Xeyirxahlıq və səmimiyyət ünvanı: unudulmaz Aydın Səlimzadə

 

Əlyazmalarımı sistemləşdirərkən 22 il öncə həyatdan vaxtsız getmiş dəyərli dostum Aydın Səlimzadəyə həsr etdiyim yazını bir də oxudum. Mənə elə gəldi ki, o bizimlə birgədir, əziz balalarının, vəfalı ömür-gün yoldaşının bu gününə baxıb fərəhlənir.

İlk dəfə Akademiyanın pilləkənlərində gördüyüm ucaboylu, nazik, çatma qaşlı, dağ adamlarına məxsus saf təbəssümlü Aydın tanımadığı adamlarda belə xoş ovqat yaradırdı. Onunla tanışlığımız 1991-ci ilin payızından başladı. Lakin Aydını qiyabi olaraq tanıyırdım. Onun redaktorluğu ilə çıxan "Elm" qəzeti respublikamızda azad sözün, milli hərəkatın tribunasına çevrilmişdi. Bir redaktor kimi müəlliflərlə ünsiyyət qurmaq mədəniyyəti, dərin vətəndaşlıq hissi "Elm" qəzetinin redaksiyasını milli düşüncə ocağına çevirməkdə ona yardımçı olmuşdu. Böyük tirajla çap olunan bu qəzetin səhifələrində Azərbaycanın ən nüfuzlu elm, sənət söz sahibləri çıxış edirdilər. Xüsusən, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı silsilə yazıların qəzetin səhifələrində özünə yer tapması milli hərəkatın dərslərini müasirlərimizə çatdırmaqda müstəsna rol oynadı. Bəlkə Aydın haqqındakı yazılarda onun redaktorluğu geniş yer tapacaq məncə, bu belə olmalıdır. Onun bir redaktor kimi fəaliyyətinin bizim mətbuat tariximizdəki rolu dəyərincə qiymətləndirilməlidir. Rəsmi dövlət qəzetlərinin MK-nın nəzarətində olduğu vaxtlar Aydın "Elm" qəzetini xalqın, onun ziyalısının tribunasına çevirmiş, böyük cəsarətlə sahə qəzetini milli mətbu orqanı səviyyəsinə qaldırmışdı.

Qəzetlərin yığılması nəşri ilə problemlər yarandığı vaxtlar, daha doğrusu 1991-ci ildən başlayaraq kompüterdə yığımına başlanmışdı. Əslində bu işə "Sabah" nəşriyyatında başlamışdıq. Akademiyanın prezidenti, akademik Eldar Salayevin təşəbbüsü, dəstəyi, qayğısı ilə bu nəşriyyat kompüter avadanlığı ilə təmin edilmişdi. Aydın qəzeti yığıb səhifələmək üçün nəşriyyata gətirdi. Həmin vaxtdan bizim qardaşlıq münasibətlərimiz başladı. Məni qəzetin redaksiya heyətinə daxil etmişdi. Gətirdiyi materialları bəzən birgə oxuyur, fikir mübadiləsi edirdik.

Aydınla ünsiyyətdən zövq almayan adam çətin olardı. Səmimiliyi, sadəliyi, mənəvi fiziki bütövlüyün yaratdığı xoş areal hamını özünə cəlb edirdi.

1992-ci ilin dekabrında Aydın rəhbərliklə razılaşdırdığı bir təkliflə mənə müraciət etdi ki, "Elm" qəzetinin nəşr məsələlərini onsuz da özün edirsən redaktorluğu da sənə həvalə etmək istəyirlər. 1993-cü il yanvarın əvvəlində "Sabah" nəşriyyatını AMEA-nın Rəyasət Heyətinin binasına köçürtdük. Nəşriyyatla yanaşı qəzetin işləri mənə həvalə edildi. Aydın isə Akademiyanın prezidentinin mətbuat katibi təyin edildi.

İş otaqlarımız üzbəüz idi. Dərdimiz-sərimiz bir idi. Az bir vaxtda aramızda qardaşlıq münasibəti yarandı. Bütün maddi mənəvi qayğılarımızı birgə müzakirə edir, Aydının ən çətin durumda nikbin ovqatı mənə dayaq olardı.

O, adi insani münasibətlərdə olduğu kimi, milli-ictimai məsələlərdə çox səmimi bir adam idi. Qarabağ müharibəsinin ağrılarını biz otaqlarında, evimizdə yaşayanda, o, səngərlərə gedirdi. Ona son dərəcə yaraşan milli hərbi geyimdə gəzərkən onunla bərabər biz fəxarət duyardıq.

Aydın respublikamızın ziyalılarının müxtəlif təbəqələri ilə ünsiyyət qurmuşdu. Axın-axın redaksiyaya gələn alimlərimiz, yazıçılarımızla ədəbi-elmi söhbətlər adətən xudmani bir süfrə ilə tamamlanardı.

Aydın uşaq kimi kövrək utancaq bir oğlan idi. Yerinə düşməyən bir sözdən qıpqırmızı qızarar, baxışları uzaqlara dikilərdi. Akademik Aslan Aslanov, filologiya elmləri doktoru Rəhim Əliyev, tənqidçi Nadir Cabbarov redaksiyanın "üzvləri" idilər. Dükan bazarın qıt vaxtındakı dost məclislərinin təəssüratı unudulmazdır.

Aydın həmyerlisi, şair Musa Yaqubla məni yaxından tanış etdi. Musa müəllim şeir kitabını nəşriyyata təqdim etdi. Günlərin birində Musa müəllim bizi evinə dəvət etdi. Böyük səxavətlə süfrə açmışdı. Musa müəllimin böyük ailəsi var mən bir az sıxılırdım. Aydın dedi ki, bizim iki mənzilimiz var. Gəlin hər şeyi daşıyaq yuxarı. Bir anda yığışdıq Aydının ikiotaqlı mənzilinə. Həmin o axşam ömrümün-günümün ən xoş anlarından biri kimi yaddaşıma həkk olunub. Musa müəllim böyük şair olmaqla, həm çox sadə, yapışıqlı bir insan imiş. Məclisimizə Musa müəllimin Aydının digər yazıçı-qonşularından da təşrif gətirənlər oldular. Xüsusən, Nadirin yastı-yastı dediyi tostlar, Musa müəllimin nəvəsi Səmədulla ilə "zarafatları", zümzümə etdiyi mahnılar bir anlığa bizi dünyanın qayğılarından uzaqlaşdırdı.

1994-cü ilin sentyabrında Füzulinin yubileyi ilə bağlı Bağdada səfərə hazırlaşırdılar. Akademiyadan da xeyli adam siyahıya düşmüşdü. Mənim ən çox ərk etdiyim adamlara müraciət etdim ki, Aydınla məni nümayəndə heyətinə daxil edin. Lakin cod, məzmunsuz bir təbəssüm etinasızlıqla qarşılaşdım.

Akademiyanın prezidenti Eldar müəllimdən soruşdum ki, vaxt gedirsiniz, cavabında dedi ki, Ziya Bünyadovla mən getmirik, siz gedin. Bildirdim ki, məni Aydını siyahıya salmayıblar. Bu məsələ ilə məşğul olan dostlarımı "qınayıb" Elçin Əfəndiyevə zəng etdi ikimizin nümayəndə heyətinə daxil edilməyimizi xahiş etdi.

Elçin müəllimin rəhbərliyi ilə keçən bu səfərdən bir ömrə sığmayan təəssüratla qayıtdıq. Bu səfərdə Aydının yeni insani keyfiyyəti mənə bəlli oldu. Aydın dost, ailə, övlad qarşısında özünü unudar, heç bir vaxt öz maraqlarını irəli çəkməzdi. Yadımdadır ki, o vaxt Bakıda tapılmayan servis almışdı. Dedi ki, qızıma cehiz almışam. Məni gülmək tutdu. Hələ tez deyilmi? Uşaqlar böyüyənə qədər dəblər dəyişəcək. Aydın mənim sözlərimi xoş bir təbəssümlə qarşıladı. Onun övladcanlı, ailəcanlı olduğunu yaxşı bilirdim. Ancaq elə bil çox şeyi öncədən görürmüş.

Akademiyada hamı Aydını tanıyır və ona böyük rəğbətlə yanaşırdılar. Bir günündə bəlkə də Akademiyanın üç-dörd İnstitutunda olurdu. Xoş bir ovqatla gəlir, nəşriyyata sifarişlər tapdığını böyük bir şövqlə bildirirdi.

Laçının işğalından sonra dağlardan perik düşmüş qardaşlarım təskinliyi İsmayıllı dağlarında tapırdılar. Yay aylarında Lahıc dağlarına çıxar, baldırğan "axtarışı" ilə bulaqların gözünə qədər gedirdilər. Aydının qohum-əqrəbası, xüsusən qardaşı İlham hər il onların əziyyətini çəkir, qəribsəməyə qoymazdı.

Tale elə gətirdi ki, İsmayıllı dağlarını Aydınla birgə gəzmək mənə qismət olmadı. 1995-ci ildə Orucluq fevral ayına düşmüşdü. Aydın oruc tuturdu. Bənizi ağarmışdı. Deyirdi, özümü quş kimi hiss edirəm. Martın əvvəlində uşaqları ilə birgə İsmayıllıya - Orucluq bayramına getdi. Yolunu gözlədiyim bir vaxtda acı bir xəbər bütün varlığımı sarsıtdı. AMEA-nın Təşkilat Şöbəsinin müdiri Balaheydər müəllimlə İsmayıllıya yollandıq. Şəhərlə üzbəüz qəbiristanlığa yaxınlaşanda cənnəti xatırladan bir mənzərə ilə rastlaşdıq. Bura soyuq məzarıstandan çox azad, xoşbəxt ruhların cəmləşdiyi bir məkana bənzəyirdi. Qəbirstanlığı bürümüş novruzgülü ətri Aydının saf, uşaq təbəssümünü xatırladırdı.

Aydının üçünə Akademiyadan bir avtobus əməkdaşla getdik. Ata yurdu, qohumları ilə vidalaşarkən paltomun ətəyini kiminsə dartdığını hiss etdim. Bu Aydının sevimli oğlu, balaca Ayaz idi, əmisi Şirindillə görüşmək istəyirdi. Bu məqamda keçirdiyim sarsıntını hər dəfə yenidən yaşayanda göz yaşlarımı saxlaya bilmirəm. Bu sətirləri də ürək ağrısı, göz yaşı ilə yazdım. Aydına ölüm yaraşmırdı. Cəmi 42 yaşı vardı, övladlarını böyüdürdü, vəfalı həyat yoldaşı Rübabədən yerdən-göyə qədər razı idi.

Aydının ruhu neçə vaxtdı mənim qəlbimdə, evimdədir. Heçyazmaq istəmirdim. Qorxurdum ki, onunla "söhbətlərim" başa çatacaq, vaxtsız itirdiyim dostumdan ayrılacağam.

Əzizim Aydın! Sənin ruhun, işıqlı təbəssümün həmişə bizimlədir. Sən xoşbəxtsən! Vəfalı ömür yoldaşın özündən çox sevdiyin balalarını namusla, ər qeyrəti ilə böyütdü, pərvazlandırdı. Biz bundan təskinlik tapdıq. Qızının toyunda ağlaya-ağlaya oynadıq, həm də fərəhləndik, sənin ruhunun şad olduğu üçün!

O dağlara yolum düşəndə dağların yastanasında əzizlənən, gül-çiçəyə bürünmüş, haqq evinə nur diləyir, Ayaza baxıb təskinlik tapıram.

 

18.02.2010

 

Şirindil ALIŞANOV

 

525-ci qəzet.- 2017.- 24 fevral.- S.4.