Musiqi ifaçılığının ləhcə problemi

 

Azərbaycan musiqi ifaçılığının ləhcə problemi... Kimlər üçünsə o qədər də ciddi narahatlıq yaradan fakt, vacib problem kimi görünməyə bilər. Amma bu, bizim ifaçılığın üstündən sükutla keçiləsi tərəfi də deyil. Hətta bu cür düşünənlər də tapılar: musiqişünaslığın qarşısında dayanan daha vacib məsələlər varsa, buna ayrıca diqqət çəkməyə nə ehtiyac? Bəzən daha ciddi məsələlərin həlli xırda qayğılardan başlayır. Qığılcımın məşələ çevrilməsi sayaq. Pis odur ki, araşdırılmasın, öyrənilməsin və adətkarı olduğumuz ətalətdən qurtulmaq gec olsun.

 

Mədəniyyət ümummilli normativ göstəricilərə söykənir. Xalqın vahid mədəni dəyərlər əsasında mərkəzləşməsi üçün ümummilli kulturoloji normativlərin gözlənilməsi vacib şərtdir. Bölgələr kolorit, şirinlik, müxtəliflik mənbəyidir. Xırda çaylar böyük ümmanları qidalandırdığı kimi, bölgəsəl kolorit də mədəniyyəti zənginləşdirir.

 

Amma iş o yerə də çata bilir ki, bölgələrə məxsus xüsusiyyətlər ümummilli mədəni normativləri üstələyir. Bu, artıq faydalı yox, zərərli faktdır. Bunu mədəniyyətin ən müxtəlif sahələrində - dildə, bədii ədəbiyyatda müşahidə etmək mümkündür. Bəs, musiqi ifaçılığı sənətində vəziyyət necədir? APA-nın sualına cavab verənlər: 

 

Əlibaba Məmmədov - Azərbaycanın Xalq artisti, muğam ustası

 

Sevil Fərhadova - Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və

 

İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri

 

Əsəd Cahangir - "Azərbaycan" jurnalının baş redaktor müavini, ədəbi tənqidçi

 

Həcər Babayeva - Musiqişünas alim, Bakı Musiqi Akademiyasının professoru

 

Sərdar Fərəcov - Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru

 

Elnarə Abdullayeva: muğam ifaçısı, Əməkdar artist 

 

lll 

 

Professor Həcər Babayeva deyir ki, Bakı, Şirvan və Qarabağ muğam məktəblərinə məxsus ifaçıları bir-birindən fərqləndirən vacib xüsusiyyətlər var. Şirvan muğam məktəbi aşıq musiqisinə yaxındır. Bakı məktəbində əsas söz, Qarabağ məktəbində isə səsdir: "Bakı məktəbinin üslubunu götürəndə yadınıza Hacıbaba Hüseynovun ifasını salın. Onun ifasında əsas sözdür, ona verilən önəmdir. Əgər Şirvan məktəbini götürsək, bu, aşıq musiqisinə yaxındır. Qarabağ tamamilə boğaz üstündə qurulmuş muğam məktəbidir. Cabbar Qaryağdıdan, Xan Şuşinskidən müasir ifaçılara qədər hamısı. Qarabağ məktəbində söz yeyilib gedir.

Bəlkə ləhcə buna deyirlər? Yenə təkrar edirəm ki, Bakı muğam məktəbində əvvəl söz gəlir, sonra muğam. Şirvanda daha çox aşıq havacatıdır. Qarabağda isə ilk yerdə musiqi, muğam gəlir, sonra qəzəl gəlir.

 

Məsələn, Bakı məktəbini təmsil edən xalq artisti Əlibaba Məmmədovun ifasında tələffüz düzgündür. Amma bugünkü ifaçılara qulaq asın, bunu həmişə görməyəcəksiniz. Məsələn, çox sevdiyim Mənsum İbrahimovun ifasına qulaq asın, tam ədəbi dil deyil. Yeganə problem "c" və "m" hərflərinin tələffüzüdür. Mən Mənsumun ifasını çox sevirəm, savadlı oxuyur, gözəl tələbələri var, amma o niyə özü "c" və "m"-lardan, ləhcədən qurtara bilmir?  Mənsum üzdə olan oxuyan olduğuna görə onun adını çəkdim. "Leyli və Məcnun"a baxanda da dediyim problem özünü göstərir. Şamaxı məktəbində Alim Qasımov və Elnarə Abdullayevada əsas "Ü" hərfi üstünlük təşkil edir. Bu da Şamaxı ləhcəsindən irəli gəlir. Bakı muğam məktəbində ləhcə yoxdur. Məsələn, Ağaxan Abdullayev nə qədər loru danışırdısa, səhnədə o qədər tər-təmiz oxuyurdu.  Bir var məişət danışığı, bir də var səhnə danışığı. Bəzən məişət danışığında biz özümüz də ləhcəmizi gizlədə bilmərik. Səhnə danışığı ədəbi dildə olmalıdır. Əlibaba Məmmədov danışanda Bakı ləhcəsi hiss olunur. Amma oxuyanda onun heç bir ləhcəsi yoxdur. Təmiz ədəbi dillə oxuyur. Səhnə danışığı kimi səhnə ifası da təmiz olmalıdır, ləhcə hiss olunmamalıdır. Necə ki, teatrda bu gözlənilir, muğamda da belə olmalıdır".

 

lll 

 

Əlibaba Məmmədova görə ləhcədə oxumaq keçmiş xanəndələrdə olsa da, bu gün müşahidə olunmur. Muğam ustası bunu sistemli tədris və təhsillə əlaqələndirir: "İfaçının danışığında Şamaxı, Qarabağ, Şirvan ləhcəsi hiss oluna bilər. Düzdür, keçmiş vaxtlarda muğamda ləhcə olub. İndi mədəniyyət, ədəbiyyat, tədris var. Məsələn, Xan əmi həmişə mənə yox, "maa" deyirdi. Bəlkə Xan əmidən əvvəllər də olub, onu deyə bilmərəm. Şamaxılılar "Qadoy alım" deyir, bakılılar "Anam qurban". Buna muğamatda şivələr deyilir. Mən bu gün muğam oxuyanlarda ləhcə hiss etmirəm. Çünki hamı savadlıdır, gözəl oxuyur. Muğamatımız çox yüksək səviyyədədir. Çünki tədris var. Tədris ola yerdə ləhcə olmaz. Düz oxumaq lazımdır. Xalq mahnılarının, muğamların sözünü təhrif etmək günahdır. Bizim muğam ifaçılığında ləhcə problemi yoxdur. Bilirsən niyə? Çünki hamısı savadlıdır. Hamısı ədəbiyyatı bilir.

 

Sevgilim, eşq olmasa,

varlıq bütün əfsanədir,

Eşqidən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir

həyatın cövhəri,

Bir könül ki, eşq zövqün duymasa,

qəmxanədir.

 

İndi siz deyin, burda nə ləhcə ola bilər? Ləhcə ilə oxumamaq əlbəttə, ədəbiyyatımızın, muğamatımızın xeyrinədir. Bəzi qəzəllərdə fars-ərəb sözləri var. Müəllimlər onların da mənasını öyrədirlər ki, ifaçı düz oxusun. Məsələn, "Asitanın gözəlim, kimlərə məskən olmuş". "Asitan" kandara deyirlər. Yəni qapı ağzı, astana. Müəllimlər, alimlər ifaçılara bunları da öyrədirlər. Qəzəl necə yazılıbsa, onu o cür də oxumaq lazımdır. Əgər qəzəl ədəbi dildədirsə, ifaçı da onu ləhcədə yox, ədəbi dildə oxumalıdır".   

 

lll 

 

"Azərbaycanda qəzələ və əruza ən yaxşı bələd olan, onu muğam üstündə ən düzgün oxuyan Bakı xanəndələridir. Sonra Şirvan və Qarabağ xanəndələri gəlir. Təbii səsin coşqunluğu etibarilə isə Qarabağ xanəndələri daha çox seçilir. Şirvan xanəndələri hər iki cəhətdən bunlar arasında ortaq mövqe tuturlar". Bunu isə Əsəd Cahangir deyib.

 

Ədəbi tənqidçi hesab edir ki, Bakı məktəbinin yetirməsi olan xanəndələr üçün qəzəlin hər hansı anlamda təhrif olunması, o cümlədən də ləhcə ilə oxunması o qədər də səciyyəvi deyil: "Məsələn, siz təsəvvür edirsinizmi ki, Əlibaba Məmmədov qəzəli düzgün oxumasın? Amma bütün səs imkanları ilə bərabər bu, Yaqub Məmmədov üçün adi hal idi. Çünki əsrlərdən keçib gələn şəhər mədəniyyətinin yetirməsi olan Bakı xanəndəsi əruzun qayda-qanunlarını daha dəqiq bilir. Qarabağ xanəndəsindən fərqli o, yaxşı bilir ki, "Qamu bimarına canan, dəvayi-dərd edər ehsan" demək əruzu pozmaq deməkdir. Odur qəzəli necə yazılıbsa, elə, yəni "Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan" demək lazımdır. Bakı xanəndələri arasında hətta özləri qəzəl yazanlar da var və bu, Qarabağ xanəndələri üçün o qədər də səciyyəvi deyil. Bunun ən vacib səbəbi o idi ki, Şamaxıda, Şuşada və digər yerlərdə olan şeir məclislərindən fərqli olaraq, Bakıdakı "Məcməüş-şüəra" öz mövcudluğunu Sovet dövründə də qoruyub saxladı və bu gün də Bakı şairlərinin şeir məclisləri davam etməkdədir. Məhz belə mühitdə yetişən xanəndə hələ uşaqlıqdan əruzun incəliklərini mükəmməl mənimsəyir və bu, onu gələcək təhriflərdən qoruyur".

 

Əsəd Cahangir deyir ki, qəzəlin muğam üstündə ləhcə ilə oxunması halları son vaxtlar daha da güclənib: "Çünki Sovet dövründən fərqli olaraq bu işə nəzarət zəifləyib. Konkret ad çəkib, kimlərinsə ovqatını təlx etmək istəmirəm. Ümumi şəkildə onu deyim ki, qəzəli ləhcədə oxumaq sadəcə kulturoloji fakt deyil, həm   ideoloji hadisədir. Ləhcə ilə oxuyan xanəndə özünü dinləyiciyə Azərbaycanın yox, konkret bölgənin sənətkarı kimi təqdim edir. Bu isə şübhəsiz ki, onun sənətinin təsir dairəsini önəmli dərəcədə zəiflədir. Kim özünü necə təqdim edirsə, elə də qəbul olunur. Ən ümumi şəkildə götürəndə ləhcə ilə oxumaq təkcə siyasi yox, mədəni sahədə də milli özünüdərk həddinə yetmədiyimizi, xanlıqlara parçalanma dövründə qaldığımızı göstərir".

 

lll 

 

Sevil Fərhadova məsələ ilə bağlı başqa problemə diqqət çəkib. Musiqişünas alim bildirir ki, bu sahədə daha çox ədəbiyyat və əruzla bağlı problemlər var. O, muğamda ləhcə məsələsinin qabardılmasının, xırdalanmasının əleyhinədir: "Biz istərdik ki, muğam vaxtilə necə professional sənət kimi oxunurdusa, onu bərpa edək. Muğamın xalq içində hansı səviyyədə oxunması böyük problemdir. Məhz bu baxımdan ləhcə barədə düşünməliyik. Əvvəllər deyirdilər ki, klassik ədəbiyyat, əruz şifahi ənənədir, folklordur, amma əslində bu yüksək dərəcədə elmdir. Daha sonra bu professional sənətdir. Bəzi ifaçılar deyir ki, Azərbaycanda Qarabağ, Bakı və Şirvan muğam məktəbi var. Bu, şərti məsələdir. Yəni ziddiyyətli məsələ yoxdur. Sənətkar, ustadlar məsələn, Şirvandan gəlib Bakıda oxuyurdular, daha sonra Şirvandan gedib Qarabağda oxuyurdular. Mən ifaçılardan soruşanda "Siz məktəb deyəndə nəyi nəzərdə tutursunuz?" Onlar deyirlər ki, ustadın öz yetirmələri olub. Ləhcə məsələsində daha çox mühitdən danışmaq olar. Hər bir mühit ifaçılıqda öz izini qoymalıdır. Təbii ki, bu gün hətta tanınmış muğam ifaçılarının da ifasında az da olsa, ləhcə hiss olunur. Ad çəkmək istəmirəm. Sadəcə, deyə bilərəm ki, bu daha çox özünü danışanda göstərir. Desəm ki, ifalarda ləhcə daha qabarıqdır, düz olmaz".

 

Şöbə müdiri nümunə kimi Xalq artisti Arif Babayevin ifasını göstərir: "Arif Babayevin ifasında ləhcəni qətiyyən hiss etmirəm. Yaxud ləhcə məsələsində Alim Qasımovla bağlı da bəzən nələrsə deyirlər, amma mən hiss etmirəm. Daha doğrusu, o oxuyanda mən başqa dünyada oluram, belə şeyləri hiss etmirəm. Ümumiyyətlə, belə məsələləri xırdalamaq olmaz. Hesab edirəm ki, ləhcə muğamda birinci dərəcəli məsələ deyil. Yəni hər şeyi sadələşdirmək olmaz. Muğam dəyərdir, universallıqdır. Muğam hətta başqa millətləri də birləşdirən vəhdətdir. Biz orda niyə ləhcə axtarmalıyıq? Əgər hansısa ifaçı deyirsə ki, bu problem var, onu öz pedaqoji fəaliyyətində aradan götürməlidir".

 

Şamaxı muğam məktəbinin yetirməsi Elnarə Abdullayeva da ləhcə ilə oxunan muğama qarşıdır. O deyir ki, aşıq musiqisində sənət şıltaqlıqları olsa da, muğamda bunu etmək olmaz: "Muğam ifaçılığında ləhcə ola bilməz. Oxuduğum muğamlara diqqətlə qulaq assınlar və mənə göstərsinlər ki, filan muğamın hansısa yerini ləhcə ilə oxumuşam. Məsələn, "dərdin aldığım" ifadəsi "dərdün aldığım" şəkilində muğamda ola bilməz. Şamaxıda ümumiyyətlə, "Dərdin alım" ifadəsi işlənmir. "Şirvan şikəstəsi"ndə "Qadan alım"ı "Qadoy alım" şəklində oxunursa, bəzən ifaçı bilərəkdən, şirinlik qatmaq üçün belə edir. Hansısa muğamda bilməyərəkdən ləhcə ilə oxumuşamsa, onu fakt kimi mənə göstərsinlər, mən də özümü düzəldim. Aşıq musiqisində sənət şıltaqlıqları başqa şeydir. Bu, muğamda mümkün deyil. Xətainin qəzəlini necə ləhcə ilə oxuya bilərəm? Mən kənd adamıyam. Təzə-təzə oxuyanda "ç" və "c " hərfləri ilə bağlı problemim olurdu, onu da yavaş-yavaş düzəltdim, indi yoxdur. Danışanda ola bilər, bu qalıb, amma oxuyanda mümkün deyil".

 

lll  

 

Sərdar Fərəcov isə bəzi qəzəllərdə ədəbi dilin bilərəkdən pozulduğuna diqqət çəkir. İttifaq katibi cavan ifaçılarda ləhcənin olduğunu istisna etmir: "Diqqətlə qulaq asanda cavan ifaçıların bəzilərində bəlkə də ləhcə hiss etmək olar. Bir vacib məsələ var, onu nəzərə almalıyıq. Bəzi qəzəllərin özündə də ədəbi dil bilərəkdən pozulub. Məsələn, Alim Qasımov Həbibinin, Füzulinin, Seyid Əzimin qəzəllərini oxuyur. Həmin qəzəllərin bəzilərində sözlərin yazılışı ədəbi dildə deyil. Yəni bir neçə söz ləhcədə yazılıb. Bu da həmin dövrün ənənələrindən irəli gəlir. Aşıq yaradıcılığında ləhcə daha çox nəzərə çarpır. Su bulandırmaq istəyənlər axır vaxtlar muğamda ləhcə məsələsini atıblar ortalığa. Məncə, bunun üstündən keçmək, çox da əhəmiyyət verməmək lazımdır".

 

Cavid ZEYNALLI

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunur

 

525-ci qəzet.- 2017.- 28 fevral.- S.8.