəqillik
ideallarımızın mənbəyi" olan "Mirzə Cəlilə
qayıtmaq zərurəti" (akademik İsa Həbibbəyli)
bu gün də var. Öz əsərlərində sadə
adamların timsalında xalqa bəslədiyi sevgi, hörmət
və ehtiram, qayğı və nigarançılıq yeni
epoxanın başlanğıcında ədəbiyyatımız
və fikir tariximizdə yeni ideyanı və məfkurəni
müəyyən etmək baxımından maraq doğurur.
Bu baxımdan Cəlil Məmmədquluzadə həm
də bütün yaradıcılığı ilə ədəbi
və ictimai fikrimizdə azərbaycançılıq məfkurəsinin
əsasını qoymuş, öz fəaliyyətində daim vətənə
xidməti həyat fəlsəfəsinə çevirmiş
bir şəxsiyyətdir. Görkəmli
yazıçı Cəlil Məmmədquluzadə ədəbiyyatda
azərbaycançılıq məfkurəsini ədəbi
bitkinliyi ilə ifadə, publisistikada konkret ideologiya olaraq təbliğ
edən, milli istiqlaliyyət və bütöv Azərbaycan
idealını əks etdirən, hətta əlinə silah
alıb Azərbaycanın ərazi bütövlüyü
uğrunda vuruşan yeganə ədibdir.
Təsadüfi deyildi ki, Azərbaycan
ictimai fikrində azərbaycançılıq məfkurəsini
milli ideologiya kimi bitkinləşdirən, tamamlayan və siyasi
cəhətdən formalaşdıran xalqımızın
ümummilli lideri Heydər Əliyev böyük azərbaycançı
ədib haqqında deyirdi: "Cəlil Məmmədquluzadə
Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan,
yazıçı, publisist, filosof, mütəfəkkir,
xalqımızın mədəniyyətini çox zənginləşdirmiş
bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin
klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu
gün də bizimlədir, bizim sıralarımızdadır.
Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə
sevinir və bizimlə bərabər Azərbaycan
Respublikasının daim müstəqil dövlət olması
uğrunda öz yaradıcılığı ilə,
qoyduğu mənəvi irslə çalışmaqdadır...
Cəlil Məmmədquluzadə öz
yaradıcılığı ilə Azərbaycanın
ictimai-siyasi həyatının inkişafında, milli ruhun
yüksəlməsində böyük rol
oynamışdır. XX əsrin əvvəlində
fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə
bu gün bizim üçün mənəviyyat mənbəyidir,
mənəvi dayaqdır. Cəlil Məmmədquluzadənin
yaradıcılığında Azərbaycanın bütün
milli xüsusiyyətləri, eyni zamanda ümumbəşəri
dəyərləri əks etdirən fikirlər bizim milli
ideologiyanın əsasıdır və həmin
ideologiyanın yaranması üçün böyük vasitədir,
böyük bir sərvətdir".
Xalq yolunda xidmətləri
misilsiz olan böyük ictimai xadim və görkəmli ədib
Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın
inkişafı və intişarında mühüm xidmətlərilə
yadda qalmışdır. Böyük alim və publisist Məhəmmədağa
Şahtaxtlının "Şərqi-Rus" qəzetindən
başlanan "jurnalistika məşqindən" sonra qəlbi
xalqına xidmət amalı ilə döyünən dahi
söz adamı Cəlil Məmmədquluzadə dünyaca məşhur
olan "Molla Nəsrəddin" jurnalının (1906) əsasını
qoymuşdur.
Mirzə Cəlil bu
jurnalın, o cümlədən, mollanəsrəddinçi ədiblərin
ağsaqqalı, yolgöstərəni və ideoloqu idi. Xalqına bağlı
insanların vətənə xidmət vasitəsinə
çevrilən "Molla Nəsrəddin " jurnalı təkcə
Azərbaycanda deyil, maarif, nəşr və bir sıra ictimai
inkişaf baxımından bir çox xalqları qabaqlamaqla Azərbaycan
xalqının mübariz və vətənsevər
ziyalılarının əldə etdiyi böyük nailiyyət
idi. Adından tutmuş üslubuna qədər
xalq yaradıcılığı ənənələrinə
dayanan "Molla Nəsrəddin" jurnalı bütün
Şərq aləmi və türk dünyasında ilk rəngli,
şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. Xalq lətifələrinə dayanaraq yaranan felyetonlar
da adı "Molla Nəsrəddin" seçilən milli mətbuat
orqanının "öz üzərinə gülmək"
üslubuna uyğun ədəbi xidmət göstərirdi.
1906-cı ilin aprel
ayının 7-də nəşr olunan "Molla Nəsrəddin"
jurnalı "Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım!" müraciətilə gələrək
bütövlükdə xalqı, müsəlman və türk
aləmini dostcasına sevərək özünə ünvan
seçmişdi. "Ax unudulmuş vətən, ax yazıq vətən!
Dünya titrədi, aləmlər mayallaq
aşdı, fələklər bir-birinə qarışdı,
millətlər yuxudan oyanıb gözlərini açdılar
və pərakəndə düşmüş
qardaşlarını tapıb dağılmış evlərini
bina etməyə üz qoydular. Bəs sən
hardasan, ay biçarə vətən!" - deyə həmvətənlərini oyatmağa səsləyən
jurnal: "Dünya aləm dəyişildi, mənalar özgə
təbir əxz elədi, yəni... hamı buna qail oldu ki, vətən,
vətən, vətən, dil, dil, dil millət, millət, millət.
Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər
üçün nicat yolu yoxdur" deməklə "gərək
bir-birinizlə əl-ələ
verəsiniz... yəni birləşəsiniz. Çünki
vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa sizdən
ötrü nicat yolu yoxdur" fikrini təlqin edir, azərbaycanlıların
həmrəyliyi və birliyi ideyası ilə
çıxış edirdi. Təsadüfi deyil ki,
"Sizi deyib gəlmişəm", "Azərbaycan",
"Vətəndaşlar", "Cümhuriyyət" və
s. kimi zəngin məqalə və felyetonları Azərbaycan
publisistikası və jurnalistikasının yeni məzmunda
inkişafında əvəzsiz rola malikdir. "Qələmin
müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi
yolunda çalışmaqdır"-deyə xalqının
istiqlaliyyəti, milli oyanışı və inkişafı
yolunda dönmədən xidmət göstərən nəhəng
ictimai və ədəbiyyat xadimi Cəlil Məmmədquluzadə
ilk sözündən tutmuş son sözünə qədər
vətəndaşlıq dərsliyidir.
Azərbaycan dövlətinin
çoxsaylı görkəmli şəxsiyyətlər kimi Cəlil
Məmmədquluzadə şəxsiyyəti və irsinə də
qayğı göstərməsi bu şəxsiyyətin
böyüklüyü və ölməzliyini təzahür
etdirən faktlardan biridir. Sovet dövründə
yaradıcılığı və şəxsiyyəti
ideologiyanın təhrifləri ilə qaranlıqlara
bürünərək təbliğ edilən Cəlil Məmmədquluzadə
bir çox görkəmli şəxsiyyətlər kimi
xalqımızın müdrik oğlu Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra aydınlığa
qovuşmuş, böyüklük və əzəməti
tutarlı şəkildə təqdim edilməyə müvəffəq
olunmuşdur. Bu da dahi rəhbərin Mirzə Cəlil
şəxsiyyətinə olan böyük ehtiramı və
hörmətinin daha bariz ifadəsidir ki, ölkəmizdə
ilk ev muzeyləri yaradılan görkəmli
şəxsiyyətlərdən biri məhz Cəlil Məmmədquluzadədir.
Dahi liderin uzaqgörən əməlləri
və qayğısı sayəsində Cəlil Məmmədquluzadənin
irsi toplanılaraq təkrar-təkrar nəşr edilmiş,
ciddi tədqiqatların obyekti olmuş, adına
küçələr verilmiş, Bakıda, Cəlilabad və
doğma vətəni Naxçıvan şəhərlərində
əzəmətli heykəlləri ucaldılmışdır.
Görkəmli ədibin ölməz əsərləri
daim teatrların da repertuarlarında olmuş, çoxsaylı əsərləri
səhnələşdirilərək böyük
tamaşaçı rəğbəti qazanmışdır.
Mirzə Cəlil
irsinə xalq ehtiramını nümayiş etdirən
daha bariz bir fakt böyük ədibə həsr olunmuş və
əsərləri əsasında hazırlanmış "Qəm
pəncərəsi", "O dünyadan salam" kimi ölməz
filmlərin çəkilişidir. Naxçıvan şəhərindəki
ev muzeyi, adını daşıyan
Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr
binasının qarşısındakı əzəmətli
heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətini
əbədiləşdirən mədəni
ünvanlardırlar.
Ustad Mirzə Cəlil Məmmədquluzadənin
1967-ci ildə 100 və 1994-cü ildə 125 illik yubileylərinin
keçirilməsi də ədibə göstərilən
ehtiramın daha bir nümunəsidir. Ölməz ədibin övladı qədər
sevdiyi və bütün ömrünü verdiyi "Molla Nəsrəddin
jurnalının latın qrafikalı Azərbaycan əlifbası
ilə yeni tərtibatda, nəfis şəkildə çap
edilməsi ədibin irsinə və şəxsiyyətinə
göstərilən misilsiz ehtiramı nümayiş etdirir.
Əbədiyaşar liderimizin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin
140 illik yubileyinin keçirilməsi haqqında 6 fevral 2009-cu il tarixli sərəncamı
müdrik lider Heydər Əliyevin vaxtilə
dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin
840 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamının
və dahi rəhbərin bu münasibətlə ifadə etdiyi
"Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki,
onun yubileyini hər il keçirmək olar" fikrinin məntiqi
davamı kimi Azərbaycan xalqı tərəfindən minnətdarlıqla
qarşılandı. Ədibin vətəni Naxçıvan
Muxtar Respublikasında da ayrı-ayrı illərdə əbədiyaşar
sənətkarın adı və xatirəsi daim diqqətdə
tutulmuş, əsərləri, o cümlədən, iki cildlik
"Seçilmiş əsərləri" yeni tərtibatda nəşr
edilmiş, çoxsaylı tədbirlərlə daim
xatırlanmış və təbliğ edilmişdir. Bütün bunlar isə, Ümummilli lider Heydər
Əliyevin sözlərilə desək, "Cəlil Məmmədquluzadənin
yaradıcılığına, onun ədəbi-mədəni
irsinə, onun xalqımızın tarixinə əvəzsiz
xidmətlərinə verilən yüksək qiymətin rəmzidir".
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin böyük elmi
işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2017.- 23 fevral.- S.6.